Ardını oxu...
"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.
 
Ardını oxu...
Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb.

Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə mütəxəssislər zolaqların nə olduğunu müəyyən edə biliblər. Bunun təxminən 300 km yüksəklikdə 3000 dərəcə Selsiyə qədər olan temperaturda qaynar qaz zolağı olduğu aydın olub.

Mütəxəssislərin fikrincə, bu istilik geomaqnit qasırğaları zamanı atmosferdəki yüklü hissəciklərin toqquşması nəticəsində yaranır. Bununla belə, elm adamları hələ də bu nadir atmosfer hadisəsinin tam dəqiqliklə izahını verə bilmirlər. Bunun üçün çox sayda əlavə müşahidələr və araşdırmaların tələb olunduğu bildirilir.

Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Avqustun 9-da Türkiyənin Ukrayna Silahlı Qüvvələrinə “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verdiyi açıqlandı. Ukraynanın “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyagin bildirdi ki, Dəniz Piyadaları Korpusunun iki briqadası artıq əlli belə maşından istifadə edir və daha yüz əlli maşının gəlməsi gözlənilir.

Bu isə özlüyündə Türkiyənin Rusiya-Ukrayna müharibəsində heç də Rusiyaya dəstək çıxmadığının bariz nümunəsidir. Lakin son günlər bəzi kənar qüvvələr Türkiyənin Rusiya ilə ticarət əlaqələrinə fərqli don geyindirməyə çalışırlar. Hətta Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqiylə bağlı çağırışlar etməkdən də geri qalmırlar.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsində daim tərəfləri sülhə səsləyən, gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olan, Ukrayna taxılının bazara çıxışında təhlükəsizliyi təmin etmək üçün əlindən gələni əsirgəməyən Türkiyənin siyasəti hansı qüvvələrin maraqları ilə toqquşur? Onu əsas aktor sırasından çıxarmağa çalışan qüvvələrin uğurlu olmaq ehtimalı varmı?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında Türkiyə əleyhinə çağırışların ciddi nəticələr verməyəcəyini deyib: “Qərbdə Türkiyəyə qarşı mövqedə dayanan xeyli qüvvələr var. Onlar hər bir faktdan istifadə etməyə çalışırlar. Amma bildiyim qədərilə həm NATO rəhbərliyi, həm də ATƏT-in sədri bu yaxınlarda çıxış etmişdilər ki, Türkiyənin bu münaqişədə rolu çox konstruktiv, hətta bir sıra məsələlərdə pozitivdir. Məsələn, taxılın ixracıyla bağlı məsələləri həll etməyə çalışır. Həmçinin güman ki, Polşada “Bayraktar” PUA-larını istehsal edən zavod tikəcək, bunu Ukrayna üçün edəcək. Ona görə də mən sanksiya ilə bağlı çağırışların icra olunacağına, hansısa ölkənin buna cəhd edəcəyinə inanmıram”.

