Ardını oxu...
Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 600,0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800,0 mln. manat müəyyən edilib.
Bu Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Qeyd edilib ki, 1 iyul 2022-ci il tarixinə ümumi dövlət borcu ÜDM-in 14,7%-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7%- ni, daxili dövlət borcu isə ÜDM-in 3,0%-ni təşkil edib.

Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub. Xarici dövlət borcunun məbləği azalıb, daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb. 6 ayda birbaşa xarici dövlət borcu 384,7 mln. manat azalmış, birbaşa daxili dövlət borcu 282,6 mln manat artıb. Ümumi şərti öhdəliklər 131,5 mln. manat artıb. Nəticədə ümumi dövlət borcunda 29,4 mln. manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 mln. manat (31,6%) artıb.
 
Ardını oxu...
Dünya bazarında qida məhsullarının qiymət ucuzlaşır, Azərbaycanda isə bahalaşır....

İqtisadçı-alim: “Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır”.

“Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı davam edəcək”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Azərbaycanda qida məhsullarının qiymət artımını PİA.az-a şərh edərkən qeyd edib.

Bəzilərinin iddialarının əksinə olaraq artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşır. Arxada qoyduğumuz iyul ayında dünyada ərzaq bazarında 2008-ci ildən bəri ən kəskin ucuzlaşma qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Azərbaycanda qida məhsullarının qiymət artımı dünya bazarında yaranmış vəziyyətlə əlaqələndirilsə də, indi dünya bazarında əks proses getməsinə baxmayaraq, bizdə bu müşahidə olunmur. Daha doğrusu Azərbaycanda ancaq bahalaşma müşahidə olunur.

Bu bahalaşma tempini nəylə izah etmək olar və ölkədəki qiymət artımının hansı obyektiv və subyektiv səbəbləri var?

Ölkədəki qiymət artımını PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “İmkan vermirlər ki, ölkədə qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır”.

Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almağın mümkün olmadığını bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, əhali əldə olunan təsərrüfatın böyük bir hissəsini satdı. Xüsusilə də bu son iki ildə davam edib:

“Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır. Bu bazara giriş və çıxış baryerləri var və bazarda qiymətlər sövdələşmə əsasında təyin olunur.

Təəsüflər olsun ki, kənd təsərrüfatı səviyyəsində yeni yaradılan aqroparklar son nəticədə ailə və kəndli, torpaq və heyvandarlıq təsərrüfatlarını camaatın əllərindən alınmasına, onların satılmasına məcbur etdi. Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almaq mümkün deyil. Çünki əhali əlində olunan təsərrüfatın böyük bir hissəsini satıb. Xüsusilə də bu son iki ildə davam edib.

Qubad İbadoğlu: “Topdansatış sektoru əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir”.

Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulları, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən də kənd təsərrüfatında meyvəçilik və tərəvəzçilik aqroparkların nəzarətindədir. Bu baxımdan da Azərbaycanda qiymətləri monopol şirkətlər diqtə edir, oliqapol şirkətlər də sövdələşmə əsasında müəyyənləşdirir. Onlar da Azərbaycan bazarında qiymətlərin aşağı düşməsinə imkan vermirlər.

Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı belə davam edəcək. Payızda ərzaq qiymətlər daha da bahalaşacaq. Topdansatış sektoru da əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir. Yəni yalnız kənd təsərrüfatı sahəsində demirəm, hətta ondan yuxarıya çıxanda, ərzaq məhsullarının təchizatı, qida sektoru, onun topdansatış və pərakəndə satışı, yəni bütün bu zəncirlər üzərində də bir nəzarət var. Buna görə də imkan vermirlər ki, qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır. Azərbaycan bazarında bunu reallaşdıra bilməyənlər də, əsasən Rusiyaya ixrac edirlər”.
 
Ardını oxu...
İqtisadçı ekspert vəziyyəti şərh edir: “Anbarlarda un var, amma...”
Unun və çörəyin qiymətinin payıza doğru bahalaşacağı deyilirdi. Hətta un qıtlığı ilə bağlı proqnozlar da verilirdi. Deyəsən, payızı gözləməyə ehtiyac qalmayacaq.

