Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bankın sentyabrın 4-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Rusiya prezidentləri arasında gələn həftə keçiriləcək mühüm görüşdən əvvəl Moskvada danışıqlar aparıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü sentyabrın 4-də, Soçidə gözlənir.

Fidan Rusiyanı BMT-nin taxıl dəhlizinin yenidən açılması üçün hazırladığı yeni təklifləri qəbul etməyə razı salmağa çalışıb. Taxıl dəhlizinin taleyinə Erdoğan-Putin görüşündə aydınlıq gətiriləcəyi gözlənilir.

Rusiyanın Ukraynanı işğal etməyə başlamasından- 24 fevral 2022-ci ildən bəri müharibəni bitirmək və onun mənfi təsirlərini aradan qaldırmaq üçün fəal diplomatiya aparan Türkiyənin digər prioriteti də Rusiyanın 17 iyulda dayandırdığı taxıl dəhlizinin yenidən açılmasıdır.
Xarici işlər naziri Fidan ötən həftə Ukrayna səfərindən sonra cümə günü Rusiyaya gedib.

Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gərgin gündəmlə yanaşı, tarixi baxımdan da önəmli idi.

Belə ki, iki xarici işlər nazirinin görüşdüyü dəqiqələrdə BMT-nin baş katibi Antonio Guterres-in taxıl dəhlizinin yenidən açılması ilə bağlı yeni təkliflərdən ibarət məktubunun Moskvaya çatdığı açıqlanıb.

BMT-nin baş katibi Guterres: "Biz Rusiyanın narahatlığını nəzərə alırıq"
BMT-nin baş katibi Guterres məktubunda Rusiyanın narahatlığının nəzərə alındığını, Rusiya ərzaq məhsullarının və gübrələrinin dünya bazarlarına münasib qiymətə çıxarılması üçün tənzimləmələr aparıldığını və yeni taxıl dəhlizi sazişinin daimi və sabit bir tətbiq kimi düşünülməli olduğunu bildirib.

“Böhrandan böhrana düşən və mütəmadi dayandırılan Qara dəniz təşəbbüsü ola bilməz. İşə yarıyan və hər kəsə fayda verən bir şeyə ehtiyacımız var” deyən Guterres Rusiyanın tələblərini yerinə yetirmək üçün konkret həll yolu təklif etdiklərini qeyd edib.

Diplomatik mənbələrin məlumatına əsasən, Türkiyə və BMT-nin hazırladığı yeni taxıl dəhlizi təşəbbüsü Rusiya və Ukrayna məhsullarının Türkiyə boğazları vasitəsi ilə və İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılmasını və icrasını əhatə edir.

Bu taxıl dəhlizinin, həmçinin 2022-ci ildəki razılaşmadan fərqli olaraq, 120 günlük qısa bir müddət yox, daha uzun müddət qüvvədə olması, bununla da tətbiqin siyasi hadisələrdən təsirlənməməsi hədəflənir.
BMT-nin baş katibi António Guterres

İyulun 17-də Rusiya taxıl dəhlizinin öz məhsullarını ixrac edə bilməməsinə görə dayandırıldığını və iyulun 20-dən etibarən Ukrayna limanlarına üzən bütün gəmilərin potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb. Bu bəyanatda, həmçinin Rusiyanın şərtlərinə əməl ediləcəyi təqdirdə taxıl dəhlizinin yenidən işə salınacağı qeyd edilib.

Rusiyanın şərtləri arasında ərzaq məhsullarının ixracına mane olan gəmiçilik, sığorta və ödənişlər kimi sahələrdə sanksiyaların ləğvi də yer alır.

Şərtlərə Rusiya Kənd Təsərrüfatı bankının SWIFT beynəlxalq pul köçürmə sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin alınmasına yenidən icazə verilməsi, Rusiyanın Togliatti şəhərindən Ukraynanın Odessa şəhərinə ammonyak boru kəmərinin açılması daxildir.

