Ardını oxu...
Dəyişikliklər gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək.
Azərbaycanda "İnvestisiya fondları haqqında" qanunda edilmiş, avqustun 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, bundan sonra Milli Depozit Mərkəzi müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola biləcək, investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Azərbaycan Mərkəzi Bankına (AMB) 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaq, "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulan sənədlər AMB-yə əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilməyəcək, bu şərtlə ki, quruma bu barədə yazılı məlumat verilsin.
Bəs bu yeniliklərin məqsədi nədir, belə demək mümkünsə, bazara nə verəcək?
Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirib ki, bunların arasında ən mühüm dəyişiklik Milli Depozit Mərkəzinə yeni səlahiyyətin verilməsidir:
"Bunun hesabına investisiya fondlarının depozitar problemi həll olundu. Yəni, indiyə qədər investisiya fondu yaratmaq istəyənlərin qarşısında depozitarın olmaması ilə bağlı əngəl var idi. Heç kim də investisiya fondları üçün depozitar yaratmırdı, çünki bunu edənlər bəri başdan bilmirdilər ki, investisiya fondu yaradan olacaq ya yox? Artıq bu məsələ həllini tapıb".

"Digər tərəfdən ümumi qanunvericilikdə uyğunlaşdırma və əlavə tənzimləmələr baxımından dəqiqləşdirilmələr aparılıb ki, onlar da gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək. İqtisadiyyatın, o cümlədən maliyyə sektorunun tam funksional olaraq inkişaf etməsi üçün investisiya fondlarının olması vacib məqamdır", - deyə P.Qasımova əlavə edib.
(Report)
 
   
Ardını oxu...
Son vaxtlar dünya bazarında düyünün bahalaşması müşahidə olunur. Bu da düyü istehsal edən ölkələrin bu məhsulun ixracına tətbiq etdiyi qadağalardır. Dünyanın ən böyük düyü istehsalçısı Hindistanın ixraca qoyduğu qadağadan sonra, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da dünyada ən çox tələbat duyulan məhsulun ixracını dayandırıb.

Dünyada düyünün bahalaşması Azərbaycan bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə də bahalaşmadan qaçmaq mümkün olmayacaq:

“Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, dünyada baş verən ucuzlaşmalar ölkə daxilindəki qiymətlərə təsir eləmir. Amma dünyada məhsullar bahalaşan kimi dərhal Azərbaycan bazarına təsir edir. Rəqabət mühiti olmadığından dünyada qiymətlər ucuzlaşanda, sahibkarlar həmin ucuzlaşmadan istifadə edib mənfəətlərini genişləndirirlər. Amma qiymətləri azaltmırlar. Lakin qiymətlərin bahalaşması haqqında məlumatı alan kimi, həmin bahalaşan məhsulların partiyası Azərbaycana girməmiş ölkədə qiymətlər bahalaşır.

İxracatçıların məhsulun satışına məhdudiyyət qoyması dünya bazarında düyünün qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Üstəgəl Ukrayna böhranı da düyünün bahalaşmasında əsas faktorlardan biridir. Ukrayna faktoru bir başa olmasa da, dolayısı ilə düyü bazarına təsir edir. Afrika ölkələrində buğda tapmayanlar düyü yeyir. Bu da düyüyə tələbatı artırır. Həm də bu il dünyada düyü istehsalında məhsuldarlıq aşağı düşüb.

Hardasa dünyada əvvəlki illərə nisbətən 9 milyon ton az düyü istehsal edilib və bu, sözsüz ki, dünya bazarına təsir edəcək, düyünün bahalaşmasına səbəb olacaq. Bu da təbii ki, Azərbaycanda düyünün bahalaşmasına gətirib çıxardacaq”.

Daha sonra Akif Nəsirli duru yağlara olan tələbatdan danışdı:

“Bu məhsulun qiyməti onsuz da Azərbaycanda kifayət qədər bahadır. Mən hesab eləmirəm ki, yaxın günlərdə duru yağların qiymətinin bahalaşmasına getsinlər. Çünki Azərbaycan daxilində bitki yağlarını dünya bazarından ən azı iki dəfə baha satırlar. Ona görə də hələlik kiçik bahalaşmalar Azərbaycan bazarına təsir eləməyəcək. Amma payıza doğru əgər bitki yağlarının da qiyməti bahalaşacaqsa Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə bitki yağlarının qiyməti bir qədər də artacaq”.
Ardını oxu...
Son dövrlərdə işçilərin əmək haqqından qanunsuz tutulmalarla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu suallar daxil olurdu. Müraciət edən işçilər, bunların içərisində neftçilər də çoxluq təşkil edirdi, bildirirdilər ki, Banklar - onlarla bağlanmış müqaviləni və yaranmış borcu əsas tutaraq, razılıqları olmadığı hallarda, qanunsuz olaraq bütün əmək haqqları tutulur.
Nəhayət ki, verilmiş sorğuya uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu barədə ədalətli və qanuni qərarı da qəbul olundu.
Həmin dövrdə də, indi də bizim mövqeyimiz əmək qanunvericiliyinə uyğun belə idi:
1. Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən işçilərin əmək haqqından tutulmalar 100 faiz məbləğdə həyata keçirilə bilməz, yalnız bu qanunda nəzərdə tutulan qaydada və həddə tutula bilər.
2. İşçilərin könüllü razılığı olmadan, onların əmək haqqından Əmək Məcəlləsinin 176-cı maddəsində nəzərdə tutulan həddən artıq və ya 100 faiz həddə tutulmalar ola bilməz.
3. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsində tutulmalar aşağıdakı qaydada tənzimlənir:
4. Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-
ci hissəsi: hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 faiz, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz.
5. Əmək Məcəlləsinin 176-cı maddəsinin 2-
ci hissəsi: əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50 faizi saxlanmalıdır.
6. Əmək Məcəlləsinin 176-cı maddəsinin 3-
cü hissəsi: maddənin 1 və 2-ci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər: islah işləri çəkərkən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
7. Əmək Məcəlləsinin 176-cı maddəsinin 3-
cü hissəsində göstərilən tutulmalar işçinin əmək haqqının 70 faizindən çox ola bilməz.
8. Əmək Məcəlləsinə və Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirən işçinin qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır.
9. Konstitusiya Məhkəməsinin 20. 07. 2023 -cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 12,16, 35-ci maddələrinin, habelə, AR Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın ƏLLİ faiz həddində aparılması mümkün hesab edilsin.
Azer Quliyev
hüquqşunas
Teref.az
Ardını oxu...
Azərbaycanda borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İcra haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlarə icra məmuru "Banklar haqqında” qanuna uyğun olaraq əldə edir və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.

Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə biləcək.
 
Ardını oxu...
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

Belə ki, 2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.

Bildirək ki, bu yaxınlarda Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb. İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclası keçirilib. Xatırladaq ki, ötən il inflyasiya ilə bağlı rəsmi rəqəmlərlə ekspertlərin rəylərində xeyli fərq müşahidə edilirdi.

Doğurdanmı bu il inflyasiya 10,4 faiz səviyyəsində qalacaq və İşçi qrupun bu istiqamətdə mühüm rolu olacaq?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, inflyasiya ilə bağlı proqnoz vermək çətindir:

“Bu ilin may ayında ekspertlər Mərkəzi Bankın sədri ilə görüşmüşdü və mən də orada iştirak edirdim. O zaman Mərkəzi Bankın sədri ekspertlərə belə bir irad bildirdi ki, “Bəzən oxuyuram ki, ekspertlər Mərkəzi Bankın rəqəmlərindən fərqli olaraq, inflyasiyanın nə qədər olacağını söyləyirlər. Deyirlər ki, Mərkəzi Bankın rəqəmləri doğru deyil, etibar etmirik. Ancaq ortaya konkret öz hesablamalarını da qoymurlar”.

Məhz Taleh Kazımovun bu fikri ilə tam razıyam. Yəni kimsə əksini deyirsə, onu necə hesabladığını göstərməlidir.

"Mərkəzi Bank Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslanır. Bu anlamda bizim əlimizdə başa rəqəmlər onsuzda yoxdur”.

Ancaq bununla yanaşı ekspert deyir ki, onsuzda hamımız mağazalarda artan qiymətləri görürük və buna görə də ilin əvvəlinə proqnozlaşdırılan inflyasiya göstəriciləri özünü doğrultmur:

“Açıq-aşkar inflyasiya daha sürətli templərlə inkişaf edir. Hesab edirəm ki, təxminən qeyd edilən rəqəmə yaxın, hətta bundan çox da ola bilər. Çünki hələ qarşıda 5 ay var.

