Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkələrdə məktəblərlə bağlı yazılan statusa şəxsən özünün cavab yazması maraqlı müzakirələrə yol açıb.

Sosial şəbəkə istifadəçiləri digər nazirlərin, məmur və deputatların da hadisələrə belə çevik reaksiya verməli olduğunu bildirirlər.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramov mövzu ilə bağlı TNS-ə deyib ki, məmurlar, deputatlar xalqın fikir və rəyini nəzərə almalı, vətəndaşları maraqlandıran suallara aydınlıq gətirməlidirlər: “Bizdə belə məmurların sayı təəssüf ki, azdır. Məsələn, "Azəriqaz"ın əvvəlki rəhbəri Ruslan Əliyev Azərbaycanda bu məsələdə nümunə göstərirdi. Ölkənin bütün kənd, qəsəbə, şəhərlərində görüşlər keçirir, əhalinin problemlərini yerində dinləyib, həllinə çalışırdı. Sosial şəbəkələrdə tez-tez canlı yayıma birbaşa özü çıxırdı. Yəni, bizdə belə nümunələr olub, amma bu, indi çox az halda baş verir. Məmurun vəzifə öhdəliyidir ki, birbaşa vətəndaş ilə əlaqə yaratsın. Bütün qurumlar demək olar ki, belə işləri mətbuat xidmətlərinə həvalə edirlər. İndi qurumlar və orada olan idarəedici şəxslər problemi özlərindən uzaqlaşdırmaq üçün mətbuat katiblərini önə çıxarırlar. Həmin şəxs də çalışır ki, işlədiyi qurum haqqında mediada ancaq yaxşı məlumatlar getsin. Nəticədə məmurla vətəndaşın təması kəsilir”.

Sosioloqun fikrincə, mətbuat xidmətləri ümumiyyətlə, ləğv olunmalıdır: “Mütləq şəkildə hər idarənin, nazirliyin, komitənin rəhbəri, müavinləri, şöbə müdirləri öz sahəsində birbaşa vətəndaşlarla əlaqə yaratmalıdırlar. Onların qəbul günləri olmalı, sosial şəbəkələrdə çıxış etməlidirlər. Hər həftə jurnalistlərin suallarını cavablandırmalı, brifinq keçirməlidirlər. Nümunəvi cəmiyyət olmaq istəyiriksə, məmurların belə fəaliyyət göstərməsi lazımdır. Onda dövlət ilə cəmiyyət arasında möhkəm bağ yaranır. Hamıya aydın olur ki, hansı sahədə nə işlər görülür. Cəmiyyətdə aktiv ictimai iştirakçılıq məsələsi olmalıdır”.
 
Ardını oxu...
Virtual oyun sindromu; azyaşlıları bu bataqlıqdan necə çıxarmalı?

“Qorxu oyunlarını çox sevirəm. Oyuna gün içində 2-3 saat vaxt ayırıram. Ancaq həftəsonları dərsim olmayanda 4-5 saat oynayıram. Bəzi oyunların son mərhələsi elə qurulub ki, onu keçə bilməsək, o vaxtacan sərf edilən 3-4 saat boşa gedir, oyun sıfırlanır. Həmin mərhələdə oyunçu çox stressli və əsəbi olur. Oradakı dostlar realdan fərqlənir. Onlara “kiber dostlar” deyilir. Bu dostlar daha çox başqa ölkələrdən olur. Oynayarkən insan nə qədər dərin fokuslansa, o qədər rahat qazanır. Oyunun ən cəlbedici tərəfi real həyatdan fərqli, rəngarəng olmasıdır. Realda edə bilmədiyimiz şeyləri oyunda edə bilirik. Məsələn, real həyatda kosmosu gəzə bilmirik, uça bilmirik. Amma oyunda bunlar mümkündür”.

Bakı sakini, 16 yaşlı Teymur Muradlı Pressklub.az-ın əməkdaşı ilə söhbətində virtual oyunların ovsunlayıcı tərəflərindən danışıb. Deyir ki, oynayarkən insan vaxtın necə keçdiyini anlamır.

Texnoloji inkişafın faydaları ilə yanaşı, xeyli zərərli tərəfləri də var. Uşaqlarda və yeniyetmələrdə telefon, oyun aludəliyi yaranıb. Günün böyük qismini oyuna ayıraraq real həyatdan qopur və virtual həyatın qurbanına çevrilirlər. Nəticədə zaman keçdikcə ciddi sağlıq problemləri ilə üzləşirlər – həm fiziki, həm psixoloji. Valideyn məsuliyyətsizliyi və nəzarətsizliyi ucbatından uşaqların həyatı təhlükədədir.

Format baxımından internetli və internetsiz oyunlar var. İnternetsiz oyunlar çox zaman oyun zallarında, internetli olanlar isə mobil telefon və ya kompüterdə oynanılır. Uşaqlar üçün daha riskli olanlar internetli oyunlar hesab edilir. Çünki oyun zallarında uşaqlar kütləvi formada toplaşır, oyuna fokuslansalar da, bir-biriləri ilə ünsiyyət də qura bilirlər. Yəni, real həyatdan, ünsiyyətdən tam qopmurlar, təklənmirlər. Amma bu o demək deyil ki, oyun zalları təhlükəsizdir.

Oyun zallarındakı oyunların uşaqlarda yaratdığı problemlərdən Pressklub.az-a danışan “Jannet Games” oyun zalının sahibi Ağa Dadaşzadə deyir ki, uşaqlar döyüş və qorxu oyunlarına maraq göstərdiyinə görə, ciddi psixoloji problemlərlə üzləşirlər.

“Yüksək məbləğə yüklənən bəzi döyüş oyunları var. Onlarda mərhələni keçmək çox çətindir. Oyun yaradıcıları qəsdən belə edib ki, çox oynanılsın və asılılıq yaratsın. Asan mərhələli oyunların istifadəçisi az olur. Bu döyüş növlü oyunlarda 6-7 mərhələ keçmək üçün günlərlə vaxt sərf edilir. Uşaqlarda bunu oynadıqdan sonra aqressiya yaranır. Oyunda müxtəlif fəndlər olur. Onlar bu fəndləri istifadə etdikcə psixoloji təsirə məruz qalırlar. Sonra da realdakı insanların üzərində bu fəndi tətbiq etmək istəyirlər. Oyunu 3D formatında elə dizayn ediblər ki, realdan seçilmir. Ona görə də daha çox diqqət çəkir və pərəstişkarı çox olur”.

Müsahibimiz deyir ki, uşaqlara güləşdən sonra psixoloji təsir edən digər oyun növü virtual futbol oyunlarıdır. Reallığa yaxın olan bu futbol oyunlarında bəzən ədalətsizlik olur. Zərbələr sayılmır, hakim haqsızlıq edir. Bu da insanda əsəb pozğunluğu yaradır. Oyun yaradıcısı belə edərək uşaqların əsəbini korlayıb, qazanmaq əzmi yaratmaqla, onları oyuna daha çox bağlayır.

Sahibkarın sözlərinə görə, uşaqlar oyuna aludə olduqdan sonra onları oyundan ayırmaq çox çətindir: “Bəzən oyunların mərhələsi rahat, lakin uzun olur. Məsələn, mərhələni keçmək rahat olsa da mərhələ artdıqca dəqiqəsi də artır. Nəticədə oyunçu vaxtın necə keçdiyindən xəbərsiz olur”.

Dadaşzadə hesab edir ki, uşaqların sağlamlığı üçün valideynlər onları nəzarətdə saxlamalıdır. 40 dəqiqə və ya 1 saatdan artıq oynamağa icazə verilməməlidir.

Müsahibimiz oyun zallarından başqa, onlayn oyunlara da münasibət bildirib. O, deyir ki, onlayn oyunlar daha təhlükəlidir. Çünki bu oyunlar uşaqlarda təhqirlər, ədəbsiz sözlər, bir-birinin parolunu oğurlamaq kimi mənfi keyfiyyətlər formalaşdırır: “Çalışmaq lazımdır ki, valideynlər uşaqlarını onlayn oyunlardan çəkindirsin. Ümumiyyətlə, bütün oyunlardan az istifadə edilməlidir. Həmçinin uşaq oyunlarla məşğul olarkən dərslərindən yayınır. Bunun fəsadları 2-3 ilə dəhşətli formada özünü göstərir”.

Azyaşlıların qorxu və şiddət konseptli oyunlara maraq göstərməsi o demək deyil ki, əyləncəli oyunlar yoxdur. Əyləncəli, məntiqli və s. formatda daha az zərərli oyunlar da var. Amma təəssüf ki, uşaqlar bu oyunlardan uzaqdır. Ona görə də valideynlər uşaqlarının nə oynadığına, neçə saat oynadığına nəzarət etməlidir. Uşağının qorxu və şiddət oyunu oynamasına maneə olmalı, tamamilə oyundan uzaqlaşdıra bilməsə belə, heç olmasa əyləncəli və düşündürücü oyunlara istiqamətləndirməlidir.

İnformasiya və Kommunikasiya Texnologiyaları mütəxəssisi (İKT) Fərhad Mirəliyev mövzu ilə bağlı Pressklub.az saytına açıqlama verib. O, deyir ki, oyun asılılığı tütün və ya alkoqol aludəçiliyi qədər zərərlidir.

“Oyun aludəsinin beynində mükafat sistemi formalaşır, qalibiyyətdən sonra da xoşbəxtlik hormonu deyilən dopamin ifraz olunur. Sonradan aludədə bu hərəkətləri təkrarlamağa stimul yaranır, çünki insan ondan həzz alır”.

Mütəxəssis deyir ki, insanın uzun müddət eyni vəziyyətdə qalması ilə bədənin müəyyən hissələri həddindən artıq yüklənir. Yəni, hərəkətsizlik olur. Bu da müxtəlif sağlıq problemlərinə səbəb ola bilər.

Müsahibimizin sözlərinə görə, virtual oyunlarda oyunçu ölə və canlana, uça, öldürə bilər. Yəni, realda mümkün olmayan bir çox şey virtual aləmdə mümkündür. Ona görə də azyaşlılar bu oyunlara aludə olur.

F.Mirəliyev uşaqları bu təhlükədən qorumağın yollarından da bəhs edib. O, hesab edir ki, yeniyetmələrdə oyun aludəliyinin qarşısını almaq üçün uşaqla qarşılıqlı ünsiyyət qurulmalıdır. Çox vaxt ünsiyyət çatışmazlığı olduqda, yeniyetmə özünü tam ifadə edə bilmir. Ona görə də oyunlar onun həyatında üstünlük təşkil etməyə başlayır: “Valideynlər uşaqlarında oyun asılılığından şübhələnsə, uşaqları ilə daha çox vaxt keçirməlidirlər. Məsələn, birlikdə velosiped sürmək, boulinq oynamaq, konsertə getmək, idman və ya yaradıcılıq dərnəyinə yazılmaq kimi fəaliyyətlər seçilə bilərlər. Əsas məqsəd uşağa real dünyadan müxtəlif yollarla həzz almağı öyrətməkdir”.

Məlumdur ki, insan uzun müddət ekrana baxdıqda gözlərini daha az qırpır və nəticədə buynuz qişası qurumağa başlayır. Nəticədə görmə problemi yaranır. Həmçinin oyuna uzun müddət sərf edənlərdə yuxu pozğunluğu, narahatlıq, əsəbilik və əhval dəyişikliyi kimi psixi pozğunluqlar müşahidə edilir.

Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb. ÜST-nin psixoaktiv maddələr və asılılıq yaradan davranışlar üzrə eksperti Vladimir Poznyakın sözlərinə görə, indi oyun asılılığı psixi pozğunluğun bir növü kimi tanınır. O, qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Yəni, valideynlər bayram günlərində uşaqlarına xüsusi diqqət göstərməli, onları aktiv əyləncəyə cəlb etməlidir.

İndiki uşaqlar cəmiyyətdən uzaqdır. Öz dünyaları var. Hətta tərpətməsən, otağından kənara da çıxmaz. Oyun və təklik onların həyat qayələrinə çevrilib. Texnologiyanın inkişaf etmədiyi, rəqəmsal eradan əvvəlki vaxtlarda uşaqlar həyətə düşər, maraqlı oyunlar oynayıb, söhbət edib, əylənərdilər. Hələ bayram günlərində sevincdən səhər yuxudan qalxan kimi həyəcanla həyətə atılardılar. İndi isə nəinki adi günlərdə, heç bayram günlərində də həyətdə uşaq tapılmır. 3-4 nəfər olar, ya olmaz. Onlar da tez sıxılıb, evə - virtual aləmə qaçırlar.

Virtual oyunlar uşaqlarda ünsiyyət problemi, asosiallıq, ətrafındakılara qarşı aqressiv davranışlar kimi problemlər də yaradır. Yəni, uşaq cəmiyyətdə özünə yer tapa bilmir. Hər kəsdən uzaqlaşır, sosial həyatı olmur.

Bununla bağlı Pressklub.az saytına açıqlama verən sosioloq Nail Cəlil deyir ki, virtual oyunlara aludə olan uşaqlar özünü cəmiyyətdən təcrid edir.

“Uşaqların texnologiyalara müəyyən qədər bələd olması, oyun vərdişlərini mənimsəməsi beynin inkişafı baxımından yaxşıdır. Amma hər oyun beyni inkişaf etdirmir. Etdirənlər isə bu yaxşılıqla yanaşı, ciddi problemlər də yaradır. Çünki oyunlar virtual olsa belə, onların meydana gətirdiyi təhlükələr var. Bu oyunlar asılılıq, aqressiya yaradır, qeyri-adekvat davranışa, bir sıra hallarda özünəqəsdə təhrik edir, psixoemosional, sosial və psixofizioloji inkişafla bağlı müxtəlif problemlər doğurur”.

Sosioloq deyir ki, uşaqları bu təhlükədən qorumaq üçün cəmiyyət, valideynlər, dövlətin müvafiq qurumları məsuliyyət daşıyır və bu istiqamətdə hərəkətə keçməli, önləyici addımlar atmalıdırlar: “Oynamaq, əylənmək uşaq təbiətinə xas olan xüsusiyyətdir. Onların davranışını müəyyən yaşa qədər böyüklər tənzimləyir. Bu baxımdan, həll, nəzarət mexanizmini də onlar fikirləşməlidir”.

Müsahibimizin sözlərinə görə, hər bir uşağa vaxt bölgüsünü, cavabdehlik hissini, özünə və başqalarına qarşı etik, məsuliyyətli, sağlam davranışı aşılamaq lazımdır.

Oyunların uşaqlarda yaratdığı gərginlik, stress, narahatlıq, depressiya, yuxu rejiminin pozulması fəsadların yalnız bir hissəsidir. Ən böyük problem odur ki, virtual oyunlara aludə olan uşaqlarda digər insanları anlama prosesi çox zəifləyir, sosial ünsiyyət, canlı oyunlar kəskin məhdudlaşır, gerçək sosiallaşma, şəxsiyyət kimi formalaşma prosesi, sosial məsuliyyət hissi arxa plana keçir. Hətta elə oyunlar var ki, uşağın ölümü ilə nəticələnir.

