Ardını oxu...
Qax Kommunal Müəssisələri Kombinatının dövlətə vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, kombinantın hazırda dövlətə 13 mindən çox (13326.60 AZN) vergi borcu var.

Maraqlısı bundadır ki, 13 mindən çox vergi borcu olan müəssisə Qax Rayon Mərkəzi Xəstəxanasının elan etdyi tenderdə də iştirak edib və qalib olub. 4.498,28 AZN qazanıb.

Bİldirk ki, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanovdur.

Qax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Əhmədzadə Tərlan Fərman oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
 
Ardını oxu...
Ölkəmizdə qeyri-karbohidrogen ixracının göstəriciləri dəfələrlə artır, bəs qeyri-neft məhsulları dedikdə nə nəzərdə tutulur? Yerli iqtisadçıların fikrincə, qiymət artımı ilə yanaşı, statistik rəqəmlər elektrik enerjisi, qızıl və emal olunmuş neft məhsullarının ixracı ilə bağlıdır.

Qeyri-neft istehsalının və ixracının artırılmasına istiqamətlənmə iqtisadiyyatın inkişafı üçün strateji istiqamət kimi qəbul edilib. Uzun illər, xüsusən də neftin qiymətinin düşməsi fonunda qeyri-karbohidrogen iqtisadiyyatına keçid ideyası inkişaf etdirildi. Neft erası bitmiş hesab olunurdu və onun yeni dövrün gəlişi, qeyri-neft sənayesində istehsalın sürətlə artması və yerli məhsulların kütləvi şəkildə xarici bazarlara çıxarılması ilə əvəz olunacağı gözlənilirdi.

Lakin respublikanın makroiqtisadi göstəriciləri hələ də beynəlxalq bazarlarda karbohidrogen ixracının dəyəri ilə bağlıdır və qeyri-neft ixracı artsa da, hələ də “qızıl mədənindən” çox geri qalır və artım barədə əlaqədar dairələrin məlumatlarının özü ekspertlərdə çoxlu suallar yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Mərkəzin hesabatına görə, ixrac ötən ilin müvafiq ayları ilə müqayisədə 20,6% artıb. Təkcə iyun ayında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon dollara çatıb. Ötən ilin məlumatlarında da artımın 2021-ci ilə nisbətən 12,3% artaraq 3 milyard 47,67 milyon dollar təşkil edildiyi bildirilir.

TEREF.AZ-ın məlumatına görə, AYNA-ya danışan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, göstəricilərin artmasına baxmayaraq, əsas sual “qeyri-neft ixracı qrafasına konkret olaraq nələr daxildir və hansı məhsul liderdir?” ilə bağlıdır: “Maraqlıdır ki, biz ən çox hətta pomidor, xurma və kənd təsərrüfatı sektorumuzun digər məhsullarını da ixrac etmirik, bəs ən çox nə ixrac edirik? Birinci yerdə elektrik enerjisi dayanır - 6 ayda 314 milyon dollarlıq satılıb. Hökumət qeyri-neft, kənd təsərrüfatı sektorundan çox danışır, o zaman suala cavab versinlər: 2022-ci ilin 6 ayında ölkəmiz 78 min 156,41 ton kartof, 39 min 75,65 ton xurma, 1081,75 ton çay ixrac edib. Eyni zamanda, bu ilin altı ayında ümumilikdə 71 min 28,06 ton kartof, 20 min 261,14 ton xurma və 334,73 ton çay ixrac etmişik”.

“Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının ixracı üzrə göstəricilər aşağı düşür. Məsələn, kartofun ixracı 10%, xurmanın ixracı 2 dəfə, çayın ixracı isə 3 dəfə azalıb. Niyə səbəb göstərmirlər?”, - deyə mütəxəssis sual edir.