Guterres mayda Rusiya Kənd Təsərrüfatı bankını SWIFT sisteminə qoşmağa cəhd etsə də, onun təşəbbüsü baş tutmayıb. Rusiya üçün ən həssas məsələlərdən biri pulun maneəsiz köçürülməsidir. BMT-nin yeni təklif zərfində bu problemin yeni həll yolunun olub-olmaması gələcəkdə açıqlanacaq.

Hakan Fidan: "Keçmiş təcrübədən dərs almışıq"
Taxıl dəhlizinin başladığı ilk gündən Ankara Rusiya məhsullarının da ixracının zəruri olduğunu qeyd edərək, ABŞ başda olmaqla, Qərb ölkələri ilə əlaqələrində bu ixracın qarşısındakı maneələrin aradan qaldırılması mesajını verib.

Fidan Lavrovla görüşlərinin sonunda keçirdiyi mətbuat konfransında BMT-nin təkliflərinə dəstək verdiyini ifadə edərək: “Ölkəmizin intensiv səyləri və töhfələri ilə BMT yeni bir təklif paketi hazırladı. Hesab edirik ki, bu, təşəbbüsün canlanması üçün münasib əsas təşkil edir”, - deyib.

Ankara və BMT-nin Rusiyanın mövqeyini və tələblərini daha yaxşı anlamağa və qarşılamağa yönəlmiş bir prosesi idarə etdiyini izah edən Fidan, Qara dəniz taxıl təşəbbüsünün ilk icra dövründə ortaya çıxan problemlərə və ondan alınan dərslərin əhəmiyyətinə diqqət çəkib.

Lavrov: "Vədlər var, təminat yoxdur"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Türkiyə və BMT-nin səylərini yüksək qiymətləndirib. Lakin o qeyd edib ki, Moskvaya gələn yeni təkliflər zərfində “təminat” yox, “vədlər” var.

“Bu mesajlarda hələ də heç bir təminat yoxdur. Yalnız daha sürətli və daha aktiv olmaq vədləri var”, - deyən Lavrov sözlərinə belə davam edib:

“Vədlərdən artığını edib, sabahdan etibarən dərhal icraata başlanılması üçün ciddi nəticələr verəcək təminatlar verilərsə, doğrudan da, sabahdan etibarən bu zərfin tətbiqinə başlanacaq”.

Lakin Lavrov onu da deyib ki, burada əsas problem Qərbin bu addımı dəstəkləməməsidir və buna görə BMT-nin səyləri bir addım da irəli gedə bilməyəcək.

Lavrov, həmçinin qeyd edib ki, bu maneələrə baxmayaraq, Rusiya Prezidenti Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Afrikanın ən yoxsul 6 ölkəsinin hər birinə pulsuz olaraq 50 min ton taxıl vermək və 1 milyon ton taxılın türk şirkətləri tərəfindən emal edilərək Qətərin maliyyə dəstəyi ilə dünya bazarlarına çıxarılması ilə bağlı vədlərinə əməl edəcək.

Gözlər Ərdoğan-Putin görüşünə yönəlib
Lavrovun açıqlamalarında təminat veriləcəyi təqdirdə, Rusiyanın razılaşmaya hazır olduğunu deməsi müsbət hal kimi qiymətləndirilib.

Fidan, həmçinin təklif edilən zərfin çox əhatəli və texniki ölçüyə malik olduğunu və bunun üzərində işləməyə davam edəcəklərini bildirərək, Moskvanın təklif zərfini tamamilə rədd etmədiyini bildirib.

Lakin bütün bu düzəlişlərin həyata keçirilməsi üçün onları Qərb, ilk növbədə, ABŞ dəstəkləməlidir. Erdoğan və Putinin gələn həftə üçün ehtimal olunan görüşünə qədər Ankaranın bu istiqamətdə səylərini davam etdirəcəyi gözlənilir.

