
İmam Şamilin mübarizə, əsirlik və hicrət hekayəti
Heç olmasa bir dəfə Dağıstana və ya Çeçenistana getmisinizsə, bələdçilərdən bu adam haqqında, yəqin, eşitmisiniz. Qafqaz müharibəsi dövründə Şamil adı ön planda idi —Qafqazın Rusiyadan müstəqil qalması uğrunda onillərlə mübarizə aparan lider məhz o idi. Onun şəxsiyyəti tarixçilər arasında birmənalı qarşılanmasa da, bu insan haqqında danışmağa dəyər.
Şamil 1834-cü ildə əvvəlki imam — Həmzət bəyin öldürülməsindən sonra imam elan olundu.
Onun şəxsiyyətini mübahisəli edən təəccüblü bir fakt var: ömrü boyu Qafqazın müstəqilliyi uğrunda vuruşan Şamil 1866-cı il sentyabrın 6-da Rusiya imperiyasına sədaqət andı içdi. 1869-cu ildə isə o, ümumiyyətlə, irsi zadəgan tituluna layiq görüldü. Bunun necə baş verdiyini anlamaq üçün Qafqaz müharibəsinin tarixini qısa da olsa xatırlamağı təklif edirik.
Qafqaz müharibəsinin tarixinə qısa ekskurs
Qafqaz müharibəsi 1817-ci ildə kifayət qədər aydın səbəbdən başladı: Rusiya imperiyası Qafqaz torpaqlarında möhkəmlənmək istəyirdi, məğrur dağlılar isə öz müstəqilliklərini qorumağa çalışırdılar. Rusiya üçün əsas hədəflər Dağıstan, Çeçenistan və Abxaziya idi — bu ərazilər vasitəsilə imperiya artıq tərkibinə qatdığı Cənubi Qafqaz torpaqları ilə əlaqəni təmin edirdi.
Müharibənin başlamasından bir il əvvəl Qafqazda baş komandan təyin edilən general Yermolov Çeçenistan və Dağıstan bölgələrinə qarşı ardıcıl və fəal hücuma başladı. Proses qalaların tikintisi və təhlükəsiz yolların salınması ilə müşayiət olunurdu. Lakin yerli əhalinin yaşadığı müstəqil aulların planlı şəkildə məhv edilməsi problemi həll etmədi, əksinə, vəziyyəti daha da gərginləşdirdi.
Beləliklə, XIX əsrin 20-ci illərində Qafqaz xalqları arasında islam ideyalarına və liderlərə tam itaət prinsiplərinə əsaslanan xüsusi bir ideologiya formalaşmağa başladı. Nəticədə Dağıstan və Çeçenistan ərazisində hərbi-teokratik dövlət qurumu – imamət yarandı. Birinci imam dağlıları öz müstəqilliklərini qorumağa çağıran Məhəmməd oldu. Onun ölümündən sonra imamlığı Həmzət bəy qəbul etdi.
Zaman keçdikcə Rusiya imperiyası alışmadığı bir müharibənin içinə sürükləndi. Bu müharibədə yalnız hərbi strategiya deyil, həm də yerli əhalinin xarakteri və müstəqillikdən imtina etməmək kimi kütləvi arzusu həlledici rol oynayırdı.
Həmzət bəyin 1834-cü ildə ölümündən sonra imam vəzifəsini Şamil qəbul etdi. Onun rəhbərliyi altında keçən illər dağlılar üçün Qafqaz müharibəsinin ən uğurlu dövrü oldu. Şamil yalnız Şimali Dağıstanda silahlı mübarizəni davam etdirmədi, həm də imamətin sərhədlərini genişləndirməyə cəhd edərək, Osetiya və Kabardaya da daxil oldu.

İmam Şamil kim idi və necə simvola çevrildi?
Gələcək lider Şamil təxminən 1797-ci ildə Avar kəndi olan Gimridə anadan olub. Uşaqlığında tez-tez xəstələnirdi, lakin yaşa dolduqca sağlamlığı bərpa olundu və möhkəmləndi. Doğulanda ona Əli adı verilsə də, bir müddət sonra Şamil adlandırıldı.