BMTM-in şöbə müdiri, politoloq Fuad Çıraqov isə hesab edir ki, Türkiyənin Rusiya ilə ticarət əlaqələrini müharibədə Rusiyaya dəstək çıxılması kimi şərh edən dövlətlər əvvəlcə özlərinin Rusiya ilə müharibədən əvvəl və müharibə dövründəki ticarət əlaqələrinin həcminə baxmalıdırlar: “Bu yaxınlarda “Şimal axını”nın fəaliyyətini bərpa etdilər, amma bunun müvəqqəti olduğunu deyirlər, zamanla görəcəyik. Ötən müddətdə Rusiya ilə ticarət əlaqələrinə və özlərinin iqtisadi maraqlarına görə Ukraynanı güzəştlərə getməyə çağıran, hətta məcbur etməyə çalışan dövlətlər hansılar idi? Aylardır Ukraynaya silah söz verdikləri halda, onu verməkdən boyun qaçıran, müxtəlif bəhanələrlə yubadan, bəzən yararsız silah göndərən ölkələr hansılardır? Müharibə gedişində hansı ölkələrin şirkətləri idi ki, Rusiyaya hərbi məqsədli müxtəlif texnologiyalar ötürürdü? Elə həmin dövlətlər bu gün Türkiyə-Rusiya münasibətlərindən narahatdır. Bu cür əks-arqumentlər kifayət qədərdir”.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini heç zaman prinsipial mövqeyindən, Ukrayna ilə hərbi əməkdaşlıqdan və ona yardımdan üstün tutmayıb: “Bəzi ölkələr Ukraynanın tezliklə məğlubiyyətini gözləyərkən müharibənin ilk vaxtlarında məhz Türkiyənin verdiyi silah və texnika Rusiyanın irəliləməsinin qarşısını aldı. Bu gün Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri dünya bazarına taxılın çıxarılmasına imkan verir ki, bu bəzi ölkələrdə aclıq təhlükəsinin qarşısını alır. Türkiyəyə qarşı bu cür iddialar sadəcə olaraq ənənəvi türk düşmənliyindən, qərəzliliyindən, ikili standartlardan irəli gəlir. Həmin dairələr Türkiyənin müstəqil dövlət kimi öz milli maraqları əsasında hərəkət etməsini deyil, başqa ölkələrin sözü ilə qalxıb-oturan oyunçu olmasını istəyirlər
 
Ardını oxu...
Türkiyənin Suriyanın şimalında gözlənilən əməliyyatı ilə bağlı şok kəşfiyyat məlumatı ortaya çıxıb. İranın dəstəklədiyi “Həşd əş-Şaabi”nin bölgədən geri çəkilən Rusiya qüvvələrinin yerinə keçərək, PKK terror təşkilatı ilə anlaşdığı bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Professor Məsud Haqqı Caşın, “Haber7”yə bildirib ki, İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi”nin Rusiyanın geri çəkilən qüvvələrini əvəz edərək PKK ilə əməkdaşlıq etdiyinə dair kəşfiyyat məlumatları var. O, bu gəlişmədən sonra Türkiyənin antiterror əməliyyatının gözlənilmədən başlaya biləcəyini bildirib.

“Fəratın qərbində, xüsusilə Təl Rıfat və Mənbiçdə PKK ünsürlərinin ağır silahlarla Türkiyəyə təcavüz atəşi açdığı müşahidə edilir. Bu baxımdan birinci ehtimalın Təl Abyad və Mənbiç olduğunu güman edirik. Burada birinci məqsəd təhlükəsizlik dəhlizinin tamamlanması, ikinci məqsəd isə ən çox hücumların edildiyi əraziləri təmizləməkdir. “Bir gecə qəfil gələ bilərik” düsturu ilə bu əməliyyat ən qısa zamanda həyata keçiriləcək. Türkiyə bu məsələdə qərarlıdır. Müdafiə nazirinin dediyi kimi, əməliyyat sonuncu terrorçu təmizlənənə qədər davam edəcək”, - Çaşın vurğulayıb.

Əməliyyatı dəyərləndirən terror və təhlükəsizlik mütəxəssisi İbrahim Kələş İranın bölgədəki rolu ilə bağlı bunu deyib:

“İranın bizə qarşı rolu var. İran Türkiyənin Suriyada söz sahibi olduğunu özünə təhdid olaraq görür. İran Suriyanı özünün müttəfiqi hesab edir. İran zaman-zaman SEPAH-dan həmin bölgələrdə istifadə edir. Bu məqamda İran bizim orada terrorla mübarizəmizə mane olmağa çalışan tərəflərdən biridir”.

Onun sözlərinə görə, terror təşkilatı Suriyadan İraqın şimalına qədər olan bölgədə özünə yer edib:

“Bəzilərini təmizləmişik, amma hələ də terror təşkilatının nəzarətində olan bölgələr var. Prezident Ərdoğan bu əraziləri birləşdirib, sərhəddən 30 km dərinliyədək təhlükəsizlik zolağının yaradılmasından danışır. Başqa bir məsələ də budur ki, İran sərhədindən Aralıq dənizinə qədər cənub xəttimizdə terror təşkilatı ilə qonşu olmaq istəmirik. Deməli, bu əməliyyat gec-tez başlayacaq. Hazırlıqlar və əməliyyat şəraiti dəqiqləşdirildikdən sonra prezidentin göstərişi ilə əməliyyat start götürəcək”.

