Son vaxtlar bölgədə proseslər o qədər sürətlə cərəyan edir ki, bəzən xarici müdaxilələrin intensivliyindən at izini it izindən ayrımaq da çətin olur. 19-20 sentyabr tarixində Azərbaycanın keçirdiyi lokal anti-terror tədbirlərindən sonra bölgədə vəziyyət tamamilə nəzarətimizə keçməklə ermənilərə zuy tutanların sayı da bir xeyli artdı.
Halbuki, hələ 30 il əvvəl Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından ayrı düşən, qaçqın-köçkün həyatı yaşayan 1 milyondan artıq azərbaycanlının, erməni terrorçauları tərəfindən soyqrımlara, qətliamlara mərzu qalıb bu günə kimi taleyindən xəbər olmayan həmvətənlilərimiz üçün zərrə qədər də olsun narahatlıq keçirməyən kollektiv Qərb, Qərbin bir qrup ermənipərəst qüvvələri bu gün Qarabağ ermənilərinin halına elə acıyırlar ki, sanki onlara gözün üstə qaşın var deyən görüblər.
Əslində isə situasiya 30 il əvvəlkindən tamamilə fərqlənir. Əgər XX əsrin sonlarında Ermənistana məxsus silahlı terror birləşmələri soydaşlarımızı el-obalarından çıxmalarından üçün 12 saat vaxt qoyub, ona da əməl etməyərək hamısını qətlə yetirmək planın icra etdilərsə, bu gün Azərbaycan tamamailə beynəlxalq hüquqa uyğun olaraq öz humanist qərarları, göstərdiyini insani addımları ilə diqqət mərkəzindədir.
Rəsmi Bakı Qarabağın erməni əhalisinə bölgədə qalıb Azərbaycanın vətəndaşı kimi yaşamaq, həyatlarına daha yaxşı formada davam etməkləri üçün bütün şəraitin yaradılacağını, hüquqlarımızdan digər vətəndaşları kimi yararlanmaq haqqı verəcəyinə zamin durduğunu vurğulasa da görürük ki, etnik ermənilər Qarabağı tərk etməyi seçirlər. Halbuki Qarabağ iqtisadi rayonu tarixi Azərbaycan torpağıdır, bununla belə Azərbaycan ermənilərə də digər xalqların nümayəndələri kimi vətəndaşlıq verməyə hazır olduğunu müxtəlif səviyyələrdə bəyan edib.
Baxmayaraq ki, 30 il əvvəl məhz Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Azərbaycanın genefonduna böyük zərbə vurulub. Azərbaycan isə ermənilərdən fərqli bu gün hətta Qarabağı tərk etmək qərarı verən ermənilərə belə yolda hər hansı bir çətinliklə qarşılaşmamaları üçün istər qida olsun, istərsə də, tibbi və yanacaq nöqteyi nəzərdən hər şeyin ən yaxşısını etməklə bütün dünyaya nə qədər humanist, insanpərvər olduğunu növbıti dəfə nümayiş etdirir.
Təəssüflər olsun ki, eyni münasibət Qərbdən, aidiyyatı beynəlxalq təsisatlardan Ermənistanla Azərbaycana eyni olmayıb, deyərdim ki, tamamilə ziddiyətli olub. XX əsrin sonlarında böyük etnik təmizləmə prosesinin qurbanına çevrilən Azərbaycan xalqına qarşı sözügedən təsisatlar bu gün Qarabağın erməni sakinlərinə göstərdikləri humanitar yardım mövzusundakı həsasslığı göstərmədilər. Hətta elementar humanitar yardımların göstərilməsində belə ayrı-seçkilik göz qabağındadır.
1990-cı illərin əvvəllərində milyondan artıq azərbaycanlıya xarici donor təşkilatlarının hər hansı bir yardımı barədə ortaya bir fakt qoymaqda çətinlik çəkiriksə, ermənilərə qarşı bu mövzuda eyni gedişatı demək çətindir. Həmin dövrün kadrlarından hər şey aydın görünür. Müstəqilliyi yenidən bərpa edilən, torpaqları işğala məruz qalan bir dövlət üçün ac-yalavac köçkünlər, ölkənin müxtəlif yerlərində 10 minlərlə çadırlar, qışın günündə şəraitsiz, ağır vəziyyətdə olan insanların taleyi heç indi ermənilər üçün dəridən-qabıqdan çıxan xarici donor təşkilatların heç birini narahat etmirdi.
Bütün bu çətinlikləri məhz Azərbaycan dövləti öz imkanları hesabına aradan qaldırmağa, problemi qismən də olsa azaltmağa çalışırdı. Azərbaycan dövləti 1993-2019 cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərclədi.
Həmin dövrdə Qərbin aidiyyatı təsisatları eyni diqqəti Azərbaycanın 1 milyondan artıq qaçqın-köçkün həyatı yaşayan vətəndaşı üçün göstərmədi. Bakıya telefon açıb biri də demədi ki, biz də sizin qaçqın və məcburi köçkünlərinizə yardım etmək istəyirik. Lakin bu gün 40-50 min Qarabağ ermənisi üçün elə təşkilatlanıblar ki, sanki onları Qarabağdan zorla, məcbur çıxaran olub. Bu da Qərbin növbəti ikili standartından başqa bir şey deyil.
Hələ də Ermənistanın Azərbaycana qarşı illər öncəki işğalçılıq siyasətinin izləri ortadadır. Hazırda ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insan var. Amma onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Lakin Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər.
Bu gün ermənilərə yardım barədə danışan donor təşkilatlar azərbaycanlılardan söhbət düşəndə ağızlarına su alırlar, lal-kar-kor olurlar. Bütün bu faktlar, rəqəmlər və mövcud durum düşünməyə əsas yaradır ki, Qərbin sözügedən təsisatları üçün heç də ağız dolusu danışdıqları beynəlxalq hüquq, insan haqları prioritet təşkil etmir. Onlar üçün sadəcə “öz maraqları və çevrələri” anlamı var.