Paşinyan Putinin yolunu gedir -
Oktyabrın 21-də Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş doğrudan da Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarını əngəlləyib. Belə nəticəyə gəlmək üçün ötən iki həftə ərzində Ermənistanın siyasi rəhbərliyindən verilən açıqlamalara diqqət etmək kifayətdir. Baş nazir Nikol Paşinyanın nitqində Putinin əsas tezislərini görmək mümkündür.

Xatırladaq ki, Soçi görüşündən üç gün əvvəl keçirilən Valday forumunda Kreml rəhbəri bildirmişdi ki, Qarabağın statusu məsələsi təxirə salınmalıdır, bölgədəki Rusiya sülhməramlılarının mandatı qeyri-müəyyən vaxta qədər uzadılmalıdır.

Soçi görüşündən sonra Ermənistan rəsmiləri bildirdilər ki, Azərbaycan prezidenti Rusiyanın təklif etdiyi sülh şərtlərini rədd edib. Habelə sülhməramlıların yeni statusu, Qarabağla bağlı Putinin müzakirəyə təqdim etdiyi məsələlərə də skeptik yanaşıb. Yada salaq ki, Kreml rəhbəri ilə masaya oturan kimi İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib, bu barədə müzakirə açmağa ehtiyac yoxdur.

İlham Əliyevi qıcıqlandıran təkcə bu mövzular deyil, Moskvanın Qarabağda Azərbaycanın suverenliyinə qarşı bu dəfə daha açıq şəkildə apardığı destruktiv siyasətdir. Milyarder Ruben Vardanyanın Xankəndinə göndərilməsi, rus mediasında onun təbliğatının aparılması, habelə Xankəndində Azərbaycana qarşı təşkil edilən mitinq, Laçın dəhlizindən silah-sursatın daşınması, üstəlik, Ermənistan rəhbərliyinin bu prosesə açıq dəstəyi rəsmi Bakını hövsələdən çıxarıb. Noyabrın 8-də İlham Əliyev Şuşada bəyan etdi ki, qarşı tərəfə 2 ay vaxt verib, ilin sonuna qədər sülh şərtləri qəbul edilməzsə, Azərbaycan güc tətbiq edəcək.

Nikol Paşinyan isə prezident Əliyevin bu çıxışını Qarabağda yaşayan ermənilərə qarşı “soyqırım” hədəsi kimi təqdim edib, habelə Azərbaycanın Qarabağa hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Paşinyan bu ritorikanı davam etdirir, indi onun nitqində Putinin Vaday tezislərinin bütün əsas elementlərini görmək mümkündür. Putin demişdi: “Əgər erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki, razılaşmalar digər tərəf üçün də məqbul olsun”.

Baş nazir N.Paşinyan isə noyabrın 16-da parlamentdə hökumət saatında deyib:

“Detallı sülh sazişi bizə çətinliklər yarada bilər. Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də İrəvanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir. Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”.

Baş nazir Qarabağın statusu məsələsinin niyə təhlükəsizlik və hüquq məsələsinə çevrildiyini də dolayısı ilə qeyd edib: “Bizim status məsələsini deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsini irəli sürməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etməyimizdir”.

Rusiyanın təkliflərinə gəlincə, Paşinyan deyir ki, bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təklifə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq.

“Hakimiyyət bu razılaşmanı çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Ancaq korrektlik səbəbindən bu haqda danışmırdı. Rusiya Federasiyası prezidentinə minnətdaram ki, bizə mövzunu izah etmək imkanı verdi”.

Ermənistan rəhbərliyinin “dabanının altına daş qoyan” digər ölkə Minsk Qrupunun üzvü Fransadır. Noyabrın 15-də Fransa Senatında bütün fraksiyaların yekdilliklə qəbul etdiyi qətnamədə BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan tələblər yer alıb:

– Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir;

– Fransa hökuməti Dağlıq Qarabağda humanitar büro açmalıdır;

– “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi tanınmalıdır;

– Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.

Əlbəttə, bu qətnamə tövsiyə xarakterlidir, onun hüquqi qüvvəyə minməsi üçün prezident E.Makron onu təsdiqləməlidir. Amma sənədin Senatda-Fransa siyasi elitasının əhəmiyyətli hissəsində belə dəstək qazanması Ermənistan rəhbərliyinə Azərbaycanla danışıqlarda mövqeyini sərtləşdirmək üçün əlavə stimul verir.

