Xaricdən internet trafiki daşıyaraq ölkəyə gətirən iki magistral (backbone) provayderimiz var, Delta Telekom və AzerTelecom. Hansı ki, digər 200 provayder interneti bu iki qurumdan alaraq bizlərə satırlar.
Bir müddət öncə dövlət operatoru olan Aztelekom -un da magistral provayderə çevrilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Qurum bu istiqamətdə araşdırmalar apardığını bildirmişdi.
Əldə etdiyimiz son məlumatlar da onu göstəırir ki, 3-cü backbone provayder reallaşmaq üzrədir.
3-cü magistral provayder Azərbaycanın internet bazarında nələri dəyişəcək?
Ötən gün Baktelecom bildirib ki, 1 Gbit/s internet sürəti verməyə hazırdı.
Çox ciddi mesajdı.
Güman ki, Baktelecom yaxın perspektivdə aldığı və satdığı trafikin həcmini xeyli qaldıracaq.
Nəzərə alsaq ki, Baktelecom və Aztelekom ölkənin ən böyük provayderləridir, məsələnin ciddiliyi məlum olur.
Hər iki operator ölkənin əsas internet təchizatçısı olan Delta Telekom -dan indiyədək təxminən 300 Gb-dən çox trafik alırdı.
Bu isə Delta-nın xaricdən aldığı toplam tutumunun çox böyük hissəsini təşkil edir.
RİNN-nin "Onlayn Azərbaycan" layihəsi və internet sürətin 1 Gbit/s ilə bağlı mesajlarl göstərir ki , yaxın perspektivdə bu operatorların Delta-dan aldığı trafik kəskin artacaq.
Beləliklə, təxmini hesablamaqla müəyyən etmək olar ki, RİNN-nin hər iki operatoru hər ay aldıqları trafikə görə Delta-ya toplam 1-2 milyon manat ödəniş edirlər.
Eyni zamanda zaman-zaman bəzi provayderlər aldıqları trafikin beynəlxalq deyil, daxili trafik olduğunu vurğulayırlar və ödənişin buna uyğun hesablanmasını istəyirdilər.
Düşünmək olar ki, 3-cü magistralın gəlişi həm də bununla bağlıdır.
Yəni, görünür ki, dövlət operatorları artıq bu tip böyük ödənişləri etməyi arzulamırlar.
Nəzərə alsaq ki, dövlət şirkəti olan Azercell və RİNN-nin digər qurumları da Delta-dan xeyli trafik alır, şübhəsiz ki, yeni operatorun bazara daxil olması xeyli dəyişiklik yaradacaq.
Bizim rəqəmsal bazar onsuzda çox kiçikdir.
RİNN operatorlarının Delta-dan ayrılması, güman ki, bu operatora təsirsiz ötüşməyəcək. Ölkənin ən qədim telekom operatoru olan Delta Telekom əvvəldən də artlq yerli bazardan daha çox qonşu ölkələrə, İrana və onun vasitəsilə Asiya istiqamətində trafik satdığını açıqlamışdı.
Düşünmək olar ki, Delta bu istiqamətdə, xarici bazarlara yönəlik biznesi daha da canlandırmağa çalışacaq.
Bununla belə, mövcud geopolitik durumda, İranla bağlı sanksiyaları da nəzərə alsaq bu istiqamətdə də risklər qaçılmazdır.
Yeri gəlmişkən, hökumətin, həmçinin yeni tənzimləyici qurumun, İKTA-nın da 3-cü magistral provayder məsələsində, onun bazarda yaradacaq yeni situasiyada, internet bazarında dövlətin xüsusi çəkisinin artması və rəqabətin azalacağı fonunda mövqeyi maraqlıdır.
Xatırladıram ki, 3-cü magistral provayderin bazara daxil olması bir neçə il öncə təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapmış , lakin o zamanlar bunu reallaşdırmaq mümkün olmamışdır.
Osman Gunduz
Teref.az