Artıq neçə gündür ki, bölgələrdən şikayətlər daxil olur. Oğuz, Mingəçevir rayonundan olan sakinlər qəzetimizə bildirib ki, dükanlarda un tapa bilmirlər. Oğuz rayonundan şikayətçi Şeyda Cəbrayılova deyir ki, rayonda marketlərə un gələn kimi tez bir zamanda alınır. Rayon sakinin sözlərinə görə, məcbur olub əvvəlcədən sifariş edənlər də var: “Hətta dedilər, adama bir kisədən artıq satılmır ki, hamıya çatsın”.

Mingəçevir rayonundan olan sakin də piştaxtalarda unun olmadığını söylədi.

Qeyd edək ki, sosial şəbəkələrdə də bölgələrdə unun olmamasından gileylənən vətəndaşların sayı çoxalıb. Bəziləri bildirir ki, sahibkarlar qəsdən süni şəkildə “qıtlıq” yaradırlar ki, qiymətləri qaldırsınlar.

Bəs görəsən, həqiqətən ölkəmizdə buğda ehtiyatı bitibmi, yoxsa süni şəkildə ajiotaj yaradılır?

Onu da qeyd etmək yerinə düşər ki, aylar öncə ekspertlər qeyd edirdilər ki, qiymətlərin artması, unun qıt olacağı barədə şüarlar səsləndirmək olduqca yanlış addımdır, bu, əks-effekt verəcək. Çünki insanlar panikaya düşərək bütün mağazalardan un tədarükünü edəcək, bu da nəticədə qiymət artımına səbəb olacaq.

İqtisadçı-ekspert Eyyub Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İlk növbədə qeyd edim ki, bu gün buğdanın qiymətinə tək iqtisadi amillər təsir etmir. Burada siyasi amilləri də nəzərə almalıyıq. Bu gün Ukraynadan ixrac üçün 18 milyon ton köhnə yığım buğda anbarlarda gözləyir. 40 milyon ton yeni buğda var. Buna baxmayaraq, BMT-nin və Türkiyənin vasitəsilə buğdanın ixracatına Ukraynanın və Rusiyanın razılığı alındı. Lakin Rusiya siyasi oyun oynayıb, Livana gedən 26 min ton buğdadan imtina etdi. Baxmayaraq ki, beş ay idi bu müqavilə bağlanmışdı. Bu niyə baş verdi? Ona görə ki, Rusiya-Livan iqtisadi münasibətləri daha sıxdır. Rusiya Livana daha uyğun qiymətə buğda təklif etmək istədi. Və Ukraynaya daha ağır zərbə vurmaq niyyəti ilə bu prosesi həyata keçirdi.

Bunu deməkdə məqsədim odur ki, bu gün qiymətlərin qalxması və yenilənməsi ajiotajının yaradılması daha çox iqtisadi yox, siyasi oyunların nəticəsində baş verir. Ajiotaj yaradaraq dedilər buğda bahalaşacaq, Hindistan birinci dedi buğda satacaq, sonra dedi satmayacaq. Sonra digər ölkələr ona qoşuldu. Qazaxıstan məhdudiyyət qoydu. Əslində bu nə üçün idi? Bu, ölkələrdə süni şəkildə qiymətin artırılması üçün atılan addım idi. Lakin həmin ərəfəni ötüb keçdik, indi biz nə görürük, bu gün dünyada buğda qıtlığının o qədər də yaranmadığının şahidi oluruq. Bizim ölkəmizdə də anbarlarda buğda var. Artıq rəsmi şəkildə topdansatış qiymətlərdə bir o qədər fərq yoxdur. Bu ajiotajların da yaranmasının səbəbi, fikrimcə, sui-istifadə halları ilə bağlıdır. Hazırda dünyada da buğda istehsalı çoxalıb. İqtisadi rəqəmlər onu deməyə əsas verir ki, yeni biçim buğdalar anbarlarda çoxalıb. Buğdalar harasa satılmalıdır, bazara çıxarılmalıdır. İdxalçılar tərəfindən buğda əldə edilməlidir. Hesab edirəm ki, buğda üçün kəskin qiymət artımı gözlənilmir. Qeyd etdiyim amillər nəticəsində buğda qıt olmayacaq. Əgər siyasi amillər və siyasi faktorların təsiri olmasa, buğdanın qiymətinin kəskin artımı gözlənilmir".

