“Qarabağ ermənilərinin reinteqrasiyasının vaxtı çatıb”
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi görüşündə Bakı və İrəvan arasında davam edən sülh prosesinə dair birgə bəyanat imzalandı. Soçi bəyanatı mürəkkəb mahiyyəti və ağır diplomatik dili ilə ictimaiyyət tərəfindən o qədər də asan anlaşılmadı. Ona görə də ölkə ictimaiyyətində yeni bir müzakirə mövzusu yarandı. Sosial şəbəkələrdə “Soçi bəyanatı kimin xeyrinədir?” sualı ətrafında qızğın mübahisələr başlayıb. Bu müzakirələrdə çıxan suallara aydınlıq gətirmək üçün sabiq xarici işlər naziri Həsən Həsənova müraciət etdik. TEREF.AZ yazır ki, diplomat Pressklub.az-a eksklüziv açıqlamasında Soçi bəyanatını rəsmi Bakının diplomatik zəfəri hesab etdiyini bildirdi və mövqeyini bənd-bənd əsaslandırdı:
“Soçi görüşünün başlanğıc hissəsində Prezident İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki, Qarabağ məsələsi müzakirə mövzusu deyil. Bu bəyanat görüşün digər iştirakçıları üçün çox ciddi mesaj idi və danışıqların istiqamətini müəyyənləşdirdi”.
Sabiq nazir hesab edir ki, sonradan qəbul edilmiş sənəd bu mövqe əsasında formalaşıb. Ona görə də Soçidə qəbul edilmiş üçtərəfli sənəd Ermənistan-Azərbaycan münasibətlərinin gələcək tənzimlənməsi prosesi üçün çox mühüm bir diplomatik aktdır və bu akt tamamilə Azərbaycanın milli maraqlarına xidmət edir.
“Bu fikri 5 müddəaya söykənərək əsaslandırmaq mümkündür:
Sənəddə hər hansı başqa problem deyil, məhz “Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması”ndan söhbət gedir. Mətndə əks olunan “kompleks” sözü iki dövlət arasında sülh müqaviləsinin qəbulu üçün Azərbaycanın əsas kimi təklif etdiyi beş prinsipə işarə edir.
Sənəddə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün fəal hazırlığın vacibliyi vurğulanır. Bu isə Azərbaycanın prioritet kimi vurğuladığı problemdir.
Sənəddən belə anlaşılır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirdiyi bəyanatların əksinə, Rusiya sülhməramlı qüvvələrinin əməliyyat zonasının genişləndirilməsinə, qəbul olunmuş zamanın dəyişdirilməsinə, eləcə də hər hansı digər qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur.
Bu sənəd təsdiq edir ki, Azərbaycanın erməni əhalisinin statusu və xüsusi hüquqları problemi, ümumiyyətlə, danışıq predmeti deyil. Nəticə olaraq, onların reinteqrasiyası ətrafında fəaliyyətə başlamaq vaxtı çatıb. Bunun üçün sənəddə təklif edilir ki, ictimai xadimlər, ekspertlər, dini liderlər tərəfindən birgə düşünülmüş addımlar atılmalıdır.
Ən əsası, qəbul edilmiş sənədin mühüm dəyəri ondadır ki, son vaxtlar müxtəlif ermənipərəst qüvvələr tərəfindən fəal şəkildə irəli sürülən ideyalar burada öz əksini tapmayıb və rədd edilib”.
H.Həsənov sonda vurğuladı ki, qəbul edilmiş sənəd Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini istəməyənlərə xəbərdarlıqdır ki, onların cəhdlərinin heç bir faydası yoxdur.
“Tarixin təkərini çevirmək olmaz. Azərbaycan XX əsrin 80-ci illərindəki kimi deyil, dünya da əvvəlki kimi deyil. Bu sənəd bir daha onu göstərdi ki, İlham Əliyevin təbirincə desək, “Dağlıq Qarabağ münaqişəsi həll olunub, bitib, mövcud deyil, tarixə göndərilib və nida işarəsi”.
Nicat İsmayılov