Cəlilabadda məmur özbaşınalıqları davam edir. Bu barədə DOSYE.ORG-a rayon sakinləri məlumat verib. Xatırladaq ki, bir müddət öncə məlumat vermişdik ki, dövlətin balansında olan örüş sahələri artıq satışa çıxarılıb. Rayonun Qarağac kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlasalarda, necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.
Ötən yazılarımnızda bildirmişdik ki, Hamarqışlaq kənd icra nümayindəsi Mədət Nəzərov örüş sahəsini kənd sakinlərin birinə satıb. DOSYE.ORG-a məlumat verən kənd sakinlərinin sözlərinə görə mətbuatda tənqidi məqalə yayımlandıqdan sonra İqtisadiyyat Nazirliyinin məsül şəxsləri əraziyə baxış keçirərək faktın tam şahidi olmuşdurlar.
Məsələ burasındadır ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov icra nümayindəsinın qanunsuz əməlləri barədə rayon prokurorluğuna məlumat vermək əvəzinə, onu müdafiə etməkdən belə çəkinmir. Məhz bu səbəbdən rayon sakinlərinin narazılıqları pik həddə çatmışdır.
Ölkə başçısı cənab İlham Əliyev Cəlilabad rayonuna R. Cəlilovu icra başçısı təyin edəndə ona öz tövsüyələrini verməklə yanaşı, həm də rayon sakinlərinin problemləri istiqamətində işlər körməyini tapşırmışdır. Lakin “kupça kralı” ləqəbini qazanan R. Cəlilov, prezidentin tapşırıqlarını arxa plana ataraq, öz şəxsi mənafeyini güdməklə kifayət qədər narazılıqlar yaradıb. Əlbətdə ki, bu cür narazılıqlar heç də bir mənalı qarşılanmır. Rayon sakinləri ölkə başçısından və digər dövlət qurumlardan kömək istəyir…
Məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda məktəbli qızlar arasında dava olub. Teref.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb.Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb: “Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktik söhbət aparıb”.
Bir müddət əvvəl Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsi ilə üzbəüz qalması barədə araşdırma yazısı vermişdik. Burada əsas diqqət 2019-cu ildən tam qəzalı vəziyyətə düşən Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsinin aradan qaldırılması vurğulanmışdır. Çox təəssüflər olsun ki, 143 nəfər kənd sakinlərinin imzaladığı və yuxarı orqanlara problemin təcili həll edilməsi ilə bağlı müraciəti bu günədək aidiyyatı orqanlar tərəfindən qulaqardına vurulur. Məsələ tərəfimizdən kəskin olaraq yenidən qaldırıldıqdan sonar isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsi körpünün çuxurlar və çatlar əmələ gələn hissəsinin 2.5 kub m həcmdə asphalt material göndərməklə səpilməsini təşkil etmişdir. Kənardan baxdıqda körpü yolunun yamaqlı olsa da, kosmetik təmir edilməsi təsəvvürü yaranır. Amma reallıqda bu “maskirovka” əslində ləng partlayacaq minaya bənzətmək olar.
Qeyd edək ki, Şəki ilə müqayisədə ölkənin bütün regionlarında respublikanın yol infrastrukturu tamaimlə yeni, nisbətən göz oxşayan görkəm almasını vurğulamaq olar. Əsasən də turizm zonası hesab edilən Şamaxı, Qax, Zaqatala, Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəki şəhərdaxili yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Bəli, “Yol mədəniyyətdir” kəlamı yalnız Şəkidə keçərli deyil. Baxmayaraq ki, şəhərin yolları su və kanalizasiya xəttlərinin çəkilməsindən sonra əsaslı təmirlərə məruz qalmışdır.
Son vaxtlar bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi üçün qədim tarixə malik, Azərbaycanın tarixi mədədniyyətini az çox özündə bu günümüzədək saxlayan, turizmin əsas marşrut xəttinin üstündə yerləşən Şəki şəhəri yol infrastrukturu məsələləri onun “siyahısında” ya heç yoxdur, ya da ki ən son plandadır.
“Şin çayı” üzərindəki körpünün bir hissəsi. Fevral 2023-cü il çəkilmiş bu şəkil özlüyündə çox qaranlıq məsələlərin üstünə işıq sala bilər. Belə ki, körpü istismara 2005-ci ildə verilib. Amma şəkillərdən və videolardan da göründüyü kimi artıq dağılmaq üzrədir və hər an uça bilər. Məlum olduğu kimi Şin daşqınların tez-tez baş verdiyi bir çaydır. Xüsusən də yaz aylarında dağlardan gələn sel suları Şin çayının daşmasına, sakinlərin təsərrüfatına ziyan vurur. Belə olan halda sözügedən körpünün tikintisi zamanı nə üçün bu kimi təhlükələr nəzərə alınmayıb? Şəki rayonunun 6 böyük kəndinə yol aparan, 20 mindən çox sakinin istifadə etdiyi bu körpü niyə birtərəfli inşa olunub? Əldə etdiyimiz məlumatlara görə körpünün tikintintisinə heç də az pul ayrılmayıb. “Körpü-Bina-Tikinti” MMC-nin tikdiyi bu körpüyə ayrılan pulların böyük hissəsinin vaxtı ilə “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutmuş, hazırda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov və uzun müddət Baş nazirin müavini olmuş Abid Şərifov arasında bölüşdürülmüşdür.
Bəs görəsən digər rayonlardan fərqli olaraq tarixi Şəkinin yollarının, körpülərinin get-gedə yaxşılaşması əvəzinə, sürətlə yararsız vəziyyətə düşməsinin səbəbinin 12 saylı “Şəki Yol İstismar İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə bir ildir ki, rəhbər təyin edilən tarix müəllimi cənab Rəhman Qədirzadə bu yöndə nə kimi işlər görməyi planlaşdırır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Rəhman Qədirzadə 2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin Şəki, Oğuz və Qəbələ rayonlarında xidmət göstərdiyi 20 saylı zona şöbəsi müdiri olub. Onu yaxından tanıyanların sözlərinə görə burada əlilərə dövlət tərəfindən olunan yardımların çoxunu şəxsi məqsədləri üçün istifadə edib. Daha sonra Rəhman Qədirzadə 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri olub. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmiş Rəhman Hümmətovun vasitəçiliyi ilə Şəki şəhəri Nəqliyyat Departamentinə rəis təyin edilib. Bu təyinat qısa zaman içində Şəkidə narazılıqlara səbəb olub. Buna görə də Rəhman Hümmətov onu təcili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsinə gətirib. Məlumatlara görə onlar həm qohum, həm də sinif yoldaşı olublar. Şəki sakinlərinin verdiyi məlumata görə artıq Rəhman Qədirzadənin AAYDA sədrinin müavini vəzifəsinə çəkilməsi gözlənilir. Yol infrastrukturundan xəbəri olmayan, ixtisasca tarix müəllimi olan bir şəxsin bu kimi vəzifələrin başına yüksəlməsi heç də təsadüf olmadığını göstərir. Yəni nazir müavini Rəhman Hümmətovun sağ əlinin daim sinif yoldaşı Rəhman Qədirzadənin çiynində olduğunu təsdiqləyir.
Dövrü mətbuatın yazdığına görə Rəhman Qədirzadə Oğuz şəhərinin ən perspektivli, qaynar yerində, mərkəzində – Heydər Əliyev prospektində ticarət mərkəzi inşa etdirmişdir. Keçmiş DSK sədrinin tikdirdiyi ticarət mərkəzi 2 mərtəbəlidir. Ticarət mərkəzinin ümumi sahəsi min kvadrat metrə yaxın, qiymətinin isə yarım milyon manat civarında olduğu deyilir.
Qeyd etdiyimiz kimi 2022-ci ildə Rəhman müəllim sinif yoldaşı və qohumu olan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun AAYDA –nin İdarə heyətinin sədri Saleh Məmmədova birbaşa göstərişi nəticəsində Rəhman Qədirzadə 12 saylı “Şəki Yol İstismar” MMC-yə rəis təyin edilmişdir. Təbii ki, S.Məmmədov da birbaşa nəqliyyat sahəsinə kurasiyalıq edən nazir müavinin göstərişini müzakirə belə etmədən həyata keçirmişdir. Sonradan əldə etdiyimiz məlumatlardan aydın olur ki, Şəkinin yol və körpü dərdi təkcə Rəhman müəllimlik deyil. Buraya Saleh Məmmədova yaxın bir şəxs təyin edilmiş olsaydı, onda Şəkinin kəndarası yollarının təmir tikintisinə pullar ayrılardı. O pulların da müəyyən hissəsi yolların yamanmasına sərf olunar, qalanı isə AAYDA rəhbərliyinə qaytarılardı. Yaxud da inanmaq olmaz ki, yeni yolların salınması məqsədilə də təsdiq edilmiş layihələrə pul ayrılmasında AAYDA rəhbərliyi süründürməçiliyə yol versin və yaxud bürokratiyaya cürət etsin. Axı Rəhman müəllimin arxasında duran məmur onun sinif yoldaşı və qohumu olan Dursunun nazir müavini olan oğludur. Bəs o zaman nə baş verir ki, Rəhman Qədirzadə səlahiyyətindən qanuni formada istifadə edərək idarəsinin balansında olan yolların və körpülərin saxlanması və əsaslı təmirində maraqlı olmasın? Hələlik bu sirrin səbəbi bizlərə aydın olmasa da, orası bəllidir ki, hörmətli Rəhman müəllim sıradan elə də aciz bir dövlət məmuru, ya da qanundan qorxan bir vətəndaş deyildir. Amma hər nə olursa, olan qədim tarixə malik Şəkiyə və onun sakinlərinə olur.
Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovun yarıtmaz idarəçiliyi, bir sıra qanunsuz hərəkətləri barədə çesidli yazılara dərc edilir. Təbii ki, bu yazılardan sonra redaksiyaya yeni şikayət dolu informasiyalar və bununla yanaşı, cənab başçının “adamlarının” xahişləri də daxil olur. Bunlara başa salamaq olmur ki, bu xalqı və milləti heç vaxt aldatmaq olmur. Amma zaman-zaman bu xalqı və milləti aldadanlar olub və onların da axırı heç də yaxşı qurtarmayıb. Bəzi nazirlər, icra başçıları və digər vəzifəli şəxslər prezidentin onlara göstərdiyi etimadı doğrultmayıblar. Onlar həm cənab prezidentə, həm də bu millətə və xalqa xəyanət ediblər. Hansısa vəzifəli məmur isə bu işdən əl çəkmirsə, yolunu çaşıbsa, onlar düz yola qayıtmalıdılar. Çünki cənab prezident İlham Əliyev də dəfələrlə çıxaşlarında bəyan edib ki, kimliyindən və hansı xidmətləri olmasından asılı olmayaraq, xalqa xidmət etmirsə, xalqın malına göz dikirsə, onlar gec-tez məsuliyyətə cəlb olunacaqlar. Cənab prezident bu mesajı dəfələrlə vəzifəli şəxslərə çatdırıb. Ondan nəticə çıxaranlar da var, çıxarmayanlar da. Amma görünən odur ki, dövlətin və millətin qanını soran məmurlar hələ də var və onlar çirkin əməlləri ilə məşğuldur. Z.Fərəcov və onun ətrafında formaşan komanda Sumqayıtı çalxalayır – dövlətin milyonlarını mənimsənilir və bu şəxslər hesab edir ki, hər şey cəzasəz qalacaq. Ortada iş adamlarının konkret ittihamı var: “Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır. Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər. Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir. Bu mənimsəmələrin bədəli isə Sumqayıtın abadlaşdırılmasını həyata keçirən bizim – iş adamlarının hesabına ödənilir”. bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Məsələn Sumqayıt şəhərinin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir. Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bu dəfə dövriyyəyə o vaxtkı şəhərin memarı Adil Xudadatov salınır və yenə də sahibkarların pulu verilmir. Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda milyonlarla manatlıq borcu qaytarmaq istəməyən Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği yüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur. cumhuriyyet.net
Teref.az-ın poçtuna daxil olmuş Göyçay rayonu Cəyirli kənd sakinlərinin şikayət məktubunu təqdim edirik: Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən
ŞİKAYƏT
Göyçay rayonu Cəyirli, Kürdəmiş və Qızılağac kəndlərinin əhalisinin istifadə etdiyi bir su arxı var.Ancaq həmin arxın üzərində yaxınlığnda çoxlu sayda ticarət və iaşə obyektləri inşa edilib əksər yerlərdə üzəri örtülüb.Buna görə suyun bol verilməsinə maneə yaranıb hər gün suya çirkab axıdılır.Su artan kimi daşıb həmin obyektlərə dolur deyə suyu az ölçüdə buraxırlar.Su azca artan kimi daşıb obyektləri basdığı üçün sahibləri şikayət edir deyə suyun verilməsini dayandırırlar.Nəticədə də 3 kəndin əhalisi zülm çəkir.
Həmçinin suya yaxın inşa edilmiş avtomobil yuma, təmiri sexlərinin və yeməkxanaların çirkabı 3 kəndin əhalisinin istifadə etdiyi su bərəsinə axıdılır.Buna görə 3 kəndin əhalisinin həyat və sağlamlığı təhlükədədir.3 kəndə gedən su arxının bu günə salınması əhaliyə təhqqirdir, cinayət əməlidir.Bir neçə işbaza görə 3 kənd əhalisi susuzluğa məhkum olunub həyatı ciddi təhlükədədir.Göyçay rayon rəhbərilinə bu barədə məlumat verilib hələki tədbir görülmür.
Prezident cənab İlham Əliyevdən xahiş edirik bu barədə təcili tədbir görülməsinə tapşırıq verəsiniz.
Gədəbəydə icra başçısının idarəçiliyi “çat verir”- İLGİNC FAKTLAR
İcra başçısı bu evin sökülməsinə görə də, pul istəyir.
Elə ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq qərarına gəldik və qarşı tərəfdən mövqe öyrənmək istədik, o halda Əkbər Kazımov “Bəli, “kamxoz”un müdiri vəzifəsində qalmağım üçün məndən 30 min manat rüşvət istədilər”cavabını verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 11 avqust 2022-ci il tarixdə imzaladığı Sərəncam əsasında Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu və bu şəxs daşıdığı vəzifəsini yerinə yetirməyə başladıqdan təqribən üç-dörd gün sonra, rayonun Çobankənd, Novoivanovka, Şahdağ və Novosaratovka kəndlərindən olan şəhid ailələri, ağsaqqallar və s. ilə görüşlər keçirir, DQ müharibəsində qəhrəmancasına həlak olan şəxslərin məzarlarını ziyarət edir. Hətta o, Çobankənd və Novosaratovka kəndlərində şəhidlərin xatirə bulaqlarında aparılan tikinti işləri ilə də tanış olur. Bir sözlə, bu şəxs ilk gündən başlayaraq özünü geniş ictimaiyyətə işgüzar vəzifə sahibi deyə təqdim etməyə çalışdı. Amma, həftələr, aylar, bir sözlə müəyyən vaxt keçdikdən sonra Orxan Mürsəlovun hansı idarəçilik qabiliyyətinə, hansı yanaşma tərzinə malik olması əksəriyyətə bəlli oldu. Baxmayaraq ki, o, 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunduqdan bir müddət sonra, rayonun “prestijnı” sahələrində müəyyən kadr dəyişiklikləri həyata keçirildi. Çox keçmədi ki, bu yöndə həyata keçirilən dəyişikliklər dalğası Kommunal Müsəssisələri Kombinatına da çatdı. Unutmaq olmaz ki, ötən bir neçə il ərzində bu dövlət qurumuna rəhbərlik edən Əkbər Kazımov çalışdığı işində məsuliyyətli şəxs olaraq tanınsa da, Orxan Mürsəlovun vəzifə sahiblərinin başı üzərində dolaşan “qara kabusu” bu şəxsdən də yan keçmədi. Belə bir səbəbdən də, Kommunal Müsəssisələri Kombinatına rəhbərlik edən Əkbər Kazımov daşıdığı vəzifəsinə “əlvida” deməli oldu. Yəni, bu vəzifə sahibi də RİH başçısının gücverən qəzəbinə “tuş gəldi”. Elə ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq qərarına gəldik və qarşı tərəfin mövqeyini öyrənmək istədik. O halda Əkbər Kazımov “Bəli, “kamxoz”un müdiri vəzifəsində qalmağım üçün məndən 30 min manat rüşvət istədilər. Qeyd olunan məbləği düzüb-qoşa bilmədiyimdən məni işdən çıxartdılar ” cavabını verdi. ( Əkbər Kazımovun dedikləri barədə redaksiyamızda səs yazısı da var) Rayon ərazisində yayılan bəzi söz-söhbətlərə görə, hal-hazırda rəhbərlik səviyyəsində həmin vəzifəyə iki nəfər namizəd var.
Gədəbəydə söz sahibi olan vəzifə sahibləri kimlərdir?
Diqqəti cəlbedən hallardan biri də odur ki, Orxan Mürsəlov RİH-nin başçısı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlarda özü üçün 190 min manata son model, qara rəngli, dövlət nömrə nişanı 99- AA- 982 “Land Cruiser” markalı maşın alır. Elə ki, maşın söhbəti ilə bağlı Deryaz.az saytında tənqidi məqalə yayımlanır, o halda o, həmin maşını Şəmkir rayonu ərazisində gizlətdirir. Dolaşan başqa bir söz-söhbətlərdə o da bildirilir ki, Gədəbəy RİH Aparatında vəzifə sahibi olan bir neçə nəfər şəxs, yəni Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu əsas söz sahibi olan şəxslər hesab olunurlar. Yəni, hal-hazırda kimi vəzifədən çıxartmaq, kimi vəzifədə saxlamaq, kimi hansı vəzifəyə təyin etmək, hətta hansı şəxsə qarşı yanaşmanı necə tənzimləmək və s. kimi addımları atmaq, məhz bu iki nəfər şəxsin məsləhəti ilə həyata keçirildiyi söylənilir. Bir sözlə, iddia olunur ki, bu şəxslər rayona aid kəşfiyyat məlumatlarını, lazımi informasiyaları, əhəmiyyətli, yaxud da əhəmiyyətsiz xəbərləri Orxan Mürsəlova çatdırırlar və daim özlərini RİH başçısının yanında “şirin” edirlər.
İcra başçısı sahibkara “dirsək göstərir”
Bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov rayonun Saratovka kəndinin girişində, hansı ki, DQ müharibəsi veteranı və uzun illər ərzində sahiblkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevin mərkəzi yoldan bir qədər aralı məsafədə üstüstə yığdığı beton piltələr olan yerə gedir və ondan piltələrin yol kənarından götürülməsini tələb edir. Az sonra RİH-nin başçısı, hansı ki, onunla görüşdə iştirak edən şəxslərin yanında Nazim Əliyevə “Beton piltələrini yol kənarından yığışdır, bu torpaq mənimdir” deməyi də unutmur. O halda Nazim Əliyev “cənab Başçı, beton piltələr mənimdir və mən sahibkaram. Bu torpaq sizin necə ola bilər? Axı, vaxtilə bu torpaq uğrunda vuruşan, odun-alovun içindən keçən, DQ müharibəsi veteranı adını daşıyan mənəm” desə də, son anda o, nəyəsə nail ola bilmir. Bəli, həmin vaxt Nazim Əliyev dərk edir ki, RİH-nin başçısı Orxan Mürsəlov beton piltələrin yol kənarından götürülməsində israrlıdır. Belə bir səbəbdən də o, beton piltələri yol kənarından götürməyə məcbur olur. Baş verən bu cür olayların fonunda Gədəbəy RİH-nin başçısı, hansı ki, müharibə veteranı adını daşıyan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə “Bəlkə də, sən öz-özlüyündə fikirləşirsən ki, Başçı təzədir və “qazlı gəlib”. Yox, heç də elə fikirləşmə” deyir. Belə bir yanaşmadan sonra Nazim Əliyev RİH-nin başçısına “Siz mənimlə prinsipallıq aparırsınız. Əgər beton piltələr ərazinin gözəlliyinə xələl gətirirsə, o halda sual oluna bilər ki, nəyə görə Heydər Əliyev adına Parkın qarşısındakı “butka”nın götürülməsi ilə bağlı lazımi tapşırığınızı vermirsiniz? Axı, həmin “butka” siz icra başçısı təyin olunduqdan sonra qoyulub” deyir. Hələ bunlar harasıdır? Rayon rəhbərliyinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı bəslədiyi “xor münasibət”, bu gün də özünü göstərməkdədir. Məsələn, hal-hazırda Gədəbəyin müxtəlif ərazilərində neçə-neçə balıq gölləri var və həmin göllərlə bağlı bir kimsədən heç bir hüquqi sənəd tələb olunmur. Amma, Saratovka kəndinin girişində, hansı ki, bir kimsəyə heç bir maneçiliyi olmayan ərazidə Nazim Əliyevin yaratmaq istədiyi balıq gölünə, bu gün də rayonun rəhbərliyi sərəncam vermir. Bu da onu göstərir ki, Orxan Mürsəlov rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsinin qarşısını alır və o, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları saya salmır. Gədəbəy RİH başçısının bu cür yanaşmasına baxmayaraq, son illər möhtərəm Prezident İlham Əliyev cənabları sahibkarlarla keçirdiyi görüşlər zamanı, sahibkarlığın inkişaf etdirilməsini ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır və hər zaman bəyan edir ki, sahibkarlığın inkişafı üçün lazımi səviyyədə dəstək göstərilməlidir. O halda sual oluna bilər ki, görəsən hansı əsasla ölkə rəhbərinin bu cür yanaşmasına qarşı Gədəbəy RİH başçısı səviyyəsində zidd mövqe ortaya qoyulur? Bəlkə, Orxan Mürsəlov özünü ölkə rəhbərinin daşıdığı vəzifədən üstün vəzifə sahibi hesab etdiyindən o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevi “gözümçıxdıya” salmaqdan ləzzət alır? Ola bilər?
Rayon rəhbərliyi icra nümayəndəsinə və bələdiyyə
sədrinə “əxlaq dərsi” keçib
Diqqəti bir məqama da yönəldək ki, bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı sakinlərlə keçirilən görüşdə Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə “Siz mənim səviyyəmə qalxa bilməzsiniz, mən də sizin səviyyənizə düşə bilmərəm” deyib hər iki vəzifə sahibinə qarşı, məhz belə bir yanaşmasını sərgiləyir. Amma, onu da unutmaq olmaz ki, Orxan Mürsəlov 1986-cı il təvəllüdlüdür və söylənilənlərə görə o, indiyə kimi bir neçə dəfə ailə həyatı qursa da, bu gün subaydır. Baxmayaraq ki, hal-hazırda bu şəxs yüz min nəfərdən çox insanın yaşadığı bir rayona rəhbərlik edir və keçirilən görüş zamanı o, Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə həm əxlaqdan, həm də mənəviyyatdan “dərs keçir”. Bax budur faciə, budur hər kəsi düşündürən məqam!
Orxan Mürsəlovun tapşırığı kənd icra nümayəndəsini çıxılmaz duruma salıb
Onu da qeyd edək ki, DQ müharibəsi veteranı, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev, rayonun Saratovka kəndində, hansı ki, Məmmədhüseyn Quludan aldığı fərdi yaşayış evinə, bu gün də mavi qaz boru xətti çəkdirə bilmir. Baxmayaraq ki, bu şəxs ötən 30 il ərzində həmin evdə yaşamış və yaxın bir-iki ildə o, həmin evi Nazim Əliyevə satmışdır. Elə ki, Nazim Əliyev həmin evə mavi qaz boru xətti çəkdirmək istəyir, o halda ondan kənd icra nümayəndəliyindən və bələdiyyədən alınmalı olan arayışı tələb edirlər. Qeyd olunan arayışın verilməməsi üçün isə, RİH-nin başçısı Saratovka kənd icra nümayəndəsinə və bələdiyyəyə lazımi tapşırığını verib. Belə bir səbəbdəndir ki, Nazim Əliyev evinə qaz çəkdirə bilmir
Bir neçə gün bundan öncə iş adamı Nazim Əliyevin şəxsi vəsaiti hesabına Saratovka kəndinə gedən yolun kənarında həyata keçirilən ağacəkmə kompaniyasına, səndemə kənd icra nümayəndəsi Elvin Məmmədovda “xüsusi allergiya” baş qaldırır. Yəni, bu şəxs iş adamının həyata keçirdiyi xeyirxahlıq missiyasına qısqanclıq hissi ilə yanaşdığından, ehtimal etmək olar ki, icra nümayəndəsi Gədəbəyin bugünkü “şahənşahı”ndan rəsmən icazə aldıqdan sonra əməli addımını atır. Belə ki, Elvin Məmmədov əkilmiş ağacların hamısını kökündən çıxartdırır və onları birnöv sahibkara gözdağı edir. Səndemə vəzifə baxımından “kiçik şahənşah” adına sahib olan bu şəxsin belə bir addımını atmasına səbəb, istədiyi 500 manat pulun ona çatmaması olur. Yəni, Elvin Məmmədov ağacəkmə kompaniyasına başlayan Nazim Əliyevdən ilk əvvəl 500 manat rüşvət istəyir. O halda iş adamı icra nümayəndəsinə “Axı, balıq gölü yaradılarkən xeyir-dua verib sən məndən 500 manat bir, daha sonra 500-də bir pul aldın. İndi nə istəyirsən?” deyir. Belə bir cavabdan sonra Elvin Məmmədov iş adamına “İndi idarəçilikdə vəziyyət dəyişib. Sən rayonun bəzi vəzifə sahiblərini də razı salmalısan.
Əgər aranızda razılıq əldə olunmazsa, o halda ağaclar kökündən çıxarılacaq”. Bəli, əslində bu belə də olur və əkilmiş bütün ağaclar, bu ilin 23 martında günün ikinci hissəsində kökündən çıxarılır. Unutmaq olmaz ki, bu gün də ölkə rəhbəri yaşıllıqların əkilməsi və qorunması yöndə lazımi tapşırıqlarını verir, Saratovka kənd icra nümayəndəsi və rayonun rəhbərliyində olan digər vəzifə sahibləri isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, məhz düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Diqqəti o məqama da yönəldək ki, indiyə kimi möhtərəm Prezident İlham Əliyevlə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımların nəticəsi olaraq onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb. Belə olan halda sual oluna bilər ki, görəsən Orxan Mürsəlovun rəhbərlik etdiyi Gədəbəy rayonunda ağacəkmə kompaniyasına “qənim kəsilmə”nin kökündə hansı amillər durur? Odur ki, həm düşünməyə, həm də bir qədər götür-qoy etməyə ehtiyac var.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək.
"Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da".
Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov rayonun Çallı kənd sakini Əkbər Əhmədovun su probleminə görə özünü yandırmasına münasibət bildirib.
Əhliman Kərimov Abzas Media-ya deyib ki, Əhmədovun suya borcu olduğuna görə ona su verilməyib:
“Vətəndaş şikayət edib ki, su verin. Mən də işçidən soruşmuşam ki, su niyə verilməyib? Dedilər, suya borcu var, növbəlilik əsasında verilir. O da deyib ki, borcu ödəməyəcəm. Onun nəsə əsəblərində problem var, mən belə hesab edirəm. Ona deyilib ki, borcun ödəsin, sonra su veriləcək. Mən ona "get özünü yandır" deməmişəm, belə söhbət olmayıb. Bunu heç bir ağıllı adam deməz, nəyinki mən".
Ə. Kərimov əlavə edib ki, kənd sakini özünü yandıran zaman o, ərazidə olmayıb:
"Mən idarədə olmamışam. O özünü idarənin həyətində, kənarda yandırıb, kabinetdə yox. Prokurorluq bu hadisəni araşdırır, qalan məlumatları da onlardan öyrənə bilərsiniz”.
İdarə rəisi bildirib ki, ölkədə su qıtlığı var, su ancaq növbə ilə verilir.
Əkbər Əhmədovun qardaşı Süleyman Əhmədov isə idarə rəisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirib:
“Orada o qədər millət olub. Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da". Bilmirəm suya borcu olub, ya yox. Amma suya borcu olanda su verilmir? Qardaşımın dolanışığı təkcə taxıl sahəsinin hesabına idi".
S.Əhmədov deyib ki, qardaşının vəziyyəti ağırdır, həkimlər sağalacağına zəmanət vermirlər. Onun sözlərinə görə, qardaşı 4-cü dərəcəli yanıq xəsarətləri alıb, bədənin 80%-i yanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Abzas Media-ya bildirilib ki, hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq cinayət işinin açılıb-açılmamasına qərar veriləcək.
Martın 27-də Zərdabın Çallı kənd sakini Əkbər Əhmədov 2 hektarlıq taxıl sahəsinə suyun verilmədiyinə görə Zərdan rayon Suvarma Sistemləri İdarəsinə gedib. Burada yaranan mübahisədən sonra özünü yandırıb. //Abzas Media//
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur.
Sonuncu proses müttəhim Vüsal Ələkbərovun ona qarşı ittiham irəli sürülən epizodları sadalayıb münasibət bildirməsi ilə davam etdirildi.
Vüsal Ələkbərov bildirdi ki, “Texnikabank” sədri Etibar Əliyev və onun qohumlarından o və ittiham üzrə digər təqsirləndirilən şəxslər hədə-qorxu ilə pul almayıblar. Etibar Əliyevin barəsində istintaq apardığını bildirən müttəhim deyib ki, həmin ittiham üzrə Etibar Əliyev məhkəməyə verilib və barəsində çıxarılan hökm bu gün də qüvvəsindədir.
Etibar Əliyevin ona qarşı qərəzli olduğuna diqqət çəkən Vüsal Ələkbərov deyib ki, epizod üzrə ittiham yalnız onun yaxınlarının verdiyi ifadələrə əsaslanır: “Etibar Əliyev mənə şər atır. Mənə qarşı qərəzlidir deyə, şər atır. Başqa nəyə görə ola bilər ki?”
Vüsal Ələkbərov Bakı Hərbi Məhkəməsində işə baxarkən Azərbaycan qanunlarına riayət olunmadığını deyib. Sübutlar yoxlanılarkən mənbəyi araşdırılmayıb, mötəbərliyi qiymətləndirilməyib. Müttəhim deyib ki, Bakı Hərbi Məhkəməsində qərəzli ifadələr sübut kimi götürülüb və hökm çıxarılıb.
Vüsal Ələkbərov iş üzrə zərərçəkənlər Rauf Kərimov və Cavidan Hacıyevin epizodu üzrə də sübut olmadığını bildirib: “Etibar Əliyev Baş Prokurorluqdakı tanışları hesabına, pulu hesabına bizə ittiham verdirdi. Hansı ki, bizə ittiham verilən əmlakı satmaqla gedib kreditlərini ödəyib. Müəyyən məsələlər var ki, vaxtı çatanda onları da deyəcəyəm”.
Zərərçəkən Müsənnif Salahovun epizodu üzrə danışarkən müttəhim deyib ki, onunla da telefon danışığı olmayıb: “Müsənnif Salahov Etibar Əliyevə "atmaq" üçün belə bir ifadə verib. Etibar Əliyev onunla həbsdən çıxandan sonra yəqin ki, “otçot-uçot” aparıb, o da yəqin deyib ki, bu qədər də xərcim bu məsələyə çıxıb. Ondan heç kim, heç nə almayıb.
Biri gəlib deyir ki, qoyunlarımı satdım, gətirib 600 min verdim. Sənin işini kim aparıb get onunla dava elə də, mənimlə niyə dava aparırsan? Guya Təhsin Ağayev xəstədir? Xəstədirsə, Allah köməyi olsun. Onun xəstəlik kağızları işə tikilənə qədər Müsənnif Salahov Təhsin Ağayevin adını çəkir. Xəstəlik kağızları işə tikiləndən 3 gün sonra isə onu təkrar dindirirlər, deyir ki, Vüsal Ələkbərov da orada idi. Müsənnif Həsənovu dindirən müstəntiqin məhkəmədə dindirilməsini istədim. Lakin o, məhkəmə sədrinin tələbə yoldaşı olduğundan çağırıb dindirmədilər. Qoymadı dindirməyə. Nadir Mustafayev. Məhkəmə sədrinin qrup yoldaşı idi. İstintaqa da ona görə çağırmadılar ki, Eldar Mahmudovun yerlisi idi. Çağırıb dindirsəydilər, bir soruşardılar ki, Vüsal orada olub, ya olmayıb?"
Vüsal Ələkbərov həbs olunmasını peşə fəaliyyəti ilə əlaqələndirib, iddia edib ki, xarici xüsusi xidmət orqanlarının səyi nəticəsində həbsə alınıb. Bildirib ki, Azərbaycanın Avropa Şurasına qəbul olunmasında şəxsən özünün böyük xidmətləri olub. O, ABŞ-ın Tanzaniyadakı səfirliyinin partladılmasına rəhbərlik etmiş şəxsin həbsində də şəxsən iştirak etdiyini diqqətə çatdırıb.
Vüsal Ələkbərov məhkəmədən xahiş edib ki, barələrində ədalətli qərar qəbul edilsin.
Müttəhim Sahib Ələkbərov çıxışına hakimlərə təşəkkür etməklə başladı. Sədrlik edənsə ondan mahiyyəti üzrə danışmasını istədi.
Sahib Ələkbərov deyib ki, zərərçəkən Qulam Bağırovla ilk telefon danışığı 2009-cu ilin noyabrında olub. Barəsindəki hökmdə isə həmin ilin oktyabrında danışdığı qeyd olunub.
İş üzrə müstəntiq Əli Babayevi obyektiv, hərtərəfli istintaq aparmamaqda ittiham edən Sahib Ələkbərov deyib ki, dəfələrlə xahiş edib ki, Qulam Bağırov və digərləri barəsində olan iş məhkəməyə gətirilərək baxış keçirilsin: “Bilirəm ki, mən heç vaxt qanunsuzluq etməmişəm, heç vaxt heç kimin haqqına girməmişəm. Lakin işi gətirmədilər. Məqsəd ondan ibarət olub ki, nəyin bahasına olursa-olsun, məni cinayət məsuliyyətinə alsınlar. Ona görə də həmin cinayət işinin materiallarına baxış keçirilməyib”.
Sahib Ələkbərov deyib ki, Qulam Bağırov saxta olduğunu bilə-bilə travel çekləri “Azəriqazbank”a təqdim etdiyi üçün istintaqa cəlb olunub. İttihama görə ona rüşvəti Qulam Bağırovun qardaşı Sərdar Bağırov verib: “Əgər rüşvəti mənə Sərdar Bağırov vermişdisə, onda iş üzrə zərərçəkən Qulam Bağırov yox, Sərdar Bağırov tanınmalı idi. Qulam Bağırov təqsirləndirilən şəxs olub, barəsində məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. 1 il 6 ay şərti cəza təyin olumaqla məhkum olunub. Bu günə qədər də hökm qüvvədədir”.
Zərərçəkən şəxs Ceyhun Seyidovun epizodundan danışan Sahib Ələkbərov deyib ki, bu epizod Rəhman Musayevin cinayət işinin ayrılmaz tərkib hissəsidir: “Rəhman Musayev beynəlxalq transmilli cinayətkar şəbəkənin başçısı olub. Onlar internet üzərindən ABŞ, Avropa, Çin, Koreya, Yaponiya vətəndaşlarının bank kartlarından pullarını oğurlayıb onlayn ticarətlə məşğul olmuşdu. İstintaq zamanı dəstə üzvü Emin Zəkiyev göstərmişdi ki, onlayn yola kart sahiblərindən taladıqları pulları Bakıda fəaliyyət göstərən mobil texnologiyalar şirkətinin hesabına köçürüblər. Oradan mobil telefonlar əldə edərək Azadlıq prospektində "Əlincə line" mağazalar şəbəkəsində satmaqla nağdlşdırıblar. Həmin mağazalar şəbəkəsi Azad Seyidova məxsus idi. O zaman polis axtarışın aparıldığı mağazalar şəbəkəsinin yerləşdiyi ərazini mühasirəyə almaqla axtarışa mane olmağa çalışmışdılar. İsitntaq qrupunun üzvü zəng edib bu haqda məlumat verəndən sonra bunun qarşısı alındı. Polis müdaxiləni belə əsaslandırırdı ki, MTN niyə gəlib mağazalardan telefonları yığır. Azad Seyidov axtarışdan hansısa yollarla xəbər tutub ABŞ-a qaçmışdı. Bir daha Azərbaycana qayıtmayıb. Bu gün də Ceyhun və Azad Seyidov qardaşları ABŞ-da yaşayırlar. Onlar Rəhman Musayevin rəhbərlik etdiy mütəşəkkil cinayətkar dəstənin üzvləridir. İndi də xarici ölkə vətəndaşlarının bank kartlarından pul oğurlamaqla məşğuldurlar. Məhz bu səbəbdən Azərbaycana qayıtmırlar. Mən kiməm ki, Azad Seyidovun Azərbaycana qayıtmağına maneçilik törədim?
Mobil texnologiyalar şirkətinin 4 vəzifəli şəxsini mən şübhəli şəxs qismində 2012-ci ilin iyununda tutdum. Bunun üçün Rüstəm Usubova məruzə elədim. Qayda belə idi. İş bitdi, tutdum, istintaq təcridxanasına təhvil verdim, çıxdım getdim evə. Səhər mənə zəng gəldi. Səhər tezdən idi. Dedilər ki, baş prokuror Zakir Qaralov, Elmar Camalov, Rüstəm Usubov, Eldar Mahmudov öz kabinetlərindədir. 2012-ci il iyunun 6-sı idi. Dedilər ki, dünən tutduğun adamları şübhə təsdiq edilmədiyinə görə təcili olaraq həbsdən azad elə. Həmin 4 adamı azad etmək üçün qərar qəbul edib Mövlam Şıxəliyevin imzası ilə istintaq təcridxanasına, bir nüsxəsini isə Baş Prokurorluğa Elmar Camalova aparmışam. O da sual etdi ki, bilirsənmi ki, o şirkət kimindir? Mən də dedim ki, vicdanıma and olsun ki, bilmirəm. Deyəndən sonra mən sanki qəflət yuxusundan ayıldım. Elmar Camalov dedi ki, baş prokuror Zakir Qaralov tərəfindən tapşırılıb ki, bu şirkət barədə araşdırmanı dayandır. Mən də bundan sonra o şirkət barədə hər hansı bir araşdırma aparmadım. Qərarlarımın surətini də 1-ci instansiya məhkəməsinə təqdim eləmişəm".
Sahib Ələkbərov deyib ki, Elmar Camalov ona tapşırıb ki, Zakir Qaralovun icazəsi olmadan hər hansı bir bankda istintaq aparmaq olmaz. Sahib Ələkbərov bu epizod üzrə də xitam qərarı verilməsini xahiş edib.
O qeyd edib ki, Qulam Bağırovla bağlı istintaq apardığı dövrdə ona dəyəri 1 milyon manat olan çek verib və deyib ki, “yaxşı oğlansansa, get bunu araşdırır”. Mən də araşdırdım, bankın idarə heyətinin 3 üzvündən birini çağırıb dindirdim. Çoxsaylı zənglər gəlməyə başladı. Dindirdiyim şəxs də qulağıma pıçıldadı ki, “bilərsən bu bank kimindir”. Nazirlərdən birinin oğlunun bankı idi, Mirmövsüm ağanın törəmələrindən biri də şərik idi.
Qulam Bağırov düzəliş verərək deyib ki, çek 1 milyon manatlıq deyil, 500 min manatlıq olub. Həmin çeki Sahib Ələkbərov axtarış apararkən onun çantasından götürüb.
Hakim Qulam Bağırovdan çıxışını dayandırmağı tələb edib. Sahib Ələkbərov bildirib ki, sonradan ona zəng edərək araşdırmanı dayandırması, dindirdiyi şəxsdən üzr istəyib sərbəst buraxılması istənilib: “Mən də üzr istəyib həmin şəxsi sərbəst buraxdım”.
Yenidən Rəhman Musayevlə bağlı epizoda qayıdan Sahib Ələkbərov deyib ki, əgər onun əməlində cinayət tərkibi varsa, eyni epizod üzrə digər vəzifəli şəxslərə də ittiham elan olunmalı idi: “Mənim əməlimdə cinayət varsa, Mövlam Şıxəliyevə də, Rüstəm Usubova da ittiham verilməli idi. Yoxdursa, nə mənə qarşı, nə də onlara qarşı ittiham verilməməli idi. Kim bunlara ixtiyar verib ki, qanuna ikili yanaşsınlar? Birinə desinlər ki, sən cinayət eləmisən, digərlərinə isə sən yaxşı oğlansan, get vəzifə pillələrində yüksəl? MTN ləğv olunanda baş prokuror Zakir Qaralov çıxıb elan etdi ki, kim MTN-dən şikayətçidir, müraciət etsin. O zaman haqqı olan da, olmayan da müraciət etdi. Haqqı olmayanlardan biri də Rəhman Musayev və onun anası idi. Anası rəhmətə gedib. Rəhman Musayev də deyir ki, pulu vəkilim vasitəsilə vermişəm. Vəkilin adını da çəkə bilmir”.
Sahib Ələkbərov həbsini Rüstəm Usubovun ona qarşı qərəzli münasibəti ilə izah edib: “Özümdə də var, Gününsəsi.info mənim Rüstəm Usubovu dindirmə protokolunu da dərc edib. Sizə də təqdim edəcəyəm. Oradan görünür ki, cinayətkar kimdir, mütəşəkkil cinayətkar quldur dəstəsinin rəhbəri kimdir. Adama məlumat verirlər ki, cinayəti törədən 3 çeçendir. 3-cü mikrorayonda yaşayırlar, 1-ci mərtəbədə sağ qapıdır. Hərəsində də iki tapança var. Rüstəm Usubov həmin an ünvana gedib orada olanları tutub gətirməli idi. Mən onu dindirəndə hədələyib ki, gün gələcək, səni içəri qoyub dindirəcəyəm. Məni 4-5 il ərzində cəhd etdi ki, həbs etsin, lakin sübutlar toplayıb həbs edə bilmədi. Qərəz bax, buradadır.
Eldar Əhmədov Hacı Məmmədovu çağırıb dindirib, dindirməni yarımçıq saxlayıb. Hacı Məmmədov da gedib Zamirə Hacıyevanı oğurlayıb. Hansı hüquqla bu adam mənim barəmdə istintaqa rəhbərlik edib? Rüstəm Usubov CPM-ə istinadən öz-özünə etiraz verməli idi. Çünki mən onu dindirmişdim. Mənim işim üzrə istintaqa rəhbərlik edə bilməzdi. Öz şəxsi maraqları naminə ciddi qanun pozuntularına yol verib. Rüstəm Usubov özü-özünə etiraz etməli idi. Eldar Əhmədov da həmçinin. O cümlədən də onların rəhbərlik etdikləri istintaq qrupu üzvlərinin heç birinin mənə qarşı istintaq aparmağa mənəvi haqqı yox idi.
Mən onların hamısından safam, təmizəm. Ondan sonra Hacı Məmmədovun dəstəsindən 1 generalın, bir nəfər də polkovnikin cinayət işinin istintaqını aparmışam. Özü də istintaq təcridxanasından 35 səhifəlik etirafnamə yazıb göndərib mənə. Adamın başına torba keçirib Vladivastokda tutub Azərbaycana gətiriblər. Onların heyfini alırlar məndən. Rəna Nəsibovanın qətli epizodu üzrə üstünü basdırıb işi atmışdılar arxivə. Mən kriminalistik addımlar atmaqla o cinayətin üstünü açmışam. Bax, onda səhlənkarlıq etmişəm. Amma başqa hər hansı bir cinayət törətməmişəm". Sahib Ələkbərov çıxışının sonunda barəsində ədalətli qərar verilməsini xahiş edib. “Yeni Müsavat”
Neftçala rayonunda axund təyinatı ilə bağlı narazılıq yaranıb.
32gun.az-a daxil olan məlumatda iddia edilir ki, əvvəlki axundu Hacı Mir Seymur Əliyev bu vəzifədən azad edilib. Səbəb kimi ona iranmeylli olması göstərilib. Bundan sonra axund təyinatı üçün müsabiqə keçirilib. Lakin müsabiqənin nəticələrinə əhəmiyyət verilməyib. Əvəzində keçmiş axundun müavini Cəfər Cəfərov onun yerinə tyin edilib.
Müsabiqədən keçənlərin kənarda saxlanılması dini mühitdə xoş qarşılanmayıb və narazılığa səbəb olub.
Məlumatda iddia edilir ki, bir müddət Cəfər Cəfərovun axund təyin olunmasında Hacı Mir Seymur Əliyevin xüsusi rolu olub. Başqa bir iddiaya görə, Cəfər Cəfərov bir müddət əvvəl Bankə qəsəbəsində qəza törədib. O, sürücülük hüququnun olmasına baxmayaraq avtomobil idarə edirmiş. Bu qəzanın ört-basdır edilməsində də keçmiş axundun rolunun olduğu bildirilir. Rayon sakinlərinin narazılığı həm də Hacı Mir Seymur Əliyevlə Cəfər Cəfərovun birləşərək Neftçalada fəaliyyət göstərən “Sahib-əz-Zaman” məscidində yeni qaydalar tətbiq ediblər. “Onlar müəyyən etdiyi qaydalara görə bu gün evində yas düşən adam mərhumu dəfn etmək azı ən azı 170-200 AZN pulu olmalıdır. Elə adam var ki, pulu yoxdur. İndi bu adamlar nə etməlidir, ölüsünü basdırmamalıdır?”, - sakinlər deyib. Məsələ ilə bağlı Hacı Mir Seymur Əliyev və Cəfər Cəfərovun mövqeyini öyrənmək mümkün olmayıb.