Ardını oxu...
Ədliyyə Nazirliyi bu ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarının daxil olduğunu açıqlayıb.

İcraatda olan aliment işləri üzrə 4 259 nəfərin axtarışda olduğu, inzibati qaydada həbs olunan şəxslərin sayının 1 051, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayının isə 98 nəfər olduğu bildirilib.

Rəqəmlər kifayət qədər çoxdur. Hər müraciətin arxasında ən azı bir uşağın hüquqlarının pozulduğunu nəzərə alsaq, bu rəqəmlər minlərlə uşağın hüquqlarının pozulmasından xəbər verir.

Bu sahədə olan problemlərin azaldılması üçün müvafiq qurumlar müxtəlif işlər aparır, müəyyən təkliflər səslənir. Amma problem yenə də minlərlə insanın həyat keyfiyyətinə təsir edir. Valideynlərin münaqişəsi uşaqlara təkcə iqtisadi deyil, psixoloji problem olaraq geri dönür.

Aliment problemini qismən azaltmaq üçün hansı tədbirlər həyata keçirilir və ya keçirilə bilər?

Ümumiyyətlə, problem nə qədər aktualdır? Bu sahədə azalma, yoxsa artım müşahidə olunur?

Bu sahədə qaydaların sərtləşdirilməsinə ehtiyac varmı? Hansı üsulların tətbiqi gözlənilir?

Problemlə bağlı TNS-in suallarını cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə bir sıra məqamlardan bəhs edib.

Komitə rəsmisi bildirib ki, ailələr arasında boşanma mərhələsi bitdikdən sonra quruma olan müraciətlərin yarısından çoxu alimentin ödənilməməsi məsələsi ilə bağlı olur.

Alimenti ödəməkdən boyun qaçıran, icra məmurunun tələblərini yerinə yetirməyən valideynlərin 500-1000 manat miqdarında cərimə olunduğunu, yaxud da onlara bir ay müddətində inzibati həbs tətbiq olunduğunu deyən T.Hüseynzadə bu məsələnin narahatlıq yaradan tərəflərindən danışıb: “Alimenti ödəməkdən imtina edən insanın 1000 manat cərimə olunması məntiqli sayılmır. Həmin insanın öz məsuliyyətini vaxtında dərk etməsi daha yaxşı olardı. Çünki cərimə ödəməkdənsə, məbləği uşağa verə bilər. Rəsmi iş yerləri olanlar üçün alimenti ödətdirmək daha asandır. İş yerindən sorğu olunur, gəlirləri müəyyənləşdirilir və aliment birbaşa gəlirindən tutulur. Belə olduqda problemi həll etmək rahatdır. Bir də heç yerdə işləməyənlər tərəfindən alimentin tutulması məsələsi var. Bilirsiniz ki, bizdə bir uşaq üçün yaşayış minimumu müəyyən olunur. Hər il də məbləğ artırılır. Ən son bu məbləğ 235 manat müəyyən olunub. İnsan tamamilə gəlirsiz olanda aliment həmin yaşayış minimumuna uyğun tutulur. Heç bir iş yeri olmayan şəxs aliment ödəmək iqtidarında olmayanda adına mülk varsa, aliment ora yönləndirilib alına bilər. Adına heç bir mülkiyyət olmayan insanlar da aliment verməkdən imtina edə bilmir. Bir yerdə yetkin insanın hüququ ilə uşaq hüququ kəsişirsə, uşaq mənafeyi üstün sayılır. Bu o deməkdir ki, şəxs bir manat belə qazanırsa, özü doymamışdan əvvəl uşağın alimentini ödəməlidir”.

Komitə rəsmisi bildirib ki, aliment məsuliyyətinin dərk edilməməsi, ödənilməməsi problemlərini azaltmaq üçün bu sahədə qaydaların sərtləşdirilməsinə ehtiyac var: “Biz bu məsələni araşdırmaq üçün bir sıra beynəlxalq təcrübələrə baxırıq. Məsələn, aliment öhdəliyi, borcu olan adamın sürücülük hüququnu məhdudlaşdıran ölkələr var. Qazaxıstan, Belarus, Gürcüstan, Latviya kimi ölkələr aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçıran adamların sürcülük hüququnu məhdudlaşdırır ki, insan məsuliyyətini dərk etsin. Hazırda bizim ölkədə bunlar yoxdur. Biz müzakirəsini aparmaq üçün müsbət nümunələrə baxırıq. Adını çəkdiyim ölkələr bizə daha yaxın ölkələrdir ki, biz onların tətbiq mexanizmini ölkəmizdə istifadə edə bilərik”.

Tural Hüseynzadə ölkəmizdə aliment öhdəliyini yerinə yetirməyənlərə qarşı hansı üsulla yanaşıldığını açıqlayıb: “Əgər, komitəyə valideynlərin uzun müddət yığılmış aliment öhdəliyi ilə bağlı müraciət varsa, biz Ədliyyə Nazirliyinin İcra baş idarəsinə məktub ünvanlayırıq. Alimentin ödənilməməsi, eyni zamanda, uşağa qarşı iqtisadi zorakılıq hesab olunur. Bundan başqa, Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti tərəfindən formalaşmış qrup çərçivəsində məktub hazırlanır və Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilir və ehtiyac olan məbləğin ödənilməsi üçün işlər həyata keçirilir, lazım olarsa, məhkəməyə cəlb olunur. Bu da bizim hazırda bu müstəvidə apardığımız işdir”.

O qeyd edib ki, son illərdə alimentlə bağlı müraciətlər stabildir, hətta artır: “Ailə münasibətləri bitdikdən sonra daxil olan müraciətlərin demək olar ki, 50 faizindən çoxu alimentlə bağlıdır. Hətta bəzi valideynlər alimentdən boyun qaçırmaq üçün öz maaşlarını aşağı göstərirlər. Halbuki, bonus və əlavələri olur və onları gizlədirlər. Bu zaman həmin insanın yaşayış səviyyəsinin aldığı maaşla uyğun gəlib-gəlmədiyi araşdırılır.

Məntiqli və vicdanlı yanaşılan məhkəmə mübahisəsi bunun sorğusunu aparmalıdır. Əlavə gəlirlərin olduğu müəyyən edildikdən sona deyək ki, 300 manatdan irəli gələn aliment məbləğini deyil, daha yuxarı gəlirdən irəli gələn aliment məbləğini müəyyən etməlidir. Bizim icraatımızda bu cür təcrübələr olub. Boyun qaçırmaq üçün aşağı maaş göstərildiyi müəyyən olunub. Araşdırılıb və iki uşağa görə 1000 manata qədər aliment alan valideynlər olub. Aliment bir uşağa görə ümumi qazancın dörddə biri şəklində müəyyən olunur. Deyək ki, şəxs 5 min qazanırsa, 1250 manat aliment verməlidir. İki uşağa görə qazancın üçdə biri, yəni 900 manat alırsa, 300 manat, 3 və daha çox uşaq olanda gəlirin yarısı aliment məbləği tutula bilər. Xüsusu hallar var ki, icraat haqqında qanuna görə gəlirin 70 faizə qədəri aliment kimi tutula bilər. Bu gəlir gizlədilməsi, borcların yığılması və s. hallarda ola bilir”.

Müsahibimiz bildirib ki, bu sahədə müzakirə mövzusu olan aliment fondu məsələsi tək bir qurumun yanaşmasından irəli gələn məsələ deyil: “Aliment fondunun bizim hüquq sisteminə uyğunlaşdırılıb-uyğunlaşdırılmaması məsələsi ətrafında müzakirələr aparılır, amma hazırki vəziyyətdə gündəmin aktiv mövzusu deyil. Amma sürücülük hüququnun məhdudlaşdırılması, şəxsin ölkədən çıxışına qadağa qoyulması kimi məsələlər bu sahədə qaydaları sərtləşdirməyə başlayar.

Elə insanlar var ki, alimenti qəsdlə ödəmir, prinsip aparır, intriqa yaradır. Onlar da lazım olduğu qədər məsuliyyətə cəlb olunur. Alimentin ödənilməsi məsələsində problemin cinsiyyəti yoxdur. Bəzi qadınlar özləri uşaqdan imtina edir. Aliment müəyyən olunduqda “mən qadınam, nə üçün pul ödəməliyəm?” deyənlər olur. Alimentin tərəfə yox, uşaq üçün ödənildiyini qarışdırır. Amma uşaqlar çox vaxt analarının yanında qaldığı üçün aliment problemi daha çox kişilərlə bağlı olur”.

