Ardını oxu...
Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu

10 il əvvəl – 2013-cü il martın 23-də – Britaniyanın Askot yaşayış məntəqəsindəki evlərin birində Rusiya biznesmeni və siyasətçisi Boris Berezovskinin cəsədi aşkarlandı. Rəsmi versiyaya görə, o, intihar etmişdi, amma həyatının bir çox epizodları kimi ölümü də sirr pərdəsi ilə örtülüb. 1990-cl illərdə Berezovskinin adı “oliqarx” sözünün sinonimi idi. Onu həm “boz kardinal”, həm də “siyasi avantürist” adlandırırdılar. Putini Kremlə gətirənlərdən biri idi, sonra da Londona mühacirət etdi və rejimin ən sərt tənqidçilərindən biri oldu.

Boris Berezovski 1946-cı il yanvarın 23-də Moskvada anadan olub. SSRİ dağılana qədər mühəndis işləyib, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib, SSRİ EA-nın İdarəçilik problemləri institutunun laboratoriyasına rəhbərlik edib, hətta 1978-ci ildə Lenin komsomolu mükafatına layiq görülüb. Sonralar məlum olacaq ki, karyerasının bu mərhələsində ən mühüm məqamlarından biri “AvtoVAZ” ilə əməkdaşlığıdır. O, burada avtomatlaşdırılmış layihələndirmə sisteminin tətbiqinə kömək edirdi.
Ardını oxu...
1989-cu ildə Berezovski “AvtoVAZ”la birgə “LoqoVAZ” şirkətini yaradır. SSRİ-də avtomobillərin defisit olduğu vaxt “LoqoVAZ” xaricdən qaytarılan VAZ maşınlarının satışı ilə məşğul olur. Şirkət maşın bazarında ən böyüklərdən birinə çevrilir. Berezovski 1992-ci ildə Rusiya hökuməti yanında sənaye siyasəti üzrə şuraya daxil olur. 1994-cü ildə “Mersedes”inin yanında bomba işə düşür.Biznesmen yaralanır, sürücüsü həlak olur. İstintaqın versiyasına görə, qəsdin təşkilatçısı “Silvester” ləqəbli kriminal avtoritet Sergey Timofeyev olub. 1994-cü ilin sentyabrında Timofeyevin maşını Moskvanın ortasında partladı; qətlin üstü indiyə qədər açılmayıb.

Qəsddən salamat çıxan Berezovski həm biznesini, həm siyasi təsirini artırmaqda davam edir. 1995-ci ildə Rusiya İctimai Televiziyasının (ORT) yaradıcılarından biri və Roman Abramoviçlə birlikdə “Sibneft” şirkətinin ortağı idi. 1996-cı ildə Boris Yeltsinin prezident kampaniyasında fəal iştirak edir. Yetsinin seçkilərdə qalib gəlməsindən sonra RF Təhlükəsizlik şurası katibinin müavini postunu tutur. Katib isə İvan Rıbkin idi.
Ardını oxu...
1997-ci ilin payızında Berezovskini Təhlükəsizlik şurasındakı vəzifəsindən çıxarıb, Rusiya prezidenti administrasiyasının rəhbəri Valentin Yumaşevin müşaviri təyin edirlər. 1998-ci ilin aprelində isə bu vəzifədən də çıxıb, Müstəqil Dövlətlər Birliyinin (MDB) ikinci icraçı katibi olur.

1998-ci ilin noyabrında Berezovski Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Vladimir Putinə açıq məktub ünvanlayır və siyasi rəqibləri tərəfindən divan tutulacağından qorxduğunu deyir. Bir neçə gün sonra aralarında Aleksandr Litvinenkonun da olduğu FSB əməkdaşları mətbuat konfransı keçirərək, Berezovskiyə qəsd planı barədə danışırlar.Litvinenko FSB-dən qovulur, Berezovskinin təhlükəsizlik xidmətinin rəhbəri olur. Berezovski ilə Litvinenkonun münasibətləri ikinci 2006-cı ildə Böyük Britaniyada öldürülənə qədər davam edir.
Ardını oxu...
1999-cu ilin yanvarında Berezovski “Aeroflot” vəsaitlərinin oğurlanması barədə işin fuqurantı olur. Apreldə Baş prokurorluq onun həbsinə order verir, Yeltsin isə “səlahiyyətlərini mütəmadi şəkildə aşması” səbəbindən MDB-nin icraçı katibi vəzifəsindən azad edir. Berezovski belə qərar qəbul etmək üçün Yeltsinin səlahiyyəti olmadığını bildirir, amma yenə də vəzifəsini tərk etməli olur. Həmin ilin noyabrında bütün ittihamlar götürülür. Dekabrda isə Berezovski Dövlət Dumasının deputatı olur. 1999-cu ildə Berezovski TV-6 telekanalını və “Kommersant” nəşriyyat evini alır.

Qaraçay-Çərkəz respublikasından birmandatlı dairədən Dumaya seçilən Berezovski cəmi yarım il deputat oldu. 2000-ci ilin iyulunda elan etdi ki, mandatdan imtina edir və Dövlət Dumasından “təmiz vicdan və narahat ürəklə” gedir. Oliqarxın sözlərinə görə o, “Rusiyanın çöküşündə və avtoritar rejimin yaradılmasında iştirak etməyi” arzulamır. 2000-ci ilin əvvəlində Berezovski Putinin prezident kampaniyasına dəstək olur, amma artıq payızda onu publik tənqid etməyə başlayır, qanunverici təşəbbüslərini antidemokratik adlandırır. Elə həmin il Berezovski ORT səhmləri ilə vidalaşır, “Sibneft”dəki payını Abramoviçə satır və Rusiyadan gedir.
Ardını oxu...
Böyük Britaniyaya köçən Berezovski oradan Rusiya hakimiyyətini və şəxsən Vladimir Putini tənqid etməkdə davam edir. Məsələn, o bildirir ki, 1999-cu ilin sentyabrında Moskvada, Buynakskda və Volqodonskda binaları partladan FSB olub, məqsəd də ikinci çeçen müharibəsini başlamaq idi. Litvinenkonun Yuri Felştinski ilə birlikdə yazdığı “FSB Rusiyanı partladır” kitabında iddia olunur ki, partlayışlar ictimai rəyi yeni siyasi liderin – Vladimir Putinin gəlişinə hazırlamaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunub.

Rusiyada isə 2001-ci ilin sentyabrında Berezovskiyə yenidən “Aeroflot” işi üzrə, 2002-ci ildə “LoqoVAZ” səhmləri ilə dələduzluq işi üzrə ittiham irəli sürülür. 2007-ci ildə Rusiya məhkəməsi onu “Aeroflot” işi üzrə 6 il azadlıqdan məhrum edir. Berezovski hökmü qanuni saymır və məhkəməni “məzhəkə” adlandırır. “LoqoVAZ” və “AvtoVAZ” səhmlərinin oğurlanması ittihamı ilə isə oliqarx 13 il azadlıqdan məhrum edilir. Rusiya Böyük Britaniyadan biznesmenin verilməsi istəyir, amma imtina ilə üzləşir.

Rusiya hüquq-mühafizə orqanları 2004-cü ildə Berezovskini Moskva ətrafındakı “Jukovka”da dövlətə məxsus bağ evini qanunsuz ələ keçirməkdə, 2007-ci ildə də “hakimiyyəti zorakı yolla ələ keçirmək cəhdi”ndə ittiham edir. Bu işlər əsasında oliqarxı Britaniyadan almaq cəhdi də uğursuz olur. London Berezovskiyə siyasi sığınacaq və Platon Yelenin adına sənədlər verir.

