İranın “Səhər” televiziyasında yenə hədyan dolu veriliş- VİDEO
İranın “Səhər” televiziyası Azərbaycan mediasının bu ölkə rəsmilərinin ermənipərəst mövqeyini tənqid edən çıxışlarına cavab verib. İran parlamentində Güney Azərbaycanı təmsil edən deputatlar “Səhər” proqramına açıqlamalarında yenə bizə hədə-qorxu gəliblər. Bir də utanmaz-utanmaz Azərbaycanın Qarabağ uğrunda döyüşlərində guya bizə dəstək vermələrindən danışıblar. Halbuki, bizə necə dəstək vermələri ortadadır. Hələ indiyədək erməniləri özlərinin minillik qardaşı elan etmələrindən belə geri çəkilmirlər.
Güney Azərbaycan deputatları öz qan qardaşlarına hədə-qorxu gəlməkdənsə, molla rejiminin ermənipərəst siyasətinə aydınlıq gətirsəydilər, daha ağıllı iş görmüş olardılar. Onlar unutmasınlar ki, təmsil etdikləri torpaqlar minillik Türk hakimiyyətinin mərkəzi olub, yəqin ki, bundan sonra da elə olacaq. Onlar unutmasınlar ki, həmin torpaqlarda son bir əsrdə Səttarxan, Seyid Məhəmməd Xiyabani, Mir Cəfər Pişəvəri, Ayətullah Kazım Şəriətmədari kimi vətənpərvər oğullar yetişib və İran Türklüyünün bayrağını göylərə qaldırıb, bu gün onların davamçıları yenə meydandadır və mütləq qələbə çalacaqlar. Onlar unutmasınlar ki, Güney Azərbaycan Türkləri ötən əsrdə dəfələrlə müstəqillik bayrağı qaldıranda Quzey Azərbaycan işğal altında idi və bu səbəbdən onların haqq işinə dəstək verə bilmirdi. Güney Azərbaycandakı milli qüvvələrin böyük fədakarlıqlarına rəğmən məğlubiyyətə düçar olması da məhz bu cür təklənmələrindən qaynaqlanmışdı. İndi Şimali Azərbaycan da həmin işğal altındakı ölkə deyil və lazım gələrsə, İran adlanan məmləkətdəki qardaşlarına hər cür dəstəyi verəcək. Odur ki, Cənubi Azərbaycanı təmsil edən deputatlar silkələnib özlərinə gəlsinlər. O taylı, bu taylı Azərbaycanın əsəbləri ilə oynamaq onsuz da sosial dayaqlarını itirən molla rejiminə ancaq fəlakət gətirə bilər.
Heydər Oğuz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti