Ardını oxu...
ABŞ prezidenti Co Bayden siyasi rəqibi, keçmiş Amerika lideri Donald Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Mən onunla haradasa mübahisə etməkdə məmnun olardım, nə vaxt olduğunu bilmirəm", - Bayden qeyd edib.

Tramp aprelin 23-də "Action News"a verdiyi müsahibədə yaxın gələcəkdə Baydenlə debata hazır olduğunu söyləyib. Bundan əvvəl Amerikanın aparıcı televiziya şirkətləri və kanalları, o cümlədən ABC, CBS, CNN, NBC və Fox News, Bayden və Trampı noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində teledebatlarda iştirak etməyə çağırıb.
 
Ardını oxu...
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Spiker qeyd edib ki, sərhəd dirəyinin quraşdırılmasına görə çox şaddır. A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur: "Mənim zəmanətim qanuni sərhəddir. Zəmanət ondan ibarətdir ki, Azərbaycan tanıyıb ki, bu sütundan sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz, ümumiyyətlə, müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanətdir". Simonyan qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışır: "Dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar “Bayraqdar”ları və tankları ilə bizə hücum edəcəklər. Bu, zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir. Doğrudanmı kimsə bizim yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə, Pakistana qarşı döyüşə biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir". Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
"Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, müharibədən sonra baş verənlərə nəzər yetirsək, prosesin doğru istiqamətdə getdiyini söyləmək mümkündür. Analitik hesab edir ki, proses nisbətən ləngisə də, hətta İrəvanın özü də zaman-zaman gedişatı yubatmağa çalışsa da, ümumən proses həm Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin istədiyi kimi irəliləyir: "Çox vacib məsələ odur ki, müəyyən güclər - ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, Gürcüstan, Orta Asiya ölkələri, MDB dövlətləri bu məsələdə Azərbaycanı dəstəkləyirlər. Ermənistanın son 4 ildə manevrləri, gah Qərbə, gah da Rusiyaya tərəf yönəlməsi heç bir nəticə verməyib. Əksinə, İrəvana etimadı azaldıb. Ona görə də indi erməni tərəfi demarkasiya prosesinə başlayıbsa, bunu xoş niyyətdən daha çox məcbur qaldıqları üçün edirlər. Hesab edirəm ki, bundan sonra proses sürətli şəkildə gedəcək və məsələ öz həllini tapacaq. Açığı, mən bu prosesdə hansısa problemin yaranacağını düşünmürəm. Hətta prosesin bu il ərzində sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyini demək mümkündür. Düzdür, Ermənistanda müəyyən aksiyalar təşkil olunur. Ötən gün qondarma soyqırımın ildönümünə həsr olunmuş aksiya keçirtdilər. Amma bunlar sonuncu cəhdlər idi və onunla da bitdi. Bundan sonra hansısa ciddi müqavimətin olacağını düşünmürəm".

M.Əliyev vurğulayıb ki, Ermənistan kənar güclərin də dəstəyindən ümidi kəsib: "Fransa Ermənistanın müttəfiqi olduğunu deyir. Erməni tərəfi Fransaya çox böyük ümidlər bağladı ki, guya, Paris hər şəraitdə İrəvanı müdafiə edəcək, onun təhlükəsizliyini təmin edəcək və s. Hadisələrin gedişatı isə göstərdi ki, Fransa Ermənistana heç nə vermək iqtidarında deyil. İrəvanın son ümidi Fransa idi və o da puç oldu. Əksinə, Fransa Ermənistana yardım məqsədilə heç nə bacarmadığını göstərmək üçün əlindən gələni etdi. Sonda dedi ki, gedin, öz probleminizi özünüz həll edin. Təxmini vəziyyət budur".
Ardını oxu...
Füzuli Beynəlxalq Hava Limanından Almaniyanın paytaxtı Berlində uçuş baş tutacaq.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

"Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!", - paylaşımda deyilir.

Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Səfər çərçivəsində Almaniya kanslero Olaf Şoltsla danışıqlar aparılacaq.

Dövlət başçısının Belinə Füzulidən yola düşəcəyi ehtimal edilir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Füzuli və Ağdam şəhərlərində səfərdə olub.
Ardını oxu...
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

“Xüsusilə uzun bir gecə oldu, amma ən azı burada səhərə yaxındır və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək”, - Siyarto vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası baş tutacaq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Yaxın zamanda Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilə bilər.

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə məlumat verib. Dövlət rəhbəri qeyd edib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. “Əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək,” – deyə Prezident vurğulayıb.