Berezovski Rusiyanı tərk etsə də onun siyasi həyatında iştirakda davam edir. 2001-ci ilin dekabrında “Liberal Rusiya” partiyasını maliyyələşdirir və onun həmsədrlərindən biri olur, amma tezliklə siyasi fikir ayrılığı üzündən xaric edilir, bu da parçalanmaya səbəb olur. Partiyanın liderlərindən biri, Berezovski ilə əməkdaşlıqdan imtina edən Sergey Yuşenkov 2003-cü il aprelin 17-də Moskvada öldürülür. Məhkəmə “Liberal Rusiya”nın Berezovskini dəstəkləyən qanadının sədri Mixail Kodanevi qətlin sifarişçisi kimi tanıyır.

Kodanev səkkiz il həbsdə olandan sonra 2012-ci ildə bildirir ki, Yuşenkovun qətlinin əsl sifarişçiləri Boris Berezovski və onun işgüzar partnyoru Badri Patarkatsişvili olub. RF İstintaq komitəsi bəyan edir ki, Berezovskinin belə hay-küylü qətllərə, o cümlədən ORT-nin baş direktoru Vladislav Listyevin qətlinə aidiyyatı haqqında iddiaları yoxlayıb, amma onlar təsdiqlərini tapmayıb. Listyevin qətlinin təşkilatçısının Berezovski olmasını hələ 1996-cı ildə jurnalist Pol Xlebnikov Rusiyanın “Forbes” jurnalında yazırdı. Berezovski böhtanla bağlı London məhkəməsinə müraciət etdi, amma iş məhkəmədənkənar razılaşma ilə yekunlaşdı. Xlebnikov 2002-ci ildə buraxdığı “Kremlin xaç atası: Boris Berezovski və ya Rusiyanın talanması tarixi” kitabında biznesmeni çoxsaylı cinayətlərdə ittiham etdi. 2004-cü il iyulun 10-da Xlebnikov Moskvada “Forbes” redaksiyasının yaxınlığında öldürüldü. İstintaq qətlin təşkilatçısı kimi çeçen kriminal avtoritet Xocəhməd Nuxayevi tanıdı, motivin isə Xlebnikovun onun haqqında yazdığı “Barbarla söhbət” kitabına görə qisas olduğunu bildirdi. Nuxayev indi də axtarışdadır.

Təhlükəsizik şurasının keçmiş katibi İvan Rıbkin 2004-cü ildə RF prezidenti seçkilərində namizədliyini irəli sürəndə seçki kampaniyasının əsas sponsoru Berezovski idi. Səsvermə gününə təxminən bir ay qalanda, fevralın 5-də Rıbkin Moskvada yoxa çıxdı, arvadı polisə müraciət etdi. Namizəd beş gün sonra Kiyevdə tapıldı və orada peyda olmasını düz-əməlli izah edə bilmədi. Sonralar Rıbkin hadisəni belə izah etdi ki, aldadılaraq Ukraynaya aparılıb, narkotik verilib və ifşaedici videosu çəkilib. Onun sözlərinə görə, əgər namizədliyini geri götürməzsə, videonun yayılacağı ilə hədələnib. O, martın 5-də namizədliyini geri götürdü.

İvan Rıbkin Moskva, Volqodonsk və Buynakskdakı partlayışlarda Rusiya xidmət orqanlarının əli olmasını söyləyəndən sonra yoxa çıxmışdı. Bu versiya Aleksandr Litvinenkonun həmmüəllifi olduğu “FSB Rusiyanı partladır” kitabında nəql olunur. Britaniya hüquq mühafizə orqanlarının müəyyənləşdirdiklərinə görə, RF-nın Baş mühafizə idarəsinin zabiti Andrey Luqavoy və köməkçisi, biznesmen Dmitri Kovtun 2006-cı il noyabrın 1-də Litvinenkonu radioaktiv polonium-210 ilə zəhərləyiblər. Noyabrın 23-də o öldü. Luqavoy, öz növbəsində, bildirir ki, Litvinenkonun zəhərlənməsinə Berezovskinin aidiyyatı ola bilər. Rusiya Luqavoyu Böyük Britaniyaya verməkdən imtina etdi. Luqavoy 2011-ci ildə Dövlət Dumasının deputatı oldu və parlamentin aşağı palatasındakı yerini indi də saxlayır.

2008-ci ildə keçmiş baş nazir Mixail Kasyanov prezident seçkilərində müxalifətin namizədi olmağa hazırlaşırdı, amma MSK onun namizədliyini qeydə almadı. Berezovski Kasyanovu dəstəkləmədi. Buna baxmayaraq, hakim partiyanın tərəfdarları Berezovskinin obrazından anti-təbliğat məqsədilə gen-bol istifadə edirdilər.

Berezovski 2007-ci ildə London məhkəməsində Roman Abramoviçə qarşı iddia qaldırdı. O, “Sibneft” və “Rusala”dakı paylarını təzyiq və təhdid altında aşağı qiymətə satdığını iddia edir və 5,6 milyard dollar kompensasiya tələb edirdi. Beş il sürən çəkişmədən sonra məhkəmə iddianı rədd etdi.

Britaniya mətbuatına görə, prosesi uduzan Berezovski məhkəmə xərclərini ödəməkdən ötrü maliyyə çətinliklərilə üzləşib. Qohumları onun ruh düşkünlüyü keçirdiyini söyləyirlər. 67 yaşlı Berezovskinin cəsədi 2013-cü il martın 23-də Askotda, keçmiş arvadının evində tapıldı. Britaniyanın hüquq-mühafizə orqanları prioritet versiyanın intihar olduğunu söylədilər. Ölümünə az qalmış Putinə məktub yazan Berezovski səhvlərini etiraf edir, peşman olduğunu bildirir və Rusiyaya qayıtmaq üçün fürsət verilməsini istəyir. Putin Berezovskidən iki eyni məktub – ikincisini ölümündən sonra – aldığını təsdiq etdi. Məzmunu açıqlamaqdan imtina edən Rusiya prezidenti məktublara cavab vermədiyini söylədi.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2023/03/23/10-let-nazad-umer-boris-berezovskiy-odin-iz-glavnyh-geroev-postsovetskoy-rossii-kotoryy-vo-mnogom-opredelil-ee-istoriyu

“Pressklub”dan: Boris Berezovskinin day.az saytına verdiyi müsahibə 2009-cu il fevralın 14-də “Böhrana qədər Vladimir Putinin sərvəti ən azı 40 milyard dollar təşkil edirdi” başlığı ilə saytda yerləşdirildi. Bundan sonra Azərbaycan hakimiyyəti saytı Anar Məmmədxanovun əlindən aldı.
 
Ardını oxu...
Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlində akkreditə olunmuş 30-dan çox rusiyalı diplomatı persona non-qrata elan etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, "Focus" şənbə günü Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, bunun nə vaxt baş verə biləcəyi hələ məlum deyil.

Nəşrin yazdığına görə, Almaniya təhlükəsizlik qüvvələri hesab edir ki, bu diplomatlar diplomatik statusdan qeyri-qanuni yollarla siyasi, iqtisadi, hərbi, elmi məlumatlar əldə edərək sonradan təxribat və dezinformasiyanın yayılmasında istifadə edirlər. Almaniya hökuməti qovulmanın nəticəsiz qalmayacağını bilir.

Rusların mümkün qovulması planlarının təfərrüatları hələ verilməyib, XİN yalnız "indi" belə bir tədbirdən söhbət getmədiyini bildirib.
Ardını oxu...
"Sülh müqaviləsini Rusiya Federasiyası, ABŞ və Çin diktə edəcək və bu, nə İrəvanın, nə də Bakının xeyrinə olacaq".

Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bu fikri “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində “Vahid Ermənistan” partiyasının sədr müavini Vardan Xaçatryan ifadə edib.

“Həddindən artıq qlobal eskalasiya bölgəmizdə 44 günlük müharibə şəklində tətikləndiyi kimi, sülh prosesi də buradan başlayacaq. Təcrübə uğurlu olarsa, fövqəldövlətlər bundan başqa ərazilərdəki münaqişələrdə, məsələn, Ukraynada istifadə edəcəklər. Qərb nəyin bahasına olursa-olsun çalışacaq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi mümkün qədər tez bağlansın ki, heç olmasa nəfəs dərə bilsinlər. Müqavilədə nə Azərbaycanın idealist istəkləri, nə də Ermənistanın bütün ideyaları nəzərə alınmayacaq. Eyni zamanda fövqəldövlətlər öz münasibətlərini və təsir dairələrini aydınlaşdıracaqlar”, - deyə erməni siyasətçi bildirib.
 
Ardını oxu...
İran təqvimi ilə 1401-ci ilin son günlərində, Novruz bayramı ərəfəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin iştirakı ilə keçirilmiş müşavirənin məxfi stenoqramı yayıldı və rejimin köhnə ili hansı durumda və hansı əhvalda yola saldığı aşkara çıxdı.

İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni “Sepah”ın yüksək rütbəli zabitlərinin həmin müşavirədəki çıxışlarını ehtiva edən 44 səhifəlik sənəd ölkənin vəziyyətinə bir növ içəridən baxışı və rejimin daxildən parçalanmasını əks etdirdiyi üçün beynəlxalq medianın diqqətini çəkdi, sənədlə bağlı müxtəlif şərhlər və təhlillər meydana gəldi.

Sənədin mötəbərliyi də şübhə doğurmur, çünki elə həmin müşavirədə dəfələrlə vurğulandığı kimi, son vaxtlar İranın hərbi və təhlükəsizlik strukturlarında məxfi məlumatların kənara ötürülməsi və satılması halları geniş yayılmaqdadır.

Təsadüfi deyil ki, sənədi ilk dəfə dərc edən “Vəğte-azadi”, yəni “Azadlıq zamanı” Teleqram kanalının bildirdiyinə görə, Xameneyinin ofisinin təhlükəsizlik xidməti bununla bağlı üç nəfəri istintaqa cəlb edib, digər analoji qurumlarda da məxfi sənədin kənara çıxması ilə əlaqədar araşdırmalara başlanıb.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Son zamanlar SEPAH-ın Azərbaycanla sərhəd ərazilərdə fəallaşması müşahidə edilir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşişçiləri Korpusunun Quru Qoşunları komandanı Məhəmməd Pakpur ölkənin şimal-qərb ərazilərinə, yəni İran-Ermənistan və İran-Azərbaycan sərhədinə baş çəkib.

İranın "Fars News" agentliyinin məlumatına görə, İran generalı Məhəmməd Pakpur sərhəd bölgəsində yerləşən SEPAH-ın “Aşura” düşərcəsinə səfər edib.

Səfər zamanı general İİKK əsgərlərinin döyüş hazırlığı və onların müdafiə qabiliyyətini dəyərləndirib. Bundan əvvəl də general M. Pakpur İranın şimal-şərq sərhədlərində İİKK quru qoşunlarının sərhədçiləri və əsgərləri ilə görüş keçirib.

Azərbaycanın sərhəd ərazilərinə yaxın, xüsusilə Araz çayı boyunca bölgələrdə SEPAH-ın hazırki fəallığı Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması zamanı təsadüf olunur.

Xatırladaq ki, bir neçə həftə bundan öncə İran qırıcıları Zəngilan-Biləsuvar istiqamətində Azərbaycan sərhədinə çox yaxın uçuşlar həyata keçirib. Hətta bu yaxınlarda SEPAH-a yaxın media şəbəkəsinin yaydığı məlumatda iddia olunur ki, Ermənistan öz səmasını artıq İranın PUA-larının ixtiyarına verib.

Bununla yanaşı, Azərbaycanın informasiya mənbələrində qeyd olunur ki, İran Naxçıvan Muxtar Respublikası ilə sərhədə, yəni Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində xeyli sayda silah-sursat və hərbi ləvazimat toplayıb.