Prezident Erdoğan Putinlə taxıl təşəbbüsü ilə bağlı keçirəcəyi görüşdən alınacaq müsbət bir nəticə ilə 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 sammitində və sentyabrın 18-də başlayacaq BMT Baş Assambleyasının iclaslarında iştirak etməyi hədəfləyir.
BBC
 
Ardını oxu...
2045-ci ilə qədər neft dünyanın enerji tələbatının təxminən 29 %-ni təşkil edəcək və bu zamana qədər 12,1 trilyon ABŞ dolları və ya ildə 500 milyard ABŞ dollardan çox investisiya tələb olunacaq, baxmayaraq ki, son illərdəki səviyyələr bu göstəricidən xeyli aşağıdır.

"Report" xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam əl-Qeys deyib.

"Neftə investisiyalar enerji təhlükəsizliyi tələbi üçün çox vacibdir. OPEC-ə üzv ölkələr enerji yoxsulluğunun aradan qaldırılmasına kömək etməklə yanaşı, emissiyalarını azaldaraq, gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan sərfəli enerjini təmin etməyə hazır və qadirdirlər.

Neftə olan tələbatın gözlənilən artımı, davamlı tədarükü təmin etmək üçün daha çox investisiya tələb edir. Bununla belə, bu gün bütün dünyada narahatlıq doğuran reallıq ondan ibarətdir ki, enerjinin bütün növlərinə kifayət qədər sərmayə qoyulmur”, - OPEC-in Baş katibi bildirib.

Neftə adekvat sərmayə qoymamağın nəticələri OPEC Katibliyinin bu yaxınlarda apardığı araşdırmada aydın şəkildə göstərilib ki, bu gün, bəzi çağırışlara görə, faydalı qazıntı ehtiyatlarının işlənməsinə investisiyaları dayandırılırsa, 65 ildən sonra neft bazarı qlobal tələb və təklifdə proqnozlaşdırılan artım arasında gündə 16 milyon barel kəsirlə üzləşəcək.

"Bu gün neft sənayesi milyardlarla insanın həyatının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Əgər dünya nizamlı enerji keçidini həyata keçirmək istəyi ilə hamı üçün enerji təhlükəsizliyini təmin etməklə gələcək enerji tələbatını ödəməkdə ciddidirsə, sənayeyə xroniki olaraq investisiya çatışmazlığını tez bir zamanda düzəldilməlidir”, - Haytam əl-Qeys vurğulayıb.
Ardını oxu...
Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar dəyərində maliyyə yardımı edəcək.

Axar.az-ın məlumatına görə, bu barədə Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kreditin 296,5 milyon dolları Ekologiya və Şəhərsalma Nazirliyi, 252,2 milyon dolları Səhiyyə Nazirliyi, 388,3 milyon dolları isə İLBANK layihələrində istifadə olunacaq.

"Dünya Bankının Türkiyədə zəlzələdən zərərçəkmiş ərazilərin yenidən qurulmasına verdiyi dəstək son dərəcə əhəmiyyətlidir. Həm beynəlxalq dairələr, həm də öz resurslarımız tərəfindən verilən imkanlar daxil olmaqla, bu ərazilərin bərpası üçün çalışacağıq", - deyə Türkiyənin xəzinə və maliyyə naziri Məhməd Şimşək bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb.
 
