Artıq ölkəmizdə hökumətə məxsus datadan effektiv istifadə edilməsi güclənib. Bir müddət öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilmişdi. İndiyədək 4500-dən çox tələbə mygov-u smartfonuna yükləyib və rəqəmsal tələbə kartına sahib olub. "mygov” tətbiqində SİMA imza və ya digər üsullarla öz hesabına daxil olan tələbə “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən rəqəmsal tələbə kartını da əldə edir. Bu məlumatlar ETN-nin mygov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır. Bununla da tələbələr fiziki formada tələbə bileti olmadan müxtəlif yerlərdə özlərini identifikasiya edə biləcəklər. Universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə olunacaq. Tələbələr kartın üzərindəki “QR paylaş” düyməsi vasitəsilə həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək. Digər universitetlərin də bu hökumət datasından istifadə edərək yeni dəyərlər yaratması faydalı olardı. Ümid edirəm İRİA və ETN bu istiqamətdə universitetlərə metodiki-informasiya dəstəyini gücləndirəcək. Osman Gunduz TEREF