Bununla, Prezident İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanmasında və münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib. Dövlət başçısı, həmçinin nəzərə çatdırıb ki, rəsmi Bakı istənilən məkanda Ermənistanla görüşə hazırdır. Rəsmi İrəvan razılıq verərsə, şübhəsiz ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri -Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüş Astanada baş tutacaq. Eyni zamanda, hesab etmək olar ki, əgər iki ölkənin XİN rəhbərinin görüşü uğurlu keçərsə, Astanada Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında da görüş keçirilə bilər. Təbii ki, Astanada ikitərəfli görüşlərin keçirilməsi indiki halda İrəvandan asılıdır. Azərbaycan hər zaman nəticəyönlü danışıqlara hazırdır. Yəni həm Azərbaycan, həm də Ermənistanın birgə razılaşması əsnasında Astanada sülh prosesi üzrə mütəmadi ikitərəfli görüş və danışıqların keçirilməsi mümkündür. Hətta Azərbaycan-Ermənistan sülh prosesinin nizamlanması üzrə Astana formatının mümkünlüyündən də danışılır.

Xatırladaq ki, artıq belə bir format mövcuddur, amma başqa bir istiqamətə yönəlib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Suriyada münaqişənin nizamlanması ilə əlaqədar Rusiya, Türkiyə və İran tərəfindən Astana formatının əsası qoyuldu. Bu format çərçivəsində Suriyada münaqişənin sona çatması, sülh və sabitliyin təmin olunması ilə bağlı bir çox məsələlər müzakirə olunur. Hər il bu formatın müntəzəm görüşləri keçirilir. Astana formatı Suriya münaqişəsinin nizamlanmasında mühüm rol oynayır və tərəflər arasında dialoqun davam etməsi üçün münasib şərait yaradır.

Eyni hal Azərbaycan-Ermənistan sülh prosesində də yaşana bilər. Xüsusilə qeyd etmək lazımdır ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə Astananın Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib:

“Astana İrəvanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.

Nəzərə alaq ki, Qazaxıstanın Azərbaycanla güclü, əhatəli və dərin diplomatik-siyasi, iqtisadi-ticari və hərbi münasibətləri var. Azərbaycan-Qazaxıstan münasibətlərində iqtisadi-ticari əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə enerji, təhsil, elm və mədəniyyət sahələrində də əməkdaşlıq edir. Həmçinin Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq çərçivəsində regional təhlükəsizliyin möhkəmlənməsinə də töhfə verir.

Bununla yanaşı, Azərbaycan və Qazaxıstan Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzv ölkələridir. Hər iki ölkə arasında ikitərəfli münasibətlər ilbəil daha da şaxələnir və möhkəmlənir. Qazaxıstan Ermənistanla da bir çox sahələrdə münasibətlər qurub. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu baxımdan, Qazaxıstanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə təklif etdiyi Astana platforması istənilən zaman baş tuta bilər. Qazaxıstan həqiqətən Azərbaycan ilə Ermənistan arasında daimi sülh və barışığın bərqərar olunmasında maraqlıdır. Çünki Astana çox yaxşı anlayır ki, Cənubi Qafqaz sabit və təhlükəsiz bir regiona çevriləcəyi təqdirdə “Orta Dəhliz”, o cümlədən Zəngəzur dəhlizi tam şəkildə fəaliyyət göstərəcək.

Bu da Qazaxıstana iki dəhliz vasitəsilə Cənubi Qafqaz üzərindən Türkiyəyə və Avropaya strateji məhsullarını daşımaqla yanaşı, Şərqi Aralıq dənizinə və Şimali Afrikaya da çıxış imkanları yaradacaq.

cebheinfo
 

Ardını oxu...
Gözləntilərin əksinə, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşü “sakit” keçdi. Bu, hazırda regionda baş verən hadisələrin fonunda bir qədər qəribə görünə bilər: Rusiya sülhməramlıları Qarabağı tərk edir, Ermənistanla Azərbaycan Rusiyanın iştirakı olmadan sərhədlərin delimitasiyasına başlayır, sülh danışıqlarında ciddi irəliləyişlər gözlənilir. Amma Putin-Əliyev danışıqlarının jurnalistlərin iştirakı ilə keçirilən hissəsində bunlar barədə heç nə deyilmir.



Bakıda, İrəvanda və Qərbdə “Rusiya Azərbaycanda hərbi varlığına niyə son qoydu” sualına cavab axtarılarkən İlham Əliyev və Putinin gündəmində birinci sırada başqa mövzular vardı.



Əsas gözlənti Rusiya hərbçilərinin Qarabağı tərk etməsinin qarşılığında Putinin Azərbaycandan nə qoparacağı idi. Görüşdən əvvəl Kremldən verilən açıqlamada bildirilmişdi ki, Əliyevin səfəri V. Putinin dəvəti ilə gerçəkləşib. “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda qeyd olunub.



İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə giriş nitqində bildirib ki, Rusiya Qafqazda regional təhlükəsizlik və daha geniş coğrafiya baxımından fundamental ölkədir: "İki ildən çoxdur, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını nəzərdə tutan əsas siyasi sənəd olan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Danışıqların gündəliyində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, habelə regional təhlükəsizlik məsələləri var. Biz şadıq ki, onlar həll olunur. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkədir. Və bizim ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin möhkəmləndirilməsini və bütün məsələlərin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar daxilində həllini hədəfləmişik".



Vladimir Putin ilə Baykal-Amur Magistralının (BAM) veteran inşaatçıları ilə birgə görüşdə isə İlham Əliyev "Şimal-Cənub" dəhlizi çərçivəsində növbəti layihəni açıqlayıb. Prezident Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolunun olduğunu xatırladıb:



"Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək. Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq".



Rusiya Prezidenti isə ikitərəfli münasibətlərin inkişafından danışıb və qarşılıqlı ticarət dövriyyəsinin artdığını və 4 milyard dolları keçdiyini xatırladıb:



“Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 6 milyard təşkil edir. Şübhəsiz, regionda təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən vəziyyət haqqında da danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssas məsələlərdir. Biz Sizinlə onların hər biri haqqında danışacağıq”.



Beləliklə, prezidentlərin əsas gündəmi iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, yeni nəqliyyat dəhlizlərinin işlənməsi və genişləndirilməsi olub. Hazırda Qərbin ağır sanksiyaları altında olan Rusiya üçün əsas prioritetlər bunlardır. Prezident İlham Əliyevin Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mövqeyi də Rusiyanı təmin edir.



Azərbaycan xarici siyasətdə ikitərəfli münasibətlərə üstünlük verir və bu xətt Rusiya ilə əlaqələrdə qorunub saxlanılır. Bu kontekstdə sülhməramlıların Qarabağdan çıxarılması “Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasını şərtləndirə bilər” gözləntisi özünü doğrultmadı. Bu gün Prezident ADA-da bildirib ki, Azərbaycanın belə bir planları yoxdur: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik..."



Rusiya üçün Cənub sərhədlərinin təhlükəsizliyi çox vacibdir və o cümlədən Qafqazda maraqlarından imtina etməyib. Moskva Ermənistanda və Gürcüstanda hərbi-siyasi varlığını saxlamaq üçün bütün imkanlarından istifadə edir və Qərblə rəqabət aparır. Azərbaycana gəlincə, Moskva görüşündən çıxan nəticə odur ki, Kremlin Bakı ilə bağlı belə qayğıları yoxdur. Çünki Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiya planları mövcud deyil. Hətta Türkiyə ilə münasibətlərdə belə, ilk növbədə öz maraqlarını qorumağı bacarır. Məsələn İsrail-HƏMAS müharibəsində Azərbaycanın mövqeyi qardaş ölkədən xeyli fərqləndi.



Rusiya üçün Azərbaycan proqnozlaşdırılan ölkədir, indiki həssas dönəmdə onların prioritetləri bir-birinə ziddi deyil, əksinə qarşılıqlı maraqları var. Görünən odur ki, liderlərin şəxsi münasibəti, onlar arasında qarşılıqlı etimad bütün məsələlərin müzakirəsində, problemlərin həllində öz sözünü deyir. Sülhməramlıların Qarabağdan çıxması, Ermənistanla sərhədlərin Rusiyanın iştirakı olmadan delimitasiya prosesinə başlanılmasına da Bakı-Moskva anlaşmasının tərkib hissəsi kimi baxmaq lazımdır.

Pressklub.az
 
Ardını oxu...
Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovun Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin milli təhlükəsizlik müşaviri Tomas Pocarın moderatorluğu ilə keçirilən dəyirmi masa görüşündə Türkiyənin Çexiyadakı keçmiş səfiri Egemen Bağış və səfirliyin birinci müşaviri Banu Malaman, Azərbaycanın Praqadakı səfiri Adış Məmmədov və digər qonaqlarla fikir mübadiləsi aparılıb.

Bu barədə “Report”a Türkiyənin Çexiyadakı səfirliyindən məlumat verilib.

E.Bağış C.Bayramova Türkiyənin xarici işlər naziri Hakan Fidanın salamlarını çatdırıb. O, görüşdə söz alaraq, “bir millət, iki dövlət” şüarı çərçivəsində Azərbaycanı Qarabağ zəfəri münasibətilə bir daha təbrik edib və Türkiyənin ölkəmizə dəstəyini vurğulayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan və Rusiya regionda sabitləşdirici mövqe sərgiləyiblər və təhlükəsizliyin qorunmasında mühüm addımlar atıblar. Hər iki dövlətin genişlənən əməkdaşlığı xalqların və dövlətlərin marağına uyğundur. Eyni zamanda, bu, həm də bütövlükdə regionda təhlükəsizliyin qorunub saxlanmasına xidmət edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Qarabağ məsələsinin nizamlanması məsələsi mühüm yer tutur. Həmçinin son zamanlar bu münasibətlərin daha da inkişaf etdirilməsinin bariz nümunəsi kimi Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı səfərlərini misal göstərmək olar.
Vaxtilə Azərbaycan və Rusiyanın vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olmuşdur.
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə hər iki dövlətin rəhbərləri və dəmir yolu sahəsinin veteranları və işçiləri, tikintidə iştirak edən bir sıra şəxslər iştirak ediblər. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb. “BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycanın geosiyasi cəhətdən çətin bir regionda yerləşməsinə baxmayaraq rəsmi Bakının yürütdüyü rasional və balanslaşdırılmış siyasət nəticəsində bütün vektorlarla sahib olduğumuz isti münasibətlər bu illər ərzində ölkəmizin maraqlarının nəzərə alınmasına gətirib çıxarıb. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib. 2024-cü il ərzində tərəflər arasında bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Hər iki dövlət rəsmilərinin Moskvaya və Bakıya qarşılıqlı səfərləri, onların arasında bir neçə dəfə ən yüksək səviyyədə görüşlərin keçirilməsi buna misaldır. Çünki ikitərəfli münasibətlərdə aparıcı rolu ölkələrin liderləri tuturlar. Prezident İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən yüksək qiymət dövlətimizin başçısının yürütdüyü düsünülmüş siyasətin nəticəsidir.
Bunlardan əlavə, Azərbaycan və Rusiyanın ayrı-ayrı regionları arasında inkisaf etməkdə olan əlaqələr nəticəsində şimal qonşumuzun bir çox subyektlərində ölkəmizin ticarət evləri açılıb. Bu da təkcə tərəflər arasındakı iqtisadi dövriyyənin çoxalmasına deyil, həm də siyasi cəhətdən yerlərdəki elitaların bizə daha da yaxın olmalarına gətirib çıxarıb. Buna misal olaraq Həştərxan şəhərini göstərmək olar. 2024-cü il ikitərəfli münasibətlərdə həyata keçirilən uğurlu siyasətin davamlı olması üçün çox vacibdir.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu bir daha sübut edir.


Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 
Ardını oxu...
Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Kremldəki təkbətək görüşdə Moskva ilə Bakı arasında münasibətlərin inkişafı, regional təhlükəsizliyin həssas məsələləri və müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdikləri bildirilir.
Materialda, həmçinin qeyd olunur ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını Baykal-Amur Magistralının - əfsanəvi BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib: “Bu, İlham Əliyev üçün həm də şəxsi hekayədir. Atası Heydər Əliyev hökumət komissiyasına rəhbərlik edib, başqa sözlə, “əsrin tikintisinə” nəzarəti həyata keçirib.
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutdu.
Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu.
İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi.
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı danışıqları regional reallıqlarda:
- Konseptual mənada Bakı ilə Moskvanın bir-birlərinin maraqlarını diqqətlə nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir;
- Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını, iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur;
- Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə cəmləşdirir.
Qeyd edilən üç istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi fonunda qiymətləndirilir.
Azərbaycan istəyir ki:
- Regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan gündəliyinə sirayət etdirməsin,
- Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi təmsilçilik istəkləri yaranmasın.
Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki:
- Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi problemləri Azərbaycanın iştirakı ilə həll etsin,
- Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər,
- Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə meydan oxumaq tərzini yeniləsin.
Ehtimal vermək olar ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə can atsın və Putin bunun üçün Əliyevə arqumentlər təqdim etsin.
Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir təklif olarsa belə, buna reaksiyası mənfi ola bilər. Azərbaycan üçün isə görüş yerinin elə də əhəmiyyəti yoxdur, Bakı, sadəcə, tələb edir ki, onun strateji maraqları ilə ziddiyyət təşkil edən məsələlər müzakirəyə çıxarılmasın.
Buna görə də Əliyev Putinlə danışıqlar zamanı Azərbaycanın regional geosiyasi vəziyyətdə güclənən mövqelərini bir daha diqqətə çatdıra bilər. Bununla yanaşı, Əliyev Azərbaycanla Ermənistan arasında ikitərəfli formatdakı danışıqların daha məhsuldar nəticələnməsinin aktual olduğunu qeyd edə bilər.
Aqşin Kərimov
 
 
 

Dünyapress TV

Xəbər lenti