Paşinyan bununla kifayətlənmir, Rusiyadan da birmənalı dəstək almaq üçün onun qarşısına yeni şərtlər qoyur:

“Ümid edirəm ki, KTMT-nin noyabrın 23-də İrəvanda keçiriləcək sammitində Rusiyanın başçılıq etdiyi bu hərbi blok Ermənistanın mövqeyini aydın dəstəkləyəcək, Azərbaycan silahlı qüvvələrindən 2021-ci ilin mayında tutduğu mövqelərdən, Ermənistan ərazisindən çıxmasını tələb edəcək. KTMT bizə aydın dəstək verməliydi… Biz indi KTMT-Azərbaycanla müharibəyə təhrik etmək istəmirik. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və əlaqələrimizin gələcəyi məhz bu məsələyə bağlı olacaq”.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin noyabrın 23-də İrəvana səfərə gedəcək və KTMT-nin sözügedən sammitində iştirak edəcək. Bu səfər, əlbəttə, Ermənistana dəstək, eyni zamanda Paşinyana təzyiq, Qərbə açıq mesajdır. Baş nazir isə mövqelərini möhkəmləndirmək, Azərbaycan üzərində əlavə təzyiq yaratmaq üçün Putinin “zəif yerindən” yapışıb. Çünki 44 günlük müharibədən sonra baş verən hərbi qarşıdurmalar zamanı KTMT Ermənistana açıq dəstək nümayiş etdirməyib.

TEREF.AZ yazır ki, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl yaranmış vəziyyəti Pressklub.az-a şərh edərkən bildirib ki, Rusiyadan, Fransadan aldığı dəstəkdən sonra Nikol Paşinyan daha ürəkli və sərt danışır. “Bu da onu göstərir ki, sülh məsələsi arxa plandadır”, – o əlavə edib. Ekspert vurğulayır ki, Paşinyan artıq müqavilədən yox, Rusiya variantı olan “çərçivə sazişi”ndən danışır. “Çərçivə sazişi isə sülh müqaviləsi deyil, bu istiqamətdə əməkdaşlığın necə baş tutacağına dair tərəflərin razılığını müəyyən edən sənəddir. Çərçivə sazişinin şərtləri yekun və detallı deyil”, – təhlilçi Paşinyandan sitat gətirir.

“Yəni, Qarabağ məsələsinin yekun nöqtəsi vurulmur, gələcək illərə saxlanılır və o vaxta qədər də Xankəndidə Vardanyan rəhbərlik edir. Bəli, ermənilər və havadarları prosesi bu istiqamətdə aparmaq xəttini götürüblər. Məlum olur ki, separatçı rejim nəzarət etdikləri ərazidə referendum keçirib, idarəetmə sistemini dəyişməyi planlaşdırırlar. Referendumun gələn ilin yazında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, qərara alınıb ki, bu ilin dekabrın 20-22-də bu iş həyata keçirilsin. Məqsəd prezident idarəetmə sistemini ləğv edib, fövqəladə şura yaratmaq və Rusiya tərəfindən “göndərilmiş, öyrədilmiş ünsür” Ruben Vardanyanı da fövqəladə şuranın sədri təyin etməkdir. Belə olan halda qondarma rejimin parlamenti də fəaliyyətini dayandırır və bütün hakimiyyət Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni, münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq”,-İlham İsmayıl vurğulayıb.

Ekspert əlavə edir ki, müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. O hesab edir ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun seçki, referendum yolu ilə dəyişdirilməsi 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik:

“Amma Fransanın cəhdləri, Rusiyanın planları, ABŞ senatoru Bob Menendesin 907-ci düzəlişlə bağlı hətta Ağ Ev administrasiyasına qarşı belə çılğın etirazları bizim indiyədək apardığımız siyasətə mane ola bilməz. Yəni, bizim siyasət Qarabağ münaqişəsinin bitdiyini və qalan işlərin bizim daxili işimiz olduğunu davam etdirmək siyasətidir. Bir şərtlə! Bizə qarşı olan planların yeni çalarlarını, detallarını nəzərə alıb çevikliklə əks siyasətimizi sərt şəkildə ortaya qoymaqla. Bizə qarşı planların reallaşmasını gözləyib, sonra hərəkətə keçməməliyik. Biz preventiv addımlar atmalıyıq. İstiqamət isə birbaşa Xankəndi olmalıdır. Xankəndidə humanitar ofisi Fransanın deyil, özümüzün açmalıyıq. Yerli erməni əhaliyə perspektivdə Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşayacaqlarını bildirməliyik ki, bizim düşmənçilik ritorikamızı bəhanə gətirməsin. Paralel olaraq, Laçın yolunda sərhəd nəzarətimizin yaranacağını, erməni silahlı qüvvələrin ən qısa zaman çərçivəsində çıxarılacağını, əks halda, hərbi yolla çıxaracağımızı elan etməliyik. Başqa təsir vasitələrimiz də var və növbəti mərhələlərdə bir-birinin ardınca bunları gündəmə gətirməliyik. 2025-ci il üçün fundamental fərqli siyasətimizin əsası indi qoyulmalıdır ki, Fransa, Rusiya kimi havadarlar Qarabağ problemində yekun nöqtənin zamanını başqa beşilliklərə daşıya bilməsinlər”.

Turqut
 
 
 

Dünyapress TV

Xəbər lenti