Ardını oxu...
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, hüquqları yarandığı halda işçilərin əmək haqqına əlavə- əmək şəraiti ilə bağlı əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə tarif və ya vəzifə maaşına, əmək haqqına əlavələr müəyyən edilib ödənilməlıdir.
İşçilərin əmək haqqına əlavələr əsasən bu normativ hüquqi aktlar və sənədlərə əsasən ödənilir: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları, Əmək müqavilələri, Kollektiv müqavilələr və müəssisələrin daxili normativ hüquqi xarakterli aktları ilə.
İşçilərin əmək haqqına əlavələrdən daha çox tədbiq olunan və daha çox əhəmiyyətli olan əlavələr aşağıdakılardı:
1. İlki olaraq bildirirəm ki, Əmək haqqına əlavələr bütün işçilər üçün - məcburi olaraq nəzərdə tutulmamışdır, yalnız buna hüququ olan və ya yuxarıda göstərilən sənədlər əsasında həyata keçirilə bilər.
2. AR-nın Əmək Məcəlləsində və ya Nazirlər Kabinetinin Qərarlarında nəzərdə tutulmuş məcburi əlavə ödənişlərdən başqa: Əmək müqavilələri, Kollektiv müqavilələr və ya müəssisələrin daxili normativ hüquqi aktları ilə də razılaşma və ya işəgötürənin istəyi və ya könüllü iradəsi ilə də diskriminasiya halına yol vermədən də, işçilərin əmək haqqına əlavələr təyin edilib ödənilə bilər.
3. AR-nın müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələrinə uyğun əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
aşağı səviyyəsində-1,04. orta səviyyəsində
- 1,08. yuxarı səviyyəsində- 1,12
Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
aşağı səviyyəsində- 1,16, orta səviyyəsində
- 1,20, yuxarı səviyyəsində- 1,24
4. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən - 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda, iş yerlərində çalışan işçilərin əmək haqqına artımın minimum miqdarı 1,2. 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində əlavə ödəniş.
5. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
sahillə quru yol əlaqəsi olduqd- 1,4. quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər - 1,5.
sahildən 0,5 km-dən 70 km-ə qədər-1,65.
70- km-dən artıq-1,75 məbləğində əlavə ödəniş verilir.
6. AR - da dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük: 1200 metrdən - 1500 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,1. 1500 metrdən-2000 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,2. 2000 metrdən yuxarı olduqda isə artımın minimum miqdarı 1,3 məbləğində.
7. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı-1,2 məbləğində əlavə ödəniş kimi müəyyən edilmişdir.
8. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə - saatlıq tarif (vəzifə maaşının 20 faizi, çoxnövbəli iş rejimi axşam növbəsində: işin hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq ödənilməlidir.
9. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
10. Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə bu qərara əlavə olunan sutkalıq ödənişlər müəyyən edilsin.
Bu ödənişlərdən başqa:
11. İstirahət, səsvermə və ya iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü: görülən işə görə əməkhaqqı -
gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir.
12. İşçilərə iş vaxtından artıq vaxt ərzində: görülən işin hər saatı üçün əmək haqqı - saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ
 
Ardını oxu...
Bəzi ekspertlərin fikrincə, ölkədə inflyasiya faizləri aşağı salınmasa, əhalinin iqtisadi durumunda çətinliklər yaşana bilər. Qeyd olunur ki, əməkhaqlarının və pensiyaların artılması məsələsinə yenidən baxılmalıdır.

Teref.az xəbər verir ki, deputat Vahid Əhmədov yaxın aylarda maaş və pensiyaların artırılması ilə bağlı gözləntilərə açıqlamasında aydınlıq gətirib:

"Hər ilin payız sessiyasında gələn ilin dövlət büdcəsi müzakirə edilir. Yəqin ki, oktyabr - noyabr aylarında da Milli Məclis 2024-cü ilin dövlət büdcəsini müzakirə edəcək, bu məsələlərə də baxılacaq. Fikirlərlə mən də razıyam. Onsuz da maaş və pensiya artımı hər il olur. Mütəmadi olaraq dövlət büdcəsinə baxanda bu məsələlər üçün nəzərdə tutulan vəsait artırılır. Hər zaman gündəmdə olan məsələdir.

Dövlət başçısı da həmişə sosial sahəni prioritetlərdən biri kimi diqqətdə saxlayır. Ən yüksək faizlə vəsait ayrılır buna. Elə vaxt olub ki, büdcənin 45 faizini bu sahəyə ayırmışıq. Önümüzdə Qarabağın yenidən qurulması, müharibədən sonra dövlətin təhlükəsizliyinin təmin edilməsi kimi digər prioritet məsələlər də dayanır".(azerforum)
 
Ardını oxu...
Son günlər bir çox mağaza və market şəbəkələrindən alış-veriş zamanı alıcıya təqdim olunan çekləri "ƏDV-ni geri al” sisteminə daxil edərkən problemlər yaranır.