Maraqlıdır, molla rejimi nə etməyə çalışır, məqsədi nədir? İranın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla hərbi toqquşmaya girmək planı var?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran Azərbaycanla açıq şəkildə müharibə apara bilməz:

"İran generalları, hətta bu ölkənin siyasi dairələri çox yaxşı başa düşürlər ki, Azərbaycana bir güllə atmaq belə onlar üçün baha başa gələ bilər. Azərbaycanla hər hansı toqquşma İranda siyasi rejimi dəyişməyə çalışan, onu nüvə silahı hazırlamaqdan çəkindirən beynəlxalq güclərin hərəkətə keçməsinə səbəb olacaq.

Onlar yaxşı bilirlər ki, bu gün anti-İran koalisiyası mövcuddur və bu koalisiyaya artıq yeni qüvvələr cəlb olunmaqdadır. Ona görə də qonşu dövlət bizimlə müharibəyə girişməyəcək. İran hakimiyyəti yalnız Azərbaycana psixoloji təzyiqlər göstərəcək və təhdidlər edəcək.

İranda hərbi və dini-siyasi dairlər "fake" məlumatlar yayırlar ki, guya Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar aparmaq niyyətindədir, Azərbaycan Ermənistanın sərhədlərini pozmağa çalışır. Onlar xəbərdarlıq edirlər ki, Azərbaycan beynəlxalq sərhədləri pozduğu təqdirdə İran prosesə müdaxilə edəcək.

Halbuki Azərbaycan rəhbərliyinin belə bir planı və niyyəti yoxdur. Sadəcə olaraq, Azərbaycanın hədəfi öz ərazilərində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini zərərsizləşdirmək və öz vətəndaşları, Qarabağ ermənilərinin reinteqrasiyasını təşkil etməkdir".

Politoloqun sözlərinə görə, İranın ən böyük qorxusu Azərbaycanın Qafqaz regionunda hərbi-siyasi gücə çevrilməsidir:

"İranın qorxusu Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, ölkəmizin Qarabağın dağlıq hissələri üzərində suverenliyinin bərpası, o cümlədən regionda hərbi-siyasi gücə çevrilməyimizdir.

Onsuzda Azərbaycan artıq regionda həm siyasi, həm də hərbi cəhətdən geniş təsir imkanlarına malikdir. İranda molla rejimi yaxşı anlayır ki, Azərbaycanın güclənməsi cənubdakı soydalaşlarımıza da cazibə qüvvəsi kimi təsir edir. Əlbəttə, bu da İrana üçün ciddi təhdid ola bilər. İran faktiki olaraq Azərbaycanın zəifləməsini, regional gücə çevrilməməsini istəyir. Buna görə də bu ölkə Azərbaycana qarşı təzyiq metodlarından istifadə etməyi davam edəcək".

Azərbaycanın İranın hədəfində olması ehtimalına gəlincə, Qabil Hüseynli vurğulayıb ki, belə olan halda Azərbaycan bütün resurlarını səfərbər edib müdafiə qabiliyyətini gücləndirməlidir:

"Əgər İran Azərbaycana qarşı belə bir niyyət güdərsə, ilk növbədə qarşısında Türkiyəni görəcək. Artıq Türkiyə İranla sərhəd ərazilərinə qoşun cəmləyib. Eyni zamanda Pakistan İrana xəbərdarlıq edəcək. Artıq ABŞ da Azərbaycanın müdafiəsi haqqında bir neçə bəyanat verib. İsrail də Azərbaycanın yanında olacaq".

Sonda politoloq İran, Ermənistan, Fransa və Rusiyanın Azərbaycan qarşı eyni mövqeyi ilə bağlı məsələyə də münasibət bildirib:

"Hazırda İsrailin yaratdığı anti-İran koalisiyasına Fransa da daxildir. Amma Cənubi Qafqazda Ermənistanla bağlı məsələlərdə Fransanın İranla mövqeyi üst-üstə düşür.

Düşünürəm ki, Fransa İranı provokativ davranışlara təhrik etməklə, Azərbaycana qarşı mübarizəni gücləndirə bilər. Ancaq Fransa nə qədər anti-Azərbaycan siyasəti yürütsə də, İranın regionda güclənməsini istməməlidir.