Uşaq və yeniyetmə psixoloqu Gülnar Orucova virtual oyunların uşaqlarda yaratdığı psixoloji problemlərdən danışıb. O, Pressklub.az-a açıqlamasında bildirib ki, uzun müddət oyun oynayan uşaqlar zehni inkişafa görə digərlərindən 30 faiz geri qalır.

“Son zamanlarda bütün uşaqlar, hətta 1 yaşı olmamış körpələr də telefonla oynayır. Oyunlar uşaqların həyatını məhv edən, sağlamlığına ziyan vuran məşğuliyyətdir. Oyunlar dayaq-hərəkət aparatının pozulması, gərginlik, aqressivlik, narahatlıq, ünsiyyət problemi, əqli problemlər, emosional pozuntular, yuxu pozğunluğu, pis vərdişlər, sosial bacarığın zəifləməsi, diqqət pozğunluğu yaradır. Hətta bəzi oyunlar intiharlara səbəb ola bilər. Bundan əlavə, fasiləsiz oynamaq gözün zəifləməsi, skalioz ( sütununun əyriliyi-red), kifoz(onurğanın döş nahiyəsinin önə doğru əyilməsi, donqarlaşması-red), lordoz(onurğa sütununda bel və omba hissədə önə olan əyrilik-red) kimi xəstəliklərin yaranması, eləcə də uşaqlarda yemək davranışının pozulması ilə nəticələnir. Yəni, telefona baxaraq həddən çox qida qəbul edəndə obez (bədən çəkisinin piy qatların hesabına artması-red) yarana bilər. Bəzən isə uşaq saatlarla oyun oynayır və ac qalır”.

Müsahibimizin sözlərinə görə, “pubg” kimi oyunlar uşaqlarda aqressiya, stressə davamsızlıq yaradır. Həmin vizual, fantastik aləmi realda yaratmaq istəyirlər.

Psixoloq deyir ki, valideynlər nəzarətdən əlavə, vaxtaşırı, 6 aydan bir uşağını psixoloqa aparmalıdır: “Təəssüf ki, bizim valideynlər bunu etmir. Bütün dünyada hər ailənin psixoloqu var. Amma Azərbaycanda bu yoxdur. Çünki bizdə psixoloqa gedənə ruhi xəstə kimi baxırlar. Ona görə uşaqlarda bu problemlər çoxalır”.

Məlum oldu ki, son zamanlarda azyaşlıların kütləvi şəkildə oyunlara aludə olmasının müxtəlif səbəbləri var. Uşaq realda yaşaya bilmədiyi şeyləri virtual oyunlarla gerçəkləşdirir. Əvvəllər televiziyada sehrli kinolar yayımlanırdı. Uşaqlar bu kinoların təsiri ilə sehrli güclərinin olduğunu düşünüb, uçmağı, zamanda səyahəti, görünməz olmağı və s. arzulayırdılar. Sonra anidən bütün sehrli kinolara qadağa qoyuldu ki, uşaqların psixologiyasına təsir edir. O kinolar heç olmasa, uşağı əyləndirir, sehrli olmağın xəyalını qurdurur, xəyal gücünü genişləndirirdi. İndi isə həmin kinoları virtual oyunlar əvəzləyib. Özü də o kinolardan qat-qat zərərli formada. Bu oyunlarda uşaqlar xəyal qurmur, xəyal olacaq fantastik şeyləri reallaşdırırlar. Sonra da real həyatdan sıxılıb, darıxdırıcı olduğunu düşünürlər. Ona görə də bu oyunlar uşaqlarda asılılıq yaradır.

Əlbəttə, uşaqların oynayıb, əylənməyə haqqı var. Amma atalarımız əbəs yerə deməyib ki, hər şeyin çoxu zərərdir. Uşaqlar onlar üçün nəyin doğru, nəyin yanlış olduğunu ayıra biləcək yaşda deyillər. Buna nəzarət edib, doğrunu da, yanlışı da uşağına öyrətmək valideynin borcudur. Bəzi valideynlər uşağını çox sevsə də, yanlış sevir. Belə bir məsəl var: pişik balasını çox istədiyindən yeyər. Baxın, təəssüf ki, indiki valideynlərin çoxu bu pişik kimidir. Yəni, elə uşaqlar var ki, telefon və ya kompüter əlindən alınan kimi başlayır ağlayıb, çığırmağa. Valideyn də uşağının ağlamasına qıymayıb, aldığını yenidən geri qaytarır. Uşaq da istədiyini əldə edən kimi gözünün yaşını silib, xoşbəxtliklə işinə davam edir. Bu valideynlər düşünmür ki, uşağını həmin anlıq sevindirsə də əslində ona böyük zərər vurur. Yalnız zaman keçdikcə, fəsadlar üzə çıxdıqdan sonra gec də olsa, başa düşürlər.

Günay Elşən
Ardını oxu...
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bütün hüquq və imtiyazların tətbiqi, həmçinin onların reabilitasiyası, pulsuz dərmanlarla təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması və digər istiqamətlərdə ölkəmizdə müvafiq işlər görülür.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əlilliyi olan şəxslər pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur:

Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara əsasən son illər aparılan islahatlar əlilliyə görə sosial ödənişlərin (pensiya, müavinət, təqaüd) də ciddi artımına imkan verib.

Məlumatda, həmçinin deyilib ki, 2018-2024-cü illərdə ölkəmizdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib:

“Həmin dövrdə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Qeyd olunan vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır”.

Qeyd edilib ki, şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin də mənzillə təminatı həyata keçirilir:

“Ötən dövrdə 16 min, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra 6,3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7770 avtomobil təqdim edilib. Eyni zamanda 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər, gözdən əlilliyi olan şəxslər dövlət tərəfindən mənzillə təmin edilir”.

Bildirilib ki, ötən dövrdə bu kateqoriyalardan olan minlərlə vətəndaş mənzillə təmin olunub:

“Məsələn, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək gözdən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Təkcə son iki ildə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 500-dən çox mənzil təqdim edilib və proses davam etdirilir. Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması təmin edilməklə, onun şəbəkəsi daha da genişləndirilib. Həmçinin reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib”.

“Beləliklə, qeyd olunan dövrdə aparılan işlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında əlilliyi olan 114 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub, bu kateqoriyadan olan şəxslərə 90 minə yaxın reabilitasiya vasitəsi verilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 490 şəxs 600 ədəd son nəsil müasir protezlə təmin olunub. 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə müvafiq dərman preparatları ilə də təmin olunurlar”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə xüsusi qayğının növbəti ifadəsidir:

“Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəzdə və onun ötən il İsmayıllıda açılşı olan “DOST EVİ” filialında benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. Eləcə də Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb”.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradıldığı sosial xidmət müəssisəsidir:

“Burada müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslər də stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Hazırda həmin sosial xidmət müəssisəsində 42 nəfər yaşayır ki, onlardan 5 nəfəri əlilliyi olanlardır. Həmçinin sosial xidmətçilər tərəfindən tənha şəxslər evlərində sosial xidmətlə təmin edilir ki, onlardan bir qismi də əlilliyi olan şəxslərdir. Qeyd olunanlarla yanaşı, hər il əlilliyi olan minlərlə şəxs sanator-kurort yollayışları ilə təmin olunur”.

Bildirilib ki, ölkəmizdə infrastrukturun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu, yəni, onlar üçün müyəssər olması milli qanunvericilikdə də əksini tapır:

“Yeni infrastruktur layihələrinin icrasında, yeni tikililərdə bu amil mütləq şəkildə nəzərə alınır. Köhnə tikililərdə də artıq bu sahədə müəyyən uyğunlaşdırma işləri aparılır. Ümumilikdə, infrastrukturun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə müyəssərliyinin təmin olunması istiqamətində ardıcıl proses həyata keçirilir. Təkcə bu ilin 11 ayında əlilliyi olan 10,3 min şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlərlə təmin edilib. Eyni zamanda, ötən dövrdə əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb”.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslər üçün Peşə-əmək Reabilitasiyası Mərkəzində ötən dövrdə əlilliyi olan 3500-dək şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub:

“Ümumilikdə məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, onlar üçün xüsusi layihələr də icra olunur. Məsələn, bu il dekabrın 2-də Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi çərçivəsində 18 şəxsə layihə üzrə seçimlərinə uyğun olaraq sintezator, nağara, saz, gitara təqdim edilib. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biri kimi milli qanunvericilikdə təsbit olunub. Əmək Məcəlləsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir”.

“Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcə) əlilliyi olan işçilər üçün iş saatı həftəlik 36 saatdan artıq olmamalıdır. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Onlara özlərinin xahişi ilə bir təqvim ayınadək bir iş ilində ödənişsiz məzuniyyət verilir. Əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər”, - deyə məlumatda bildirilib.
 
Ardını oxu...
 

Hüquq müdafiəçisi: “Bu məsələ cənab Prezidentin səlahiyyətindədir və istənilən vaxt əfv sərəncamı verilə bilər”

Dekabrın sonu Azərbaycan üçün təkcə təzə təqvim ilinin başlanğıcı hesab olunmur, 31 dekabr eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmin günlə bağlı əfv gözlənilirmi? Əfv komissiyasında bir hərəkətlənmə varmı, bu ay olacaqmı?

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ötənlərdə 31 dekabrda cənab Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Lakin son 5 ildə əfv sərəncamları daha çox Novruz bayramı, böyük tarixlər və may ayında imzalanıb. Məsələn, 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı mayda 801 məhbusu əhatə edən əfv sərəncamı verilmişdi. 2018-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 28 May Respublika Günü münasibətilə 634 məhbus əfv olunmuşdu.

Ardını oxu...

Bu ilin may ayında isə 160 nəfərə yaxın məhbusun əfv olunduğunu qeyd edək. Bu baxımdan, dekabrın sonunda növbəti əfv sərəncamı olacağı ehtimalı o qədər yüksək deyil, amma bu məsələ cənab Prezidentin səlahiyyətindədir və istənilən vaxt əfv sərəncamı verilə bilər.

Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru davamlı olaraq müraciətləri qəbul edir, baxır və emal edir. Hər bir müraciətə görə arayış hazırlanır və Əfv Komissiyasının iclasları ərəfəsində cənab sədrə təqdim olunur.

Bu il bir sıra mühüm hadisələrlə yadda qaldı, o cümlədən parlament və prezident seçkiləri, həmçinin COP29 tədbiri keçirildi. Bütün bu hadisələrdən sonra ehtimal edirəm ki, növbəti əfv sərəncamı gələn ilin Novruz bayramı və ya may ayında ola bilər".

Ardını oxu...

 Novella Cəfəroğlu

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib: “Çox istərdim ki, hazırda məhkəmələri davam edən blogerlər, jurnalistlər, siyasi partiya üzvləri elə məhkəmədən ev dustaqlığına buraxılsınlar. Çünki 31 dekabr həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramıdır, bu münasibətlə onlara qarşı humanist addım atmaq olar. Monitorinq Qrupunun üzvləri olaraq hər zaman bu barədə müraciətlərimizi göndəririk. Hesab edirəm ki, son vaxtlar ölkəmizə qarşı təzyiqləri nəzərə alaraq, bu addımları atmaq olar. Həmçinin jurnalist Əvəz Zeynallının azadlığa çıxmasını arzulayıram.  Bu gün ölkəmizə qarşı "siyasi məhbus" məsələsi ilə bağlı xeyli qınaq gəlir. Demirəm ki, biz o qınaqlardan qorxuruq, sadəcə, çalışmaq lazımdır ki, digər dövlətlərin qarşısında Azərbaycan haqqında belə bir xoşagəlməz imic formalaşmasın. Bu baxımdan istərdim ki, hamısı azadlığa çıxsın. 

Bundan başqa, çox istərdik ki, ömürlük həbsə məhkum olunmuş, hazırda sayları 2-3 nəfər qalmış OMON-çular, ömürlük həbs cəzasına məhkum olunanlar, hansı ki, 20 ildən çoxdur ki, məhbus həyatı yaşayırlar, bəziləri hətta Birinci Qarabağ müharibəsində iştirak ediblər, onların əfvə düşməsini arzulayırıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 
 
Ardını oxu...
Bu vəziyyət əvvəllər niyə səlahiyyətlilərin yadına düşmürdü?

Paytaxtda keçirilən Beynəlxalq İqlim Konfransı (COP29) “8-ci kilometr” bazarında küçə ticarət obyektlərinin fəaliyyətinə son qoydu. Bu sahəyə cavabdeh olan məmurlar birdən-birə başa düşdülər ki, bu ən böyük və ən “təmiz” şəhər yarmarkasında sanitar normalar və gözəl mənzərə yoxdur.

Nizami Rayon İcra Hakimiyyətinin beynəlxalq tədbir öncəsi açıqladığına görə, sən demə, antisanitar vəziyyətin aradan qaldırılması və ərazinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ərazini qanunsuz ticarət obyektlərindən təmizləməklə yanaşı, paytaxtın ümumi görkəmini daha da yaxşılaşdıracaq.

Bu vəziyyət əvvəllər niyə yada düşmürdü? Mağaza sahibləri səlahiyyətli şəxslərin xəbəri olmadan qanunsuz fəaliyyətlə məşğul ola bilərdilərmi?

Bütün bunlar başqa müzakirə mövzusudur. Lakin yaranmış vəziyyət ölkəmizdə küçə ticarətinin vəziyyəti ilə bağlı qızğın müzakirələrin başlanğıcı oldu. Bu sahəyə qanuni olaraq kim nəzarət edir və niyə beynəlxalq tədbir ərəfəsində pərakəndə satış obyektlərinin bir çox sahibləri, öz sözləri ilə desək, çətin vəziyyətə düşdülər?

İqtisadi cameənin əksər nümayəndələri bildirirlər ki, küçə ticarəti dünyanın hər bir ölkəsində mövcuddur. Azərbaycan da bu baxımdan istisna deyil. Buna görə də problem fenomenin özündə deyil, belə bir işi idarə etmək üsullarındadır.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, küçə ticarəti hər yerdə var: “Hara getsəniz - istənilən ölkəni götürün - hər yerdə küçələrdə ticarət görərsiniz: kiçik küçə yarmarkaları, səyyar mağazalar. Mənim digər müşahidəm budur ki, bütün bu sahə yaxşı təşkil olunub və effektiv şəkildə tənzimlənib. Qardaş Türkiyədə bu növ biznesin inkişaf etdiyi də heç kim üçün yeni xəbər deyil. Qonşu ölkənin şəhərlərinin küçələrindəki səyyar ticarət obyektlərinə bələdiyyələr nəzarət edir - özünüidarəetmə orqanları lisenziya verir, qanunu pozanlarla da mübarizə aparır”.

Həmsöhbətimizin müşahidələrinə görə, Avropa ölkələrində belə ticarətə bələdiyyə nəzarəti yaxşı təşkil olunub: “Avropada küçə satıcılarının lisenziyası səyyar pərakəndə satış obyektlərinin tənzimləyicisi funksiyasını yerinə yetirən yerli özünüidarəetmə orqanlarının əsas gəlir mənbəyidir. Bizdə yerli özünüidarə institutu açıq-aşkar ölü doğulduğundan, küçə ticarəti isə yerli polis əməkdaşlarının əlində olduğundan bu yol bizdə tətbiq edilmir. Təbii ki, burada heç bir sanitar normalara nəzarət edilmir, ödənişlər büdcədən yan keçərək şəxsi ciblərə axır”.

“Beləliklə, bizim vəziyyətimizdə ayrı-seçkilik olmadan küçə ticarəti problemi daha dərindədir. Bu sahənin normal işləməsi üçün özünüidarəetmə orqanlarının, şəhər rəhbərliyinin fəaliyyətini qurmaq, səlahiyyətli şəxslərin seçilməsi üçün səmərəli sistem yaratmaq lazımdır. Yalnız bu halda küçə ticarəti subyektləri sivil və şəffaf işləyəcək, sanitar normalara riayət edəcək, lisenziya alıb vergi ödəyəcək”, - deyə Cəfərli vurğulayıb.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə fərqli düşünür: “Yolların yaxınlığında və səkilərdə yerləşən pərakəndə satış məntəqələri piyadaları çaşdırır - bəzən piştaxtalar və rəflər səkiləri tutaraq insanları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir. Ölkənin əsas şəhərinin yol şəbəkəsi artıq çox sıxdır, ona görə də paytaxtın hərəkətli hissəsindəki köşklərə və piştaxtalara başa düşülən dərəcədə ehtiyatla yanaşmaq lazımdır”.

“Onsuz da zəbt olunmuş piyada yollarının parametrləri nəzərə alınmadan onları səkilərdə quraşdırmaq olmaz. Axı bu, əlil arabası istifadəçiləri, uşaqlı yoldan keçənlər və bir çox digər piyadalar üçün böyük narahatlıq yaradır”, - deyə o söyləyib.

Öz növbəsində Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynov AYNA-ya söyləyib ki, şəhərin küçələrini sadəcə mağaza sahiblərinin ixtiyarına buraxmaq olmaz, amma: “Bununla belə, küçə satıcılarını dünyanın bir çox, hətta ən məşhur şəhərlərində görmək olar. Bir qayda olaraq, bələdiyyələr bu sahədəki tədbirlərə nəzarət edir. Yerli özünüidarəetmə orqanları lazımi qayda-qanun yaradır. Nəticədə vətəndaşlar əlçatan xidmət alır və biznes inkişaf edir - heç kim zərər görmür”.

Müəllif: Emma Rzayeva
ayna.az
 
 
 
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir. O, parlamentdəki çıxışında “Əgər vətəndaş heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə uyğun ola bilər?” fikirlərini səsləndirib.

Maraqlıdır ki, bu gün ölkəmizdə bir çox müəssisələr iş təcrübəsi olmayan şəxsləri işə götürmür. Bu halda işsizlərin işlə təminatı necə həyata keçirilməlidir ki, gələcəkdə pensiya hüququndan istifadə edə bilsinlər?

Tribunainfo.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev öz fikirlərini Bakues.az-la bölüşüb.

Onun sözlərinə görə, nazirin vurğuladığı fikirlər “Əmək pensiyaları haqqında” və eyni zamanda “Sosial sığorta haqqında” qanunlarına əsaslanıb:

“Şəxsin əmək pensiya hüququnun olması üçün təxminən 25 il əmək stajına sahib olmalıdır. Eyni zamanda pensiya kapitalında 40 320 manat nəzərdə tutulub. Şəxs işləməlidir ki, onun pensiya kapitalından bəlli yığım əldə olunsun və gələcəkdə pensiya ala bilsin. İşləməyən insanlara isə yaşa görə müavinət nəzərdə tutulub”.

Ü.Şəfiyev qeyd edib ki, ölkəmizdə işsizlik səviyyəsi statistika olduğu kimi 5.6 faiz təşkil edir. Hökumət işsizliyin aradan qaldırılması üçün hər bir ölkə kimi, Azərbaycan da müvafiq addımlar atır:

“Yeni iş yerlərinin açılması məsələsi bütün ölkələrdə prioritet lərdən biridir. Hər il Azərbaycanın əmək bazarına 100 min işçi daxil olur. Lakin buna baxmayaraq, ölkədə 300 min nəfər işsiz var. Bu şəxslərin işlə təmin olunması üçün addımlar atılır. Sadəcə olaraq, yeni iş yerləri əmək bazarına uyğun kadr hazırlığı fonunda təşkil olunmalıdır. Hazırda ölkədə 60 min işləyən pensiyaçı var. Bu şəxslər pensiyaya çıxanda yerinə işsizlər cəlb oluna bilər”.

Sosioloq hesab edir ki, işsizlər əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahib olmağa çalışmalıdırlar.
 
Ardını oxu...
Burda qeyd olundu ki, biz minimum pensiyanı artırdıqca pensiyaya çıxmaq üçün pensiya kapitalı artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinliklər yaradır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Yenə də birinci cavab ondan ibarətdir ki, biz pensiyanı artıraq, yoxsa artırmayaq. Əgər artırırıqsa, bu da olmalıdır. Bu, sığorta sistemidir, birini edib digərini etməmək qeyri-mümkündür, biz sistemi dağıdacağıq. Biz axı eyni zamanda çox böyük bir amnistiya proqramı elan etdik. 2019-cu ildə Azərbaycanda bir qəpik belə sosial sığorta ödəmiş insana 25 il sosial sığorta stajı amnistiya ilə hədiyyə edildi və bunlar da pensiya sisteminə girə bilirlər. Bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir. 25 il ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Ona görə də biz bu gün bu problemin aktual olduğunu düşünmürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim etmiş oluruq”, - deyə nazir bildirib.
 
Ardını oxu...
2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir.

Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi çərçivəsində bu məsələ də gündəmə gətirilir. Deputatlar vəsaitin azlığını, bu qəbildən olan insanların ehtiyaclarını ödəmədiyini bildirir.

Məsələn, deputat Arzuxan Əlizadə bildirib ki, 2019-cu ildən 5 il keçib: “Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki 80 manat məbləğində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da həmin zaman təxminən 70 ABŞ dolları edirdi. 70 ABŞ dolları bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır və həssas təbəqə olan veteranlarımızla bağlı artımlara gedilməsi məqsədəuyğun olar”.

Deputat Razi Nurullayev isə 80 manatın iki dəfə artırılmasına ehtiyac və tələb olduğunu deyib.

Ümumiyyətlə, vəsaitin kəskin artırılması gözləniləndirmi?

Məsələ ilə bağlı TNS-ə danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli qeyd edib ki, ölkədə təqribən 170 minə yaxın veteran var və onların aldığı 80 manatlıq müavinət kifayət qədər kiçik məbləğdir: “Uzun müddətdir ki, veteranlara verilən məbləğin artırılması ilə bağlı müzakirələr gedir. Yəqin ki, gələn ilin dövlət büdcəsində bununla bağlı müəyyən artımlar nəzərdə tutulur. Amma təəssüf ki, məbləğin, ən yaxşı halda, 100 manata qaldırılması gözlənilir”.
 
Ardını oxu...
“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq”.

Bunu “Yeni Sabah” a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək!

O, parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə YAP-çı deputat Siyavuş Novruzov və əmək və əhalinin sisial təminatı naziri Sahil Babayevin “deyişməsi” ilə başlayan mübahisə rəy bildirib.

Xatırladaq ki, Novruzov mübahisə zamanı deyib: “Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən 3 gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə 2 inək 1 illik zəmanət verilir. Heç olmasa, 3 aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.

Nazir Sahil Babayev isə irada belə cavab verib: “Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur”.

Öz növbəsində, Vahid Məhərrəmov qeyd edib:

“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq. Həm mətbuatda, həm də sosial şəbəkələrdə.

Kifayət qədər faktlar var. Tələyə düşən şəxslərin ünvanı və kimliyini də açıqlamışıq. Təəssüf ki, bu hal hələ də davam edir. Daha ucuz, çıxdaş edilmiş, xəstə, qoca və bala salmış heyvanları sağlam inək kimi işsiz insanlara təqdim ediblər. Həmçinin, verilən otun həcmi az, keyfiyyəti isə pis olub. Buna görə bir çox vətəndaş ziyan çəkib.

Heyvanı təhvil alan şəxs onu bəsləyir, baytara aparır və onun yazdığı dərmanlara xeyli vəsait xərcləyir. Bir müddət sonra heyvan tələf olduqda isə vətəndaşa külli miqdarda zərər dəyir.

Bütün heyvanların tələf olduğunu, yaxud hamısının xəstə, qoca heyvan olduğunu demirəm. Elə vətəndaşlar da var ki, özünəməşğulluq proqramı çərçivəsində ona verilən heyvana yaxşı qulluq etmir. Yaxud fakt var ki, vətəndaşa daha məhsuldar heyvan veriblər, lakin o, yemləməni və sağımı vaxtında həyata keçirməyib”.

Ekspert məsələnin həlli istiqamətindən söz açıb:

“Bir vaxtlar Hadı Rəcəbli belə bir təşəbbüslə çıxış edəndə bildirdik ki, bu fikri reallaşdırmaq üçün kəndliyə heyvan verilirsə, torpaq sahəsi də ayrılmalıdır. Yəni örüş və biçənək ərazisi olmalıdır ki, kəndli həmin sahədə o heyvanı otarsın və biçənək ərazisindən ot, yem əldə edib heyvanı saxlaya bilsin. Təkcə ot yox, inəyə xüsusi yem verilməli, həmçinin ona baxanlar xüsusi təlim keçməlidir. Təlimdə inəklərin hansı vaxt aralığında və neçə dəfə sağılması, əməl edilməli olan qulluq qaydaları barədə məlumat verilməlidir. Ancaq bu iş olduqca formal həyata keçirildi. Oliqarx məmurların təsərrüfatından bazara çıxdaş heyvanları çıxarıb dəyər-dəyməz, çox ucuz qiymətlə alıb yüksək qiymətlə sənədləşdirdilər”.
 

Dünyapress TV

Xəbər lenti