Qeyd edək ki, FAO iyul hesabatında dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır - 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi - 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçənilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötənilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla, 468 milyon ton təşkil edəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında “Şahdəniz” layihəsi çərçivəsində dövlətin payına düşən mənfəət 1 milyard 72 milyon ABŞ dolları təşkil edib ki, bu da müvafiq dövrlə müqayisədə 15,1 dəfə çoxdur.

ARDNF-in məlumatına görə, “Şahdəniz” layihəsindən əldə olunan gəlirin 252 milyon 725 min dolları kondensat satışından, 819 milyon 275 min dolları isə təbii qazın satışından əldə edilib.

Qeyd edək ki, 2021-ci ilin yekununa görə, Azərbaycan dövlətinə “Şahdəniz” layihəsindən ümumilikdə 884 milyon 793 min dollar mənfəət daxil olmuşdu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu ilin yeddi ayı ərzində Azərbaycanın mənfəəti “Şahdəniz”dən əldə olunan ötənilki gəlirləri 21,16% üstələyib. "Dünya bazarlarında qazın qiymətindən asılı olaraq, bu il Azərbaycan “Şahdəniz”dən ikinci milyard mənfəətini əldə edə bilər, - ekspert qeyd edib.

İ.Şabanın sözlərinə görə, Azərbaycanın qaz gəlirlərinin artması çox vacibdir, çünki şirkətlər “Şahdəniz-2” layihəsinin işlənməsinə əsaslı məsrəflərə təqribən 24 milyard dollar sərmayə qoyub və satış bazarlarında qazın qiyməti nə qədər yüksək olsa, Azərbaycan öz xərclərini bir o qədər tez qaytara bilər.
 
Ardını oxu...
İyulda Niderlandda (Hollandiya) qazın qiyməti orta Avropa qiymətindən iki dəfə çox olub və hər kubmetr üçün 2,76 avro təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Enerji statistikasını dərc edən energievergelijk.nl saytı məlumat yayıb.

Bildirilib ki, iyun ayı ilə müqayisədə 22% çoxdur.

Qazın qiyməti üzrə əvvəlki rekord sahibi İsveç olub, onun vətəndaşları qazın hər kubmetrinə 2,31 avro ödəyiblər.

Niderlandın iqtisadiyyatı qazdan çox asılıdır, ona görə də ölkədə qazın qiymətinin artması dərhal bütün qiymət etiketlərində əks olunur. Belə ki, iyul ayında Niderland mağazalarında ərzaq qiymətləri 18,5% artıb.

Qaz qıtlığı və yanacağın həddən artıq baha olması səbəbindən Niderland sakinləri odun yığmağa, kamin və soba quraşdırmağa başlayırlar .

Avropada enerji böhranı anti-Rusiya sanksiyaları ilə bağlı Rusiyadan qaz tədarükünün azalması səbəbindən yaranıb. Bu məhdudiyyətlər Avropaya Rusiyadan qat-qat çox ziyan vurur: regionun iqtisadiyyatı inflyasiyada görünməmiş artım, qaz və elektrik enerjisinin bahalaşması ilə üzləşir.
 
Ardını oxu...
Yunanıstan avqustun 20-də Avropa Birliyinin xarici maliyyə nəzarəti mexanizmindən çıxacaq.

Bu barədə Yunanıstanın maliyyə naziri Xristos Saykuras məlumat verib.

“12 ildən sonra... ölkəmiz üçün çətin fəsil başa çatmaq üzrədir. Yunanıstan Avropa standartlarına qayıdır, o, artıq avrozonada istisna olmayacaq”, - deyə nazir bildirib.

Yunanıstana xarici maliyyə nəzarəti mexanizmi 2010-cu ildə kəskin maliyyə böhranı səbəbilə tətbiq edilib.

Avropa İttifaqının nəzarətindən çıxmaq Afina tərəfindən vəd edilmiş siyasi öhdəliklərin və islahatların əksəriyyətinin həyata keçirilməsindən sonra mümkün olub. Bu qərar Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis və iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni tərəfindən məktubla təsdiqlənib.

Yunanıstanın maliyyə nazirinin sözlərinə görə, bu tədbir ölkəyə iqtisadi siyasətin həyata keçirilməsində daha çox sərbəstlik verəcək. Həmçinin ölkəni investisiya dərəcəli statusa yaxınlaşdıracaq.
 
Ardını oxu...
Ukraynanın xarici kreditorları ölkədə defoltun qarşısını almaq üçün 20 milyard dollarlıq xarici borcun ödənişini təxirə salıblar.

Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir.

Məlumata görə, xarici kreditorlar Ukraynanın tələbinə cavab verib və iki il müddətinə təxminən 20 milyard dollarlıq beynəlxalq istiqrazlar üzrə ödənişləri dondurublar.

Atəşkəs əlaməti olmadan, fevralın 24-dən - Rusiya işğalının başlamasından təxminən altı ay sonra, istiqraz sahibləri Ukraynanın 13 suveren istiqrazı üzrə faiz və kapital ödənişlərini təxirə salmağa razılaşıblar.

Xatırladaq ki, daha əvvəl hökumət xarici borcların ödənilməsinin iki il gecikdirilməsi ilə bağlı qərar qəbul edib.

Bəzi Qərb hökumətləri də istiqraz sahiblərindən Kiyevin borc ödənişlərinin iki il müddətinə təxirə salınması tələbi ilə razılaşmağı xahiş ediblər.
 
 
 

Ardını oxu...
Azərbaycanda unun qiymətinin bahalaşması haqqında xəbərlər yayılır. Qərb bölgəsində çörək istehsalçılarından biri Pressklub.az-ın əməkdaşına bildirib ki, bəzi günlərdə qıtlıq və bahalıq problemi yaşayıblar, amma hazırda unu köhnə qiymətlə (38.5 manat) alırlar.

Bəzi KİV-lərdə və telekanallarda da payız aylarında unun qiymətinin bahalaşacağı haqqında reportajlar verilir, səbəb kimi dünya bazarında bu strateji məhsulun əvvəlki illərlə müqayisədə kifayət qədər artdığı göstərilir.

Bu cür xəbərlə nə qədər əsaslıdır, real vəziyyət necədir, Azərbaycan istehlakçıları üzümüzə gələn aylarda çörəyin və un məhsullarının növbəti dəfə artacağı ilə üzləşə bilərlərmi?

İqtisadçı Elbrus Cəfərli Pressklub.az-a şərhində mediada bu cür informasiyaların yayılmasından təəssüf edir, əlavə edir ki, belə kampaniyaların real iqtisadi şəraitlə əlaqəsi yoxdur:

“Ortaya muzdlu iqtisadçı-ekspertlər çıxarıblar, arqument kimi də Ukraynadakı vəziyyəti göstərirlər. “Ukrayna taxılı dənizlə çıxara bilmədiyindən quru yol ilə daşıyır, bu isə əlavə xərclər yaradır” və s.

Birincisi, Ukraynanın taxılını Türkiyə daşıyır, özü də quru yol ilə yox, dəniz yolu ilə;

İkincisi, Türkiyə Ukraynadan taxılı dünya bazar qiymətlərindən aşağı qiymətə almaq barədə razılaşma imzalayıb;

Üçüncüsü, Azərbaycan Ukraynadan, ümumiyyətlə, buğda almır;

Dördüncüsü, cari ildə ölkə üzrə 3 milyon tondan artıq taxıl yığılıb, kifayət qədər un ehtiyatları var”.

E.Cəfərli xatırladır ki, 2 ay əvvəl 2022-ci ilin dövlət büdcəsi dəyişdi və ərzaq təhlükəsizliyi üçün əlavə 193 milyon manat ayrılıb. Onun sözlərinə görə, həmin vəsait məhz elə çörəyin bahalaşmasının qarşısını almaq məqsədilə “əlavə xərclər” üçün nəzərdə tutulmalıdır. Çünki ərzaq deyəndə, ilk növbədə, çörəkdən söhbət gedir.

Ekspert vurğulayır ki, 1 ay əvvəl “idxal inflyasiyasının” xaç atası sayılan Gömrük Komitəsinin rəhbərliyi də dəyişib, bu hesabla, indi idxal mallarının, yəni unun bahalaşması üçün süni əsaslar olmamalıdır.

“Dövlətin aidiyyatı rəsmi qurumları niyə susurlar? Kim haqq verib ki, televiziyalar rəsmi izahat olmadan belə sabotajla məşğul olsun”, – iqtisadçı sual edir.

İqtisadçı Elədniz Əmirov isə məsələyə, dünya və Azərbaycan olmaqla, iki istiqamətdən baxmağı təklif edir:

“Rusiya müharibəyə başlayan kimi BMT həyəcan təbili çalırdı ki, hamı acından qırılacaq, dünya batacaq. Daha dəqiqi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu, ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya taxıl satmaycağını, Qazaxıstan az-az satacağını bəyan etdi. Daha sonra taxıl nəhənglərindən olan Hindistan bildirdi ki, o da taxılını hələ ki satmır. Çin isə “mən 1 milyard acı necə doyduracam” deyib, ən baha qiymətdən kim satdısa, taxıl almağa başladı. Beləcə, bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər”.

İqtisadçı daha sonra rəqəmlər təqdim edir: “BMT-nin hay-küyü ilə 1 ton ərzaq buğdasının qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi – iyunda 380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. Bu, yuxarıda dediyimin statistik təsdiqidir.

İndi BMT-nın FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.

E.Əmirovun sözlərinə görə, daha 2 hadisə böhranı yumşaldan amil kimi çıxış edir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyinin Rusiyaya tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması – Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.

Daha sonra Azərbaycandakı real vəziyyətə diqqət çəkən iqtisadçı bildirir ki, ölkənin taxıl ehtiyacı 3.6 mln. ton, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaq buğdasının 75%-i idxaldan asılıdır:

“Ötən il 572 min hektardan 1,887 mln. ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln. ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln. 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib.

İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektar taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, bu potensial 200 min hektara bərabərdir”.

Ekspert daha sonra hökumətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara diqqət çəkir:

“Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq, hər hektara 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulurdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezidentin qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.

Amma bu, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi nəzərdə tutulur”.

Eldəniz Əmirov Dövlət Ehtiyatlar Agentliyinin hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırdığını xatırladır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16% artım deməkdir. Beləliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən, qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”.
 //pressklub.az//
Ardını oxu...
İstanbuldakı koordinasiya mərkəzi Ukraynanın Çernomorsk limanından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

Lent.az-ın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 gəmi humanitar dəhlizlə 70 000 ton ərzaq daşıyacaq. Gəmilərin biri Cənubi Koreyaya 64 000 ton qarğıdalı aparacaq. Digər gəmi isə 5 300 ton günəbaxan yağı ilə İstanbula yola düşəcək.
 
Ardını oxu...
“Azərbaycanda artıq uzun müddədir ki, ölkəyə daxil olan valyuta ölkədən xaric olan valyutanın həcmindən xeyli dərəcədə çoxdur. Bu, həm xarici ticarətdə, həm də bütövlükdə cari əməliyyatlarda belədir”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. ​
Ekspert bildirib ki, Azərbaycana valyutanın daxil olması xarici ticarət və neftlə bağlıdır: "Bu göstəricilər üzrə artan valyuta daxilolmalarının şahidi oluruq. Təbii ki, bu da milli valyutamızın möhkəmliyinə şərait yaradır. Azərbaycanda valyuta məzənnələrinə dövlət nəzarət edir. Ona görə də son nəticədə qərar aidiyyatı dövlət qurumlarının yanaşmasından asılı olacaq. Hazırda milli valyutamızın dəyərdən düşməsinə heç bir iqtisadi əsas yoxdur. Ölkədə devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb görmürəm”.

İqtisadçı əlavə edib ki, ölkədə devalvasiyanın baş verməsi ciddi iqtisadi problemlərə səbəb ola bilər: “Ona görə də düşünürəm ki, bu, baş verməməlidir. Azərbaycanın daxili bazarının, investisiya mühitinin qorunması nöqteyi-nəzərdən devalvasiya arzuolunan deyil”.
 

Dünyapress TV

Xəbər lenti