Bu gün az qala bütün ölkə mediası belə bir xəbəri tirajlayıb: Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.
Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Hadisə ilə bağlı mediaya açıqlama verən müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib: “Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı.
Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Dəniz Əsədova baş həkim Mehparə Kazımova barəsində deyir ki, mənə 400 min manat atıb... Dəniz Əsədova başqa bir məhkəmə işində deyir ki, filankəslər mənə 500 min manat atıb...
İndi özünüz düşünün, təkcə yuxarıda qeyd etdiyimiz 3 iş üzrə, kimlərsə Dəniz Əsədovaya 627 min + 400 min + 500 min manat = 1 MİLYON 527 MİN MANAT pul atıb. Bu qədər pul bu müğənnidə haradan ola bilərdi..? Biz hələ Dəniz Əsədovanın başqa iddialarını demirik.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl bəstəkar-müğənni Cabbar Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsi hökm oxuyub. Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib. Əsədova bundan öncə də 2020-ci ildə əlbir olduğu cinayətkar dəstənin üzvləri ilə birgə həbs olunub. Əsədova digər şəxslərlə birlikdə ayrı-ayrı çoxsaylı vətəndaşlardan pensiya düzəltmək adı ilə vahid niyyətlə külli miqdarda pul ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci ilin sonlarında onlar barəsində hökmü var.
İndi Dəniz Əsədovanın dediklərinə bir nəzər salaq: ....Mənim şəxsi məsələm var idi, 627 min manat verdim... Bundan soruşan yoxdur ki, sənin NƏ ŞƏXSİ MƏSƏLƏN OLA BİLƏR...? Bəlkə dövlət sirri-zaddır...
Tanıyanlar gözəl bilir ki, Rauf İsfəndiyarov hələ Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi olanda saxta əlillik dərəcələri, saxta pensiya sənədləri satdığına, xəstələrə ayrılan dərmanları, hətta vərəmli, şəkərli xəstələrin dərmanlarını baha qiymətə satdığına görə, nazir Oqtay Şirəliyev tərəfindən 2017-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı. Sonra hansı yollasa, Bakıdakı poliklinikaların birində baş həkim oldu, daha sonra Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olanda da köhnə əməllərindən əl çəkmədi, yenə saxta əlillik dərəcələri, saxta pensiya sənədləri və s.
Son olaraq onu qeyd edək ki, bəlkə də çoxları Dəniz Əsədovanı yaxşı tanımır. Biz onun hansı yuvanın quşu olduğunu gözəl bilirik. Onun tarixçəsini, həyat hekəyətini bizdən yaxşı bilən yoxdur. Amma hələlik o haqda danışmaq fikrimiz yoxdur. Lazım gələrsə, bütün məqamları nöqtə, vergülünə qədər oxuculara çatdırarıq.
O ki qaldı Rauf İsfəndiyarova...o Laçının sabiq icra başçısının işverəni olub. Məlum bir məhkəmə işində Rauf İsfəndiyarov əlində heç bir dəlil-sübut olmadan veteran qardaşımızın üzünə at kimi durub, şər-böhtan deyib...Yəqin ki, 100 mini qaytarmaq məsələsini İsfəndiyarov unutmayıb.
gundelik baki.com
Teref.az olaraq məqalədə səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dəırc etməyə hazırıq!
Teref.az