Ardını oxu...
Səhər saat 5-də yuxudan oyandım. 5:30-da yola düşəcək məşhur "bağ avtobusu"na çatmağa çalışdım və bacardım. Yolda gedərkən biraz mürgülədim. Gözümü açanda artıq çatmışdıq. Və beləcə hərkəsin iş üçün toplaşdığı məhşur Paşaovaya çatdım. Burada vəziyyət belədir: Meyvə bağları olan insanlar və həmin insanların meyvə bağlarında işləmək üçün gəlmiş işçilər. Bu gün mən həmin işçilər qrupuna daxil idim. Avtobusdan düşüb işləmək üçün sahə axtarışına başladım. Nəhayət, bir sahibkar tapdım və onun bağına gedən maşına mindim. Maşın dedikdə komfortlu oturacaqları nəzərdə tutmuram. “Ford Transit” markalı yük maşının arxasında - yükün qoyulduğu yerdə "kollegiya"larım ilə mən ayaqüstə bağa yola düşdük. Birinci elə bildim ki, maşının qapısını açıq saxlayacaqlar. Yola düşdükdə "supervayzer" qapını örtmək istəyirdi ki, hər kəs bir ağızdan:" sən Allah qapını azca açıq saxla, ürəyim sıxılır"-dedi. Bu səhnə baxdığım bir çox filmdən mənə tanış gəlirdi. Hətta bir an fikirləşdim ki, bəlkə bizi "Auşvitz"ə aparırlar. Amma yaxşı ki, Xaçmazda idim. Xoşbəxtlikdən, orada da “Auşvitz” yoxdur. Amma, girişdə bu yazılmışdı: "Arbeit bringt Geld"
Maşından düşdük və hər kəs yüklərini yerbəyer etdi. Bizim "supervayzer" mənə gilasları yığacağım ağacı göstərdi. Sistem belədir: gilası yığırsan sonra çəkisini ölçürlər.Hər topladığın kiloqram üçün 50 qəpik. Gərgin iş saatları başladı. İlk başlarda çox sürətli yığsam da, günəşin düşmə bucağının azalmağı ilə havanın daha da qızması işi çətinləşdirirdi.

Nahar fasilə xeyli maraqlı idi. Kölgəlikdə oturub kənd camaatı ilə söhbət etmək adama lap ləzzət edir. Onların özlərinə məxsus ləhçələri elə şirindir ki, həmişə eşitmək istəyirsən. Təbii ki, quşların səsini deməsəm olmaz. Onlar daima sizi müşayiət edirlər. Beləliklə, bir günü ötürdüm, saat 6 oldu. Bizim “supervayzer” başladı qışqırmağa: daha bəsdirin, çəki başlayır. Təbii ki, bunu eşidən mən ağacdan düşdüm və tərəziyə doğru yaxınlaşdım. Gördüyüm bir mənzərə məni təsirləndirdi: İnsanlar yorğun olmalarına baxmayaraq, dayanmırdılar. Hər kəs çalışırdı ki, 1-2 kilo artıq yığsın.

Hələ bu harası idi ki, daha sonra hər kəs ağacdan düşdü. Yüklərimi yığışdırırdım ki, gördüm hay-küy düşüb. Bir işçi o birinə deyir ki, sən bilərəkdən gilasları yerə atırsan, sonra da onları yığıb evə aparacaqsan. Onu da qeyd edim ki, ağacdan gilas dərib evə aparmaq qadağan idi. Sadəcə yerə düşmüş gilasları yığıb aparmaq olardı. İlk öncə öz-özümə düşündüm:“Sənin nəyinə lazımdır axı, o yerə atır ya göyə”. Amma sonradan hər şeyi başa düşdüm. Sən demə, insanlar yerə düşmüş gilasları yığır, daha sonra öz kəndlərinə aparıb satırlar. Ona görə camaat qırğın edirmiş ki, sən məndən çox qazanacaqsan. Doğrusu bu hadisələrə şahid olduqda çox təsirləndim. Elə o zaman – 17 yaşımda “pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?” sualına cavab aldım.
Bu hadisə barədə 2 misal çəkəcəm. Biri inanclı insanlar üçün, digəri isə öz ideyaları ilə yaşayan insanlar üçün.

“Allah Öz bəndələrindən istədiyi kimsənin ruzisini artırar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.” - (Ənkəbut surəsi, 62)

"Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər." - Konfutsi
Aydın Kərimli
TEREF
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, uzun müddətdir müzakirələrə səbəb olan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Publika.az-a bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək üçün arayış tələb olunacaq:

"Həmin arayışda qohumluq əlaqəsinin olub-olmadığı məlum olur. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Bütün bunlar vətəndaşın sağlamlığı üçündür. Dövlət bunu tibbi nöqteyi-nəzərdən zərərli hesab edir. Ona görə də vətəndaşın rəyinə görə davranılmır. Bu, hökumət tərəfdən epidemiya və yaxud sağlamlığın təhlükəsi kimi görünür.

Buna görə də məcburi tədbirlər həyata keçirilir. Burada əsas olan genefondun qorunmasıdır. Bu baxımdan, narahatlıq üçün heç bir əsas yoxdur. Qanun 1 ildən sonra qüvvəyə minir. Bir il ərzində yaşı 18-dən yuxarı olan hər bir kəs öz qohumu ilə nikaha girə bilər. Ondan sonra artıq maneə qoyulacaq. Bütün hallarda qanunvericilik ən ciddi formada məsələyə öz müdaxiləsini edəcək".

Hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qəbul edilən qanun çox mütərəqqidir:

"Hesab edirəm ki, bu, hələ gecikmiş bir qanundur. Uzun müddətdir mən də belə bir qanunun qəbul olunması üçün çalışmışam. Əgər hər hansı bir şeydən ziyan gəlirsə, onu etmək ağıllı bir insanın işi deyil. Qohum evliliyindən doğulan uşaqlar daha çox xəstə olurlar. Din xadimləri də bununla bağlı fəaliyyət göstərməli idilər. Amma indiyə qədər göstərməyiblər.

Əslində, İslam aləmi elan etməlidir ki, bu nikah haramdır. Əgər bununla bağlı qanunsuz nikahların sayında artım olacaqsa, ciddi mübarizə aparacağıq. İllərdir davam edən bu adət-ənənəni unutmaq lazımdır. Bu, yeni nəslin gələcəyinə zərbədir. Buna görə də qanunu müsbət qiymətləndirirəm. Qanuna qarşı çıxanları isə tənqid edirəm".

 
 
 
Ardını oxu...
İşçilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bu hüquqları da var:
Dəniz nəqliyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə Gəmilərin qrup və növündən asılı olaraq aşağıdakı məbləğlərdə əlavə sutkalıq ödənişlər ödənilir:
1.Kapitan: 44,46,50-ABŞ dolları məbləğində.
2.Baş (böyük mexanik):42, 44, 48 ABŞ dolları məbləğində.
3. Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük,1-ci elektrik mexaniki, elektrik mexaniki:38, 40, 42-ABŞ dolları məbləğində.
4. Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiostansiya rəisi, 3-cü mexanik, 2-ci elektrik mexaniki: 36, 38, 40 - ABŞ dolları məbləğində.
5.Komandir heyətinin başqa üzvləri,bosman, donkerman: 32,36, 38 - ABŞ dolları məbləği
6. Sıravi heyət: Gəmi qrupundan asılı olmayaraq: 30 - ABŞ dolları məbləğində.
7. Praktikantlara ezamiyyə xərcləri əvəzinə sıravi üzücü heyətin üzvlərinə müəyyən edilmiş sutkalıq ödənişlərin 50 faizi verilir.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo
    
Ardını oxu...
Bakıda ictimai nəqliyyatın 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib. Nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.

Belə olan təqdirdə Azərbaycanda pensiyaçılara ictimai nəqliyyat pulsuz ola bilər? Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, belə məsələlər ilə bağlı elmi təhlil aparılmadan fikir bildirmək olmaz:

"Məlum olmalıdır ki, pensiyaçıların gediş haqqını pulsuz etməklə onun hesabına digər kateqoriyadan olan insanların gediş haqqının yüksək səviyyədə qaldırılması düzgün deyil. Çünki pensiyaçı, o cümlədən sosial vəziyyəti yerində olmayan xeyli insan insan var. Onlar bəs nə etsin? Bu məsələlər düzgün həll olna bilər ki, iqtisadi sistem elmi əsaslarla qurulur və tənzimlənir".