Belə ki, həmin çekləri "ƏDV-ni geri al” sisteminə daxil edərkən vətəndaşlar "çek ləğv olunub” mesajı ilə rastlaşır. Dəfələrlə cəhd etmələrinə baxmayaraq, həmin çek sistemə daxil olmur.

Belə halların yaranmasına səbəb nədir? İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bu halların geniş yayıldığını bildirib:

"Mən özüm də evimdə alış-veriş çeklərinin "ƏDV-ni geri al” sisteminə yükləyərkən bunun şahidi olmuşam. Çeki sistemə daxil edərkən mesaj gəlir ki, "çek ləğv olunub”. Bu isə o deməkdir ki, həmin mağaza və marketlər şəbəkələri vergidən yayınır. Ümumiyyətlə, dövlət niyə bu sistemi yaradıb? "ƏDV-ni geri qaytar” sistemi ona görə tətbiq edilib ki, bütün dükanlar, marketlər, iaşə müəssisələri vergidən yayınmasın, istifadə etdiyi xidmətin çekini vursun. Çek vurulanda vergi orqanı onu görür və onun vergisini geri istəyir”.

Əkrəm Həsənov hesab edir ki, dövlər vətəndaşları bu yolla stimullaşdırır, onlar alış-veriş zamanı çeki tələb etsin:

"Belə olanda vergini yığmaq asan olur. Bəzi dükanlar var ki, malı satır, alıcı gedən kimi satıcı onu guya malı geri qaytarıb kimi təqdim edir. Bu qeyri-rəsmi satış olur, bununla mağaza sahibləri vergidən yayınır”.
 

Əhalinin qocalması, həm də yeni doğulanların sayının azalması ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli sosial media hesabında həyəcan təbili çalıb. Ötən illərin statistik göstəricilərini müqayisə edən ekspert deyib ki, 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub: “Ölkəmizdə ildən-ilə doğuş sayı azalır. 2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. Digər çox ciddi problem də var – bizdə əhali də sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır.

Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 452,1 min nəfərə çatib – təqribən 2 dəfəyə yaxın artım var. Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub.

Yəni demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq - indi indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar. Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcənin təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorunda asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək”.
Ekspert hesab edir ki, demoqrafik vəziyyətin düzəlməsi üçün “uşaq pulu” təsis edilməlidir. Bu isə büdcəyə yüklənəcəyi üçün ölkədə dayanıqlı iqtisadi model tətbiq olunmalıdır.

TEREF.AZ-ın məlumatına görə, sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, maddi-sosial problemlər içində çapalamasınlar deyə, aztəminatlı ailələr dünyaya birdən artıq uşaq gətirmək istəmir: “Hər nə qədər Azərbaycanda demoqrafik problem yoxdur, artım tempi normaldır kimi fikirlər səslənsə də, ölkəmizin gələcək demoqrafik vəziyyəti ətrafında çox ciddi düşünmək lazımdır. Bəli, uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb.