Kələş Türkiyənin artıq Afrin, İdlibin bir hissəsi, “Fərat Qalxanı” əməliyyatı bölgəsi və Təl Abyadda təhlükəsizlik zonası yaratdığını bildirib.
Ardını oxu...
Dünyanın gələcəyi daha çox Afrikanın gələcəyindən asılı olacaq, bununla bağlı Amerika Birləşmiş Ştatları (ABŞ) qitə ölkələri ilə münasibətlərə böyük diqqət yetirir.

Bu barədə Cənubi Afrika Respublikasında (CAR) səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken Fransa Beynəlxalq radiosuna (RFİ) verdiyi müsahibədə bəyan edib. Müsahibə avqustun 9-da dərc olunub.

«Mən burada (CARda - Red.) ona görə deyiləm ki, kiminləsə rəqabət aparırıq. Bu, sadəcə səfər və ya Amerika tərəfin Afrika ilə hansısa başqa bir ölkəyə görə qarşılıqlı fəaliyyəti deyil. Əksinə, bu, ona görə baş verir ki, dünyanın gələcəyi çox böyük nisbətdə Afrikada müəyyən olunacaq. 2050-ci ildə planetin hər dördüncü vətəndaşı afrikalı, 2025-ci ilə qədər Afrika əhalisinin 50 faizinin isə 25 yaşı və ya aşağı olacaq. Ona görə də gələcək çox konkret olaraq, Afrikada həll olunur» - o, fransızca danışaraq, qeyd edib.

Blinkenin izah etdiyi kimi, ABŞ cəhd edir ki, Afrika ölkələri ilə daha çox möhkəm həmkarlıq münasibətləri qursun və çağırışları dəf etmək üçün birlikdə işləsin, o cümlədən, iqlim dəyişikliyi və pandemiyanın nəticələrinin aradan qaldırılması ilə aktiv mübarizə aparsın.

«Beləliklə, bizim üçün bu, heç də o barədə tələb deyil ki, seçim sırıyaq, əksinə, Afrika ölkələrinə seçim imkanları verməkdir, belə gələcək üçün bizim gündəliyimiz çox pozitivdir. Burada, CAR-da mənim imkanım oldu ki, bir qədər bizim Afrika strategiyamız barədə danışım və mən, onun barəsində gələcəkdə başqa səfərlərin gedişində də danışacam» - ABŞDövlət katibi deyib.

Xatırladırıq ki, Blinkenin CAR-a səfəri avqustun 7-də başlayıb. Cənubi Afrika Respublikası üç ölkədən birincisidir ki, Dövlət katibi hazırkı səfər zamanı ziyarət edir. CAR-dan o, Konqo Demokratik Respublikasına, sonra isə Ruandaya yollanacaq. Blinkenin Afrika turnesi avqustun 11-də başa çatır.

AzPolitika.info
 
Ardını oxu...
9 iyul, Rusiyada günün şəkli. RF Təhlükəsizlik Şurasının sədr müavini, möhtərəm Dmitriy Anatolyeviç Medvedev Rusiya Ordusunun hərbi təlimlərini müşahidə edir. Guya müşahidə edir, əslində sadəcə poz verir, özü də çox ucuz poz, çünki binoklun qapaqlarını axıracan açmasan, nə görəcəksən?. Yaxşı, özü görmür səhvini, bəs şəkli çəkən fotomüxbirə nolub? Bu şəkli sayta qoyan redaktora nolub? O da görmür, baş redaktora nolub? Hamısı dəmdi, lül-qəmbərdi?!
Mən uzun illər müxtəlif medialarda işləmişəm, əməkdaşlıq eləmişəm, 6 il Press-Klubda mətbuat konfransları düzənləmişəm, Azadlıq Radiosunun Azərbaycan xidmətinin rus bölümündə 5 il işləmişəm, əvvəlcə üç il müxbir, sonra iki il redaktor kimi təkbaşına idarə eləmişəm, MeydanTV-nin rus bölümünün redaktoru olmuşam, nəinki belə səhv, heç buna yaxın gələn səhvim olmayıb...
TEREF yazır ki, bunu Çingiz Sultansoy yazır. Daha sonra Çingiz bəy qeyd edir:
O boyda keçmiş imperiya, Rusiya Federasiyasının prezidenti olmusan, RF hökumətinin sədri olmusan, hakim "Edinaya Rossiya" partiyasının sədri olmusan, indi də RF Təhlükəsizlik Şurasının (!) sədr müavinisən. Bu ağılnan, bu təfəkkürnən ?!
İndi də ABŞ-dan, Almaniyadan ağır silah alan, NATO-dan ordu quruculuğu öyrənən Ukraynanı məğlub etmək istəyirsiniz?! Bu səriştəynən ? O nə Təhlükəsizlik Şurasıdı, o nə dövlətdi ki, TŞ-nın sədr müavini bu təfəkkürdə, bu ehtiyatda biridi?
Ardını oxu...
Teref.az
 
 

Ardını oxu...
Əvvəlcə “Putin Suriya naminə Türkiyəni qurban verməz, Ərdoğanın haqlı tələblərinə yox deməyəcək” yönündə iddialar vardı, lakin…

Soçidə keçirilən Ərdoğan-Putin görüşləri həmişə kritik olub. Təbii ki, günün konyukturasından asılı olaraq müxtəlif ton fərqləri ilə. Məsələn, ötən ilin sentyabrındakı görüşdən bir neçə gün əvvəl Türkiyə ilə Rusiya arasında 2020-ci ilin ilk günlərində başlayan və Ankara-Moskva xəttini az qala müharibə həddinə çatdıran böhran xəbərləri vardı.

Xüsusilə, ona görə ki, Rusiyanın dəstəklədiyi Əsəd qüvvələrinin İdlibdə dinc əhaliyə qarşı hücumları səngimədən davam edirdi. Çünki həm İdliblə bağlı 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşması, həm də onu tamamlayan 5 mart 2020-ci il tarixli Moskva Əlavə Protokolu Rusiyanın sahəyə ağır hücumlarından sonra sammitlərdə ortaya çıxdı.

Və əvvəllər yaşanan bütün gərginliklərə baxmayaraq, bu zirvələrdə hər dəfə masada “iplər qırılmadan” Ərdoğanla Putin arasında bir uzlaşma nöqtəsi formalaşıb. Ona görə də 2021-ci ilin sentyabrında keçiriləcək həmin sammitdən əvvəl bir-birini razılaşmaya əməl etməməkdə ittiham edən iki tərəf arasında İdlibdəki gərginliyin necə sona çatacağı maraq doğururdu.

Təxminən üç saat davam edən görüşdən sonra problemlər ya aradan qaldırıldı, ya da həll olundu. Yəni ABŞ-ın çox istədiyi Türkiyə-Rusiya münasibətlərində heç bir qırılma olmadı.

İki liderin Soçidəki son görüşünə qədərki prosesdəki imic əvvəlkilərdən xeyli fərqlənir. Rusiya-Ukrayna müharibəsinin və işğalın başlanğıcından bu yana Türkiyə izlədiyi unikal aktiv balans siyasəti ilə bütün tərəflərdən ayrı mövqe tutub və heç bir dövlətin əldə edə bilmədiyi konkret nəticələr əldə edib. Məsələn, BMT-nin “ilk dəfə olaraq iki müharibə edən tərəf dünyanı ərzaq və gübrə qıtlığından xilas etmək üçün sövdələşmə aparır” deyə təşəkkür etdiyi “taxıl dəhlizi” kimi.

Yenə Avropa Birliyi ölkələri bütün hava məkanlarını bağladığı halda, Türkiyənin hava məkanının və hava limanlarının Rusiya təyyarələrinə açıq qalması Rusiyanın xarici dünya ilə əlaqəsi üçün əhəmiyyətli bir nəfəslik rolunu oynadı. Yəni Türkiyə həm Avropaya, həm də Rusiyaya qarşı əlini xeyli gücləndirmiş durumdadır.

Buna görə də sammitöncəsi ən çox maraq doğuran sual bu idi: Tətbiq edilən ağır sanksiyalara qatılmayan və hava məkanını bağlamayan Türkiyəni yeganə çıxış yolu kimi görən Rusiya Türkiyə Silahlı Qüvvələrinin mümkün əməliyyatında Suriya hava məkanını açacaqmı?

Bildiyiniz kimi, ötən günlərdə Tehran sammitində həm Rusiya, həm də İran Türkiyənin mümkün əməliyyatına qarşı çıxıb - İran daha kəskin, Rusiya isə nisbətən üstüörtülü. Bu səbəbdən də görüşdən öncə Türkiyənin Suriyaya qarşı mümkün sərhəd əməliyyatı ilə bağlı fikirlər beləydi: “Putin Suriya naminə Türkiyəni qurban verməz, verə bilməz. Türkiyənin haqlı tələblərinə yox deməyəcək. Mütləq ortaq məxrəcə gəlinəcək”.

İki liderin Soçidə dörd saatdan çox davam edən görüşündən sonra müsbət mənzərə göz qabağındadır. Bəli, Putinin Türkiyənin Suriyaya qarşı 5-ci əməliyyatına “yaşıl işıq” yandırdığına dair konkret açıqlama, məlumat sızması yoxdur. Moskvanın Ankaraya “buyur, istədiyini et” demədiyi, əksinə, bunun qarşısını almaq üçün hər cür üsula və taktikaya əl atacağı da istisna deyil.

Deməli, bu sualın cavabı artıq bəllidir. Yəni, Türkiyə bu bölgədə “Sülh çeşməsi”, “Zeytun budağı”, “Fərat qalxanı” kimi kritik əməliyyatlar həyata keçirib. Bütün bunlar da hər kəs qəbul etdiyi üçün baş verməyib. ABŞ, Avropa Birliyi ölkələri və Rusiya bu prosesə həmişə “ayaqlarını sürüyərək”, candərdi bəyanatlarla yanaşıb. Hətta, Rusiya ilə hava məkanından istifadə ilə bağlı ciddi danışıqlar nəticəsində biz istədiyimiz mühiti əldə edə bildik.

O vaxtlar “Suriya rejimi ilə təmas qurun, əcnəbi əsgərlər bölgədən çıxsın” yönündə vurğular var idi. Yəni bu əməliyyatlar icazə alaraq, şərtləri ilə razılaşaraq deyil, uyğun vaxtı gözləyərək və zamanında düyməyə basaraq həyata keçirildi.

İndi 5-ci əməliyyatın mümkünlüyü artıq seçim deyil, bir zərurətə çevrilib. Çünki bölgənin terrorçulardan təmizlənməsi mövzusunda nə Rusiya, nə də ABŞ masa arxasında verdiyi vədlərə əməl edib…

Müəllif: Tunca Bengin

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 
Ardını oxu...
Ötən iyul ayı Avropada qeydə alınmış ən isti altı aydan biri kimi tarixə düşüb.

Bir neçə ölkədə temperatur rekordları qırılıb.

Bunu Aİ-nin “Kopernik” Yerin Müşahidə Proqramının saytındakı materiallar sübut edir.

“2022-ci ilin iyul ayı Avropa və dünyanın qalan hissəsinə təsir edən güclü və bəzi yerlərdə uzun sürən istilik dalğaları ilə səciyyələnib. Bir neçə ölkədə hava temperaturu rekordları qırılıb. 2022-ci ilin iyul ayı dünyada qeydə alınmış ən isti üç iyuldan biri, Avropada isə altıncı ən isti iyuldur”, - deyə proqramın onlayn resursu məlumat yayıb.

Məlumata görə, Fransa, Portuqaliya, İrlandiya, İsveç və Böyük Britaniyada temperatur rekordları qırılıb.
Ardını oxu...
ABŞ mediası Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş Prezident Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında aparılan axtarışla bağlı yeni məlumatlar yayıb.