Çünki İranla eyni istiqamətdə addım atmaq Fransanın xarici siyasətinə ziddir. Yəqin, onun ən böyük müttəfiqi, ABŞ bu məsələdə Fransaya müəyyən siqnallar verər".
Ardını oxu...
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.

Oxu.Az-ın məlumatına görə, “Twitter” sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.

Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.

Mask isə bu çıxışa - “Hmm... banklar əriyir”, - deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan “Silikon Valley Bank”ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlanıb.
Ardını oxu...
 
Ardını oxu...
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderə baxmayaraq, onu öz ərazisində həbs etməyəcək.

“Report” xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş brifinq zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

O, Macarıstan tərəfindən Roma Əsasnaməsinin imzalanmasına və ratifikasiyasına baxmayaraq, bu sənədin Macarıstanın hüquq sisteminə daxil edilmədiyini və həbsin ölkə konstitusiyasına zidd olacağını qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.
Ardını oxu...
Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.

“Report” xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda bildirib.

Onun sözlərinə görə, işğal altındakı ərazilərdə ortaya çıxan Ukrayna bayrağı “müqavimətin simvollarından biridir”.

“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, - o əlavə edib.
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeets sosial media hesablarından yeni proqnozlarını sıralayıb.
Tribunainfo.az xəbər verir ki, “Kosmos həndəsəsi” mövzusuna diqqət çəkən Frank, xəritədə zəlzələ baş verməsi gözlənilən yerləri göstərib.Martın ilk həftələrində dəhşətli zəlzələlərin gözləndiyini deyən “zəlzələ peyğəmbəri”nin son proqnozları özünü doğrultmayıb. Buna baxmayaraq o, yutub kanalında paylaşdığı videoda Türkiyəyə yaxın məsafədə Afrika, Pasxa adası, Hindistan və Aralıq dənizində zəlzələlər olacağını deyib və Ayın hərəkətlərinə işarə edib.

Merkuri, Venera, Yupiter və Ayın “kosmos həndəsəsi” üsulu ilə tək bir xətt halına gəldiyini ifadə edən Huqerbeets, son günlərdə böyük bir zəlzələnin olmadığını, bu səbəbdən önümüzdəki dövrdə bu bölgələrdə şiddətli zəlzələnin gözlənildiyini söyləyib.
 
Ardını oxu...
Yerevan İlham Əliyevin Ermənistanın sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli olduğu, əks halda sülh müqaviləsi bağlanmayacağı haqqında 18 mart tarixli bəyanatını qəbuledilməz hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında bildirib.

O, bunu “təcavüz aktı” və “yüksək səviyyədə əldə olunmuş razılaşmaların kobud pozuntusu” adlandırıb. Xüsusən, Paşinyan “BMT Nizamnaməsinə və 1991-ci il tarixli Almatı Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin pozulmazlığının qarşılıqlı tanınması haqqında” əvvəlki razılaşmalara istinad edib.

Paşinyanın sözlərinə görə, bu bəyanatlarda sovet respublikalarının sərhədlərinin onların dövlət sərhədi olduğu qeyd edilib, amma “Azərbaycan daim hansısa tarixi xəritələr əsasında delimitasiyadan danışır ki, bu, tamamilə qəbuledilməzdir”.

Buna görə Ermənistan razılaşmaların həyata keçirilməsi üçün də “beynəlxalq mexanizmlərə ehtiayc olmasında” israr edir.

Paşinyan həmçinin İlham Əliyevin Talış kəndindəki çıxışına toxunub, onu “etnik təmizləmə və soyqırım siyasətinin dəlili” adlandırıb.

Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini və ya “inteqrasiyanı” onların evlərini söküb, yerində azərbaycanlılar üçün ev tikməklə nümayiş etdirir, deyə Paşinyan bildirib.(Turan)
 

Dünyapress TV

Xəbər lenti