Ən yeni tarix. Maraqlı faktlar.
Yəqin ki, Yaponiyaya atom bombasını atan hərbçinin bir saat ərzində saçlarının tam ağarması haqqında çoxları eşidib. Əslində bu fikir mifdən başqa bir şey deyil. 1945-ci il avqustun 6-da birinci atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri, 2014-cü ildə 93 yaşında vəfat edən Teodor Van Kirk mətbuata verdiyi müsahibələrdə dəfələrlə bu fikrə münasibət bildirib:
“Mən bir hərbçi kimi vəzifə borcumu yerinə yetirirdim və öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirmək idi. Tapşırığın icrası 45 saniyə geciksə də, mən və bütövlükdə heyət onu yüksək səviyyədə həyata keçirdik. Xüsusilə vurğulamaq istəyirəm ki, bu tapşırığı yerinə yetirərkən nə səhhətimdə, nə xarici görünüşümdə, nə də ki, psixoloji durumumda heç bir dəyişiklik baş verməmişdi. Sadəcə tapşırığın icrasından sonra özümü çox yorğun hiss edirdim. Geri qayıdan kimi bu yorğunluğu dərin bir yuxu ilə aradan qaldırdım...”
6 avqust 1945-ci il bəşər tarixinə dünyada baş vermiş ən dəhşətli bir hadisə kimi düşüb. Məhz həmin tarixdə nüvə silahı ilk və hələ ki sonuncu dəfə hərbi məqsədlə tətbiq olunub. II dünya müharibəsinin son mərhələsində Yaponiyanın kapitulyasiyasını sürətləndirmək üçün Amerika Birləşmiş Ştatları məhz bu vasitəyə əl atıb. Avqustun 6-da “Enola Gay” Amerika B-29 bombardman təyyarəsi atom bombasını Yaponiyanın Xirosima şəhərinə, 3 gün sonra isə, avqustun 9-da Naqasaki şəhərinə atıb. Birinci atılan atom bombası “Balaca oğlan”, ikincisi isə “Gombul” adlandırılıb.
Beləliklə, atılan atom bombaları Yaponiya rəhbərliyini daha tez “qərar” verməyə məcbur edib.
15 avqust 1945-ci ildə Yaponiya öz kapitulyasiyasını elan edib. 2 sentyabr 1945-ci ildə imzalanmış kapitulyasiya aktı II dünya müharibəsini sona çatdırıb.
Qeyd edək ki, Yaponiyaya qarşı nüvə silahının tətbiq edilməsi, hələ 1944-cü ilin sentyabrında Amerika Birləşmiş Ştatlarının prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill arasında Hayd-parkda bağlanmış razılaşmada müzakirə olunub və birgə qərar qəbul edilib.
1944-cü ilin sonlarında atom bombasının atılmasını icra edəcək hərbçilər Yuta ştatında xüsusi təlimlərə başlayıblar. Bu təlimlər tam məxfi keçirilib. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk ediblər. Amma heç kim atom bombası sözünü dilə gətirməyib və bu haqda hərbçilərə məlumat verilməyib. Keçiriləcək əməliyyata məsul olan yüksəkçinlilər hərbçilərə sadəcə onu söyləyirdilər ki, təyyarədə aparılan hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Sözsüz ki, heyət söhbətin atom bombasından getdiyini yaxşı anlayıblar.
Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirilib. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra heyət üzvlərinə bir-iki saat istirahət verilib.
Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuş başlanıb. 2800 kilometr məsafə qət edilib. Heyət hədəf nöqtəsinə 45 saniyə gecikib. Müvafiq məsafənin qət edilməsi üçün bu saniyələr normal göstərici sayılıb.
Saat 8.15-də bort jurnalında qeydiyyat aparılıb: “Saat 8.15. Atom bombasını atırıq”.
43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bomba aşağı buraxılıb və dərhal təyyarə sürətli sıçrayışla hündürlüyə qalxıb.
Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 min nəfəri keçib.100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minləri ötüb. Belə ki, radioaktiv zəhərlənmə və partlayışdan sonra yaranan digər effektlərdən ölənlərin sayı 90 mindən 166 minə qalxıb. 5 il ərzində partlayışdan sonra yaranan xərçəng və digər xəstəliklər nəticəsində isə ölənlərin sayı 200 mindən artıq olub.
Hadisə haqqında Vaşinqtona ilk xəbər Xirosimaya atom hücumunun baş verməsindən 16 saat keçdikdən sonra gəlib.
Amerika Birləşmiş Ştatlarının həmin dövrdəki prezidenti Harri Trumen hadisəyə belə münasibət bildirib:
“Biz indi hər bir şəhərdə yaponların bütün yerüstü istehsal güclərini əvvəlkindən daha sürətli və tam şəkildə dağıtmağa hazırıq. Biz onların fabriklərini və kommunikasiyasını dağıdacağıq. Biz Yaponiyaya müharibə apara bilməsi üçün sahib olduqlarının hamısını tamamilə məhv edəcəyik. Məhz bu məqsədlə Yaponiyanın dağıdılması ilə bağlı 26 iyul tarixində Potsdamda ultimatum verilmişdi. Onların rəhbərləri bizim şərtləri rədd etmişdilər. Əgər onlar indi bizim şərtlərimizi qəbul etməsələr, onları havadan məhvetmə yağışı gözləyəcək...”
Yaponiya imperatoru Hirohito isə ölkəsinə atom bombalarının atılması haqda fikirlərini belə qeyd edib:
“Rəqibin öhdəsində çoxlu dinc və günahsız insanlara ölçüyəgəlməz maddi ziyan vurmaq üçün dəhşətli silah var. Əgər biz vuruşmağa davam etsək, bu, yapon millətinin məhvinə gətirəcək, həm də insan sivilizasiyasının tamamilə yox olmasına səbəb olacaq. Belə vəziyyətdə biz milyonlarla vətəndaşımızı xilas edə bilərdikmi? Əcdadlarımızın ruhu qarşısında cavab verə bilərdikmi? Bu səbəbdən də rəqiblərimizin birgə deklarasiyasının şərtlərini qəbul etməli olduq...”
İlham Cəmiloğlu.