Biz hansısa vasitələrlə ailələri uşaq dünyaya gətirməyə çağırmalıyıq. Bu sahədə ciddi təşviqat işi həyata keçirmək, onlara maddi-sosial dəstək vermək olar ki, ailə sayını artırsınlar, demoqrafik vəziyyətimizə töhfə versinlər. İnsanlar arasında maarifçilik işləri aparılmalıdır ki, doğum faizi yüksəlsin. Bu öz yerində. Bir məsələni də vurğulamaq istəyirəm. Bir uşaqdan artıq övlad dünyaya gətirən ailəni nə gözləyir? Əsasən problemlər gözləyir. Sosial problemlərə, qidalanma, geyim, təhsillə bağlı gərək olanları əldə edə bilmədiklərinə, ləvazimatları almağa gücləri olmadıqlarına, uşaqlarını təmin edə bilmədiklərinə görə dünyaya uşaq gətirmək istəmir. Yoxsa heç bir valideyn istəməz ki, övladı bu dünyada tək, yalnız qalsın. Biz bu dünyanı tutub durmayacağıq. Valideyn olaraq nə vaxtsa dünyadan köçüb gedəcəyik. Bizdə təşviqat alətləri yoxdur. Hansı tədbirlər görülür ki, bu insanlar dünyaya uşaq gətirsinlər? Bu məsələlər ciddi yanaşma tələb edir və bunu təkcə ailələrin üzərinə qoymaq da düzgün deyil. İnsanlara, ailələrə dəstək verilməlidir. Dövlət nəhayət ki, uşaq pulu məsələsinə bir əncam çəkməlidir. Müzakirələrin, çağırışların nəticəsi olmalıdır. Biz böyük, fantastik məbləğlərdən danışımırıq, hər ailənin köməyinə yetəcək və dövlət büdcəsini zərərə salmayan məbləğdən danışırıq”.
 
Ardını oxu...
Bahalaşmanın psixoloji baryeri aşacağı şübhə doğurmur

Koronavirus pandemiyası dövründə hər şeyin qiyməti qalxdı, lakin ət ən bahalı məhsullardan birinə çevrildi. İki-üç il əvvəl şəhər bazarlarında yaxşı dana ətinin kiloqramı orta hesabla 10-11 manata, quzu əti 12-13 manata təklif olunurdu. İndiki qiymətlər isə, müvafiq olaraq 16-17 və 17-18 manatdır. Bir az da keçsə, biz qiymətin ikiqat artması haqqında danışa bilərik.

Artıq iqtisadçılar bir ağızdan xəbərdarlıq edirlər ki, ətin qiyməti bu qış 20 manatlıq psixoloji həddi aşacaq və artmaqda davam edəcək. Bizdə adətən payızda ət piştaxtalarında qiymət etiketlərində artım müşahidə edilsə də (qəssablar isti Bakı yayını ölü mövsüm adlandırırdılar), qiymətlər sentyabr ayını gözləmədi.

Avqustun son həftələrində mal əti yenidən 1 manatadək bahalaşıb. Ekspert dairələrində son vaxtlar bahalaşma bütün payız-qış mövsümündə baş verəcək daha ciddi proseslərin xəbərçisi hesab olunur və bildirilir ki, artımın pik nöqtəsi yanvarda olacaq.

Paytaxtda olan satıcılar əti eyni qiymətə satmaq istəyərdilər, amma mal-qara satış məntəqələrində qiymətin artması səbəbindən qiymət etiketlərini yenidən yazmalı olurlar. Qiymətlərin yeni artım raundu alıcıları biganə qoymayıb. Deyirlər ki, əvvəllər beş kiloqram ət alırdılarsa, indi eyni pula üç kiloqram ət ala bilirlər.

Ətin dəyəri keyfiyyətdən asılıdır - mal əti yarı qiymətə əldə edilə bilər, lakin belə ətin keyfiyyəti çox aşağı olur. Təkcə qiymət artımı təkcə baş vermədi, həmçinin artan qiymətlərdən sonra bəzi satıcılar təklif olunan məhsulun keyfiyyətini aşağı saldılar.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya deyib ki, ticarətdə mal ətinin üç növünü ayırmaq adətdir: “Aydındır ki, qiymətlər çeşiddən asılıdır, lakin bizim praktikada bu qayda tətbiq edilmir: adətən çeşidlər qarışdırılır və hər şey orta qiymətə satılır”.

Nəticədə alıcı nəinki daha çox pul ödəyir, o, həm də gizli qiymət artımına görə artıqlaması ilə ödəyir.

Yalnız tənbəllər bu gün bahalaşmanın mənşəyindən danışmırlar - bu, otlaqların azalması, yemin bahalaşması və sənayeni böyük biznesin zəbt etməsi, onun qiymətlərini diktə etməsidir. Şayiələrə görə, qiymətləri istirahət yerlərimizi dolduran turistlər qaldırır, xüsusi möhtəkirlər isə satış nöqtələrində alver edir, mal-qara alıb pərakəndə şəbəkələrə satır, qiymət etiketini sındırırlar.