İstisna deyil ki, hökumət öz proqnozunu dəyişə də bilər. O ki qaldı İşçi qrupunun fəaliyyətinə, o barədə heç bir məlumat verilmədi. Bu yaxınlarda Mərkəzi Bankın rəhbəri bildirdi ki, Azərbaycanda uçot dərəcəsi həm də ona görə iflyasiyaya ciddi təsir etmir ki, idxaldan asılı ölkədir.

Bir sıra mallar idxal olunur, ona görə də Mərkəzi Bankın uçot dərəcəsi aşağı-yuxarı olsa da, qiymətləri xaricdən gətirilən mallar təşkil edir. Bu baxımdan da məsələni tamamilə Mərkəzi Bankın üzərinə yıxmaq olmaz. Nazirlər Kabinetinin də burada rolu olmalıdır. Çünki Nazirlər Kabineti bu məsələni gömrük və vergi siyasəti ilə tənzimləyə bilər.

Məsələn, xaricdən idxal olunan və Azərbaycanda istehsal olunmayan malları ya vergidən, ya gömrük rüsumundan azad edə, yaxud da aşağı sala bilər. Bu halda da onun qiymətini endirə bilər. Bu da bütövlükdə ölkədə qiymətlərin azalmasına xidmət edə bilər.

Həmin məsələ tamamilə Nazirlər Kabinetinin əlindədir, istəsə edə bilər. İşçi qrupun təklif verib-verməyəcəyini ilin sonunda görəcəyik".
Ardını oxu...
Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi qırıb. “Ams1”, “Şahin 2” və “Yılmaz Kaptan” adlı üç mülki gəmi Türkiyə boğazlarından keçib. Bu gəmilərin mənşəyi: İsrail, Yunanıstan və Türkiyə/Gürcüstan. AIS vasitəsilə təyinat yerini Ukrayna kimi müəyyən edilib.

31 iyul Ams1 Dunayın Ukrayna qoluna daxil oldu, "Unian" qeyd edir.

“Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın Qara dəniz blokadasını pozan ilk gəmidir. Səyahətinə Aşdoddan başlayan İsrail açıq şəkildə hədəfini - Ukraynanı reklam etdi və birbaşa məcrada Qara dənizi keçdi.

Amerikanın P8 gəmi əleyhinə təyyarəsi gəminin təhlükəsizliyini təmin edir. Bu təyyarə Rumıniya səmasında birbaşa yanacaqla doldurulur. Əlavə müşahidə aparan və məlumat ötürən Forte12 RQ-4 kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən verilir.

Ams1-dən sonra Dunayda lövbər salmış və ya tezliklə lövbər salacaq daha dörd gəmi gəlir.
Teref.az
Ardını oxu...
Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.

"Qafqazinfo" xəbər verir ki, daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb.

31 iyul 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib.

Yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.

Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
 
Ardını oxu...
27-28 iyul tarixlərində Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti Ukraynadakı münaqişə ilə əlaqədar tətbiq edilmiş Qərb sanksiyaları fonunda Kreml üçün arzuolunan nəticələri verməyib. Sammit ərəfəsində aydın olub ki, Moskva Afrikadakı təsir sahəsində böyük uğursuzluqlarla qarşılaşıb. Tədbirdə məhdud sayda yüksək vəzifəli şəxs iştirak edib: 45 dövlət başçısının iştirak etdiyi 2019-cu il sammitindən fərqli olaraq, dəvət edilmiş 54 Afrika ölkəsindən cəmi 17 prezident və 10 baş nazir iştirak edib.

Çin, Fransa və Qərb dövlətlərinin təsiri altında olan ölkələrin yüksək vəzifəli şəxsləri açıq-aşkar sammiti diqqətdən kənarda qoyub. Afrikada Çinin artan nüfuzu faktiki olaraq Rusiyanı sıxışdırıb və Rusiyadakı iqtisadi böhran vəziyyəti daha da çətinləşdirib. Məsələn, Çinin Afrikaya birbaşa investisiyaları həndəsi şəkildə artaraq, investisiyalara, ticarət dövriyyəsinə və iqtisadi iştiraka görə Rusiyanı xeyli geridə qoyub. 2000-2019-cu illərdə Afrikada Çin kreditləri 153 milyard dollar olaraq qiymətləndirilir. Bu müddət ərzində Rusiyanın investisiyaları 17 mlrd. dollar təşkil edib. Çinin Afrika ilə 200 milyardlıq ticarət dövriyyəsi Rusiyanın ticarət dövriyyəsindən 10 dəfə çoxdur.

Sammitin 74 bənddən ibarət olan yekun bəyannaməsində ilk növbədə ciddi maliyyə əməkdaşlığı və iqtisadi əməkdaşlıq deyil, mədəni və siyasi əməkdaşlıq vurğulanıb. İllərlə ortaq maraqların sayının azalması bu yığıncağın nailiyyətlərinin məhdud olduğunu göstərib.

Rusiyanın mövcud iqtisadi problemlərini nəzərə alaraq, Moskvanın sammiti Afrika ilə investisiya boşluğunu aradan qaldırmaq məqsədi ilə təşkil etməsi qeyri-mümkün görünür. Bunun əvəzinə, görünür, xüsusən Cənubi Afrikada keçiriləcək BRİKS sammiti fonunda əsas diqqət imic problemləri üzərində cəmləşib. Görünür, Putinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsi ehtimalı ilə bağlı narahatlıqlar Rusiyanı Afrika ölkələri ilə daha sıx əlaqələrə vadar edib, xüsusən də taxıl sövdələşməsi ilə bağlı.

Ukraynadan ixrac olunan, demək olar ki, dörddə biri Afrikanın və dörddə-biri Asiyanın payına düşən təxminən 49 mln. ton taxıl və paxlalı bitki həcmi ərzaq çatışmazlığı ilə üzləşən bir neçə Afrika ölkəsi, xüsusən Rusiyanın təsir dairəsində olanlar üçün ən mühüm məhsuldur. Bu vəziyyət, çox güman ki, onları sammitdə iştirak etməyə vadar edib.

Sankt-Peterburq sammitində əsas müzakirələr Ukraynadakı müharibəyə aid olub. Putinin Qərbin Afrikada müstəmləkə müharibələri ilə tarixi paralellər apararaq, təqsiri NATO-nun üzərinə atmaq cəhdləri çox da müsbət qarşılanmayıb. Misir, Cənubi Afrika və Afrika İttifaqı Komissiyasının praqmatik liderləri Putini taxıl sövdələşməsinə qayıtmağa və münaqişəyə son qoymağa çağıraraq, hazırda bunun Rusiya-Afrika münasibətlərini birləşdirən əsas amil olduğunu vurğulayıblar.

Putinin həbs edilə biləcəyindən narahat olduğu üçün virtual iştirak edəcəyi gözlənilən BRİKS imic sammitindən sonra taxıl sövdələşməsi, çox güman ki, ciddi maneələr və tərəflər üçün zərər olmadan bərpa olunacaq.

Mehman Əliyev

Turan.az
Ardını oxu...
“2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcəklər”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Qeyd olunub ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq”, - məlumatda deyilir.

TEREF.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, onsuz da "Buta"nın bütün siyasətinə AZAL təsir göstərirdi:

"İndi isə formal olan ayrılığa da son qoyulur. Açığı birləşmənin əsl səbəblərini bilmirəm. Çünki rəsmi açıqlamada bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, fərdlərin optimallaşdırılması üçün belə bir addım atılsın. Amma AZAL rəhbərliyi bunu izah etsəydi, daha yaxşı olardı. Ümumiyyətlə isə xoş görüntü deyil. Çünki Azərbaycanın yeganə "low-cost" şirkəti bağlanır və ana şirkətə birləşdirilir. Digər tərəfdən AZAL-ın qiymətlərinin eyni istiqamətdə "Buta"dan yüksək olduğunu nəzərə alaraq deyə bilərik ki, indi eyni brend altında daha baha uçacıyıq. Düzdür heç "Buta"da "low-cost" məntiqi ilə çalışmırdı. Amma sual yaranır ki, onsuz da "Buta"nın fəaliyyətinə AZAL nəzarət edirdi, niyə eyni brend altında birləşməyə ehtiyac yarandı. Bax, bu mövzuda rəsmilər məntiqli açıqlama versələr, daha məqsədəuyğun olar. Ona görə ki, hazırkı vəziyyət qiymətlərin artacağı ehtimalını yüksəldir".
 
Ardını oxu...
Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi "Ekskavator-yükləyicilər və müxtəlif yükləyicilərin satınalınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Prolink Caspian" MMMC olub.

Qalib şirkətə 2 076 888 manat ödəniləcək.

Qeyd edək ki, sifarişə 15 ədəd ekskavator yükləyicilər 0.24 kbm, 1 ədəd çəngəlli yükləyici, 1 ədəd çəngəlli yükləyici (əl ilə) və 2 ədəd mini yükləyici daxildir.
 

Dünyapress TV

Xəbər lenti