Sosioloq bildirib ki, belə bir qərarın verilməsi üçün ölkənin bütün potensialından düzgün istifadə olunmalıdır:

"İqtisadi vəziyyətdən gələn gəlir pensiyaçıların gediş haqqını ödəməyə cavab verməlidir. Bunlar olmadığı üçün indiki mürəkkəb cəmiyyətdə belə bir iş görmək qeyri-mümkündür. Hazırkı vəziyyət geniş təhlil tələb edir. Atılacaq addım digər kateqoriyadan olan vətəndaşlara ağır yük olmamalıdır. Bu prosesdə vətəndaşların əməkhaqları və sosial vəziyyəti yerində olmalıdır".
 

Ardını oxu...
Ölkədə pensiyaların verilməsi, hesablanması, ümumiyyətlə, məbləği ilə bağlı ciddi problemlər yerində qalır. Çünki fondun xüsusilə büdcə-maliyyə fəaliyyətində hesabatlılıq və şəffaflıqla bağlı böyük boşluqlar var. Mütəxəssislər hesab edir ki, nəzərəçarpan nöqsanlardan biri də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) icra edilmiş büdcəsinə rəy verilməməsidir. Qanunvericilik bir növ fondun qarşısında informasiya açıqlığı funksiyası da qoyur. Amma DSMF-nin fəaliyyəti ilə bağlı qaranlıq tərəflər çoxdur.
Bizimyol.info xəbər verir ki, DSMF barədə cəmiyyətə məhdud statistika təqdim olunur. Məsələn, yalnız pensiyaçıların ümumi sayını bilirik. Ölkədə cəmi 1 milyon 96 min nəfər pensiya alır. Son bir il ərzində pensiyaçı sayında 18 min nəfərdən çox azalma da qeyd olunur. Yəni indi ölkə əhalisinin 10,8 faizi pensiya ala bilir.

Bundan başqa, fondun büdcəsi ilə bağlı ümumi məlumatlar verilir. Bilinir ki, DSMF-nin həm gəlirləri, həm də xərcləri 6 milyard 919 milyon 860 min manat olub. Vəssalam, daha müfəssəl məlumat tədqim olunmur.

DSMF hesabatlılıqla bağlı hansı öhdəlikləri üzərinə götürməliydi? Birincisi, gəlilər və xərclərlə bağlı geniş hesabat yoxdur. Bilmirik ki, fonda özəl biznesdən və ya dövlət sektorundan daxilolmaların pay bölgüsü nə qədərdir. Özəl sektorun payını bilmək lap yaxşı olardı. Araşdırmalar, tədqiqatlar belə məlumatlar əsasında formalaşır. Amma fond mümkün qədər geniş rəqəmlər toplusu təqdim etməməyə çalışır.

İkincisi, pensiya növləri üzrə xərclər səthi verilir. Ayrı-ayrı növlərin payını yenə bilmək olmur.

Üçüncüsü, median pensiya barədə danışılmır. Ümumiyyətlə, “median” ifadəsi ölkədə xoşlanılmır. Çünki həm median əməkhaqqı, həm də median pensiya bu istiqamətlərdəki vəziyyəti aşkar göstərir. Yalnız bildirilir ki, orta aylıq pensiya 492,3 manatdır. Məlum məsələdir, ölkədə 1500-2000 manat pensiya alan xüsusi kateqoriyalar var. Onlarla bağlı heç bir məlumat verilmir. DSMF adicə onların ümumi sayını deməkdən çəkinir. Orta aylıq pensiyanın daha yüksək görünməsində həmin kateqoriyada yer alanların xüsusi payı var. Median pensiyanın orta aylıq pensiyadan xeyli aşağı olduğunu düşünürük. Yəni durum göstərildiyindən xeyli pisdir.

Bölgələr üzrə də məlumat qıtlığı var. Ümumiyyətlə, fond maksimum çalışır ki, araşdırmalara imkan yaranmasın. Yəni maliyyə məsələsini qurdalayanlar olmasın.
 
Ardını oxu...
Bildiyimiz kimi iyul ayının 1-dən etibarən taksilər lisenziyalaşdırılır. Nəticədə taksilərin sayında azalma halları müşahidə olunur. Bu da avtobus dayanacaqlarında insanların kütləvi şəkildə toplaşmasına, izdiham yaratmasına səbəb olub. Taksidən istifadə edən əksər sərnişinlər isə etiraz əlaməti olaraq qiymət artımının keyfiyyətə heç bir təsir etmədiyini bildirir.