Amma son artımın təfərrüatı yoxdur. Kim və nəyə əsaslanaraq orta qiyməti daha bir manat qaldırdı - tarix bu barədə susur. Ekspert dairələrimizin nümayəndələrinin ümumi rəyinə görə, ətin qiyməti istehsalın azalması səbəbindən qalxır.

O zaman Dövlət Statistika Komitəsinin nəyə əsaslandığı bəlli deyil. Belə ki, yanvar-iyun aylarında heyvandarlığımızda rəqəm baxımından artım möcüzələri müşahidə olunub. Bu sahədə istehsal 17,43 faiz artaraq, 2 milyard 897 milyon manata çatıb. Azərbaycanda ət istehsalı təxminən 3 faiz artıb.

Dövlət Gömrük Komitəsi də məlumatlardan məmnundur - onun hesabatlarına görə, bu il (yanvar-iyul aylarında) respublikaya 46,9 milyon dollar dəyərində 24,3 min ton ət gətirilib. Bununla yanaşı, cari ilin yeddi ayında diri çəkidə idxal 51,2 milyon dollara (keçən ilin eyni aylarında 29,4 milyon dollar) çatıb. Beləliklə, idxal statistikası 74 faiz artıb.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, müvafiq idarələrin məlumatlarına əsasən, ölkədə istehsal və idxal artır. Bundan başqa, dünya bazarlarında belə güclü qiymət artımı müşahidə olunmur.

Müəllif: Emma Rzayeva
ayna.az

Son həftələr Azərbaycanda mağazalarda və apteklərdə satılan uşaq qidaları bahalaşıb. Hətta 80 və 100 manata satılan uşaq qidaları var.

Belə qidalarda, əsasən, 20-30 faiz bahalaşma müşahidə olunur. Məsələn, əvvəl 12-aylıq uşaq üçün 15 manata satılan qidalar indi 17 manata təklif olunur. 6-aylıq uşaqlar üçün qidaların qiyməti isə 25 manatdan 31 manata yüksəlib.

AzadlıqRadiosuna danışan valideynlər bildirir ki, uşaq qidalarının qiyməti Azərbaycanda son iki ayda az qala hər həftə bahalaşır.

Bakıda yaşayan Gülnarə Əliyeva deyir ki, iki uşaq anasıdır və son vaxtlar uşaq qidalarına az qala bütün ailə büdcələri xərclənir: “Uşaq qidaları az qala hər həftə bahalaşır, çatdırmaq olmur. Amma almağa məcburuq, çünki nəyisə almaya bilsən də, uşaq qidasını almalısan. Axı uşaq qidalanmalıdır. Ümumiyyətlə, uşaqlara aid nə varsa, son vaxtlar çox bahalaşıb: yeməyin, şəxsi gigiyena vasitələrinin qiyməti od tutub yanır”.

Həkimlər isə deyir ki, ana südü azdırsa, uşaq mütləq uşaq qidaları yeməlidir. Həkim-pediatr Nigar Abdullayeva Turana bildirib ki, ana südü əvəzolunmaz bir qidadır və mütləq şəkildə hər bir uşaq minimum altı ay ana südü qəbul etməlidir: “Lakin bəzi hallar var ki, ananın südü yoxdursa və ya azdırsa, yaxud da ana südünün verilməsinə hər hansısa ciddi əks-göstəriş varsa, o zaman mütləq süni qidalardan istifadə olunmalıdır”.

Lakin o qeyd edib ki, həkim məsləhəti olmadan bu qidaları vermək olmaz: “Hər altı ayda həkim tərəfindən uşağın çəkisi və boyu ölçülür. Uşaq normal çəki almırsa, yalnız həkim məsləhəti ilə süni qidalar verilir”.

