"Kimisi “uzman fizioterapevt”, kimisi “uzman dental”, kimisi “uzman varikoz” kimi təqdim olunur" - TƏHLÜKƏDƏYİK...
"Kimisi “uzman fizioterapevt”, kimisi “uzman dental”, kimisi “uzman varikoz” kimi təqdim olunur"
Xəbər verdiyimiz kimi, burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsululiyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.

Məlumata görə, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb. Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Mansurova Nəzrin Aydın qızı müalicə aldığı xəstəxanada vəfat edib.

İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib. Məsələ ilə bağlı mərhum Nəzrin Mansurovanın atası Aydın Abışzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, məhkəmə hələ baş tutmayıb:

“Şikayəti edən, Sənanı həbs etdirən kürəkənimdir. Bu yaxınlarda Apellyasiya Məhkəməsinə müraciət olunmuşdu, lakin rədd edilib. Yəni ev dustaqlığına çıxmaq istəyib, amma məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Bu 2 ay ərzində çox şey bəlli olacaq”.

O, səhiyyənin vəziyyətindən də şikayətlənib:

“Səhhətimdə ciddi problem yaranmışdı. Açığı, yarımcan vəziyyətdəyəm. Hərəkət edə, heç bir iş görə bilmirəm. Bu hadisə məni məhv etdi. Ürəyimə stent taxılıb, amma kifayət etmir. Həkim deyir ki, əməliyyat olunmalıyam, amma mən inanmıram. Tibbin vəziyyəti elədir ki, əməliyyata getsəm, öləcəyimdən qorxuram.

Azərbaycan kardioloji xəstələrin ölüm sayına görə dünyada birinci yerdədir. 50-60 il elmə xidmət edən alimlərimiz adi vətəndaş kimi yaşayırlarsa, bəzi həkimlər özlərini sanki ölkənin sahibi kimi aparırlar. Xəstədən 10 min manat alırlar, xəstə narkozdan ayılmamış pulu bölüb evlərinə gedirlər. Xəstə öldü-qaldı, heç vecinə alan yoxdur. Hansı həkim indiyə qədər xəstəni öldürdüyü üçün pulunu geri qaytarıb?”

Aydın Abışzadə bildirib ki, sosial şəbəkələrə həkim reklamı həddən artıq çoxdur:

“Kimisi “uzman fizioterapevt”, kimisi “uzman dental”, kimisi “uzman varikoz” kimi təqdim olunur. Hamısına yazıram, yazan kimi dərhal cavab verirlər, qəbul günləri, nömrələr yazırlar. Amma profilində harada təhsil aldığı belə qeyd olunmur. Ancaq biznesdir. Bunlar həkim deyillər, fərasətli adamlardır. Mənim böyük qızım 2012-13-cü illərdə 580 balla Tibb Universitetinə daxil ola bilmədi. İndi mənim həmin qızım kimya sənayesi üzrə oxudu, Elmlər Akademiyasında baş elmi işçidir. Yəni məsələ səhlənkarlıqdır, həkim işində diqqətli olmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti