ABŞ-dan Türkiyə biznesinə sanksiya xəbərdarlığı - Ankaranın cavabı nə olacaq?
ABŞ Türkiyəyə Rusiya ilə əməkdaşlıqla bağlı xəbərdarlıq edib. Belə ki, Türkiyənin ən böyük biznes birliyi olan Türk Sənayeçilər və Sahibkarlar Birliyi (TÜSİAD) ABŞ Maliyyə Nazirliyindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda əməkdaşlığın nəticələri ilə bağlı xəbərdarlıq məktubu alıb. Bu barədə birliyin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, Türkiyədə fəaliyyət göstərən şirkətlər Rusiyada haqqında məhdudiyyətlər tətbiq edilən fiziki və ya hüquqi şəxslərlə iş gördükləri təqdirdə sanksiyalara məruz qalma riski ilə üzləşə bilərlər. Məktub Xarici İşlər, Xəzinədarlıq və Maliyyə, eləcə də Ticarət nazirliklərinə təqdim olunub.
Əlavə edək ki, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsinin sürətli artımına Ukraynadakı müharibə də əngəl ola bilməyib. Eyni zamanda Rusiyadan çıxan Qərb biznesinin yerini Türkiyə doldurmaqdadır. Bu da Qərbdəki bəzi anti-türk çevrələrin əlinə bəhanə verib.
Millət vəkili Azər Badamov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ABŞ və Qərbin Ukraynaya yardımı məqsədyönlüdür: “Məqsəd Ukraynanın əli ilə Rusiyanın iqtisadi və hərbi gücünü dağıdaraq özlərini dünyada yeganə güc mənbəyinə çevirməkdir. Ona görə də ABŞ, Qərb Ukraynanı dəstəkləyir. Türkiyə balanslaşdırıcı siyasət yürüdür. Qərbdən fərqli olaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının və mübahisəli məsələlərin masa arxasında danışıqlar yolu ilə həll olunmasının təşəbbüskarıdır. Hətta dünyanı gözləyən ərzaq böhranının səngiməsində Türkiyənin əvəzsiz rolu olub.
ABŞ isə Türkiyənin bu siyasətini bəyənmir və ona görə də belə bir məktub göndərilib. Türkiyə prezidenti dünyada öz sözünü deyən və sözünün arxasında dayanan lider kimi tanınır. Məsələn, ABŞ Türkiyəyə hava hücumundan müdafiə sistemləri verilməsindən imtina etdiyinə görə Rusiyadan S-400 kompleksləri alanda sanksiyalar yolu ilə təzyiq göstərməyə başlamışdı. Amma Türkiyə öz sözündən dönmədi və bu sistemlər gətirilərək Türkiyədə quraşdırıldı. Bir sözlə, xəbərdarlıq reallığa çevrilsə, bu, Türkiyə üçün ilk sanksiya olmayacaq.
Eyni zamanda, son illər türk lirəsi kəskin dəyər itirib. Rusiya ilə əməkdaşlıq isə Türkiyə iqtisadiyyatına böyük gəlir gətirir. Yenidən sanksiyalar tətbiq edilərsə, iqtisadiyyata mənfi təsir göstərsə belə, Türkiyənin öz siyasətindən dönəcəyinə inanmıram. Türkiyəyə sanksiyaların tətbiq olunması təbii ki, Türkiyə ilə əməkdaşlıq edən ölkələrə də müəyyən qədər təsir göstərəcək".
A.Badamov Azərbaycanın belə bir xəbərdarlıqla üzləşə biləcəyini ehtimal etmir: “Birincisi ona görə ki, Türkiyə NATO-da ABŞ-la müttəfiqdir. Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür və bloklara qoşulmadan neytral siyasət yürüdür. İkincisi isə Qərbin Rusiya qazından imtina etdiyi bir dövrdə Azərbaycan əvəzolunmaz alternativə çevrilib. Ona görə də Qərbin Azərbaycandan imtinasını mümkünsüz hesab edirəm. Həm də Azərbaycanın logistik nəqliyyat imkanları Qərb üçün ən səmərəli, alternativsiz marşrutdur. Azərbaycan həm də beynəlxalq siyasəti balanslaşdırmış və heç kimin maraqlarına toxunmadan aparır. Ona görə də məktubda qeyd olunan məsələ ilə bağlı Azərbaycana da hər hansı sanksiyalarla bağlı xəbərdarlığın gələcəyini düşünmürəm”.
Xatırladaq ki, bu ayın əvvəlində “Politico” qəzetində məlumat yayılmışdı ki, Rusiya Federasiyası ilə əlaqələri inkişaf etdirəcəyi təqdirdə Ağ Ev ABŞ şirkətlərinə Türkiyəni tərk etməyi tövsiyə edə bilər. ABŞ administrasiyasındakı mənbə qəzetə bildirmişdi ki, Türkiyə biznes və kapital üçün qlobal cəlbedici mərkəz olmalıdır, lakin Rusiya ilə sıx əlaqələr Türkiyənin dünyaya inteqrasiyası üçün real risklər yaradacaq. Türkiyə və Rusiyanın daha da yaxınlaşması halında Ankaraya hesablamaları dollarla aparılmaq qadağan edə bilər".
Qeyd edək ki, avqustun 6-da Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqlar olub. Ərdoğanın sözlərinə görə, milli valyutalarla ticarətə keçmək və ölkələr arasında illik dövriyyənin 100 milyard dollara çatdırılması qərara alınıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyə tərəfi də Rusiya qazının pulunu qismən rublla ödəməyə razılaşıb.