1828-ci ildə imam elan edilən Qazi Məhəmmədlə Şamil hələ uşaqlıqdan dostlaşmışdı. Gənclər sıx əlaqə saxlamaqda davam edirdilər, Şamil də dostu ilə birlikdə silahlı mübarizəyə qoşulmuşdu. 1832-ci ildə Gimri kəndində baş verən döyüş zamanı Qazi Məhəmməd həlak oldu, lakin Şamil xilas ola bildi. Ardınca imam vəzifəsini Həmzət bəy icra etməyə başladı, lakin o da bu vəzifədə uzun müddət qala bilmədi. Nəhayət, 1834-cü ildə Şamil imam seçildi və məhz bu zaman özünün qeyri-adi liderlik bacarıqlarını tam şəkildə tətbiq etməyi başladı.
Şamil dağlıları Rusiya imperiyasına qarşı mübarizədə birləşdirməyə və eyni zamanda onların itaətini təmin edərək öz nüfuzunu bərqərar etməyə nail oldu. 1837-ci ilə qədər Qafqaz ordusu öz mövqelərini az-çox saxlaya bilirdi. Lakin Rusiya imperiyasının hərbi üstünlüyünü anlayan imam Şamil atəşkəsə razılıq verdi.
Amma sakitlik qısa sürdü — cəmi bir il sonra Şamil rus ordusuna qarşı yenidən mübarizəyə başladı və həm də bu dəfə olduqca uğurla. Rusiya imperiyasının əsgərləri say üstünlüyünə baxmayaraq, bir neçə dəfə məğlubiyyətə uğradılar. Nəticədə, Şamil şimali-şərqi Qafqazın böyük bir hissəsini geri aldı və rus hərbçilərinə qarşı “sakit savaş” aparmağa başladı — onların qalalarını vaxtaşırı narahat edirdi.
Şamilin rəhbərliyi altında müharibənin ən uğurlu dövrü 1843–1847-ci illər oldu. Bu dövr ərzində ona Dağıstan və Çeçenistanın demək olar ki, bütün dağlılarını birləşdirmək və ideologiyası şəriət prinsiplərinə əsaslanan müstəqil dövlət qurmağa başlamaq müyəssər oldu. Onun rəhbərliyi ilə yeni dövlətdə həm məişət, həm də hərbi məsələləri əhatə edən ictimai qaydalar toplusu — özünəməxsus bir “konstitusiya” qəbul edildi. Bununla belə, Şamil ənənəvi icmaya toxunmadı və nəticədə bu icma yeni dövlətin sosial dayağına çevrildi. Bəzi aullarda yeni qanunlar toplusuna qarşı narazılıq olsa da, ümumilikdə Şamilin dövlət quruculuğu sahəsindəki fəaliyyəti xeyli uğurla gedirdi.
İmam 25 il ərzində Rusiya imperiyasına qarşı müqavimət göstərməyi və öz dövlətində hakimiyyətini saxlamağı bacardı.
Lakin 1850-ci illərin əvvəllərində Şamilin hərbi qüvvələri zəifləməyə başladı, imamın özünə qarşı isə narazı çeçenlər üsyan qaldırlar: onlar Şamilin yaratdığı qaydalarla yaşamaq istəmirdilər.
Əsirlik həyatı
İmperator Nikolayın vəfatından sonra taxta II Aleksandr çıxdı və Qafqaz canişini vəzifəsinə knyaz Baryatinski təyin olundu. Yeni rəhbərin gəlişi ilə Şamil daha çox məğlubiyyətlərə uğradı və nəticədə Günib dağına çəkildi.
Baryatinski Şamillə danışıqlar aparmaq və qan tökülməsinin qarşısını almaq istəsə də, imam təslim olmağı rədd edir və düşməni mübarizəni davam etdirməyə çağırırdı. Bir dəfə də imtina cavabı alan Baryatinski, nəhayət, Şamil və döyüşçülərinin olduğu dağlara hücum əmri verdi.
Şamil kənddə qalan qadın və uşaqları təhlükə altında qoymamaq üçün düşməyi qərara aldı. O, tezliklə edam olunacağına əmin idi. Lakin imam və tərəfdarlarının təəccübünə rəğmən, Şamil öldürülmədi, Kaluqaya göndərildi, orada ona və ailəsinə məscidi olan ev və illik 15 min rubl məvacib verildi.
Bir neçə ildən sonra, 26 avqust 1866-cı ildə Şamil çara sədaqət andı verdi, daha üç il sonra isə zadəgan statusu aldı. 1869-cu ildə Şamil ailəsi ilə birlikdə Mədinəyə köçdü, 1871-ci ildə orada xəstələnib vəfat etdi.
Hazırladı: Yadigar Sadıqlı
mənbə:
burda