Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.
Gununsesi.info xəbər verir ki, bunu veteran idmançının özü bildirib.
O deyib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər arxadan ona hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar: “Hazırda başımın 30 faizi işləmir, zərbə vurulan yerə tikişlər atılıb. Onlar Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən idmançısının həyatına sui-qəsd edərək, Beynəlxalq Muay Tay Federasiyasının 100-dən artıq üzv ölkəsi qarşısında Azərbaycanımızı biabır ediblər. Hələ də bütün dünya federasiyaları bu hadisədən danışırlar”.
A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq: “İnanıram ki, Vətənimdə rahat yaşaya biləcəyəm. Çünki biz bu ölkənin mərd övladlarıyıq, qalib ruhu ilə bu yerlərə gəlib çıxmışıq. Lakin mən Azərbaycana gəlməyə qorxuram. Mənə necə reaksiya veriləcəyindən, evdən, liftdən çıxanda kimlərin qarşıma çıxarılacağından qorxuram. Mən bunu çoxdan gözləyirdim. Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hamı da bizə baxaraq güldü. Bir Azərbaycan idmançısının qanını dünya çempionatında hər kəsin gözləri qarşısında tökdülər. Bu, xəyanətkarlıq, düşmənçilikdir. Erməninin etmədiyini bunlar etdilər”.
Federasiya rəhbəri Azərbaycan və Türkiyə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət edib və kömək istəyib. O, müvafiq qurumların məsələ ilə daha ciddi məşğul olacaqlarına, cinayətkarların və onların arxalarında duranların tutulacaqlarına inamnı ifadə edib: “Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasnın qapısında 15-20 jandarma dayanıb. Bütün gəlib-gedənlər bizə gülürlər, pis formada baxırlar ki, Azərbaycanda belə şeylər yenə də varmı? Biz inanırıq ki, öz ölkəmdə bu cür hallar davam etməyəcək. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Elşən Abdulrəhmanov və Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyu həbs ediblər. Lakin onların Azərbaycandan göstərişini verən var. Mən adi, sakit idmançıyam, heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. Bir canım var, qorxmuram, çəkinmirəm. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq və ona Azərbaycanda hökm oxunacaq”.
Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir.