Ardını oxu...
Bu ilin ilk rübündə Azərbaycan xarici ölkələrdən 93,2 ton pambıq liflərindən hazırlanan və əsasən tibbi məqsədlər üçün istifadə olunan pambıq (vata) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən alınan pambığın (vata) bir kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub.
Qeyd edək ki, Azərbaycan tibbi məqsədli pambığı əsasən Türkiyə (45,1 ton), Türkmənistan (17,3 ton), Çin (11,3 ton) və Rusiyadan (8,9 ton) idxal edir.
Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bu ölkələrə xam pambıq – daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk 3 ayında Azərbaycan Türkiyəyə 24,8 min ton, Türkmənistana isə 1,3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan xam pambığı xarici ölkələrə 2,5 manata satır, daha sonra həmin ölkələrdən təmizlənmiş və təzyiqlə sıxılmış tibbi məqsədli pambıq (vata) alır.
 
Ardını oxu...
Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 2 milyon 351,3 min dollar olan 36 milyon 37,8 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,5 sent (təxminən 11 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yumurta ixracı 14,5% azalıb. Belə ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycan xaricə 42 milyon 845 min ədəd yumurta ixrac edilib.
Qeyd edək ki, bu il ixrac edilən bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 28 faiz aşağı olub.
Yumurta ixracı 3 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Syerra-Leonəyə həyata keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinə – 30 milyon 218,4 min ədəd (1 ədədi – 10 qəpik);
ABŞ-yə – 5 milyon 27,4 min ədəd (1 ədədi – 15,8 qəpik);
Syerra-Leonəyə – 792 min ədəd (1 ədədi – 11 qəpik).
Xatırladaq ki, bu ilin ilk 3 ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.
 
Ardını oxu...
Pul bankda saxlananda nə baş verir və nəyə diqqət etməli?

Söhbət puldan düşəndə, əksərimiz yalnız bir şey istəyirik: pulumuzu qorumaq və artırmaq. Bəs bunu təhlükəsiz şəkildə necə etmək olar? Ən çox yayılmış cavablardan biri belədir – bankda əmanət hesabı açmaq. Yəni, qoy pul bankda dursun, üstünə faiz gəlsin, hər şey nəzarət altında olsun.

İlk baxışda məntiqli səslənir. Amma gəlin məsələyə bir qədər dərindən baxaq: görəsən, bank əmanəti doğrudanmı etibarlı dayaqdır? Yoxsa ilk baxışda görünməyən daha çox çətinlikləri var?

Əmanət barədə adətən nə düşünürük?

Bunun bir hissəsi doğrudur. Amma diqqətdən qaçan bəzi nüanslar da var.

Əmanətin əsas düşməni: İnflyasiya

Əvvəlki məqaləmizdə də qeyd etmişdik ki, pul dəyərini itirə bilər. Elə burada da maraqlı məsələ başlayır:

Əgər bank əmanətiniz illik 6% gəlir gətirirsə, amma ölkədə inflyasiya 10%-dirsə, əslində siz pul itirirsiniz – hərçənd göstərici artır.

Bəli, rəqəm böyüyür. Amma bu pula bir il əvvəl aldığınız qədər mal və xidmət ala bilməyəcəksiniz. Buna real gəlir deyilir və bu göstərici mənfi də ola bilər.

“Faiz də gəlirdir!”

Belə düşünən çoxdur. Gəlin müqayisə edək:

10,000 manat əmanəti illik 5%-lə banka qoyursunuz.

Bir ildən sonra 10,500 manat alırsınız.

Amma əgər bu müddətdə qiymətlər 8-10% bahalaşsa, həmin 500 manat real qazanc demək deyil – sadəcə, qismən pulun tam dəyərdən düşməsinin qarşısını alırsınız.

Bəs bank əmanəti pisdir?

Xeyr! Sadəcə, bu, varlanmaq üçün deyil, pul qorumaq üçün vasitədir.

Əgər məqsədiniz pulu oğurluqdan, yanğından və ya onu birdən-birə xərcləmək istəyindən qorumaqdırsa – əmanət ideal vasitədir. Xüsusən də məbləğ dövlət sığortası ilə qorunsa.

Amma ondan möcüzə gözləməyə dəyməz. Bu investisiya deyil, yığım torbasıdır.

Nələrə diqqət yetirmək lazımdır:

Bəs əmanət kimlərə uyğundur?

Bank əmanətləri barədə ən yanlış təsəvvürlər

1. “Bank faiz ödəyirsə, deməli mən qazanıram”
Əslində: əgər inflyasiya faizdən yüksəkdirsə, siz pul qazanmırsınız, sadəcə, yavaş-yavaş pul itirirsiniz. Bəli, bu, pulu evdə saxlamaqdan yaxşıdır, amma bu, investisiya deyil.

2. “Əmanət ən təhlükəsiz vasitədir”
Bəzən belədir. Amma…
Əgər bank bağlanarsa və əmanətiniz dövlət sığortası məbləğindən çoxdursa, pulun bir hissəsi batacaq. Mütləq yoxlayın: bank əmanətlərin sığortalanması sistemindədir, ya yox. Və sığorta hansı məbləğə qədərdir.

3. “Uzun müddətə qoysam, daha çox faiz alaram”
Məntiqli səslənir, amma hər zaman sərfəli deyil.
İnflyasiya sürətlənə bilər, siz isə köhnə faizdə qalacaqsınız. Və ya daha sərfəli təklif çıxacaq, amma siz artıq iki illik müqavilə bağlamısınız. Bəzən pulu qismən çıxartmağa imkan verən çevik əmanət daha faydalı olur.

4. “Əmanətlə bağlı baş sındırmağa ehtiyac yoxdur, hər şey bəllidir”
Burada da çox vaxt tələ olur:
Əmanət faizlərinin kapitallaşdırılması ola da bilər, olmaya da.
Kapitallaşdırma o deməkdir ki, faizlər sizə verilmir, əmanətinizə əlavə olunur və sonra əlavə gəlir gətirir, yəni faiz üstünə faiz gəlir.
Kapitallaşdırmasız isə faizlərin sizə ayrıca verilməsidir, məsələn kartınıza köçürülməsi.

Faizlərin ödənilmə qaydası da müxtəlifdir:
Bəzi hallarda əmanət müddətinin sonunda, digər halda aylıq ödənilir. Bu da gəlirin alınma vaxtına və necə istifadə etmənizə təsir edir.

Üstəlik, komissiyalar, avtomatik yenilənmələr, gizli şərtlər ola bilər. Müqavilədəki xırda şriftləri oxuyun və bankda çəkinmədən sual verin.

5. “Bankda pulum heç vaxt itməz”
Ümid yaxşıdır, amma yoxlama daha yaxşı:
Bəzən böyük banklar da çətinlik çəkə bilər. Söz-söhbətlərə inanmayın – reytinqlərə baxın, xəbərləri izləyin və sığorta şərtlərini dəqiqləşdirin.

Nəticə:

Bank əmanəti – qışda isti yorğan kimidir: rahatdır, təhlükəsizdir, amma sizi tox etməz. O, rahatlıq və təhlükəsizlik hissi verir, amma varlanmaq imkanı vermir. Əgər məqsədinizi düzgün bilirsinizsə, bu, tələ deyil. Və möcüzə gözləmirsinizsə, bu, ağılsızlıq da deyil.

Əlbəttə, mənim investisiya tövsiyələrim sadə əmanətlərdən daha üstün olsa da, bu yalnız inkişaf etmiş maliyyə bazarları olan ölkələr üçün keçərlidir.

Vacib bir “amma” da davar: yüksək gəlirlilik potensialına baxmayaraq, investisiya həmişə risklidir. Əsas məsələ odur ki, Azərbaycanda qiymətli kağızlar bazarı hələ zəif inkişaf edib. Yəni, adi vətəndaşların gəlirli şirkətlərin səhmlərini almaq və satmaq imkanı çox məhduddur. Halbuki biz investisiya deyəndə məhz bunu nəzərdə tuturuq.

Ona görə də, bu gün üçün bank əmanəti, “pulu yastıq altında saxlamaqdan” daha məntiqli alternativ olaraq qalır.
pressklub
 
 
 
Ardını oxu...
Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollaraında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var.
Yenisabah.az şəhər və rayonlar üzrə icra başçılarının aylıq maaşlarını araşdırıb.
Başçı maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib.
Prezident Əliyevin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına görə, rayon və şəhər icra başçıları vəzifə maaşının 1.5 misli məbləğində əlavə alır. Məsələn, Bakı şəhər İcra Hakimiyyəti (BHİŞ) başçısının maaşı 3060 manatdır.
1609 nömrəli Fərmana əsasən, Eldar Əzizov vəzifə maaşının 1.5 misli həcmində əlavə alır. Yəni BHİŞ başının maaşı 7650 manatdır.
Ümumiyyətlə, icra başçılarının maaşları onların rəhbəlik etdikləri şəhər və rayonlarda yaşayan əhalinin sayına əsasən hesablanır.
Bu qaydaya əsasən, inzibati-ərazi vahidləri üzrə maaşlar aşağıdakı kimidir:
Bakı şəhər icra başçısı – 7650 manat;
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
 
Ardını oxu...
Niyə qiymətlər artır, payımız isə azalır?

İnflyasiya guya iqtisadi xəbərlərdə işlənən sözdür, amma əslində hər gün mətbəximizə “qonaq” gəlir. O, özünü supermarketdəki qəbzdə, kiçilmiş şokolad plitkasında, əvvəllər bir həftə bəs edən nəyinsə indi üç günə çatmamasında göstərir. Bu, hansısa abstrakt anlayış deyil – bu, bizi daha ucuz yağ almağa, payımızı isə bir az da nazik doğramağa vadar edən səbəbdir.

İnflyasiya – eyni pula daha az almaq deməkdir. Bəzən isə bu sözün əsl mənasında belə olur: qablaşdırma eynidir, içində isə əvvəlkindən 50 qram az. Buna “qramın azaldılması” deyilir və bu da inflyasiyanın bir hissəsidir – sadəcə, gizli formada.

Bəs inflyasiya haradan yaranır?

Tələsmədən izah edək:

Benzin bahalaşıb – malların daşınması da baha başa gəlir.

Elektrik enerjisinin qiyməti qalxıb – məhsul istehsal etmək çətin və daha xərcli olub.

İdxal bahalaşıb – çünki valyuta məzənnəsi dəyişib, bizdə isə çoxlu sayda idxal məhsulu var.

İnsanlar daha çox xərcləməyə başlayıb – mağazalar bunu hiss edib və... qiymətləri qaldırıb.

Bu, həyatda necə görünür?

Əvvəl 5 manata aldığımız kolbasa indi 5.50-dir. Dadı isə elə bil içinə hava vurublar.

Bərbəriniz “hər şey bahalaşıb” deyərək, əlavə 2 manat alır.

Sevdiyin dönər isə bir az da kiçilib – kağızı eyni qalıb, içi azalıb.

Bax, bu inflyasiyadır. Bəzən sürətli, bəzən yavaş olur. Amma bütün hallarda, ay ərzində büdcəmizi azaldır. Əvvəl önəmsiz görünən xırda şeylər ayın sonunda rəqəmlərdə ciddi fərq yaradır.

Bəs nə etməli?

İnflyasiyanı tam dayandırmaq mümkün deyil. Amma ona uduzmamaq olar:

Qiymətləri müqayisə edin. Harada ucuzdursa, oradan alın.

Endirimləri izləyin, amma marketinq oyunlarına aldanmayın.

İmkan varsa – az-az da olsa, mütəmadi pul yığın.

Çəkinmədən satıcıdan soruşun: “Niyə bahalaşıb?” – satıcılar bəzən düzünü deyirlər və fərqin haradan yarandığı aydın olur.

Yekun əvəzi:

İnflyasiya təkcə iqtisadiyyatla bağlı deyil. Bu, bizim axşam yeməyimiz, kommunal xərclərimiz və gündəlik alış-verişimizdir. Pulun başına nə gəldiyini anlamaq üçün iqtisadçı olmağa ehtiyac yoxdur. Yetər ki, diqqətli və ayıq olasan. Mən də bütün bunları sadə, nümunələrlə və darıxdııcı olmadan izah etməyə çalışacağam. Növbəti yazıda bankların bizim pullardan necə qazandığını araşdıracağıq – bu, təkcə faiz deyil. Oxuyun, düşünün, artıq xərc çəkməyin və əsəblərinizi qoruyun – çünki onlar da bahalaşır.
Fuad Rəsulov
pressklub
Ardını oxu...
Bu mövsümdə pomidorun bahalaşmasına səbəb nədir?

Bu yaz bazarlarda qiymətlər hətta təcrübəli alıcıları da təəccübləndirir. Tərəvəz və meyvələr xüsusilə baha təklif olunur, pomidorun və şirin bibərin qiymət etiketləri vətəndaşları heyrətləndirir. Lakin yazın son ayında piştaxtalarda olan meyvə-tərəvəz çeşidinin qiyməti bir qədər azaldı, pomidor yarıbayarı düşdü, lakin bu qiymət də adi alıcı üçün əlçatmazdır.

Yay ənənəvi olaraq meyvə-tərəvəz bolluğu mövsümü hesab olunduğundan indi əhali qiymətlərin düşəcəyini gözləyir. Amma yerli bazara tətbiq olunduqda bu tərif ildən-ilə yerli reallıqlardan daha çox kənara çıxır. Yerli məhsulların istehsalı amansız şəkildə azalır və idxalın kəmiyyəti və dəyəri bu seqmentdə inhisarlar tərəfindən məharətlə və mənfəətlə dominantlıq edir. Ona görə də qonşu ölkələrdən meyvə-tərəvəzin idxalına qoyulan məhdudiyyətlər yeni qiymət artımı dalğası qorxusunu artırdığından alıcıları stresə salır.

Türkmənistan Azərbaycana ən böyük pomidor tədarükçüsüdür, lakin yayın sonunda bu ölkədən idxal edilən məhsul Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamasından keçə bilməyib. Agentlik türkmən pomidorlarında təhlükəli qəhvəyi qırış virusu (ToBRFV) aşkar edib.

AQTA-dan bildirilib ki, məhsulun zay partiyalarının gömrük ərazisindən kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib, ardınca qonşu respublikadan idxalına müvəqqəti qadağa qoyulub. Bunun bazara və qiymətlərə necə təsir edəcəyi açıqlanmır.

Bununla belə, türkmən tərəvəzlərinin idxalının miqyası öz sözünü deyir. Məsələn, ötən il yerli məhsulun ixrac üçün xaricə axını fonunda türkmən pomidorunun kütləvi idxalı daxili bazarı doldurdu. Oradan alınan meyvələrin topdansatış qiyməti 95 qəpik olsa da, paytaxt bazarlarında kiloqramı 1,5-3 manat arasında dəyişir.

Eyni zamanda yerli ekspertlər kütləvi ixracın daha sərfəli xarici qiymətlər olduğunu iddia edirlər. İqtisadçı ekspert Xalid Kərimlinin qeyd etdiyi kimi, sahibkar ixracdan daha çox qazanırsa, o, ölkədə satış etmir, xaricə satır. Bütün bunlar, artıq formalaşmış kədərli ənənəyə görə, istehsalın azalması fonunda baş verir.

İqtisadçı ekspert Razi Abasbəyli AYNA.AZ-a açıqlamasında bildirib ki, istixanaların azalması onların məhsulunun miqdarına təsir edib: “Nəticədə xaricdən gətirilən tərəvəzlər praktiki olaraq yerli tərəvəzləri əvəz edib. Onun sözlərinə görə, təkcə ötən il istixana pomidorlarının istehsalı 16,4 faiz, tədarük isə 224,9 min ton azalıb ki, bu da təkcə kəmiyyətin azalması ilə deyil, həm də istixana təsərrüfatlarının ümumi sahəsinin azalması ilə əlaqədardır. Bu, hər yerdə baş verir. Demək olar ki, danışdığım bütün istixana sahibləri belə deyirlər: ya pulsuz, oğurlanmış qazdan istifadə etməlisən, yəni belə bir imkanın olmalıdır, ya da Azərbaycandakı istixananı bağlamalı və hasilatı qonşu Dağıstana köçürməlisən”.

Doğrudan da, cəmi dörd il ərzində Şəmkir rayonunda pomidor təsərrüfatlarının sayı iki dəfə azalıb. Səbəb maya dəyərinin və xərclərin artmasıdır. Rəsmi statistikaya görə, 2023-cü ildə l ölkədən 141,081 min ton, ötən il isə 145,6 min ton pomidor ixrac edilib. Kənd Təsərrüfatı Sığorta Fondunun məlumatına görə, ötən il daxili tədarük 328 min 131 ton təşkil edib.

“Daxili bazarda pomidorun kiloqramı 2,50-3 manat olduğu halda, yerli məhsullar Rusiyaya ixrac olunur. Nəticədə bazarlarımız boşdur və buraya İran, Türkiyə və Gürcüstandan gətirilən geni dəyişdirilmiş pomidorlarla doludur”, - deyə həmsöhbətimiz vurğulayıb.

Bütün bunlar ölkəni dönməz şəkildə ərzaq idxalından asılı vəziyyətə salır. Son illər kəskin şəkildə artan idxal mövzusuna toxunan deputat, ekspert Vüqar Bayramov dan bu tendensiyanın arzuolunmazlığını qeyd edir. Onun sözlərinə görə, bu ilin ilk iki ayında ölkənin ticarət dövriyyəsinin strukturunda idxal hətta ixracı üstələyib ki, bu da xarici ticarət balansına mənfi təsir edib. Statistikanın göstərdiyi kimi, bu mənfi tendensiya daha çox ərzaq məhsullarının idxalı ilə bağlıdır ki, bu da arzuolunmazdır, çünki bu, valyuta daxilolmalarının xaricə axmasına gətirib çıxarır və dollara tələbatı artırır.

Müəllif: Emma Rzayeva
ayna.az
Ardını oxu...
Rusiya Azərbaycan pomidoruna yenidən qadağa qoyub, daxili bazarda bolluq yaranıb

Mütəxəssislər isə xəbərdarlıq edir ki, ucuz məhsul keyfiyyətli demək deyil

Hazırda pomidor və xiyarın qiymətində ucuzlaşma müşahidə edilir. May ayının əvvəli müxtəlif çeşiddə pomidorların qiyməti bəzi ucuzluq olan marketlərdə 2.33-2.45 arasında, bahalı marketlərdə 3 manat – 3.50 olsa, xiyarın qiyməti isə növündən asılı olaraq 1.50- 1.30 arası dəyişsə də, indi qiymətlərdə endirim var.

Pomidoru hətta 1m.50 – 2 manata, xiyarı 1 manata da almaq olur. Bazardakı nisbətən bolluğun və qiymət ucuzlaşmasının səbəbi isə yenə də Rusiya göstərilir. Məlumatlara görə, Rusiya Azərbaycan pomidorunun idxalına “tərkibində zərərli orqanizmlər var” adı altında yenə embarqo tətbiq etdiyindən daxili bazarda məhsul bolluğu yaranıb və bu da qiymət enməsinə səbəb olub. Oxşar hadisə 2 il əvvəl də baş vermişdi. Rusiyaya ixrac edilən külli miqdarda pomidor bu ölkənin Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti - “Rosselxoznadzor” tərəfindən zərərli elan edilərək geri qaytarılmışdı. Həmin məhsulların tərkibində pomidor güvəsi olduğu bildirilirdi. Amma biz bilmirik, indi marketlərdə, küçə ticarətində yeşik-yeşik boy göstərən həmin güvəli pomidorlardır. Fermerlər təki satılsın deyə, qiymətini aşağı salıb, binəva əhali də ucuzdur deyə sevinib alır və güvəli pomidor yeyir, yoxsa mövsümdəki ənənəvi bolluqdur, "parnik"lərdə məhsul yetişib artıq və daxili bazara çıxarılır deyə bolluq yaranıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda Rusiya idxal məhsullarına qadağa qoyacaq səviyyədə deyil. Rusiya iqtisadiyyatı elə vəziyyətdə deyil ki, idxala qarşı süni maneələr yaratsın. Rusiyanın idxal məhsullarına ehtiyacı var, Rusiya bazarlarını kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkələrdən biri də Azərbaycandır:

- Rusiyaya idxal olunan pomidorun tərkibində zərərli orqanizmlərin tapılıb-tapılmaması sual altındadır. Biz bunu bilmirik. Bu barədə hökumət açıqlama verməlidir. Yerli bazarda hazırda bolluq yaranması isə mövsümlə bağlıdır. Məlumdur ki, qışın bitməsi, yazın gəlişi ilə kənd təsərrüfatı məhsullarında qıtlıq yaranır. Tədarük azalır, stoklar boşalır. Anbarlarda köhnə məhsul qurtarır, yeni məhsulun yetişməsi isə müəyyən vaxt tələb etdiyindən daxili bazarda qıtlıq yaranır. Hökumət belə olan halda daxili bazarı idxal məhsullar hesabına təmin etməyə çalışır. Gördük ki, mart-aprel aylarında kartof, soğan digər ölkələrdən gətirildi, idxal məhsullar satışda çoxaldı. Pomidor, xiyar isə bəzi "parnik"lərdə yetişdirilmək hesabına az miqdarda olsa, satışa çıxarıldı. Məsələn, Zirə pomidoru ilin bütün fəsillərində satışda olur. Amma təbii ki, qiymətdə fərqlərlə. Qışda pomidorun qiyməti 2 manat ola bilməz. 3,4, 5 manata qədər qalxır. Xiyar da yalnız istixana məhsuludur. Təbii şəraitdə yetişən tərəvəzlər may ayının sonları, iyun ayında satışa çıxarıla bilir. Yerli məhsullar yetişdikdə, bazarda da bolluq yaranır, bu, qiymətlərə də təsir edir.
Pomidor, xiyarda, eləcə də digər kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlərin olub-olmadığını isə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri araşdırmalıdır.

İqtisadçı Pərviz Heydərov isə diqqəti idxaldan asılılıq probleminə yönəltdi:

- Ölkəyə ərzaq idxalının artması artıq, bir müddətdir ki, narahatedici xarakter daşıyır. Bu, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra daha geniş vüsət almaqdadır. Getdikcə adi kənd təsərrüfatı məhsulları da ölkəyə kənardan gətirilir. Bu, nəyi göstərir? Təbii ki, sözügedən sahələrdə yerli istehsalın və tədarükün azalmaqda olduğunu. Məsələ bundadır ki, əvvəla, bizdə kənd təsərrüfatı, ümumiyyətlə, ərzaq məhsulları istehsalı və tədarükü onsuz da baha başa gəlirdi. Söhbət maya dəyəri, daşınmalardan və sairədən gedir. Odur ki, yerli istehsal və tədarük əsasən Rusiya və digər bu kimi bazarlar üçün səmərəli xarakter daşıyırdı. Müharibə başlandıqdan sonra isə yerli kənd təsərrüfatı istehsalçılarının, meyvə-tərəvəz, ümumiyyətlə, bitkiçilik məhsulları ixracatçılarının şimal bazara çıxış imkanları qeyri-səmərəli xarakter daşımağa başladı. Əvvəlki illərdə vəziyyət belə idi ki, məsələn, şimal bazarlarına çıxış müəyyən səbəblər baxımından maneələrlə qarşılaşanda sözügedən istehsalçı və ixracatçılar əllərindəki malları müvəqqəti də olsa, daxili bazara yönəldirdilər. İndi 3 ilə yaxındır ki, şimal istiqamətindəki bazarlar səmərəsiz xarakter daşıyır ardıcıl olaraq... Ona görə də yerli istehsal və tədarük "ölür"... Və beləliklə də, xarici analoq məhsullar yerli bazarı daha sürətlə doldurur. Çünki həm ucuz məhsullardır, həm də tələbatı ödəmək sarıdan yerli məhsullardan daha öncüldürlər. Bu, çox təhlükəli tendensiyadır. Ümumiyyətlə, ölkəyə xaricdən aqrar və yeyinti məhsullarının gətirilməsi eyni növ məhsulların daxildə bu və ya digər bazarlara daşınması xərclərindən daha asan və səmərəli başa gəlir. Odur ki, bazarlarda və marketlərimizdə getdikcə daha çox həcmdə və çeşiddə idxal məhsullarına rast gəlməli oluruq. Çalışmalıyıq ki, daxili bazarda yerli məhsullar üstünlük təşkil etsin, fermerlər də qazanc əldə etsin, əhali də keyfiyyətli məhsullarla qidalansın, dövlət büdcəsi də gəlir əldə etsin.
 
 
 
Ardını oxu...
Son günlər gündəmə gələn məsələlərdən biri də əməkhaqqıdır.

Deputat Səyyad Aran mediaya müsahibəsində bildirib ki, "beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?".

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə bildirib ki, "Professorların maaşı 1 000 manata yaxındır. Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manat arasında dəyişir. Professorların maaşı min manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz".

Maraq doğuran odur ki, əgər həmin maaşla millət vəkili, professorlar dolana bilmirsə, adi bir vətəndaş 220 manat müavinətlə necə dolana bilər? Bu istiqamətdə hansısa tədbirlər nəzərdə tutulurmu?

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev "Cebheinfo.az"a bildirib ki, hər zaman Azərbaycanda maaşların və müavinətlərin azlığından narahatdır:

"Mən bilirəm ki, hökumət də bu məsələdən narahatdır və istəyir ən azından elə bir səviyyəyə çatsın ki, insanların normal yaşayışına bəs edə bilsin. Təəssüflər olsun ki, bu gün nə yaşa görə pensiya, müavinət, hətta 5 uşaqla bağlı “uşaq pulu” həmin ailələrin yaşayışı üçün kifayət etmir. Xüsusən məni ən çox narahat edən müavinət və yaşa görə pensiya alanlardır.

Onlar çox aşağı məbləğ alırlar. Bütün yaşlı insanlar xəstəxanaya getməli, dərman almalı olurlar. Nəvələrini parka aparmağa, ona bir dondurma almağa ciblərində pul olmalıdır. Bu, ümumiyyətlə, postsovet ölkələrinin problemidir.

Ona görə də hər zaman istəyim bu olub ki, biz müavinətlərin və pensiyaların artırılması ilə bağlı çox ciddi tədbirlər görək. Hər il müəyyən qədər artım olur. Ümumiyyətlə, bu istiqamətdə problemlə bağlı məsələləri qaldırırıq.

Ümid edək ki, növbəti illərin büdcəsində pensiyaçıların və müavinət alanların aldığı vəsaitdə ciddi artımlar olacaq. Mən bunun üçün əlimdən gələni etməyə hazıram. Prezident də bu istiqamətdə zaman-zaman müəyyəm sərəncamlar imzalayır. Ümid edək, büdcədə elə bir vəsait olacaq ki, bu artımlar yaşayış üçün bəs etsin".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, deputat Səyyad Aranın fikirlərini oxuyub:

"Keçmiş təhsil naziri Misir Mərdanovun fikirləri ilə tanış olmamışam. Ancaq prinsipcə, Misir Mərdanov təhsil naziri olanda da belə fikirlər bildirirdi ki, "Bizə bu maaşı təklif etsələr gedib məktəbdə müəllim işləyərikmi?" Bu sualın da cavabı aydındır ki, çox adam getməz. Birincisi, ondan başlayaq ki, SSRİ dövründəki kimi sosialist cəmiyyəti qurmuruq.

1991-ci ildə Azərbaycan yalnız dövlət müstəqilliyini əldə etmədi. Həmçinin iqtisadi sistemi dəyişdi. Yəni planlı sosialist iqtisadiyyatından biz kapitalist - bazar iqtisadiyyatına keçdik. Bu iqtisadi sistemdə də bərabərsizlikdir. Yəni biz bunu qəbul etdik ki, bəli, bazar iqtisadiyyatına keçmək lazımdır. Kapitalizm odur ki, bəzi insanların pulu çoxdur, avtomobilləri, daşınmaz əmlakları, bank hesabları və s. var.

Bəziləri isə heç çörək pulu tapmır. Bu aydan o biri aya çox çətinliklə "çıxır". Dövlətin kapitalist cəmiyyətində rolu nə olmalıdır? Maksimal elə etmək lazımdır ki, insanların minimal tələbləri qarşılansın. Sadə dildə desək acından ölməsinlər. Bu nöqteyi-nəzərdən nə qədər pul lazımdır ki, Azərbaycanda insan normal yaşasın?"

Hazırkı maaşların həcmi və 220 manat müavinət verilməsinə gəldikdə isə, ekspertin fikrincə, bu bir faktdır ki, həmin deputat Səyyad Aran özü də yaşayış minimumunun lehinə səs verib:

"Yaşayış minimumu odur ki, bu vəsaitlə insan yaşaya bilər. Ancaq yaşaya bilməz axı! Bunu hamı, o cümlədən Səyyad Aran da bilir. Bu cəmiyyətdə əksəriyyət insanların qazancı elə olmalıdır ki, layiqli, insan kimi yaşasın. Səyyad Aranın səs verdiyi yaşayış minimumu bunu təmin etmir. O deyir ki, "Mən avtomobil ala bilmirəm". Hər bir insanın avtomobili olmaya da bilər. Digər ictimai nəqliyyatdan istifadə edə də bilər. Ancaq söhbət ondan gedir ki, ölkədə yaşayış minimumu niyə aşağıdır?

Mən hesab edirənm ki, Azərbaycan kimi cəmiyyətdə yaşayış minimumu azı 700 manat olmalıdır. Yəni insan kimi yaşasın. İl ərzində insan özünə paltar da almalıdır, həkimə də getməlidir. Hər bir kəsin min cür problemi olur. Ancaq məsələ odur ki, həmin Səyyad Aran da iki dəfə aşağı yaşayış minimumunun qəbul edilməsində iştirak edib. Mən qəbul edirəm ki, o, deyir "mən bu maaşla qənaət edə bilmirəm".

Yaşayış minimumu Azərbaycanda 2025-ci il üzrə 285 manat müəyyən olunub. Bu baxımdan, Səyyad Aranın belə deməyi gülməlidir. Yəni sən ötən il qanuna səs vermisən və demisən ki, "ay xalqım, sənin yaşayıış minimumun bu qədərdir". Ancaq sonra çıxıb deyirsən ki, "Mən 5 min manata avtomobil ala bilmirəm".

Deyir ki, "xəstəyəm, dərman alıram", buna inanıram. Bu məsələnin bir tərəfiridir. Ancaq buna görə onun belə çıxış etməyə mənəvi haqqı yox idi. Məsələnin digər tərəfi odur ki, Azərbaycanda insan 5, 10 min manat da maaş ala bilər. Hətta dövlət başçısından artıq maaş alanlar var.

Sadəcə, maraqlıdır, onlar gördüyü işə görəmi o pulu alırlar? Bu baxımdan deputatlarımız nə işlə məşğuldur? Son seçkilərdən sonra Səyyad Aran parlamentdə bir qanun layihəsi hazırlayıbmı? Yox. Konstitusiyaya görə, deputatların qanunvericilik təşəbbüsü hüququ var. Qanun layihəsi hazırlamayana, qəbul etməyənə heç o qədər maaş vermək olmaz. İndi qoy Azərbaycan xalqı desin ki, onlara nə qədər maaş vermək lazımdır".
 
Ardını oxu...
Pul hər gün ətrafımızda dövr edir – mağazada, bankda, işdə, hətta sadəcə işıqpulu ödəyəndə.

Amma paradoks ondadır ki, iqtisadi xəbərlər nə qədər çoxalsa da, onları oxumaq və araşdırmaq istəyi bir o qədər azalır. Çünki çoxlu sayda mürəkkəb sözlər, anlaşılmaz rəqəmlər və boş vədlər adamı yorur.

Mən, maliyyə barədə qısa və aydın yazılar silsiləsi başlamaq qərarına gəldim – nə darıxdırıcı dərs, nə də dolaşıq terminlər olacaq. Sadəcə hər kəsə toxunan məsələlər barədə: nəyə görə hər şey bahalaşır, banklar əslində necə qazanır, böhran zamanı pullarımızın başına nə gəlir və ümumiyyətlə, maliyyə baxımından özünü necə daha güvənli hiss etmək olar.

Bu, real həyatdan, mətbəxdən, mağazadan, blokdan, qısası, gündəlik həyat nümunələri ilə izah edilən iqtisadi bələdçi olacaq. Çünki çox gözəl anlayıram ki, aranızda iqtisadi təhsili olmayanlar da var. Mənim məqsədim akademik maliyyə dərsi keçmək deyil, iqtisadiyyatın gündəlik həyatımızda necə işlədiyini göstərməkdir.

Əminəm: maliyyə reallığını anlamaq insanı daha təhlükəsiz edir – xüsusən də qeyri-sabit dövrlərdə.

Bir az ironiya, bir az rəqəm və maksimum fayda. Mövzu maraqlı olsa, yazıları çıxarıb çap edib, sonda səliqə ilə cildləməyinizi tövsiyə edirəm. Beləcə, zamanla gündəlik maliyyə məsələləri üzrə kiçik bir bələdçiniz yaranacaq. Beləliklə...

Beləliklə…

İlk baxışdan — bu sadəcə iki kağız parçasıdır: manat və dollar.

Amma onların qarşıdurmasının arxasında bizim hər gün mağazada, işdə, bankda və yanacaqdoldurma məntəqəsində hiss etdiyimiz şeylər dayanır. Bəs iqtisadiyyatı yüksələn ölkədə insan niyə özünü daha yoxsul hiss edə bilər? Valyuta məzənnəsi həyatımıza necə təsir edir – nəzəriyyəsiz, sadə dillə.

Məzənnə niyə vacibdir?

Valyuta məzənnəsi pulların “qiymət cədvəli” kimidir: 1 dollar neçə manat edir. Məsələn, 1 USD = 1.70 AZN olarsa, dollar daha “bahalı” sayılır. Bu məzənnədəki dəyişikliklər iqtisadiyyatda hava dəyişikliyi kimidir. Və bu dəyişikliklər birbaşa bizə təsir edir.

Bu maaşlara necə təsir edir?

Əgər maaşınızı manatda alırsınızsa, amma məişət texnikasından pendirədək bir çox məhsul xaricdən gətirilir və dollarla alınırsa, dollar bahalaşanda siz də sanki az maaş almağa başlayırsınız.

Misal:

2015-ci ildə manatın kəskin ucuzlaşmasından sonra texnika qiymətləri 30-50% bahalaşdı. 800 manata satılan soyuducu 1100 manata qalxdı. Maaşlar isə dəyişmədi. Pulun “çəki”si azaldı.

Yığımlar necə olur?

Əgər manatla pul yığırsınızsa və birdən dollar bahalaşırsa – yığımlarınız sanki “əriməyə” başlayır.

Misal:

2015-ci ilin əvvəlində birinci devalvasiyaya qədər 1000 manat 1275 dollara bərabər idi (1 USD ≈ 0.78 AZN). Fevral devalvasiyasından sonra bu məbləğ 952 dollara (1 USD ≈ 1.05 AZN) düşdü. Dekabrda ikinci devalvasiyadan sonra isə artıq 645 dollara bərabər oldu (1 USD ≈ 1.55 AZN). Ona görə də insanlar pullarını dollarda saxlamağa başladı. Amma burada da çətinliklər var.

Mif: Dollar həmişə xilas yoludur.

Həqiqət: Əgər məzənnə sabitdirsə və ya dollar ucuzlaşırsa, valyutada saxladığınız pullar həm kurs fərqindən, həm də faiz itkisindən sizə zərər verə bilər.

Biznes nə hiss edir?

İş adamları üçün vəziyyət daha çətindir. Çünki onlar xammalı, avadanlığı və ehtiyat hissələrini dollara alıb, məhsulu manata satır. Dollar qalxanda, xərclər artır. Bu halda ya onlar qiyməti artırırlar, ya da mənfəət azalır.

Kiçik biznes xüsusilə həssasdır.

Misal: Elektronika mağazası sahibi məhsulu bir məzənnə ilə alıb, satmaq istəyəndə kurs dəyişərsə və əhali alıcılıq qabiliyyətini itirərsə – zərərə düşür.

Bir az tarix:

2006-2014-cü illərdə manat neft gəlirlərinin hesabına sabit idi və hətta möhkəmlənirdi. 2015-ci ildə isə vəziyyət kəskin dəyişdi. İki devalvasiya baş verdi və dollar 0.78 manatdan 1.55 manata qalxdı.

Bu, əhali üçün şok oldu: qiymətlər qalxdı, yığımlar “əridi”, biznes çaş-baş qaldı. O gündən “məzənnə” sözü əksər insan üçün narahatlıq sinoniminə çevrildi. Anlaşıldı ki, maliyyə savadı artıq lüks yox, zərurətdir.

Dövlət məzənnəni niyə sabit saxlamağa çalışır?

Çünki sabit kurs – iqtisadi sakitlikdir. Məzənnə oynayanda bunlar baş verir:

Mərkəzi Bank dollar satıb, manat alaraq bu dəyişkənliyi yumşaltmağa çalışır. Amma bir şeyi unutmamaq lazımdır: süni sabitlik də təhlükə yarada bilər. Əgər dövlət uzun müddət məzənnəni eyni səviyyədə saxlayırsa, amma bazar şəraiti buna uyğun deyilsə, disbalans yaranır. Bu isə aşağıdakı nəticələrə gətirib çıxara bilər: valyuta çatışmazlığı – banklarda sadəcə olaraq dollar olmur; kölgə valyuta bazarı – burada məzənnə tamamilə fərqli olur; rəsmi mexanizmlərə inamın azalması.

Belə hallar bəzi ölkələrdə baş verib və nəticədə ikili məzənnə və qeyri-rəsmi bazar yaranıb. Buna görə də əsas məsələ sabitliyin mövcudluğu yox, onun əsaslı olmasıdır. Yəni məzənnə reallığı əks etdirməlidir, yoxsa təhlükəli vəziyyət yarana bilər.

Neft, büdcə və ovqat

Sabit məzənnə:

Çünki insanlar sabah maaş və yığımlarının bir gecədə dəyərdən düşməyəcəyini biləndə rahat olurlar.

Bəs “manat-dollar” cütlüyündə əsas söz sahibi kimdir?

Formal olaraq – manat. Çünki bu bizim milli valyutamızdır.

Reallıqda isə dollar dominantdır. Çünki dollar – dünya etibarlılıq vahididir. Dünya ticarəti, neft, investisiyalar – hamısı dollarla ölçülür.

Amma iqtisadiyyat güclənəndə hər şey dəyişir:

Onda manat özünü daha əmin hiss edir və “arxa ilə sürünən” deyil, “arxası ilə aparan” ola bilər.

Nəticə:

Valyuta kursu təkcə qrafik deyil. O bizim soyuducumuz, istirahətimiz, mənzilimiz, pensiyamız deməkdir. Kursu başa düşmək – maliyyə savadının vacib hissəsidir. Onsuz insan başqalarının qərarlarının qurbanına çevrilə bilər.

“Manat-dollar” cütlüyündə əbədi çempion yoxdur. Hər şey iqtisadiyyatın durumu, dövlət siyasəti və bizim pulla ağıllı davranmaq bacarığımızdan asılıdır.

Fuad Rəsulov - pressklub.az
 

 

Ardını oxu...

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası dərman preparatları alır.

Məlumata görə, klinika preparatlara 1 189 814 AZN xərcləyəcək.

Artıq “Azəri Med” QSC ilə müqavilə bağlanılıb.

Qeyd edək ki, QSC-nin sabiq deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.// pravda.az

Dünyapress TV

Xəbər lenti