"82 yaşınız var, elə ancaq tənqid və tənqid..." - QALMAQAL
Adam var ki, qocalanda müdrikləşir, adam da var ki, yaşlaşdıqca uşaqlaşır, ərköyünləşir və hər şeydən narazı qalır.

Bizim hər birimizin evində qocamız olub və bunu bilirik. Amma yenə də onlara hər şeyi keçirik, bağışlayırıq və düşünürük ki, özümüz də yaşlanacağıq. Bəzən şərə, böhtana, aşağılamalara, kinayələrə və yalanlara uzun illər dözürsən, amma birdən səbr kasası daşır. Partiya sədri, professor Hacıbaba Əzimov da bizi bu mərhələyə gətirib çıxarıb.

Açığı onun ibarələrindən çoxları bezib. Özündən, öz ətrafında, oturub-durduğu adamlardan və ona şərait yaradanlardan başqa hər kəs pisdir, hər kəs “beşinci kolon”dur, hər kəs xəyanətkardır, digər partiyalar saxtadır, yalançıdır, hakimiyyətə yarınanlardır, yalançı müxalifətdir, parlamentdə müxalifət yoxdur və digər ibarələr. Bütün narazılığının da kökündə dayanan bir məsələ var ki, ona istiqlalçı deputat kimi gərək münasibət başqa olsun. Axı sizdən də başqa istiqlalçılar var, amma heç kim sizin kimi ərköyünlük və uşaqlıq etmir.

82 yaşınız var, elə ancaq tənqid və tənqid. Yəni bu ölkədə sizdən başqa yaxşı partiya sədri, siyasətçi, ağsaqqal yoxdur? Yəni yaşadığımız ölkədə heç olmasa, barmaqla sayıla bilən yaxşı əməllər, işlər də yoxdur? Nə qədər qaragünlü olub deyinmək olar axı? Xalqın da içində xeyli deyinən, narazı olan var. O xalqdır, sadə insanlardır və fikrini necə gəldi bildirir və buna görə onları qınayan da yoxdur. Amma partiya sədri deyinməli, küsməli və özünün şəxsi məsələlərinə görə bütöv bir cameəni, cəmiyyəti və quruluşu hədəf almalı deyil axı. Məgər liderlə xalq arasında fərq olmamalıdır? Niyə bizim siyasətçiləri, özünü lider kimi xalqa sırımaq istəyənləri xalq özü idarə edir? O zaman siz kimə və nəyə lazımsınız? Yaxşı siyasətçi xalqı yetişdirir, cəmiyyəti nizamlayır və öz yolu ilə aparır.

Siz ictimai fikir formalaşdırmaqdansa, öz orbitinizdə dövr edən ictimai fikir sizi formalaşdırır. Bilirsiniz, mənim üçün ən ağır məsələ nə idi? Jurnalist mənə sual verir ki, meyxanaçı Rəşad Dağlının məhkəməsində izdiham yaşandı və heç kim də dəvət edilməmişdi. Amma müxalifət mitinq, piket edir, 50-100 nəfər adam gəlir. Bunun günahını bizdə niyə axtarırsınız? Biz pis olduq, siz yaxşı olun. Xalq siz yaxşıların çağırışına niyə səs vermir? Deyəcəksiniz ki, sizin kimi müxalifətin ucbatından.

Bəli, mən ciddi müxalifətəm və ciddi müxalif işlərlə məşğulam. Əgər mənə görə xalq sizi dəstəkləmirsə, demək ki, məni eşidir, sizi yox. Bu, sizə bir dərs deyilmi? İnsanların, xüsusən də bəzi siyasətçilərin milli maraqlardan daha çox şəxsi maraqların üzərində köklənməsinə təəccüblənirəm. Bu şəxslər hansısa dairələrdən göstəriş alan təəssüratı yaradırlar. Elə bil ki, aylıq maaşa oturublar və aldıqları maaşın haqqını ödəmək üçün çalışırlar. Bəs ölkə, vətən, millət? Bəlkə də bu ölkədə ən çox tənqid səsləndirənlər içində öndə olanlardan biriyəm. Amma bu, mənə həqiqətləri və milli maraqları görməyə maneə deyil.

“Prezident İlham Əliyev Qarabağı erməni işğalından azad edib”, “Prezident Laçın şəhərini sülhməramlılardan təmizlədi və azad etdi”, “Prezident Qarabağın bərpası üçün əlindən gələni edir”, “Prezident Rusiya dövlət başçısının üzünə “Qarabağ münaqişəsi iki ildir ki, tarixdir, müzakirə etməli bir şey yoxdur”,-dedi,” “40 milyon azərbaycanlı öz ana dilində təhsil ala bilmir” kimi fikirləri desəniz dünya dağılacaq? Axı bunlar həqiqətdir, məgər hərdən dumanlanmış eynəyi çıxarıb ətrafa geniş baxmaq olmazmı?