Trampın özünün bildirdiyinə görə, FTB əməkdaşları onun şəxsi seyfini açıblar. Keçmiş Prezident axtarış vaxtı Nyu Yorkda olub.

FTB, hələlik informasiyanı şərh etməyib. Ancaq ABŞ mediası mənbələrə istinadla yazır ki, qurum əməkdaşları keçmiş Prezidentin Ağ Evi tərk edərkən özüylə götürdüyü xidməti, o cümlədən gizli sənədləri axtarıblar. Qanunla bu sənədlər dövlət mülkiyyətidir. ABŞ-ın Milli Arxivi uzun müddət sənədləri geri tələb edib. Onların bir hissəsi qaytarılıb. Bir neçə ay öncə Milli Arxiv Baş Prokurorluğa müraciət edərək Trampı sənədləri verməkdən imtina etməkdə suçlayıb.

“New York Times” yazır ki, FTB axtarış orderi əldə etməkdən ötrü hakimi əmin edib ki, potensial cinayət hərəkətlərini araşdırdığına inanmaq üçün əsasları var. Ekspertlərin fikrincə, keçmiş Prezidentin əlində əsaslandırılmamış şəkildə gizli sənədlərin olması üzə çıxardısa, bunu cinayət hərəkəti kimi təsnif etmək olar. Nəticədə Trampın ciddi-cəhdlə hazırlaşdığı 2024-cü il prezident seçkilərində iştirakı əngəllənəcək.
Ətraflı

Keçmiş Prezidentlə bağlı təkcə sənədlərlə əlaqədar araşdırma aparılmır. Son vaxtlar yayılan məlumata görə, Baş Prokurorluq Trampın 2020-ci ildə prezident seçkisinin nəticələrinin təsdiqlənməsi proseduruna təsir göstərmək cəhdlərinin istintaqını genişləndirib. Tramp seçkidə məğlubiyyətini qəbul etmirdi.

Donald Tramp FTB-nin hərəkətlərini kəskin tənqid edib: “ABŞ-ın keçmiş Prezidentləri ilə belə şey baş verməyib. Müvafiq dövlət xidmətləri ilə əməkdaşlığımıza baxmayaraq, evimdə belə bir reydin keçirilməsi gərəksiz, yaxud yersiz idi”.

Nümayəndələr Palatasında respublikaçı azlığın başçısı Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında Konqresə seçkilərdə respublikaçılar çoxluğu qazanarsa, prokurorluğun keçmiş Prezidentə münasibətdə hərəkətləri təhqiqat obyekti olacaq.

Media xatırladır ki, Tramp prezident postunda olanda Mar-a-Laqo iqamətgahında xeyli vaxt keçirib. İqamətgahın bir hissəsi qolf klubu kimi istifadə olunur.
Ardını oxu...
Nəticələri PNAS jurnalında dərc olunmuş yeni araşdırmanın müəllifləri hesab edirlər ki, iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlər və insanlığın yox olması ssenariləri lazımi səviyyədə araşdırılmır.

Onların fikrincə, iqlim dəyişikliyinə müdaxilə edilmədiyi təqdirdə ekstremal hava hadisələrinə və bunun sosial nəticələrinə hazır olmamaq çox təhlükəli ola bilər.

Ekspertlər BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelindən (IPCC) tələb edirlər ki, “iqlimdə son oyun” kimi ssenarilər üzrə xüsusi bir hesabat hazırlansın.

Onlar qeyd edirlər ki, iqlim böhranıyla bağlı araşdırmalarda təkcə elmi tədqiqatlara yox, 2019-cu ildə nəşr olunmuş “Yaşanmaz Dünya – İstiləşmədən Sonra Həyat” kimi məşhur kitablara da istinad olunur.

“Ən pis ehtimallar nəzərə alınmalıdır”
Son illərdə iqlim mütəxəssisləri havanın sənaye inqilabından əvvəlki temperaturunu indiki ilə müqayisə edir, istiliyin 1,5-2 dərəcə artmasının dünyaya təsirini qiymətləndirirlər.

