Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.
DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.
Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.
Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.
”Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır.” – deyə təhsil eksperti paylaşımında qeyd edib.
Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev işini bir xeyli böyüdüb.
Yox, yox, söhbət polis orqanlarındakı xidməti vəzifəsindən getmir. Söhbət ondan gedir ki, Şəmsi Mirzəliyev adlı bu polis polkovnik-leytenantı Tumbul kəndindəki təsərrüfatı ilə kifayətlənməyib, indi də keçib Qaraxanbəyliyə.
Üstəlik, o boyda polis məmuru Tumbuldakı kimi əkinçiliklə də məşğul deyil. Onu Qaraxanbəylidə çoban-polkovnik-leytenant kimi tanıyırlar. Kənd əhalisi arasında bu cür ayama (ləqəb) qazanması isə səbəbsiz deyil. Məlumata görə, Qaraxanbəylidəki mülkünü bir qohumunun adına rəsmiləşdirən çoban-polkovnik-leytenant orada 350 baş qoyun saxlayır. Hətta kənd tarixində bu qədər heyvanı olan çobana rast gəlinməyib. Bu baxımdan Şəmsi Mirzəliyevin adı Naxçıvanın hələ yazılmamış «Rekordlar» kitabına düşə bilər.
Maraqlıdır ki, başı çobanlığa və rəncbərliyə qarışan Şəmsi Mirzəliyev işlərinin çoxluğundan səlahiyyətinə daxil olan ərazidə yaşananlardan xəbər tuta da bilmir. İddialara görə, Tumbulda bir neçə ay bundan əvvəl baş vermiş oğurluq hadisəsinin üstü hələ də açılmayıb. Baxmayaraq ki, bu hadisəyə görə «xan» həzrətləri dəfələrlə Daxili İşlər naziri Rəşad İsmayılovu yanına çağırıb nəyi var danlayıb, ona işin üstünün açılması üçün konkret vaxt verib. Rəşad müəllim qarşısına qoyulan bu möhlət müddəti həftənin axırından ayın axırına qədər genişlənə-genişlənə gəlib 4 aya çıxıb. Amma üzərindən xeyli keçməsinə baxmayaraq, oğrunu tapmaq mümkün olmayıb.
Xatırladaq ki, bu ilin iyun ayında Naxçıvan şəhərinin Tunbul kəndində poçt idarəsi yarılmış və poçtun dəmir kassası yerindən çıxarılaraq aparılmışdı. Maraqlıdır ki, cinayətin baş verdiyi sıralarda 1 saylı polis bölməsinin əməkdaşları həmin ərazidə patrul xidmətində imişlər. Amma nədənsə oğurluq hadisəsi onların gözündən yayınıb.
Tunbuldakı oğurluq Vasif Talıbovun indiyədək yürütdüyü «0 cinayətli bölgə yaratmaq» siyasətini alt-üst etdiyindən «xan» sarayının ciddi nəzarətinə götürülüb. «Xan» həzrətlərinin sarayda oturan «Gestapo» yetkililəri hər həftə nazir Rəşad İsmayılovu yanına çağırıb xeyli danlayır və ondan cinayətin dərhal açılmasını tələb edirlər. Rəşad İsmayılov da öz növbəsində müavini Zahid Gözəlovu, həmçinin Naxçıvan şəhər polis İdarəsinin sədr müavini, mayor Elvin Səfərlini və MR DİN-in 7-ci şöbəsinin əməkdaşlarını danlayıb Şəmsi Mirzəliyevin üstünə göndərir. Şəmsi Mirzəliyev də onlar tərəfindən danlanılır. Amma yenə də Tunbul cinayətinə vaxt ayırmaqdansa, Qaraxanbəylidə çobanlığını etməyə üstünlük verir.
Haqsız da deyil. Necə olur, Azərbaycanın bir çox generalları var ki, çobanlıqla məşğul olurlar. Naxçıvanın Azərbaycandan nəyi əskikdir ki, onun çoban-polkovnik-leytenantı olmasın? (ovqat.com)
Bərdə rayonu sakini Nəsrəddin Qurbanov çıxılmaz durumla üz-üzə qalıb. DİA.AZ-ın məlumatına görə, vətəndaş oktyabrın 10-da keçirdiyi aksiyada bildirib ki, qardaşı Sədrəddin Qurbanov döyülüb...