Uşaq qidalarının bahalaşması ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə Turana deyib ki, uşaq qidalarının bahalaşmasının səbəbləri araşdırılmalıdır: “Uşaq qidalarının satışı ilə məşğul olan şirkətlərə sorğu göndərmək olar. Həmin sorğuda həmin qidaların zavod qiymətləri, Bakıya çatdırılma şərtləri barədə suallar qoymaq olar. Onda bahalaşmanın dəqiq səbəbi üzə çıxacaq”.

Deputatın fikrincə, xaricdəki inflyasiya burada öz rolunu oynaya bilər: “Avropada nominal inflyasiya minimum 6 faiz təşkil edir. ABŞ-da da mənzərə eynidir”.

Komitə üzvü hesab edir ki, qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanmasıdır: “Ərzaq məhsullarının yarısının ölkədaxili istehsal olunduğunu nəzərə alaraq uşaq qidaların istehsalına da başlamaq olar. Hətta bəzi inqrediyentlər Azərbaycana idxal olunsa belə, hər bir halda maya dəyəri düşəcək və qiymət daha ucuz olacaq”.

Mövzu ilə bağlı ölkəyə uşaq qidası idxal edən şirkətlərlə danışmaq mümkün olmayıb. İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, uşaq qidaları Azərbaycanda xarici ölkələrlə müqayisədə onsuz da 30-40 faiz baha idi: “İndi isə yenə bahalaşıb. Mümkündür ki, həmin qidalar idxal olunan ölkələrdə də bahalaşsın, amma 20 faiz orada bahalaşmaya mən inanmıram”.

O, uşaq qidalarının ölkədə bahalaşmasını yanlış idxal siyasəti ilə əlaqələndirir: “Yəni, həm Əlavə Dəyər Vergisi (ƏDV), həm idxal rüsumu yüksəkdir. Digər gözəgörünməz problemlər də var. İdxalçılar üçün qəbz qiyməti yox, gömrüyün təyin etdiyi qiymət tətbiq olunur. Bu, Azərbaycanda bütün idxala aiddir”.

Z.İsmayılın fikrincə, hökumət uşaq qidalarını ƏDV-dən və idxal rüsumundan azad etməlidir: “Təəssüf ki, biz nə Ümumdünya Ticarət Təşkilatının üzvüyük, nə də beynəlxalq azad ticarət müqavilələrinə imza atmışıq. Ona görə də bizdə ƏDV 18 faizə, idxal vergisi 15 faizə gəlib çıxır. Gürcüstan və Ukraynada isə bu, 5 faizdir, bəzi məhsullara bu rüsum 0 faiz səviyyəsində təsdiq olunub. Uşaq qidasından da pul ummaq soyğunçuluqdur”.

İqtisadçının sözlərinə görə, ölkədə uşaq qidalarının istehsalı müşkül məsələdir, çünki Azərbaycanda daxili istehsalın vəziyyəti yaxşı deyil: “Amma bəzi xarici istehsalçılarla danışmaq olar ki, onlar Azərbaycanda bu qidaların istehsalını təşkil etsin”.

Ardını oxu...
Dünya Bankı orta müddətli dövrdə İran iqtisadiyyatını təhdid edən mühüm daxili və xarici riskləri, habelə İranda yüksək inflyasiyanın səviyyəsini və işsizliyin davam etdiyini bildirib.

“Azad İran” “Telegram”ın məlumatına görə, daxili risklər bölməsində İranın sənaye sektorunda sosial gərginlik və tətillərin güclənməsinə işarə edilib və vurğulanıb ki, İran hökuməti tərəfindən internetin davamlı olaraq məhdudlaşdırılması məşğulluq və iqtisadi fəaliyyətlərə uzunmüddətli dağıdıcı təsir göstərə bilər.

Məlumatda həmçinin qeyd olunur ki, İran iqtisadiyyatının xarici riskləri isə neftə qlobal tələbin və onun qiymətinin azalması, həm də ABŞ və bir sıra Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyaları kimi də qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti