Rusiya Qarabağda 2025-ci ilə hazırlaşır. Obrazlı desək, toxumları səpib, cücərməsi üçün işlər görür.
Ermənistanda hərbi bazası ilə olan Rusiya bu bölgədə varlığını davam etdirmək üçün strateji planlamada müharibədən sonra Qarabağa yerləşdi. Rusiya Qarabağdan, dolayısı ilə bölgədən çıxmaq istəmir. Rusiyanın fəaliyyəti onu deməyə əsas verir ki, planları yaxın vədəli, yəni 2025-ci ilin noyabrına qədər deyil.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları olmasaydı, bəlkə də, Qarabağda şəxsi heyətin sayını iki-üç qat artıra bilərdi. Rusiya Qarabağdakı bu boşluğu ərazidə yaşayan ermənilərlə kompensasiya edir.
Azərbaycan bir gün hərbi güc vasitəsini işə salsa, lokal yox, genişmiqyaslı hərbi əməliyyatlara start versə, həmin erməni hərbi dəstələri qarşılıq verəcəklər. Rəsmi Bakı onları hər nə qədər qeyri-qanuni hərbi dəstə adlandırsa da, nizami ordu səviyyəsinə gəliblər. Ruslarla birgə çoxlu sayda hərbi təlimər də keçiblər.
Bir anlıq düşünək, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara start verdi, yüksəkliklərin Azərbaycan tərəfində olması, şəxsi heyətin sayı və ordunun döyüş qabiliyyəti onu deməyə əsas verir ki, qısa zamanda Azərbaycan ordusu istəyinə çata bilər. Bu zaman Rusiya hansı addımı ata bilər?
Güc strategiyası:
Rusiya Xəzər dənizindən, şimal sərhədimizdən hansısa çəkindirmə əməliyyatlarına əl ata bilər. Azərbaycan Hərbi Dəniz Qüvvələri hansı səviyyədədir? Gəmilərin köhnəliyi çox şeydən xəbər verir.
Mülki strategiya:
Məsələnin mülki strategiyası isə ruslaşdırmadır. Rusiya Abxaziya, Osetiya, Luqansk, Donetskə necə yanaşırsa, Qarabağa da elə yanaşır. Aylar öncə Ağdərədə rus icması yaradılmışdı. Rus yaşamayan yerdə rus icmasının yaradılması nəyə xidmət edirsə, iranlı yaşamayan yerdə də konsulluq açmaq ona xidmət edir. Bundan başqa, Xankəndidə rus mərkəzi də açdılar. Rusiyanın ənənəvi siyasətinin bütün elementlərini Qarabağda görə bilərik.
2025-ci ildə bu məsələ yenidən gündəmə gələcək. Bu zaman Azərbaycan Rusiyaya təklif götürə bilər ki, ərazidə təkcə Rusiya sülhməramlıları olmasın, onlarla yanaşı Türkiyə, Pakistan, yaxud başqa bir ölkə də olsun. Ümumiyyətlə, Azərbaycan Rusiyanın da olmamasını istəyə bilər. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında siyasi böhran 2025-ci ilə yaxınlaşanda baş verəcək.
Hər halda, Azərbaycan birtərəfli qaydada 10 noyabr bəyanatını pozmuş olsa, Rusiya Azərbaycana ciddi təzyiqlər edə bilər. 2025-ci ilə qədər Azərbaycan tərəfi bəzi məsələlərdə lokal əməliyyatlarla Rusiya və Qarabağdakı ermənilərə cavab verə bilər, bu, gözləniləndir. Ancaq birdəfəlik Rusiya sülhməramlılarının çıxarılması və Laçın dəhlizinin nəzarətə götürülməsi çətin işdir.
Rəsmi Bakı da bunları görməlidir və özünü 2025-ci ilə hazırlamalıdır. Həmin müddətə Azərbaycanın bu yöndə bir neçə versiyalı plan və proqramları hazır olmalıdır. Hətta Azərbaycan indidən bəyan etməlidir ki, hansı şərtləri olacaq, o şərtləri yerinə yetirilməsə, cavabları necə olacaq.
Azərbaycan Qarabağdakı ermənilərlə yaxınlaşmaq üçün addımlar atmalıdır. Məsələ ondadır ki, istər Qarabağ ermənilərinin, istərsə də Azərbaycanın bəyanatları yaxınlaşdırıcı yox, uzaqlaşdırıcıdır.