Professor Əzimov çıxışlarında Prezidenti gah tərifləyir, gah da “vurur”. Sonra deyir ki, Prezident yaxşıdır, amma ətrafı pisdir. Bu təfəkkür keçmişdən qalıb, köhnə bolşevik peşəsidir. Bütün kadrları Prezident təyin edir və inanıb onlarla işləyir. Təbii ki, içərilərində pis və yaxşısı həmişə olacaq. Amma bir professorun bu şəkildə fikir bildirməsi acınacaqlı haldır. Prezidentin kadrlarına bu şəkildə kəskin fikir bildirib hamısını “Rusiyanın agenti” elan etmək elə birbaşa Prezidenti hədəf almaqdır.

Heç kim uşaq deyil, amma deyəsən, doğrudan da Hacıbaba müəllim kövrək olub, uşaqlaşıb və ya kiminsə təsir dairəsinə düşərək həqiqətlərdən çox uzaq düşüb. Amma bir həqiqəti də deyim ki, professor Qubad İbadoğlunun aparıcılıq etdiyi kanalda Hacıbaba müəllim elə bil ayıldı, elə bil ki, beyni özünə qayıtdı. Qubad İbadoğlu hər vəchlə söhbəti və günahı birbaşa Prezidentin üzərinə gətirməyə və onu hədəf almağa yönləndirsə də, bacarmadı. Məndə belə bir hal yarandı ki, elə bil, verilişi izləyənlər var və onlar Qubad İbadoğludan hesabat soracaqlar ki, niyə ən qəddar şəkildə yıxıb-sürüyə bilmədiniz? Professor Qubad İbadoğlunun yanaşmaları mənə xaricdə oturub söyüş söyənlərin, nifrət yağdıranların üslubunu xatırladır.

Mənə belə gəlir ki, o, həmin söyüş blogerlərini diqqətlə izləyir və onların üslubunu və sözlərini daha mədəni varianta çevirib təqdim edir. Qubad bəy bilməlidir ki, bu cür hərəkətlə o, özünü həmin söyüş söyənlərlə eyniləşdirir. Ortaq tanıdıqlarımız içində nə qədər insan mənə deyir ki, Razi bəy, bəlkə sən bilərsən, Qubad bəyə birdən-birə nə oldu, o, niyə ziyalılığı qaragüruha qurban verdi? Bir yandan da düşünürəm ki, Hacıbaba Əzimova yaraşmayan ritorika onun yaşlaşması ilə bağlıdırsa, Qubad bəy hələ çox da yaşlı deyil. Yoxsa onda da təzahürlər erkən başlayıb? İstəməzdim ki, savadlı, bilikli bir şəxs baxış yığmaq, səsini daha çox adama eşitdirmək xatirinə ucuz yollara əl atsın. Ziyalı nə baş verir versin, gərək ziyalı olaraq qalsın. Bəzən bir ziyalı sözu bir milyon baxış qazanmış videodan daha təsirli olur.

Baxış qazanmaq məhəbbət qazanmaq deyil. Yüngül əxlaqlı bir qadın soyunub video qoysa, ona da milyonlar baxacaq, amma bu, o əxlaqın dəstəklənməsi anlamına gəlmir axı. İti əzabla öldürüb videosunu paylaşanlar var. O videolara 50-100 milyon adam baxır. Bu, o deməkdir ki, xalq bunu bəyənir? Təəssüf edirəm ki, baxış qazanmaq naminə bütün dəyərləri ayaqlar altına atıb əzmək kimi yeni hallar ortaya çıxıb. Bu şəxslərin də getidyi yol budur və ən təəssüflüsü budur ki, özünü lider elan edən bu şəxslər kütləni və narazı təbəqəni idarə edə bilmir, məhz onlar bunları idarə edir və özləri bilmədən də bataqlığa yuvarlanırlar. Bizim ölkəmizdə də müxalifətin mədəniləşməsinə, milliləşməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına ehtiyac yaranmışdı. Bu baş verdi. İndi köhnəliklə yeniliyin mübarizəsi gedir və biz yenilikçi olaraq bir addım yox, beş addım öndəyik. Yeni təfəkkürlü müxalifətin qalxınma prosesi uğurla gedir və ciddi nəticələri də var.

Əsas odur ki, xalq bunu görür və dəyərləndirir. Boşdan deyil ki, bir gündə mənə xeyli insan “ana müxalifət” deyə müraciət edir. Amma həm də mənimlə bir olmaqdan çəkinmir və qorxmur. Bilir ki, bu yolda şəxsi maraq, milli maraqlara xəyanət və tərbiyəsizlik yoxdur. Biz dövlətə şəxslərə görə yox, milli maraqlara görə bağlıyıq!

Razi Nurullayev, millət vəkili, Milli Cəbhə Partiyasının sədri
 
 
 

Dünyapress TV

Xəbər lenti