Ardını oxu...
"Azərbaycan və "TikTok" kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir".
"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır", - deyə o qeyd edib.

Tanınmış İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov “Sherg.az”a bildirib ki, gəlir vergisinin təsnifatına nəzər saldıqda bir çox hallarda reqressiv yanaşmalara rast gəlirik:

“Daha çox gəlir əldə edənlər, daha çox vergi ödəməlidir. Çünki bu iqtisadiyyatın aksiyomudur. Lakin təəssüflər olsun ki, bir sıra hallarda əksinin şahidi oluruq. Sosial şəbəkələrdən, xüsusən də “Tik Tok” üzərindən gəlir əldə edənlərdə də vergi ödəmirlər. Lakin onların fəaliyyətinin mahiyyəti, əldə etdiyi resursların həcmi proaqressiv şkala üzrə vergiyə cəlb olunmağını zəruri edir. Ona görə də bu istiqamətdə müvafiq addımların atılması vacibdir. Əsasən vergi sistemi, fiskal siyasət iqtisadiyyatda formalaşan gəlirlərə uyğun olmalıdır. Yəni gəlirlər çoxalırsa, vergidə çox ödənilməlidir. Eyni zamanda gəlirlərin strukturu, mahiyyəti təhlil olunmalıdır. Əlavə dəyər daha çox əmək tutumlu sahələrdə formalaşırsa, orada müvafiq güzəştlər və stimullaşdırıcı tədbirlər də ola bilər. Əgər əlavə dəyər sosial şəbəkələr, maliyyə bazarları və böyük əmək tutumlu sferalara aid deyilsə, vergi və fiskal yükünün də həcminin artırılması məqsədə uyğundur”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, 345 manat alan şəxslər də vergi verir:

“Gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir. Bu həmin şəxsin arzu və istəyindən asılı deyil. Vergi Məcəlləsində kimlərə güzəştlərin tətbiq edildiyi göstərilir. Gəlir əldə edən, qazancı və əmlakı olan şəxslərin hər biri vergi verməlidir. Bu qanunda var. Əgər hökumət müəyyən etsə ki, filankəs bu qədər “Tik Tok” dan pul qazanıb ancaq vergi ödəməyib həmin şəxsi cərimələyə də bilər. Sadəcə bunu sübut edə bilmirlər. Lakin araşdırma gedir. Qayda tapıldıqdan sonra tətbiq ediləcək. “Tik Tok”da meymunluq edərəkrahat pul qazananlar vergi verməlidir”.
 
Ardını oxu...
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcəkdir.
 
Ardını oxu...
Mərkəzi Bankın bir müddət əvvəl açıqladığı məlumata görə, əhalinin əmanətləri 2024-cü ilin iyun ayı ilə müqayisədə iyulda 217 milyon 400 min manat az olub.

Ümumilikdə bir ay ərzində kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər 1 milyard 263,3 milyon manat azalıb. Mərkəzi Bank isə bildirib ki, əmanətlərin azalması "Naxçıvanbank"ın lisenziyasının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, bu bankda hələ 2023-cü ilin sonunda cəmi 63 milyon 418 min manat depozit olub. Lakin kredit təşkilatlarındakı sözügedən azalma bundan dəfələrlə çoxdur.

Əhalinin banklardakı əmanətləri niyə azalıb? Bunun hansı səbəbləri ola bilər?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, açıqlanan bu rəqəmlər elə də böyük azalmanı göstərmir:

"Əmanətlərin azalması qısa müddətli dövrdə azalmadır. İl ərzində həmişə artma və ya azalma olur. Məsələn, ötən ilin nəticələrində bu rəqəmlərdə artma müşahidə edilirdi, baxmayaraq ki, aylara görə azalmalar da var idi".

Azalmaların səbəbləri haqqında da danışan ekspert qeyd edib ki, bu səbəblər müxtəlifdir:

"Mövsümlə əlaqəli ola bilər, yay fəslidir. Kimsə harasa istirahətə gedir, hansısa ödənişi üçün pulunu çıxarır və s. Bir sözlə, bu bankdakı olan pulların qarşılığında elə də böyük azalmanı göstərən rəqəmlər deyil. Ona görə də ciddi təhlükə görmürəm. Əgər bu tendensiya bir neçə ay davam etsə, artıq hansısa tədbir görmək olar".
 
Ardını oxu...
Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur.

Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyub. Bəs görəsən, Azərbaycanın ətlə təminatda idxaldan asılılığın artması risk yaradırmı?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Adambaşına illik 42 kiloqram ət

Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Hesablamalara əsasən, bunun 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici sayılır. Belə ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən 40 faiz geri qalır. Adambaşına düşən illik ətin 75-80 faizinin yerli istehsal hesabına qarşılandığı bildirilir.

Yeri gəlmişkən, son illər heyvandarlığa marağın azalması iri və xırdabuynuzlu heyvanların baş sayının azalmasına da səbəb olub. 2024-cü ilin ilk 6 ayında Azərbaycanda inək və camışların, qoyun və keçilərin sayında azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,6 faiz, onlardan inək və camışların sayı 1,1 faiz, qoyun və keçilərin sayı 2,6 faiz azalıb. Azərbaycanda quşların sayında da azalma olub. İlin ilk 6 ayında ölkədə 12 milyona yaxın quş olub, bu, ötən illə müqayisədə 0.5 faiz azdır.


Otlaq sahələri azalıb

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir.

Onun sözlərinə görə, 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub:

"İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara iri həcmli kreditlər verilib. Yəni, dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".

Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.

2018-ci ildən bəri ət istehsalı ilbəil azalır

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycanda 2018-ci ildən bəri ət istehsalı ilbəil azalır:

"Son üç ildə bu sahədə antirekord qeydə alınıb. Adətən yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. Çox təəssüf ki, 2023-cü ilin yayından bu ənənə pozuldu. Ət yay aylarında da bahalaşır. Bu il də analoji vəziyyətdir".

A.Nəsirlinin sözlərinə görə, kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir:

"Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmədilər, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, ət idxalı artacaq. Bir müddət sonra idxal ətlərini kütləvi şəkildə görəcəyik. Hətta vəziyyət bu şəkildə davam edərsə, 90-cı illərdə olduğu kimi dondurulmuş ətlərə möhtac qala bilərik".

İstehsalın stimullaşdırılmasına ehtiyac var

A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:

"Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdır. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq".

Turizm sektorunun canlanması ətə olan tələbatı artırıb

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə hesab edir ki, ölkəyə idxal olunan ətin həcminin artması istehsalın azalması ilə bağlı deyil. Onun fikrincə, bu məsələyə turizm sektorunun canlanması da təsir göstərib:

"Əslində bizdə kifayət qədər istehsal var. Sadəcə, son illər ölkəmizdə ətə olan tələbat artıb. Ət idxalının artmasında turizm sektorunun canlanmasının da xüsusi rolu var".

Ekspert bildirib ki, Azərbaycan ət idxalını artırmaqla yanaşı, ixracı da artırıb:

"Bu gün Ərəb ölkələrinə, Dubaya ət ixrac edirik. Məsələn, Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir".
 
Ardını oxu...
Bu ilin ilk 7 ayında Türkiyə Rusiyadan müxtəlif çeşidli 25,8 milyard dollarlıq mal idxal edib.525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.

Başqa sözlə, 2023-cü ildə bu rəqəm 28,38 milyard dollar təşkil etmişdi.

Azalmaya baxmayaraq, Türkiyə yenə də ən çox Rusiya malı idxal etməkdədir. İkinci yerdə isə 25,4 milyardla Çin qərarlaşıb.

Yeri gəlmişkən, sözügedən dövrdə Türkiyənin özü ən çox Almaniyaya məhsul ixrac edib – 11.9 milyard dollar. Böyük Britaniya 1,6 milyard dollarla ikinci, ABŞ isə 1,4 milyard dollarla üçüncü yerdədir.

Qeyd edək ki, Türkiyə yanvar-iyul aylarında ümumilikdə 198,6 milyard dollarlıq məhsul idxal edib ki, bu ötən ilki dövrlə müqayisədə 8,3 faiz azdır. İxraca gəlincə, burada 4,1 faiz artım (148.7 milyard) müşahidə edilir..

Analoq.az
 
Ardını oxu...
Mağazalarda kərə yağının qiyməti artıb.

Bu barədə Musavat.com-a Bakı sakinlərindən daxil olan məlumatda bildirilir.

“Hər zaman 17-18 manata aldığımız yağın axşam 24 manata satıldığını gördük. Mağazadan yağ almamış çıxdım”, - deyə Akif Əliyev adlı paytaxt sakini bildirib.

Kərə yağının qiymətinin artması nə ilə bağlıdır?

Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bəzi məqamlara aydınlıq gətirib:

“Kərə yağının qiymətinin artması ondan asılıdır ki, biz idxalçı ölkəyik. Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. İkinci məsələ isə logistika bahalaşmasıdır. Dizel yanacağının qiyməti 25 faiz artdığına görə bütün məhsulların qiymətinə təsir edib. Məhsulların daşınması, ölkəyə gətirilməsi. Çünki soyuduculardan ibarət avtomobillərlə gətirilir, dizel yanacağı ilə həyata keçirilir. Depolardan yağın paylanması da dizel yanacağı ilə həyata keçirilir. Üçüncü məsələ, digər sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil:

“Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları onminlərlədir. Bizdə nədənsə Antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözüm üstündə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.
 
Ardını oxu...
"Azpetrol Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

Bu maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə 19.09.2024-cü il tarixində Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, "Azpetrol LTD"nin baş direktoru Ceyhun Məmmədovdur.
 
Ardını oxu...
Turşu bağlama mövsümünün başlaması ilə tərəvəz bazarında bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, piştaxtalarda yer alan müxtəlif məhsullar kimi, onların qiymətləri də fərqlidir.

Alıcılar son günlərdə qiymət artımının olduğunu bildirirlər.

Satıcıların sözlərinə görə, bazarda ən çox bahalaşan məhsul pomidordur.

Onlar qiymət artımının növbəti aylarda da davam edəcəyini proqnozlaşdırırlar.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.

Bəs bahalaşmanın səbəbi nədir? Toyuğun qiymətinin artması digər ətlərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, bahalaşmanın səbəbi məhsul qıtlığıdır: “Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması da buna təsir edir. Hazırda toyuq yemləri də bahalaşıb. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən olan inhisarçılıq da qiymət artımını tətikləyir və sürətləndirir. Səbəb dediyim kimi, toyuq ətinin maya dəyərinin və yemin bahalaşması, istehsalın azalmasıdır. Ola bilər ki, bu, süni şəkildə edilir. Araşdırma aparılmalıdır”.

“Bahalaşma digər ətlərin qiymətinə necə təsir edəcək” sualına isə ekspert belə cavab verib: “Mal, qoyun ətini ala bilməyən vətəndaşlar əsasən, toyuq ətini alırdılar. Görəcəklər ki, mal əti ilə toyuq əti arasında o qədər də ciddi qiymət fərqi yoxdur, başlayacaqlar, mal əti almağa və tələbat artacaq. Mal və qoyun ətinin bahalaşması onsuz da gözlənilir. Bu da bahalaşmanı az da olsa artıracaq”.
 
Ardını oxu...
2024-cü ilin II rübündə sorğunun nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirmişlər. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb.

Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənli bildirib ki, söhbət yəqin ki, kreditlərin verilməsinin sərtləşməsindən gedir:

“Bu da gözlənilən idi. Çünki banklar yenə də kimə gəldi kredit verməyə başlayıblar. Tək tələbsə odur ki, rəsmi iş yerin olsun. Bəzi bankların hətta reklamına rast gəlinir ki, əmək haqqının 20 mislinədək kredit verirlər. Bu da təbii ki, müəyyən risklər yaradır. Xüsusən də, bankın digər kartı ilə əməkhaqqı alan vətəndaşa bank çox həvəsləndirici təkliflər edir. Hesab edirlər ki, ən pis halda ödəniləcək məbləği əmək haqqından tutacaq. Amma Konstitusiya və Ali məhkəmlərin qərarı var ki, əməkhaqqı bank tərəfindən tamamilə borca tutula bilməz.

Ona görə də müəyyən narahatlıqlar var.

Yəqin ki, bundan sonra kreditlərin verilməsində şərtlər sərtləşdiriləcək. Əmək haqqı kartı olan hər kəsə kredit verilməyəcək. Çox güman ki, bundan sonra vətəndaşın ailə tərkibinə, əmək haqqının miqdarına və digər məqamlara diqqət ediləcək. Ola bilər ki, vətəndaş 2 min manat maaş alsın, lakin onun ailə üzvlərinin sayı 5-6 və daha çoxdur. Bu da o deməkdir ki, 2 min manat onun üçün azdır. Ona görə də əmək haqqı kartlarına görə kreditlərin verilməsində qaydaların sərtləşdirilməsi gözləniləndir”.
 

Dünyapress TV

Xəbər lenti