Araşdırmalar göstərir ki, bizim bəzi dövlət qurumlarında qəribə tendensiyalar yaranıb.
Bu tendensiya həm də daha çox özəl sektordan dövlət qurumuna transfer olan bəzi İT mütəxəssislərimizlə bağlı olur.
Onlar qurum rəhbərini inandırmağa çalışır ki, qurumun datalarını saxlamaq və emal etmək üçün iki data mərkəzi olmalıdır, biri dövlət qurumunun özündə, digəri isə Hökumət Buludunda .
TEREF.AZ yazır ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Daha sonra Osman Gündüz deyir:
Hansı ki, bu yanaşma ilə yekunda bir dövlət qurumunun az qala 4 data mərkəzi yaranmış olur :
- dövlət qurumunun özündə olan əsas və ehtiyat data mərkəzləri
- dövlət qurumunun AzİnTelecomda, G-cloudun əsas (Bakı ş) və ehtiyat (Yevlax ş) mərkəzlərində yerləşən data mərkəzlər
Prezidentin fərmanlarında isə bu məsələlərə optimallaşma və səmərəlilik baxımından yanaşma tətbiq olunaraq ölkə üzrə vahid bir Hökumət Buludu infratrukturu , G-Cloud yaradılması nəzərdə tutulurdu.
Görünən isə odur ki, hələlik dövlətə məxsus dataların saxlanılması və emalı sektorunda tam əksi baş verir, nəinki xərclər optimallaşır, əksinə daha da artır.
İkinci tendensiya ondan ibarətdir ki, dövlət qurumlarına transfer olan bəzi "aytişniklərimiz" İKT-nin spesifikliyini nəzərə alaraq bu sahə üzrə satınalmaların birbaşa reallaşdırılmasının vacibliyinə qurum rəhbərini inandıra bilirlər.
Yəni, əgər dövlət qurumunda digər sahələrdə tenderlər keçirilirsə, qəribədir ki, bir çoxlarında İKT sahəsində alqı-satqı prosesləri tendersiz reallaşır.
Təbii ki, bu həm də Antiinhisar Dövlət Xidmətinin hələlik öz gücünü və prinsipiallığını yetətincə göstərə bilməməsi ilə bağlıdır.
Eyni zaman İKT layihələrə rəy verən ASAN da bu proseslərdə yetərincə fəal deyil.
Antiinhisar Dövlət Xidmətimiz hələ də təbii və süni inhisarçıların, dövlət satınalmalarını reallaşdıranların çəkindiyi və ehtiyat etdiyi, "dişli" bir tənzimləyici quruma çevrilə bilməyib.
Teref.az