Komitə rəsmisi alimentdən sui-istifadə iddiasına da aydınlıq gətirib: “Bizə kişilər müraciət edir və qadının alimentə görə boşandığını iddia edir. Amma əgər aliment ödəyən tərəf öz hüquqlarını yaxşı bilərsə, ödədiyi alimentin uşaq üçün xərclənib-xərclənmədiyinə nəzarət edə bilər. Belə ki, müvafiq qurumlara uşağın vəziyyətinin araşdırılması tələbi ilə müraciət edə bilər. Ödədiyi aliment məbləğinin uşağa hansı formada xərcləndiyini araşdıra bilərlər”.

Aygün İbrahimli
 

Ardını oxu...
Yeni tədris ilinin başlanmasına az vaxt qaldığı üçün məktəb alış-verişlərinə də başlanılıb. Valideynlər hər il olduğu kimi, bu il də məktəb ləvazimatlarıyla yanaşı, iş dəftərlərinə də xeyli pul sərf edirlər.

Bizim.Media-ya açıqlama verən valideyn Xuraman Ələkbərzadə deyib ki, onun iki övladı var və buna görə də hər uşaq üçün iş dəftərlərinə ayrıca pul verir.

“Ötən il bir övladım üçün 4 iş dəftərinə 13 manat, ümumi olaraq 2 uşaq üçün isə 30 manata yaxın pul ödədim. Hər uşaq üçün 2 riyaziyyat, 2 azərbaycan dili iş dəftəri alıram. Bunun səbəbi isə fənlərin 2 hissəli olmasıdır. Yəni, 1-ci hissə bitdikdən sonra 2-ci hissənin iş dəftərinə keçilir”.

Bəs hər il tələbatın böyük olduğu iş dəftərlərinin önəmi nədir? Bu vəsaitlər şagirdlərə həqiqətən lazımdır?

Məsələylə bağlı təhsil eksperti Elşən Qafarov bildirib ki, iş dəftərləri dərsliklərdəki mövzular üzrə əlavə tapşırıqlar, didaktik materiallardır:

“2013-cü ildə təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qəbul edildi ki, ümumi orta təhsil səviyyəsində hər bir şagird planşetlə təmin edilsin, dərsliklər, iş dəftərləri həmin planşetə daxil olsun. Ancaq çox təəsüf ki, biz onu yerinə yetirə bilmədik”, - deyə ekspert qeyd edib.

Elşən Qafarovun sözlərinə görə, iş dəftəri əlavə vəsait olduğu üçün şagirdin bilik və bacarıqlara daha yaxşı yiyələnməsinə kömək edir və burada müəllim hansı müəllifin vəsaitini bəyənsə, onu məsləhət görür".

İş dəftərlərini almaq məcburiyyətdir?

Bu məsələyə gəlincə ekspert qeyd edib ki, iş dəftərlərinin alınması ilə bağlı məcburiyyət yoxdur.
 
Ardını oxu...
“Araz Supermarket” MMC-yə inzibati protokol yazılıb.
XALQ.AZ-ın xəbərinə görə, protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır.

Xatırlatma: Müvafiq protokol mağazalar şəbəkəsi barəsində əvvəllər də bir neçə dəfə tərtib olunub.

Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu Qrup”a daxildir.
 
Ardını oxu...
Azərbaycan Respublikasının vətəndaşları xarici dövlət ərazisində (Azərbaycan Respublikasının hüdudlarından kənarda) nikah bağlaya bilərlər. Qanun buna yol verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 148-ci maddəsi məhz həmin məsələnin kollizion tənzimlənməsinə həsr edilib.

İlk növbədə qeyd edək ki, başqa dövlətin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları öz aralarında nikah bağlaya bilərlər. Bu halda, nikah onu qeydə alan xarici dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlanır. Məsələn, İsraildə yaşayan iki Azərbaycan Respublikası vətəndaşının bağladığı nikah dini nikah olacaqdır, ona görə ki, İsraildə yalnız dini nikah forması tanınır. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

İkincisi, Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətin ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaya bilər. Bu nikahlar, əgər iki şərtə əməl olunmaqla bağlanmışdırsa, Azərbaycan Respublikasında tanınır və etibarlı sayılır. Birinci şərtə görə, nikah onu qeydə alan xarici dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlanmalıdır. İkinci şərt isə nikahın bağlanmasına mane olan hallar olmamalıdır (AM-in 148-ci maddəsinin 1-ci bəndi).

Üçüncüsü isə, Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə nikah bağlanır. Belə nikah xaricilər tərəfindən, göstərildiyi kimi həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlamışsa, Azərbaycan Respublikasında tanınır. Yəni, burada diqqətə çatdırılan əsas məsələ ondan ibarətdir ki, nikahın bağlandığı xarici dövlətin qanunvericiliyinə əməl edilsin.

Bəs hansı hallarda xarici dövlətin ərazisində bağlanmış nikah etibarsız hesab edilir?

Ümumiyyətlə, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanmış nikahın Azərbaycan Respublikasında etibarlı sayılması üçün nikahın bağlanmasına mane olan hallar olmamalıdır. Əks halda həmin nikah etibarsız hesab ediləcək. Həmin hallar Ailə Məcəlləsinin 12-ci maddəsində öz əksini tapıb. Nəzərə çatdırmaq lazımdır ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Nikahin etibarsız sayılması üçün digər bir qayda nikah hansı ölkənin qanunvericiliyi əsasında bağlanmışdırsa, o ölkənin də qanunvericiliyi nikahın etibarsız sayılması ilə bağlı olan münasibətlərə tətbiq edilir.

Azərbaycan hüdudlarından kənarda bağlanmış nikaha hansı formada xitam verilir?

Ailə Məcəlləsinin 150-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Azərbaycan Respublikasının iştirak etdiyi Minsk konvensiyasının 28-ci maddəsi də «vətəndaşlıq qanunu kimi kollizion bağlama (prinsip) müəyyən edir. Bu maddədə göstərilir ki, nikahın pozulması barədə işlərə ərizə verildiyi anda ər-arvadın vətəndaşı olduğu ölkənin qanunvericiliyi tətbiq edilir. Minsk konvensiyası bu məsələdə həm də məhkəmənin mənsub olduğu ölkənin qanunu (lex fori) kollizion bağlama müəyyən edir. Belə ki, ər-arvaddan biri müxtəlif ölkələrin vətəndaşı olarlarsa, nikahın pozulması barədə işə baxan idarənin mənsub olduğu dövlətin qanunvericiliyi tətbiq edilir

MPM-in 459-cu maddəsinə əsasən :

Nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr;
Nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən tanınır.
Benefisiar.org
 
Ardını oxu...
İşəgötürən: əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə hansı hallarda maddi (mənəvi) məsuliyyət daşıyır?
Əmək münasibətləri prosesində İşəgötürən və İşçi tərəfindən bir - birinin əmək və digər hüquqlarına hörmət etmək tərəflərin əsas vəzifələrindən biridir.
İşəgötürən tərəfindən işçiyə vurulan mənəvi ziyan dedikdə: işəgötürən və ona tabe olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla:
İşçinin şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, alçaldılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülür.
Tərəflərlır arasında bu barədə yaranan fərdi əmək mübahisələrində: tərəflərdən biri -digərinin hüquqlarına hörmət edərək Əmək Məcəlləsi və AR-nın digər qanunvericiliyinin tələblərini,əmək müqaviləsi üzrə öhdəlikləri pozmamalıdır.
İşəgötürən tərəfindən işçiyə vurulan mənəvi ziyan vurularsa, işçinin - məhkəməyə İddia ərizəsi ilə müraciət etmək hüququ vardır.
İşçi tərəfindən bu barədə İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə, o dövlət rüsumu ödəməkdən azad edilir.
İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə - maddi məsuliyyət daşıyır.
Mənəvi ziyan vurulduğunu iddia edən işçi, həmin ziyana görə iddia məbləğini - iddia ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Tərəflər, o cümlədən də işəgötürənlər əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsini həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo
 
Ardını oxu...
Mediasiya haqqnda Azərbycn Respublikasə Qanununa əsasən Mediasiya – mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses hesab olunur.
Qanunun-əmək mübahisələrinə dair hissəsi ilə əlaqədar bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də belə bir hüquq normaları var, lakin ən azından 25 ildir ki, qeyd olunan bu hüquq normaları praktikada tədbiq olunmur:
Azərbaycn Respublikası Əmək Məcəlləsində əmək mübahisəsinin həll edilməsi üçün işçi və işəgötürən üçün aşağıdakı barışdırıcı üsullardan istifadə olunması nəzərdə tutulur:
Razılaşdırıcı komissiyadan,vasitəçidən,əmək arbitrajından.
Tərəflər qeyd olunsm bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq bu tərəflır arasında protokolla rəsmiləşdirilir. Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludurlar. Zəruri hallarda kollektiv əmək mübahisəsinin həllinin barışdırıcı üsullarından istifadə olunması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş müvafiq müddətlər tərəflərin razılığı ilə uzadıla bilər.
Hal hazırda Mediasiya haqqında Azərbaycan Respublikası Qanun qüvvədədir. Bu Qanun da təqribən əmək münasibətlərində eyni məna daşıyır, lakin Əmək Məcəlləsində olan normalsrdan fərqli olaraq, Mediasiya barədə olan bu Qanunda olan bu norma - imperativ olmaqla məcburi xarakter daşıyır.
Bir fakt və ya reallığı da qeyr etmək lazımdır ki, işçilər məhkəməyə əmək mübahisələri ilə əlaqədar İddia ərizələri verərkən - Dövlət rüsumundan azad olunurlar. Yəni, dövlət tərəfindən işilərə belə bir güzəşt və imtiyaz tədbir olunur. Lakin, Mediasiya haqqnda Azərbycan Qanununda belə bir güzəşt yoxdur, əmək mübahisələri ilə bağlı. Belə ki:
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı il təsdiq edilmiş, İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 50 manat məbləğlərdə müəyyən edilir:
İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
Bu isə o deməkdir ki, məhkəmədən fərqli olaraq Mediasiyaya müraciət edən hər bir işçi - ən azı 60 manat pul ödəməlidir.
İlkin baxışda 60 manat, işçi üçün az məbləğ kimi görünsə də: işini itirmiş, əmək xəsarəti almış, əmək haqqı düzgün ödənməyən işçi üçün bu böyük məbləğ hesab olunur.
Mediasiya haqqnda Azərbycan Qanunu ilə əlaqədar mənim fikrim odur ki, bu Qanun əmək münasibətlərində müsbət mənada heç bir irəliləyişə səbəb olmadı, olmayacaq, əksinə işçilər üçün əlavə vaxt, əziyyət və xərcə səbəb olacaq. Əgər tərəflərin əmək münasibətlərində könüllü iradəsi olarsa, bunun üçün əlavə mediasiyaya ds ehtiyacı yoxdur,bu mübahisələr tərəflər arasında həm məhkəməyə qədər, həm də məhkəmə prosesində də həll oluna bilər,bir daha təkrar edirəm, bunun üçün əsas şərt tərəflərin iradəsi, könüllü razılığı və barışıqmövqeyində olmasıdır.
Mediasiya haqqnda Azərbycan Qanunu işçilər üçün aşağıdakı problemlər yaradır:
60 manat əlavə Medisiya xərci, Mediasiya sənədlərini, Mediasiya təklifi, Mediasiya ərizəsi və digər sənədlərin tərtibi üçün hüquqşünas və ya Vəkilə əlavə ödəniş. Poct xərcləri, Gargüzarlıq xərcləri, Məhkəmə prosesinin ən azı1 ay uzanması. Əksər hallarda usə İşəgötürənlərin mediasiya prosesində iştirak etməməsi, praktika da bu faktı təsdiq edir. Mediasiyada heç bir razılığa gəlnməməsi, praktika da bunu təsdiq edir.
Medisiya iclasında iştirakala bağlı, Mediasiya arayışının alınması və sair əlavə vaxt itkisi və sair.
Mediasiya Arayışının formal olaraq
məhkəməyə təqdim edilməsindən başqa, hər hansı bir hüquqi nəticə daşımaması.
Azər Quliyev.
TEREF
 
 

 


Ardını oxu...
Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.

Yeni mövsümdə, dərslər başlayanda Bakıda əlavə taksilərə ehtiyac yarana bilərmi?

Məsələ ilə bağlı “Cümhuriyət” -a danışan iqtisadçı-alim Vüqar Qocayev bildirib ki, taksi sahəsində xaotik vəziyyət hökm sürür:

“Ölkədə ən çox problemli sahələrdən biri də taksi sahəsidir. Son illər ölkəmizdə xarici taksi şirkətlərinin axını rəqəmsal taksiyə marağı artırdı. Bu səbəbdən dolayı sürücülər toplu halda taksi şirkətinə üzv oldu. Lakin üzv olan sürücülərin bir çoxu taksi xidməti göstərməyə uyğun gəlmirdilər. Əsasən də narkomanların taksidən gəlir qazanması nöqsanları xeyli artırdı.

Buna görə də yeni qərarların qəbul edilməsinə ehtiyac yarandı və taksi haqqında ardıcıl bir neçə yeni qərar qəbul edildi. Bu qərar taksilərin keyfiyyətinə müsbət təsir göstərə bilmədi. Əksinə yenə “köhnə hamam, köhnə taz” mənzərəsi ilə qarşılaşdıq”.

O bildirib ki, taksi sahəsində olan nöqsanlar hələ ləğv edilmiş Nəqliyyat Nazirliyinə dayanır:

“Ölkəmizdə taksi bazarını oliqarxlar ələ keçirməyə çalışıblar. 2000-ci illərin əvvəlində “Tofaş” adı ilə məşhur olan “Renault” markalı avtomobillər taksi bazarına daxil oldu. Lakin o taksilər heç keçmiş sovet avtomobillərini belə əvəz edə bilmədi. Yenidən taksi bazarını təkmilləşdirmək və bazara daxil olmaq üçün Bakıya “London” taksilərini keçmiş nəqliyyat nazir Ziya Məmmədov və onun biznes ortağı, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov gətirirdi.

Onlar Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün belə bir addım atdılar. Lakin sadəcə küllü miqdarda pul itkisi ilə nəticələndi”.

Onun sözlərinə görə, taksi sayının azaldılması qanunsuz fəaliyyət göstərən taksilərin sayının artacağına zəmin yaradır:

“Taksi haqqında yeni qaydalar qəbul edilsə də, yenə xəttə “Toyota Prius” markalı və digər “AVRO-4” standartlarına cavab verən yaşı 10 ildən artıq olan taksiləri görmək olur. Qeydiyyatdan təzə avtomobil keçir, amma gələn yenə köhnə avtomobildir. Bildirim ki, rəsmi rəqəmlərlə 35 min taksi olsa da, amma reallıqda fəaliyyət göstərən taksilərin sayı hələ də 100 min civarındadır”.

İqtisadçı qeyd edib ki, qiymət artacağı halda taksi istifadəçilərinin sayı azalacaq:

“Taksinin qiyməti münasib olduğuna görə, taksidən istifadə edən sərnişinlərin sayı xeyli çox idi. Lakin taksinin qiymətinin artması taksi istifadəçilərinin sayına mənfi təsir göstərdi.

Bununla belə, əgər taksinin qiyməti minimum 5 manat olacaqsa, o zaman qanunsuz fəaliyyət göstərən taksilərin bazarına müsbət təsir edəcək”.

O əlavə edib ki, qanunsuz fəaliyyət göstərən bəzi taksi sürücüləri yol kənarında əlində telefonla dayanan piyadaya yaxınlaşıb taksi xidməti təklif edir:

“Bu yaxında taksi axtarırdım. Bir sürücü mənə yaxınlaşaraq taksi xidməti təklif etdi. Mənim sifariş edəcəyim taksinin qiyməti 18 manat təşkil edirdi. Lakin həmin sürücü mənə daha ucuz taksi xidməti təklif elədi, cəmi 10 manat. Belə olan halda kim ucuz taksidən imtina edər? O səbəbdən hesab edirəm ki, taksi haqqında qəbul edilmiş qərara dəyişiklik edilməlidir”.
 
Ardını oxu...
"Azəriqaz" İstehsalat Birliyinin Ağsu RQİİ ,Göyçay XS,TQQ Xidmət Sahə rəisi Orucov Zimistan RQQİ rəis müavini cənab Qurban Mehdiyevə Xidməti yazı ilə müraciət edərək, həmin XS-nin təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının 9 nəzarətçisinin cəzalandırılması xahiş etmişdir. Səbəb isə təyin olunmuş plana əsasən abonentlərdən qaz pulunu yığma planını yerinə yetirməmələri olub..." Dia-az.İnfo bildirir ki, bunu öz açıqlamasında qeyd edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı "Azəriqaz" rəhbərliyinin növbəti özbaşınalığını - əslində isə savadsızlıqdan, məlumatsızlıqdan, qanunları bilməməzlikdən doğan fəaliyyətini ifşa edərək, məsləhətlərini də verib.

“Azəriqaz”da əgər rəhbərliyin qanunlardan xəbəri yoxdursa...
“Azəriqaz”da əgər rəhbərliyin qanunlardan xəbəri yoxdursa...

Tanınmış hüquq-müdafiəçisi bildirir: "Cənab Z.Orucov, gələcəkdə bir daha belə müraciətlər yazmamağınız üçün NK 80 saylı qərarını və Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsini ( Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavə ) oxumağınız, -mariflənməniz üçün diqqətinizə çatdırıram.
-“ Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 12 may 2011-ci il 80 saylı qərarı
5.Qazın dəyərinin ödəmə şərtləri
5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
6.İstehlakçıya qazın verilməsinin dayandırılması əsasları
6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır:
6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
-Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi
Paylayıcının hüquqları:
2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə
2.3. İstehlakçının vəzifələri:
2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək;
NK 80 saylı qərarı və istehsalçı ilə istehlakçı arasında bağlanmış müqavilə deyir ki,istifadə olunmuş qaz pulunun ödənilmə məsuliyyəti abonentin üzərindədir. Abonent cəzalanmalıdır. Yazdığınız Xidməti yazı isə NK qərarına və "Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavəyə ziddir. Buna görə isə siz və işçilərin cəzalandırılması üçün Ağsu RQİİ rəisi cənab Vəli Sadıqova müraciət edən Qurban Mehdiyev məsuliyyət daşıyırsınız.
Sonda onu da qeyd edim ki, xidməti yazıda adı çəkilən işçilər cəzalanıbsa, bu halda onlara məhkəməyə müraciət etməyi məsləhət görərdim..."
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, yutubda yayımlanan “Hərşeyşünas” adlı podkastının növbəti qonağı fizioloq Rəşid Mahmudov olub.

O, verdiyi açıqlama ilə diqqət çəkib. Pula kağız kimi baxdığını deyən tanınmış həkim taksi 3,50 qəpik istədikdə 20 manat verdiyini deyib.

Qızının da buna etiraz etdiyini deyən Rəşid Mahmudov hazırda 3 ailəyə baxdığını deyərək, kasıb vaxtlarını yada salıb.

 
 
 

Ardını oxu...
Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri və s. tənzimləyir. Qeyd edək ki, əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı məsələlər, əlil olan şəxslərin hüquqları haqqında qəbul olunmuş Qanunun 31-ci madəsinin 31.1. bəndinə uyğun tənzimlənir. Yəni, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının qaydaları, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunur. O halda sual oluna bilər ki, görəsən Qanunun belə bir tələblərinə aidiyyəti dövlət qurumları tərəfindən lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Məsələn, bu günlərdə gundemxeber.az-ın redaksiyasına Bakı şəhəri, Səbail rayonu, Nicat Şükürlü küçəsi, ev-166 ünvanında yaşayan Əliyev Vahid İbrahim oğlu tərəfindən video-müraciət daxil olub.
Vahid Əliyev video-müraciətində bildirir ki, “29 may 1993-cü il təvəllüdlü qızım Samirə Əliyeva Bakı şəhərində anadan olmuşdur və ilk vaxtlar onun gözlərində heç bir problem olmamışdır. Elə ki, qızım 11 yaşına çatdı, o halda onun gözlərində müəyyən ağrılar əmələ gəlməyə başladı. Xeyli müddət Samirəni gözlərindən müayinə və müalicə etdirsək də, son anda heç bir nəticə əldə etmək mümkün olmadı və o, hər iki gözünün görmə qabiliyyətini tamamilə itirdi. Qızım hər iki gözünün görmə qabiliyyətini tam şəkildə itirdiyinə görə, həkim komissiyası ona I qrup gözdən əlillik dərəcəsi verdilər. Belə bir səbəbdən də, Samirə 19 sentyabr 2011-ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin (Vəsiqə №04802) üzvüdür. Artıq 31 yaşına çatan qızım özünü heç cür idarə edə bilmir. Əgər əvvəllər qızıma öz anası- həyat yoldaşım qulluq göstərirdisə, 2010-cu ildə həyat üzümüzə gülmədi və mən həyat yoldaşımı erkən yaşlarında itirdim. Bu gün mən qızım və oğlumla birlikdə lazımi şəraiti olmayan, hansı ki, 20 kvm-r ümumi sahəsi olan köhnə mənzildə yaşayırıq. Qeyd edim ki, yaşadığımız evdə lazımi şəraitin olmaması qalsın bir yana, heç fərdi ayaqyolumuz da yoxdur. Hal-hazırda bir neçə mənzil üçün təqribən on beş metra aralı məsafədə bir ayaqyolu var və bütün qonşular həmin ayaqyolundan istifadə edirlər. Bu da bizim üçün, ələlxüsus qızım Samirə üçün olduqca çətinliklər yaradır. Maddi vəziyyətimizin göstəricisinə gəlincə onu deyə bilərəm ki, biz də dözülməz həyat şəraiti keçirən ailələrdənik. Maddi imkanımız yol vermir ki, yeni mənzil alaq və həyat şəraitimizi bir qədər qaydaya salaq.



Qızım Samirə Əliyeva hər iki gözünün görmə qabiliyyətini itirib I qrup gözdən əlil olduğu üçün o, 2012-ci ildən Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində ümumi və güzəştli əsaslarla mənzil növbəsindədir. Qeyd edim ki, qızımın ümumi və güzəştli əsaslarla mənzil növbəsi siyahısına daxil edilməsi üçün, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərov 01 avqust 2012-ci il tarixdə №170 SƏRƏNCAM imzalamışdır.
Həmin vaxtdan 12 ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi qızımın mənzillə təmin olunması məsələsi həyata keçirməmişdir. Belə bir səbəbdən də, indiyəcən müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazıb göndərsək də, hər dəfə ünvanımıza başdansovdu cavablar veriblər. Məsələn, 2014-cü ildə ƏƏSMN-nə yazdığımız ərizəyə Dövlət Sosial Təminat Xidmətinin (indiki Dövlət Sosial Müdafiə Fondu) rəis müavini Ə. Seyidzadənin imzası ilə, 04 iyun 2014-cü il tarixdə № 03/1709 təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda qeyd olunur: “Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir.
İnşaası başa çatdıqdan sonra mənzil növbəsinə dayanan digər gözdən əlil şəxslər ilə yanaşı, Sizin də mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır”. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini cənab Zaur İbrahimovun,
08 aprel 2024-cü il tarixdə imzaladığı №3-17-3/2-Ə-13486/4/2024 cavab məktubunda isə qeyd olunur ki, “Birotaqlı mənzillə təmin edilməyiniz barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında birotaqlı mənzil olmadığına görə, mənzil təminatınızı həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda sizə mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir”. Bəli, bu cür cavablar olduqca gözəl və cəlbedici cavablar olsa da, nədənsə indiyə kimi bu yöndə heç bir nəticə əldə etmək mümkün olmur. O halda ortaya belə bir sual çıxır ki, görəsən qızım Samirə Əliyeva daha 12 il də gözləməlidir ki, onun mənzillə təminatı məsələsi öz həllini tapa bilsin? Qeyd etmək istəyirəm ki, artıq aidiyyəti dövlət qurumlarından bu yöndə verilən cavabların heç birinə hansısa formada inamımız qalmayıb. Çünki, ötən 12 il ərzində oxşar cavabları çox almışıq. Hər dəfə bizə “yağlı vədlər” verilib, son anda heç bir nəticə əldə etmək mümkün olmayıb. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əməli işlər görmək əvəzinə, məhz sakinlərə, ələlxüsus gözdən əlil olan şəxslərə başaldadıcı cavablar verməkdən ibarətdir”.

Bəli, söz yox ki, Səbail rayon sakini Vahid Əliyevin redaksiyamıza təqdim etdiyi video-müraciət olduqca diqqəti cəlb edir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ƏƏSMN-nin rəhbər şəxsləri I qrup gözdən əlil Samirə Əliyevanın mənzillə təmin olunması məsələsinə xüsusi diqqət yetirib, problemin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar. Unutmaq olmaz ki, bir çox gözdən əlil olan şəxslərin, o cümlədən I qrup gözdən əlil Samirə Əliyevanın mənzil məsələsinin həll olunmamasında, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi də müəyyən məsuliyyətin daşıyıcısıdır. Çünki, adı çəkilən bu ictimai Birlik gözdən əlil olan hər bir şəxsin probleminə diqqətlə yanaşmalı və problemlərin həlli yöndə lazımi iradə ortaya qoymağı da bacarmalıdır. Bu məsələ ilə bağlı növbəti yazılarımızda geniş məqalələr dərc etməyə çalışacağıq.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az

Dünyapress TV

Xəbər lenti