Şikayətçi deyir ki, zərərçəkəni döydürən Bərdə Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Xalid Qədirovdur.
“Xalid Qədirovun ferması var, malları otarılmalıdır. Mənim torpağım həmin əraziyə yaxındır. Mənim torpağımı əlimdən almaq istəyirlər. Deyirəm, pulumu ver, çıxım, gedim. Bunun üstündə qardaşımı döydürtdürür, başına oyun açır”, deyə şikayətçi qeyd edir.
Xalqxeber.az-ın məlumatına görə, "Azərbaycan Reallığı"na video muraciət göndərən Cəlilabad rayon sakini bildirir ki, rayonun Mərkəzi Xəstəxanasında xəstələr üçün dövlət tərəfindən ayrılmış dərmanlar xəstələrə verilmir. Müəmalı olaraq gizlədilir.
Buna sübut olaraq rayon sakini dərmanların gizlədildiyi xususi yeri video lentə alaraq saytmıza göndərib. Vətəndaş həmçinin iş vaxtı xəstəxananın işçilərinin işdə olmamasını, UZİ və digər aparatların işləməməsini, ümumiyyətlə həkimlərin işdə olmamasını, qapların bağlı olmasını da video muraciətində əks etdirib. Vətəndaş "TƏBİB" rəhbərliyi və Səhiyyə Nazirliyinə səslənərək. Bütün işçiləri Elnur Azadxanov qaçrıb.Biz dərdimizi kimə deyək?
Adı çəkilən qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verməsinə dair iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Əfqan Sadıqov məlumat paylaşıb. O bildirib ki, oktyabrın 8-də günorta radələrində Masallı RPŞ-də iki əməkdaş arasında silahlı insident yaşanıb:
“RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov "Makarov" silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirdi ki, Masallı RPŞ-də silahlı insidentin baş verməsi iddiaları uydurmadır və heç bir əsası yoxdur:
“Oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.
Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən hər il on min hektardan artıq sahədə pambıq əkilir ki, bunlar da ”MKT İK” MMC, “Azərpambıq” MMC, «P-Aqro” MMC və fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilir.
Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, az öncə Hesablama Palatası “MKT” istehsalat kommersiya MMC-nin Biləsuvar pambıq zavodunda yoxlama aparıb və audit nəticəsində 500000 (beş yüz min) manat civarında yeyinti aşkarlanıb. Qanunsuzluğun əsasən çiyid satışında baş verdiyi və məsuliyyətin rəhbərlik tərəfindən ayrı-ayrı işçilərin üstünə atıldığı bildirilir.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün zavodun direktoru Qulam Əliyegvlə telefon əlaqəsi saxladıq. Direktor məlumatda ehtiva olunan məsələləri qəti şəkildə təkzib etdi.
Hərçənd, Qulam Əliyevin rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən başqa şikayətlər də vardır.Sahibkarlar toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlarla vaxtlı-vaxtında təchiz edilmir. Zavodun mütəxəssisləri əkinçiləri maarifləndirmir, lazımi tövsiyələr vermirlər. İstehsalçı təhvil verdiyi pambığın pulunu vaxtında ala bilmir.
Qeyd edək ki, MKT Azərbaycanın iri pambıq emalçılıq müəssisəsidir, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahənin dirçəlməsinə sərmayə yatıran ilk şirkətdir. O çox zavodların nəzarət səhminin sahibidir və başqa müəssisələrlə eksklüziv əməkdaşlıq sazişləri bağlayıb. Ondan pambıq alanlar Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrin geyim istehsalçıları və pambıq ticarətçiləridirlər. MKT-nin Biləsuvardakı zavodunun fəaliyyəti 1985-ci ildən başlayıb. 1997-ci ildə özəlləşdirmədən sonra o, «Biləsuvar pambıq» səhmdar cəmiyyətinə çevrilib. Yəqin ki, MKT rəhbərliyi “MKT — Biləsuvar” filialının fəaliyyətindəki neqativ hallardan xəbər tutunca, bu məsələlərdə Qulam Əliyevin də məsuliyyət dərəcəsini dəqiqləşdirəcəklər.
Gəncə Dövlət Universitetinin "Psixologiya" kafedrasının müdiri, dosent Cavadova Zümrüd Soltan qızı çalışdığı təhsil müəssisəsində baş verənlər barəsində ölkə baəçısına müraciət ünvanlayıb. Bir nüsxəsi də "DogruXeber.az"ın elektron poçtuna ünvanlanan müraciətdə deyilir:
" Azərbaycan Respublikasının Prezidenti Cənab İLHAM ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident. Məlumunuz edirik ki, Qasımova Həmidə İsgəndər qızı Gəncə Dövlət Universitetinin rektorunun operatoru vəzifəsində işləyib. İşləyərkən öz səlahiyyətlərindən istifadə edib törətdiyi korrupsiya faktlarına və əxlaqsız hərəkətlərinə görə Gəncə Dövlət Universitetinin rektorunun əmri ilə işdən qovulub. Əvvəllər isə bu şəxs Sizin fərmanınızla fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialında Direktor Ramiz Məmmədovun yanında işləyib. Saxta diplom, saxta tələbə qəbulları ilə məşğul olub. Hal-hazırda isə bu şəxsi psixologiya sözünün mənasını bilməsə belə mənim müdir olduğum "Psixologiya" kafedrasına müəllim təyin ediblər.
Bu şəxs 27.05.2022-ci ildə 5804.01 - "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi" şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi" mövzusunda dissertasiya işi müdafiə edib. Məlumunuz etmək istəyirik ki, Qasımova Həmidə İsgəndər qızının bu dissertasiya işindən xəbəri yoxdur. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. Qasımova Həmidə İsgəndər qızı isə nəinki bu elmi dərəcəyə, hətta müəllim adına layiq olmayan birisidir. Onun nəinki dissertasiyadan, hətta pedaqogikadan belə xəbəri yoxdur. Belə bir fırıldaqçı, əxlaqsız adama alim adının verilməsi alim adına, müəllim adına təhqirdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD 2.40 Dissertasiya Şurasında müdafiə edərkən də pul verib müdafiə edib.
Sizdən xahiş edirik ki, bu biabırçılıqların qarşısının alınması üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz.
Hörmətlə, Gəncə Dövlət Universitetinin "Psixologiya" kafedrasının müdiri, dosent Cavadova Zümrüd Soltan qızı""
Qeyd:Materialda adı çəkilən tərəflərin də mövqeyini "DogruXeber.az" olaraq, dinləməyə və dərc etməyə hazırıq.
Fazil Alməmmədov 105 mini hansı mühafizəyə xərcləyib..?
Haqqında bəhs edəcəyimiz Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də 6, 7, 8, 18 saylı şöbələrə də rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil xəstəxanalar olublar. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü” prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb. Gəlin ölkə mediasında 35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar. Ancaq bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə 105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov hansı mühafizəyə 105 min manat xərcləyib..? Deyirlər, Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..? Mən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün bu maliyyə maxinasiyaları azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə… Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda Nərimanov Tibbi Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Daha doğrusu, 1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə Gülnar Əfəndiyeva nəzarət edirdi. Təsəvvür edirsiniz Fazil Alməmmədov 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı Şəhla Məmmədovanı şöbəyə “müdir” təyin edir, 55 yaşlı, 35 il iş təcrübəsi olan Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli, sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar. Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnar Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən Gülnar Əfəndiyeva səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edərək hüquqlarının qorunmasını tələb edir. Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış şəxsi təyin etməkdə məqsədi nədir..? (gundelik-baku.com)
Zaur Mikayılov Əhməd Əhmədzadənin vaxtilə formalaşdırdığı komandanı qorumaq və gücləndirməklə məşğuldur
Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən alınandan sonra Azərbaycan insanının qəlbində hardasa bir ümid qığılcımı yarandı ki, o, daha yüksək vəzifə ilə şərəfləndirilsə də, hər halda ölkənin su təsərrüfatı əsarət buxovundan azad olar. Azərbaycan vətəndaşları, xüsusilə də suvarma suyunun istehlakçıları Əhməd Əhmədzadənin baş nazirin müşaviri vəzifəsinə təyin olunmasına, özünün, qohum-əqrəbasının məsuliyyətə cəlb olunmamasına, çapıb-taladıqları nəhəng haram kapitalın müsadirə olunmamasına ikiəlli razı idi, təki zəli kimi yapışdıqları, sümürdükləri sahədən əl çəksinlər.
Əhmədzadələrin sümürgənçiliklərinin isə həddi-hüdudu yoxdur. Bu barədə açıq internet resurslarında yetərincə informasiya vardır. Məsələn, yayaılan xəbərlərə görə, Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə ölkə xaricində — Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə,otellərə, istirahət mərkəzlərinə sahibdir.
Təbii ki, Əhmədzadələr kimi, sabiq sədrin komandasının üzvləri – müavin və köməkçiləri də ölçüyəgəlməz var-dövlətə, mülk-səltənətə yiyələniblər. Amma həmin şəxslər vəzifədə qalmaqda, korrupsiya əməlləri törətməkdə, xalqın, dövlətin malını acgözlüklə qəsb etməkdə davam edirlər.
İndi isə keçək, Əhməd Əhmədzadənin himayə etdiyi komandasının digər “parlaq” üzvlərinə. Onlar haqqında zaman-zaman biz də yazmışıq. Həmin məqalələrimizdən bəzi sitatların altını cızırıq. Məsələn: Dəryaz qəzetinin redaksiyası olaraq “Bir qədər əvvəl ASC sədrinin müavini Rafiq Aslanovun Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil aldığı barədə xəbər yayıldı. Efirdəki çıxışlarında suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır. İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var… Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar… Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb… Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Aslanovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köühnə kadrlar iş başındadır, suyun yarısı “itkiyə” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq”.
Əhmədzadənin sadiq və “toxunulmaz” kadrlarından biri də hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.
Hansı ki, həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub. Onun topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplaması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilib. Təəssüf ki, ASC-nin yenilənmiş rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmayıb.
Adlarını çəkdiyimiz məmurların qorunması məsələsini isə Əhməd Əhmədzadə ASC sədrinin “əzəli və əbədi müavinlərindən” Zakir Quliyevə vəsiyyət edib. Çünki həmin məmurların korruptiv hərəkətləri barədə ASC rəhbərliyinə göndərilən şikayətlərə təkzibləri, yayındırıcı cavabları məhz Zakir Quliyev verir. Xatırladaq ki, qurduğu böyük biznes şəbəkəsi və qohumlarından ibarət məmur çetesi ilə milyonçu oliqarxa çevrilən Zakir Quliyevin rəhmətlik atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası (Orada işləyən fəhlələr faciə ilə üzləşsələr də rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər), rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. Qeyd olunur ki, Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. Qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»ların Zakir Quliyev tərəfindən idarə olunduğu deyilir. Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb; oraya — Cəmiyyətin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Quliyevlərin əmisi oğlu Şamil Qasımov iki dəfə bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyib.
Elə bu ilin fevralında Əhməd Əhmədzadənin bacısı oğlu Elçin Məmmədov Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Kimin əmri ilə? – Əlbəttə ki, Əhməd Əhmədzadəni ASC-nin sədri vəzifəsində əvəzləyən Zaur Mikayılovun fərmayişi ilə! Belə çıxır ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən getsə də, bu sistemin idarəçiliyini öz əlində saxlayıb, Zaur Mikayılov isə onun yerində marionetka kimi oturub, patronunun vaxtilə formalaşdırdığı komandanı qorumaqla məşğuldur. Ola bilsin ki, ahıl yaşlı Əhməd Əhmədzadənin artıq aktiv hərəkətləri yerinə yetirməkdə çətinlik çəkdiyi, məsələn, işğaldan azad olunan ərazilərdə qurulan hidro-sistemlərin açılış mərasimlərinə belə getməyə gücü çatmadığı müşahidə olunub və baş nazirin müşaviri vəzifəsi ona ömrünü rahat vəzifə kreslosunda başa vurması üçün sadəcə peşkəş edilib.
Deryaz.az Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq! Teref.az
Hələ keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə əldə etdiyimiz bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.
Bu əsnada verilən məlumatda deyilir ki, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.
Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:
“Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb”.
RealMedia.az xəbər verir ki, bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: “Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir”.
Son məlumatlarda artıq Anar Hüseynovun adamlarının həbsinə start verildiyi qeyd olunur. Məlumata görə, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin məzdindədir…
Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı bütün əlaqədar şəxs və qurumları dia.az olaraq dinləməyə hazırıq… (Dia.az)