Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra onun ən vacib xarici tərəfdaşlarından biri Avropa Birliyidir.
Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Azərbaycanı Aİ üçün cəlbedici edən əsas faktorlardır.
1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1999-cu ilə kimi qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib.
Sazişin icra müddəti 2009-cu ildə bitsə də, o, yeni saziş imzalanmasına qədər hər il avtomatik olaraq 1 il uzadılıb.
Avropa İttifaqı Azərbaycana1998-ci ildə xüsusi elçisini təyin edib, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib.
2003-cü ildə isə İttifaq Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
Azərbaycanla Avropa Birliyi arasında indiyədək iqtisadi, enerji, məhkəmə və ədliyyə, nəqliyyət-logistika, təhsil, mədəniyyət və digər sahələrdə razılaşmalar mövcuddur.
Birliklə Azərbaycan arasında son illərdə bir neçə təhlükəsizlik dialoqu da baş tutub və bu dialoqun vacib tərəfləri miqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika sahəsində təhlükəsizlik, insan alveri, çirkli pulların yuyulması, terrorizm, narkotika ticarəti və s. olub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulub.
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. İttifaqla strateji tərəfdaşlıq sazişi üzrə məsləhətləşmələr son mərhələdədi.
Razılaşmanın demək olar ki, 90 faizi hazırdır və yekun sənədin 2023-cü ildə imzalanacağını güman edirəm.
Yeganə Hacıyeva
Teref.az