2015-ci ildə Paris İqlim Sazişini imzalayan ölkələr qlobal temperaturu 2 dərəcədən və hətta mümkünsə, 1,5 dərəcədən aşağı salmağı öhdələrinə götürüblər.

Hesab olunur ki, bu ssenari qlobal iqtisadiyyata ciddi dərəcədə təsir edəcək, amma insanlığın məhvinə səbəb olmayacaq.

Elə alimlər də buna oxşar “yaxşı vəziyyət ssenariləri”nə fokuslanırlar.

“Məncə, “ən pis vəziyyət ssenariləri” haqqında düşünməmiz risklərin idarə edilməsi baxımından çox vacibdir. Həyatımızın digər sahələrində ən pis ehtimallara hazırlaşdığımız halda, niyə bunu planetimizin və növümüzün yaşaması uğrunda mübarizədə də etməyək?” – araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin əməkdaşı Luke Kemp belə deyir.

Mütəxəssislər vurğulayırlar ki, dünyada istiliyin 3 dərəcə artması ehtimalı adekvat qiymətləndirilməyib; bu baş verərsə, siyasi baxımdan ən həssas bölgələrdə illik orta temperatur 2070-ci ilə qədər 29 dərəcəyə çatacaq.

Çinin Nankin Universitetinin tədqiqatçısı Chi Xu isə deyir ki, hazırda 30 milyon insan məhz bu şəraitdə yaşayır:

“2070-ci ilə qədər belə temperaturun nəticələri çox dəhşətli ola bilər. İki atom elektrik stansiyası və dünyanın ən təhlükəli patogenlərinin saxlandığı yeddi mühafizə laboratoriyası bundan təsirlənə bilər”.

Qida böhranı, iqtisadi böhran, münaqişələr və pandemiyalar
Tədqiqatçılar deyirlər ki, iqlim dəyişikliyi təkcə istiliyin artmasına yox, həm də qida çatışmazlığına, iqtisadi böhranlara, münaqişələrə və yeni pandemiyalara səbəb ola bilər.

Araşdırmada vurğulanır ki, istilik artdıqca, metan emissiyalarının artması, donmuş torpaqların əriməsi və ya meşələrin karbon yayması kimi qarşısıalınmaz proseslər, yəni əsas “məhvedici nöqtələri” elmi və sosial məlumatlandırma fəaliyyətinin diqqət mərkəzində olmalıdır.

Tədqiqatçılar bildirirlər ki, bu ehtimalların nəzərə alınması sayəsində lazımi texnologiyaları inkişaf etdirmək, riskləri analiz etmək, ictimaiyyəti məlumatlandırmaq və beləliklə də iqlim böhranının qarşısını almaq olar.

Kemp qeyd edir ki, “Mümkün, amma narahatedici ssenariləri anlamamız həm siyasətdə, həm də cəmiyyətdə maarifləndirmə prosesini genişləndirməkdə və bu sahədə fəaliyyəti canlandırmaqda çox faydalı ola bilər. 1970 və 1980-ci illərdə potensial nüvə təhlükəsi dərk olunan zaman oxşar vəziyyət yaranmışdı. Onda ictimaiyyətin səyləri nəticəsində silahsızlaşma hərəkatı yarandı”.

Gənc fəallar da dəstək verirlər

Daha ekstremal iqlim ssenarilərini dəyərləndirmək təklifini gənc fəallar da dəstəkləyirlər.

“Qorxulu ehtimalları da nəzərə almağımız vacibdir. Reallıqdan xəbərimiz olmasa, düzgün qərar verə bilmərik. İllərdir ki, iqlim böhranının təsirlərini bizdən gizlədirlər, bizə səhv məlumatlar verirlər. Amma artıq buna son qoymaq lazımdır, yoxsa böhranın nəticələri ilə gənc nəsillər mübarizə aparmalı olacaqlar” – iqlim fəalı, 25 yaşlı Laura Young belə deyir.
pressklub
 

Dünyapress TV

Xəbər lenti