“3 manatlıq yol olub, 7 manat. Başa düşdük, bu qərardır, hörmətlə qarşılayırıq. Bəs demişdilər ki, səliqəli maşınlar fəaliyyət göstərəcək. 35 dərəcə istidə kondisionersiz taksidə getmişəm. Yaxşı, bəs belə olan halda günah kimdədir?” deyə şikayətçi bildirib.

Dayanacaqda taksi gözləyən əksər sərnişinlər isə avtomobillərin natəmizliyindən şikayətlənib.

“Cibimizdən kəsib taksilərə pul ödəyirik. Amma keyfiyyət gözlənilən kimi olmadı. Taksilər toz-torpaq içindədir. Nəfəsimizə dolur. Hələ üstəlik icazə alıb siqaret çəkmək istəyənlər də olur” deyə daha bir şikayətçi bildirib.

Moderator.az-a açıqlama verən iqtisadçı eksper Xalid Kərimli bildirib ki, artıq taksi standartlarının tətbiqinə başlanılıb.

“O taksilərə lisenziya verilir ki, onun istismar müddəti 15 ili keçməyib, video registır, post terminalı var. Bu məqam ona gətirib çıxarır ki, avtomobillər baxımlı və avadanlıqlı olsun. Taksilərin sayı niyə çox olurdu? Ucuz, istismar müddəti 15 ili keçmiş maşınlar burada əksəriyyət təşkil edirdi. Bu qaydaların tətbiqi taksinin sayını aşağı salıb. Həm daha keyfiyyətli maşınlar qalıb, həm də taksi sayı aşağı düşüb. Taksi sayının aşağı düşməsi qiyməti artıracaq. Əgər vətəndaş şikayət edirsə, o daha baha taksi pulu ödəyib getməlidir ya da ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir. Taksi həqiqətən də lüks qiymətdir. Dünyanın hər yerində taksi çox bahadır, bizdə çox ucuz idi. Şəhərdəki tıxacların bir çoxu da məhz taksilərin çoxluğu ilə izah olunurdu. 80-90 min taksi şəhərdə o başa, bu başa gedib-gəlirdi. İndi sayının aşağı salıblar və daha çox ekoloji baxımdan təmiz olanlar qalıb” deyə o bildirib.
 
Ardını oxu...
"Bu gündən tətbiq edilən hər iki qiymət artımını (həm nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinın) düzgün olmayan yanaşma hesab edirəm". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.
O deyib ki, ictimai nəqliyyatda gediş haqqının artırılması (25%-lik artım) əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır: "Bu, insanların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meyilləri tətikləyə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyfiyyətində heç bir yaxşılaşma olmadığı (hətta bunun əksi müşahidə edildiyi) bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə (subsidiya və ya dotasiya yolu ilə) həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı (şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s.) də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər".
Ekspert deyib ki, bu, 2018-ci ildən bu günədək gediş haqqının 3-cü artımıdır: "Əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və sairdir. Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir".
 
Ardını oxu...
İşçi: Əmək pensiyası yaşına çatdıqda onunla bağlanmış Əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi, eyni zamanda bu işçinin iradəsi əlehinə baş verə bilərmi?
Bu barədə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: mütamadi olaraq maarifləndirmə aparsada yenə də işçilərdən bu barədə sual və müraciətlər daxil olur. Bunula əlaqədar bir daha bildiririk ki, pensiya yaşına çatan işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi, yalnız aşağıdakı qaydada keçirilə bilər:
1. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələr istisna olmaqla, əmək pensiyası yaşına çatmaış işçilərlə, əmək müqaviləsinin ləğvi yalnız-işçilərin könüllü iradəsi əsasında həyata keçirilə bilər.
2. Bu Qaydaların pozulması və ya məcburi qaydada - işçilərə ərizə yazdırmaqla, onlarla bağlanmış əmək müqavilələrinin ləğvi, həm işəgötürənlər,həm də onların vəzifəli şəxsləri üçün: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti yaradır.
3. Əmək pensiyası yaşına çatmaqla əlaqədar əmək müqavilələrinin ləğvi, yalnız - dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid olunur.Bu müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Bu müəssisələrdə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə - 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
4. Əmək Məcəlləsində olan bir faktı yaddan çıxarmaq olmaz: İşçilərlə Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək müqaviləsinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və ya təminatların səviyyəsi və həcmi heç bir formada azaldıla bilməz.
5. AR Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
6. Praktikada: İşəgötürən tərəfindən bir çox hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əsas tutulmaqla, məcburi olaraq və ya "könüllü iradə ifadəsi" adı ilə işçi ilə belə bir razılığa gəlirlər ki, "işçi əmək pensiyası yaşına çatdıqda" onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcək.Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır. Belə ki:
7.Çox maraqlı fakt, hak-əgər işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulan qaydada: yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxarsa, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, nədən belə bir razılaşma imzalasın.
8. Əgər işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda - ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, işçi Əmək müqaviləsində və ona edilən əlavədə - əmək pensiyasına 20, 30, 40 il qalmış işçi nədən belə bir razılaşma imzalasın.
Yəni, əgər işçi əmək pensiyasına çıxmaqla əlaqədar istədiyi gün əmək müqaviləsini ləğv edə bilirsə və ya işinə davam edə bilirsə, nədən belə bir razılaşma imzalasın? Məlum faktdlr ki, işçinin heç belə bir marağı da yoxdur.
9. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən: İşəgötürən və İşçi əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
10. Lakin, məsələ ondadır ki, işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənib və ən aşağı yaş həddidə
qeyd olunub. Eyni zamanda da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində də dövlət büdcəsindən maliyyələşən müəssisələr istisna olmaqla əmək pensiyasına çıxmaqla əlaqədar əmək müqaviləsinin ləğvi tənzimlənirsə, işçi ilə işəgötürən arasında əlavə razılaşmaya nə ehtiyac var.
Əgər işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə razılaşma mümkün olsa idi, o halda da tərəflərin bu barədə qarşılıqlı razılığı Əmək Məcəlləsində nəzərdə tutulardı
Göründüyü kimi, bu müəssisələrdə bu hüquq tərəflərə aid deyil, yalnız işçilərə aiddir. Yəni, əmək pensiyası yaşına çatdıqda əmək müqaviləsinin ləğvi hüququ.
11.Göstərilən əsaslardan,ƏməkMəcəlləsinin: 10, 69 və 75-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnir, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əlavə razılaşmalar Əmək Məcəlləsi, bu Məcəllənin 43. 3-cü maddəsi ilə nəzərdə tutulan və qadağan olunan: Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsinin azaldılmasıdır.
12. Hesab edirəm ki, bu qaydada əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin pozulmasıdır: İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Bu halda işçi, bu qaydada ləğv edilmiş əmək müqaviləsinin ləğvi barədə əmrlərdən məhkəməyə - İddia ərizəsi ilə müraciət edib, öz əmək hüquqlarını bərpa etməyə və dəyən maddi və mənəvi ziyanın almağa çalışmalıdır

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo
Ardını oxu...
"Saytist, youtubust, blogger və jurnalisti fərqləndirmək lazımdır. Jurnalist, ayrıca peşə ixtisası, yaxud da uzun illər bu peşədə təcrübə qazanmış savadlı şəxs olaraq anlaşılır. Podkast “Otuz+” adlanan youtube kanalında Elnurə Nağıyeva adlı bir savadsız youtubist mənəviyyatsız bir saytistlə mənim adımdan sual icad edib müzakirə aparır".
Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində qeyd edib. Millət vəkili sözünə davam edərək bildirir:
"Müzakirənin də predmeti budur ki, guya Fazil Mustafa deyib ki, oğlanlarla qızların bir yerdə təhsil alması yanlışdır. Bu xanımın azacıq jurnalist savadı olsaydı, hansısa mənbə göstərib belə bir fikrin olduğunu dəqiq ifadə edərdi".
F.Mustafa qeyd edir ki, hər zaman olduğu kimi qaragüruhçular sosial şəbəkədə onun fikirlərini təhrif etməklə dəfələrlə bu cür məqsədyönlü təbliğat kampaniyası aparıblar:

"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam, oğlanlarla qızların bir yerdə oxumasını da normal qəbul edirəm. Lakin eyni zamanda təhsildən bu və ya digər səbəbdən uzaq salınmış qız uşaqları üçün Xanım Qızlar Kolleclərinin açılmasını da alternativ variantlardan biri kimi təklif edirəm".
Millət vəkili vurğulayır ki, ideyanın əsas hədəfi ölkəmizdə bu və ya digər səbəbdən orta təhsil almayan hansısa qız övladımızın qalmamasıdır. Həm də bütün hallarda dünyəvi təhsildən söhbət gedir. Bu qədər sadə:

"Opponent olaraq seçdiyi mənəviyyatsız saytist də müdrik görkəm alıb guya Fazil Mustafanın cavabını vaxtında verdiyini ədəbsiz formada ifadə edir. Anlamır ki, bədnam Beynəlxalq Universitetdən çırpışdırılan diplomla özünü bilikli sayıb hələ bundan sonra da idrak edə bilməyəcəyi mövzularda bizə cavab vermək üçün xeyli çalışması lazımdır".

Ardını oxu...
Əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş xeyli müddətdir ki, pozulan hüquqlarının bərpasını istəyir. Dövlətin onlara verdiyi qiymətli kağızların qiymətsiz kağız parçasına çevrilməsi ilə razılaşmayan vətəndaşların problemin həlli üçün müraciət etmədikləri dövlət qurumu qalmayıb.

Dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Haqq sahiblərinin müraciətində qeyd edilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım edilməlidir. Haqqı pozulan vətəndaşlar müraciətlərinin mətnində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.



Qeyd edək ki, özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında ötən il Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanıb. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı qərar vermir.

Problemlə bağlı ölkənin ictimai-siyasi xadimləri, deputatlar, hüquq müdafiəçiləri, ziyalılar aidiyyəti qurumlara çağırışlar ediblər. Bu çağırışlara ölkədə fəaliyyət göstərən informasiya saytlarının rəhbərləri də qoşulub.

AYNA həmsöhbət olduğu media qurumu rəhbərlərinin mövzuya dair fikirlərini təqdim edir.

“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı:

“Mən özümə məxsus olan çeki bugünədək saxlayıram. Zaman-zaman çekdən istifadə etməyən bir qrup vətəndaşın müraciətləri olur. Hesab edirəm ki, dövlət qurumları problemə diqqət yetirməli, iddialar əsaslıdırsa, həqiqətən də hüquqi baxımdan bu insanlar haqlıdırsa, o zaman haqları bərpa olunmalıdır. Yəni, birdəfəlik bu məsələyə son qoyulmalıdır.

Mən bildiyim qədər, tədavül müddəti bir neçə dəfə artırılıb. Həmin vaxt kimlərsə bundan istifadə edib, kimlərsə yox. Hər halda, narazılıq varsa, hökumət yenidən bu məsələyə qayıda bilər”.

“Türküstan” qəzetinin və “Turkustan.info” saytının rəhbəri Aqil Camal:

“Özəlləşdirmə çeklərinin istifadə müddəti ilə bağlı üzərində tarix qeyd olunmayıb. Hər halda, rəsmən o dövrdə elan olunubsa ki, bunların tədavül müddəti bitəcək, çek sahibləri ondan istifadə edə bilərdilər. Ola bilsin ki, həmin vətəndaşlar 2011-ci ildə çeklərin istifadə müddətinin bitməsindən məlumatsız olublar, yaxud da müddətin yenidən uzadılacağına ümid edərək saxlayıblar.

Hesab edirəm ki, əlində qiymətli kağızı olan və bundan istifadə etməmiş vətəndaşların sayını, arealını müəyyənləşdirmək lazımdır. Müvafiq dövlət qurumları vətəndaşların bu müraciətini dinləməli, hüquqlarının bərpası ilə bağlı addım atmalıdır.

Qanunvericiliyə hansısa dəyişiklik etməklə, yaxud da ali icraedici orqanın qərarı ilə məsələni yoluna qoymaq olar. Vətəndaş hüququnun pozulduğunu iddia edirsə, qanun pozulubsa, ədalətin bərpa olunması vacib amildir. Vətəndaşların özəlləşdirmə paylarından hansısa formada istifadə edə bilməsinə şərait yaratmaq olar. Bütün hallarda məsələyə nöqtə qoyulmalıdır”.

“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı:

“Çeklərdən istifadə etməyən vətəndaşlara bundan istifadə üçün şərait yaradılmalıdır. Vaxtilə dövlətin verdiyi qiymətli kağızlarından istifadə edə bilməyənlərin hüququ pozulmamalıdır.

Mən deyə bilmərəm ki, bunu dövlət hansı formada həll etməlidir. Amma ortaq bir yol tapılması, vətəndaşın hüququ pozulubsa, onun bərpası, ədalətli qərarın verilməsi yaxşı olardı. Yaxşı olardı ki, hökumət bu məsələyə yenidən qayıtsın, çeklərin özəlləşdirmədə iştirakına şərait yaratsın, yaxud da müəyyənləşdirilsin, kompensasiya yolu ilə məsələ həllinə qovuşsun.

Görünən odur ki, vaxtilə vauçerlərdən hansı formada istifadə olunması ilə bağlı məlumatsızlıq olub. Özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Çeklərini satmayan, saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlərsə, bunun üçün yenidən addım atılmalıdır”.

“Etikxəbər.az” informasiya portalının rəhbəri və baş redaktoru Kamil Həmzəoğlu:

“Bu məsələ əslində təkcə əllərində çeki qalan vətəndaşları yox, ümumilikdə hər kəsi düşündürən məsələdir. 1990-cı illərin əvvəllərində özəlləşdirmə çeklərinin paylanması qərarı verildi. Həmin ərəfədə böyük iqtisadi və maliyyə çətinlikləri yaşayan insanlarda bu vauçerlər ümid yaratdı. Çoxları özəlləşdirmə çekləri vasitəsilə həyatlarında müsbətə doğru dəyişiklik olacağını düşünürdülər. Çünki dövlətin məqsədi qiymətli kağızlar vasitəsilə vətəndaşlara özəlləşdirmədə iştirak etmək, hansısa müəssisələrdə hissədar olmaq şəraiti yaratmaq idi.

Təəssüf ki, bu məsələdə gözləntilər özünü doğrultmadı. İnsanlarımız özəlləşdirmədə ya məlumatsızlıqdan, ya da digər səbəblərdən iştirakçı ola bilmədilər. Sonda isə vauçerlər mənasız kağız parçasına çevrildi.

Bir vaxtlar insanlar çeklərini dəyər-dəyməzinə satdılar. Amma dövlətin ona verdiyi qiymətli kağızını saxlayanlar da var. 2011-ci ildə çeklərin tədavül müddətinin bitdiyi elan edildi. Bu, hansısa səbəbdən çeklərdən səmərəli istifadə edə bilməyən vətəndaşlarımızın haqlarının pozulması deməkdir. Xeyli sayda vətəndaşda dövlətin verdiyi vauçerlər indi dəyərsiz kağıza çevrilib. Bu çeklər belə qiymətsiz olmamalıdır.

Dövlət rəhbərliyi səviyyəsində çeklərin tədavülünün artırılması, yaxud əlində çeki qalmış vətəndaşların bundan istifadəsi üçün hansısa formada imkan yaradılması lazımdır. Qanunvericilikdə də hansısa dəyişiklik etmək mümkündür. Vauçerlər məsələsində vaxtilə yol verilmiş nöqsanlar, heç olmasa, indi aradan qaldırılmalıdır.

Hesab edirəm ki, bu məsələ öz qanuni həllini tapmalıdır. Əlində çeki qalmış vətəndaşların, bundan yararlana bilməyən insanların hüquqlarının bərpasına ehtiyac var. Hesab edirəm ki, bunu həll etmək üçün, məsələyə birdəfəlik nöqtə qoymaq üçün dövlət rəhbərliyinin iradəsi, dövlətimizin də gücü var”.

“Dünya İnformasiya Agentliyi”nin (DİA) rəhbəri Məhəmməd Ərsoy:

“Vətəndaşın hüququ pozulubsa, onun bərpası lazımdır. Özəlləşdirmə çekləri məsələsi barədə o qədər də məlumatlı deyiləm. Vauçerlərindən istifadə edə bilməyən vətəndaşların müraciətlərini görürəm, onlar iddia edirlər ki, hüquqları pozulub. Hüquqşünaslar, iqtisadçılar bu problemin nə olduğunu, həlli yolunun nədən keçdiyini daha yaxşı izah edə bilərlər.

Amma vətəndaşın müraciətinə lazımi dövlət qurumları reaksiya verməlidir. Məsələ vətəndaşın hüququnun qorunması istiqamətində müsbət həllini tapmalıdır. Ümid edək ki, ali rəhbərlik bu insanların haqqını tanıyacaq, problemi aradan qaldıracaq”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Dünyapress TV

Xəbər lenti