Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
DİA.AZ bildirir ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Görünən odur ki, Nikol Paşinyan buna görə sülhməramlıların müddətini uzatmaq və hətta bölgədə daimi saxlamaq istəyir. Çünki onlar erməni silahlılarına daim vəziyyəti gərgin saxlamağa kömək edirlər.
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistan möcüzə gözləməsin:
“İrəvan beynəlxalq vəziyyətin Ermənistanın faydalana biləcəyi elə bir gözlənilməz ssenari üzrə inkişaf edə biləcəyini düşünürsə, yanılır. Ona görə yanılır ki, Azərbaycan hər bir inkişaf ssenarisinə hər baxımdan hazırdır. Belə ki, növbəti ilin büdcəsindən ən böyük vəsait yenə də hərbi məsələlərə ayrılacaq. Eynilə, diplomatik masada da əməli addımlar atılır ki, Ermənistan dar çəmbərdən kənara ayağını ata bilməsin. Nə şimala, nə cənuba, nə qərbə güvənsin. Nə mütəşəkkil qaydada silahlandırılma, nə hərbi təlimlər, nə də o taydan gələn dəstək deyil, Ermənistanı xilas edəcək yeganə siyasət revanşist ritorikadan çəkinmək, qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkmək və dinc qonşuluq mühitində yaşamaqdır. Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan həm şimala, həm cənuba, həm qərbə, həm də Ermənistanın daxilində istər iqtidar, istərsə də müxalifət düşərgəsində təmsil olunan kəslərə, eynilə də müxtəlif tərəflərin dili olan. xaricdən göndərilmiş, öyrədilmiş ünsürə aydın mesajını çatdırdı ki, yenidən Azərbaycanın əleyhinə qarşı hansısa neqativ fikirdə olmaq niyyəti daşısalar, onda “Dəmir Yumruğ”un dadını bir də görəcəklər. “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin hər biri onlar üçün dərs olmalıdır".
Nikol Paşinyan ona görə sülhməramlıların müddətini uzatmaq və hətta orda daimi saxlamaq istəyir ki, onlar erməni silahlılarını mütəşəkkil qaydada silahlandırır və vəziyyəti daim gərgin saxlamağa kömək edirlər:
"Ermənistanın sülh prosesini pozacaq revanşist meyillərdən, təxribatlardan çəkinməli olduğunu xarici işlər naziri Ceyhun Bayramov da Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanın diqqətinə çatdırdı. Unudulmasın ki, rus sülhməramlılar orada əbədi deyil, müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onlarında orada qalma müddəti də göstərilir. Azərbaycanın da səbrinin həddi var. Belə davam edərsə, sülhməramlılar vaxtından tez də çıxarıla bilər. Üçtərəfli Bəyanata imza atan hər bir tərəf öhdəliyini unutmamalıdır. Azərbaycan tərəfi beynəlxalq öhdəliklərinə daim böyük məsuliyyətlə yanaşıb, eləcə də üçtərəfli Bəyanata. Öhdəliklər yerinə yetirilməsə, biz də daha sərt addımlar atacağıq".