Son zamanlar SEPAH-ın Azərbaycanla sərhəd ərazilərdə fəallaşması müşahidə edilir.
Qeyd edək ki, İran İslam İnqilabı Keşişçiləri Korpusunun Quru Qoşunları komandanı Məhəmməd Pakpur ölkənin şimal-qərb ərazilərinə, yəni İran-Ermənistan və İran-Azərbaycan sərhədinə baş çəkib.
İranın "Fars News" agentliyinin məlumatına görə, İran generalı Məhəmməd Pakpur sərhəd bölgəsində yerləşən SEPAH-ın “Aşura” düşərcəsinə səfər edib.
Səfər zamanı general İİKK əsgərlərinin döyüş hazırlığı və onların müdafiə qabiliyyətini dəyərləndirib. Bundan əvvəl də general M. Pakpur İranın şimal-şərq sərhədlərində İİKK quru qoşunlarının sərhədçiləri və əsgərləri ilə görüş keçirib.
Azərbaycanın sərhəd ərazilərinə yaxın, xüsusilə Araz çayı boyunca bölgələrdə SEPAH-ın hazırki fəallığı Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması zamanı təsadüf olunur.
Xatırladaq ki, bir neçə həftə bundan öncə İran qırıcıları Zəngilan-Biləsuvar istiqamətində Azərbaycan sərhədinə çox yaxın uçuşlar həyata keçirib. Hətta bu yaxınlarda SEPAH-a yaxın media şəbəkəsinin yaydığı məlumatda iddia olunur ki, Ermənistan öz səmasını artıq İranın PUA-larının ixtiyarına verib.
Bununla yanaşı, Azərbaycanın informasiya mənbələrində qeyd olunur ki, İran Naxçıvan Muxtar Respublikası ilə sərhədə, yəni Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində xeyli sayda silah-sursat və hərbi ləvazimat toplayıb.
Maraqlıdır, molla rejimi nə etməyə çalışır, məqsədi nədir? İranın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla hərbi toqquşmaya girmək planı var?
TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran Azərbaycanla açıq şəkildə müharibə apara bilməz:
"İran generalları, hətta bu ölkənin siyasi dairələri çox yaxşı başa düşürlər ki, Azərbaycana bir güllə atmaq belə onlar üçün baha başa gələ bilər. Azərbaycanla hər hansı toqquşma İranda siyasi rejimi dəyişməyə çalışan, onu nüvə silahı hazırlamaqdan çəkindirən beynəlxalq güclərin hərəkətə keçməsinə səbəb olacaq.
Onlar yaxşı bilirlər ki, bu gün anti-İran koalisiyası mövcuddur və bu koalisiyaya artıq yeni qüvvələr cəlb olunmaqdadır. Ona görə də qonşu dövlət bizimlə müharibəyə girişməyəcək. İran hakimiyyəti yalnız Azərbaycana psixoloji təzyiqlər göstərəcək və təhdidlər edəcək.
İranda hərbi və dini-siyasi dairlər "fake" məlumatlar yayırlar ki, guya Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar aparmaq niyyətindədir, Azərbaycan Ermənistanın sərhədlərini pozmağa çalışır. Onlar xəbərdarlıq edirlər ki, Azərbaycan beynəlxalq sərhədləri pozduğu təqdirdə İran prosesə müdaxilə edəcək.
Halbuki Azərbaycan rəhbərliyinin belə bir planı və niyyəti yoxdur. Sadəcə olaraq, Azərbaycanın hədəfi öz ərazilərində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini zərərsizləşdirmək və öz vətəndaşları, Qarabağ ermənilərinin reinteqrasiyasını təşkil etməkdir".
Politoloqun sözlərinə görə, İranın ən böyük qorxusu Azərbaycanın Qafqaz regionunda hərbi-siyasi gücə çevrilməsidir:
"İranın qorxusu Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, ölkəmizin Qarabağın dağlıq hissələri üzərində suverenliyinin bərpası, o cümlədən regionda hərbi-siyasi gücə çevrilməyimizdir.
Onsuzda Azərbaycan artıq regionda həm siyasi, həm də hərbi cəhətdən geniş təsir imkanlarına malikdir. İranda molla rejimi yaxşı anlayır ki, Azərbaycanın güclənməsi cənubdakı soydalaşlarımıza da cazibə qüvvəsi kimi təsir edir. Əlbəttə, bu da İrana üçün ciddi təhdid ola bilər. İran faktiki olaraq Azərbaycanın zəifləməsini, regional gücə çevrilməməsini istəyir. Buna görə də bu ölkə Azərbaycana qarşı təzyiq metodlarından istifadə etməyi davam edəcək".
Azərbaycanın İranın hədəfində olması ehtimalına gəlincə, Qabil Hüseynli vurğulayıb ki, belə olan halda Azərbaycan bütün resurlarını səfərbər edib müdafiə qabiliyyətini gücləndirməlidir:
"Əgər İran Azərbaycana qarşı belə bir niyyət güdərsə, ilk növbədə qarşısında Türkiyəni görəcək. Artıq Türkiyə İranla sərhəd ərazilərinə qoşun cəmləyib. Eyni zamanda Pakistan İrana xəbərdarlıq edəcək. Artıq ABŞ da Azərbaycanın müdafiəsi haqqında bir neçə bəyanat verib. İsrail də Azərbaycanın yanında olacaq".
Sonda politoloq İran, Ermənistan, Fransa və Rusiyanın Azərbaycan qarşı eyni mövqeyi ilə bağlı məsələyə də münasibət bildirib:
"Hazırda İsrailin yaratdığı anti-İran koalisiyasına Fransa da daxildir. Amma Cənubi Qafqazda Ermənistanla bağlı məsələlərdə Fransanın İranla mövqeyi üst-üstə düşür.
Düşünürəm ki, Fransa İranı provokativ davranışlara təhrik etməklə, Azərbaycana qarşı mübarizəni gücləndirə bilər. Ancaq Fransa nə qədər anti-Azərbaycan siyasəti yürütsə də, İranın regionda güclənməsini istməməlidir.
Çünki İranla eyni istiqamətdə addım atmaq Fransanın xarici siyasətinə ziddir. Yəqin, onun ən böyük müttəfiqi, ABŞ bu məsələdə Fransaya müəyyən siqnallar verər".