"Rusiya Afrika və Yaxın Şərq ölkələrini sakitləşdirməyə çalışır ki, üsyandan sonra Kreml bu qitələrdəki "Vaqner" qüvvələrinə nəzarəti ələ keçirə biləcək".
Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşrin məlumatına görə, "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin keçmiş məhbuslar və muzdlulardan ibarət ordusu ötən şənbə günü Moskvaya doğru irəliləyişlərini dayandırdıqdan bir neçə saat sonra Kreml Priqojinin sahibkarı olduğu "qlobal imperiyasına" tam nəzarəti ələ keçirmək qərarına gəlib.
Qeyd edilib ki, Rusiya xarici işlər nazirinin müavini şəxsən Suriya Prezidenti Bəşər Əsədə məlumat çatdırmaq üçün Dəməşqə uçub.
Məlumata görə, Bəşər Əsədə verilən məlumat ondan ibarət olub ki, “Vaqner” qüvvələri bundan sonra Suriyada təkbaşına fəaliyyət göstərməyəcək.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri Mərkəzi Afrika Respublikasının prezidentinə zəng edərək onu şənbə günü baş verən böhranın Rusiyanın Afrikadakı ekspansiyasına mane olmayacağına əmin ediblər.
Nəşr həmçinin yazıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin hökumət təyyarələri Suriyadan "Vaqner"in xaricdəki digər əsas forpostlarından olan Maliyə köçürülüb.
Adıçəkilən nəşr onu da vurğulayıb ki, illərdir "Vaqner"lə əlaqəsini inkar edən Rusiya, görünür, Priqojin və onun köməkçiləri tərəfindən idarə olunan və genişlənən muzdlu şəbəkəni nəzarətə götürməyə çalışır.
O cümlədən qeyd edilib ki, "Vaqner" indiyə kimi Kremlin beynəlxalq təsirinin güclənməsinə kömək edib və Kremlə vəsaitlərin köçürülməsinə isə Priqojinin "Konkord" holdinqlər şəbəkəsi rəhbərlik edib.
Bu arada Qərb rəsmilərinə görə, "Vaqner" şirkətləri Afrikada ildə yüz milyonlarla dollar qazanır:
""Vaqner"-in gəlir mənbələri Sudan qızılının Rusiyaya, eləcə də Mərkəzi Afrika Respublikasından BƏƏ-yə almaz və Pakistana taxta ixracından gəlir", - Qərb rəsmilərinin sözlərinə istinadən nəşr yazıb.
Həmçinin vurğulanıb ki, "Vaqner" illərdir Yaxın Şərq və Afrikadakı avtokratik rejimlər üçün təhlükəsizlik qüvvəsi kimi çalışıb və son vaxtlar Latın Amerikası və Karib hövzəsinə doğru irəliləyir.
Bildirək ki, Ukrayna və Rusiyada "Vaqner"in 30 mindən çox döyüşçüsü var.