“Və nəhayət: son altı ayda bütün ixracımızın dəyərinin 90,13%-ni neft və qaz məhsulları, ixrac olunan məhsulların isə yalnız və yalnız 9,87%-ni qeyri-karbohidrogen ixracı təşkil edib. Bu gün neft və qaz sektorunda çalışan 50 min nəfər ölkənin 10 milyon əhalisini dolandırır. Bu, nə vaxta qədər davam edəcək və biz bu iqtisadi modellə hara gedirik?”, - deyə Cəfərli təkrar soruşur.

TEREF.AZ_ın məlumatına görə, sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, qeyri-neft ixracının artması ilə bağlı versiyalardan biri də beynəlxalq bazarlarda belə malların bahalaşmadır: “İxracın real artması üçün iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etməlidir. Sadə dillə desək, iqtisadi fəaliyyətin istənilən seqmentində artım o halda mümkündür ki, bu istiqamətdə investisiyalar artsın. Amma fakt odur ki, 2014-cü ildən başlayaraq bu günə kimi qeyri-neft sektorumuza investisiyalar durmadan azalır”.

Respublikada xarici ticarət və ödəniş profisiti neft və qaz ixracı hesabına əldə edilir. Maraqlıdır ki, bu ilin ilk altı ayında təbii qazın ixracından əldə olunan gəlir hətta nefti də ötüb. Xam neft 7 milyard 803 milyon 144 min dollara, təbii qaz isə 8 milyard 29 milyon 188 min dollara satılıb.

İqtisadçıların diqqətini çəkən digər məqam isə ixracın aprel ayında pik həddə çataraq, 4 milyard 843 milyon manat, iyunda isə 1 milyard 853 milyon dollara düşməsidir. 3 milyard dollarlıq fərq də suallar yaradır…
 
Ardını oxu...
Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Onların ləğv edilməsi nə ilə əlaqədardır? Bu ləğvolunma sığorta bazarındakı vəziyyətə təsir edəcəkmi?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Mərkəzi Bank qanunauyğun şəkildə hüquqi şəxs sığorta agentlərindən hesabatlar tələb edir.

Onun sözlərinə görə, bu hesabatlar dəqiq və vaxtında təhvil verilmədikdə isə belə qərarlar qəbul olunur:

“Bu məsələ daim gündəmdə saxlanılır və Mərkəzi Bank tez-tez belə addımlar atır. Burada narahatedici məqam ondan ibarətdir ki, araşdırmalar zamanı 650-700 sığorta agentinin fiziki şəxs kimi fəaliyyət göstərdiyi məlum olub. Bunun da 155-ə qədərinin fəaliyyəti dayandırılıb ki, bu da 30 faiz azalma deməkdir”.

Məsələnin həll olunması üçün Mərkəzi Bank tərəfindən maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyacın yarandığını deyən ekspert vurğuladı ki, eyni zamanda, onlara mühasibatlıqla bağlı tədbirlər görülməlidir:

“Ancaq AMB onlar üçün nə treninqlər həyata keçirir, nə də hansısa bir iş görür, ancaq onlardan nə isə tələb edir və onların 30 faizinin fəaiıliyyətinin dayandırlmasına qərar verir. Bu da ciddi narahatlıq doğuran bir məsələdir”.

Şirkətlərinibir-birinin ardinca bağlanması, sığorta olunanlar üçün əlavə problemlər yaranmsına və bazarının dəyərinin aşağı düşməsinə səbəb olur...

Müsahibimizin mövqeyi belə oldu ki, sığorta şirkətlərinin bağlanması bu bazara çox ciddi təsir edəcək:

“Hətta bankların və onlara bağlı sığorta şirkətlərinin bir-birinin ardınca bağlanması da bazarda narahatlığa və bazarın zəifləməsinə səbəb olur. Digər tərəfdən isə icbari sığortalarla bağlı problemlər yoxdur. Ona görə ki, İcbari Sığorta Bürosu bu məsələdə cavabdehlik daşıyır. Əgər bu sahədə hansısa bir sığorta hadisəsi yaranırsa, o zaman problemin həllini qarşılayır”.

İ.İbrahimov, son vaxlar könüllü sığorta ilə bağlı da bəzi problemlərin olduğunu diqqətə çatdırıb:

“Sığorta şirkətləri öz vəsaitlərini yaxın olduqları banklarda saxlayırlar. Bu bank bağlanan zaman həmin vəsaitlərin batmasına səbəb olur. Bu da onu deməyə əsas verir ki, Məkəzi Bank müəyyən qaydalar qoysun. Çünki, həm banklara, həm də sığorta şirkətlərinə nəzarət edən qurum Mərkəzi Bankdır. Bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliyə əsasən, sığorta şirkəti öz vəsaitlərini bir bankda deyil, digər banklarda da saxlamalıdır”.
 
Ardını oxu...
Azərbaycanda bir bankın kartından digər bankın kartına pul köçürən zaman ciddi məbləğdə komissiya haqqı tutulur.
Bir çox hallarda vətəndaşlar bu məsələ ilə bağlı sosial şəbəkələrdən müraciətlər ünvanlasalar da, konkret cavab almaq mümkün olmur.
Bəs, bunun səbəbi nədir?
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı azxeber.com-a açıqlamasında bu faktı belə izah edib:
“Təkcə bizdə deyil, Avropa ölkələrində də komissiya haqqı yüksəkdir. Çünki bu bir xidmət növüdür. Hər bir halda bank bu prosesə vaxtını sərf edir. Eyni zamanda işçi qüvvəsini sərf edir. Buna görə komissiya haqqı tutulması normaldır. Ancaq əsas məsələ komissiya haqqının məbləği ilə bağlıdır. Həqiqət odur ki, bəzilərində çoxdur, bəzilərin də azdır. Hər bir halda bu da bank üçün işdir. Doğrudur, bəzi bankalar var ki, komissiya haqqı tutmur. Ona daha çox maraqlı vətəndaşın onda pul saxlamasıdır”.

Əkrəm Həsənov qeyd edib ki, bu mövcüd qanunvericiliyə görə bankla müştəri arasında olan münasibətdir:
“Vətəndaşların narazılığı anlaşılandır. Amma bu məsələ qanunvericiliyə uyğundur. Müştəri artıq özü təyin etməlidir. Hansı bankda komissiya azdır, hansında çox”.
 
Ardını oxu...
Azərbaycanda bələdiyyələr tərəfindən 137 müəssisə yaradılıb.
Sfera.az xəbər verir ki, bələdiyyə müəssisələri ölkəmizdə olan bütün müəssisələrin (fərdi sahibkarlıq subyektləri istisna olmaqla – red.) 0,072 faizini təşkil edib.
Bələdiyyə müəssisələri əsasən kənd təsərrüfatı istiqaməti üzrə fəaliyyət göstərir. Bu istiqamət üzrə fəaliyyət göstərən 70 müəssisə var.
Tikinti üzrə 18, emal sənayesi üzrə 9, inzibati və yardımçı xidmətlər üzrə 5, istirahət, əyləncə və incəsənət sahəsi üzrə 5 bələdiyyə müəssisəsi var.
Bələdiyyələr elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələri üzrə müəssisəyə sahib deyil.
Rəsmi məlumatlara əsasən, 2023-cü ilin birinci yarısında bələdiyyə müəssisələrindən biri ləğv edilib.
 
Ardını oxu...
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

DİA.AZ bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumatda bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4% və 37,5% çoxdur. Altı ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,2 dəfə azalaraq 77 ədəd (5,246 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,8% artaraq 44 937 ədəd (679,509 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 17,9%, ikincinin isə 7,3 dəfə artması deməkdir. Maraqlıdır, idxalın artması avtomobil bazarında ənənəvi minik maşınlarının qiymətini ucuzlaşdıracaqmı?

Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qiymətlər qismən ucuzlaşa bilər:

"Bir neçə nüansa diqqət yetirməliyik. Birinci növbədə ölkəyə avtomobil gəlirsə, əvvəlki illərlə müqayisədə də bu say artırsa, deməli, vətəndaşların alıcılıq qabiliyyəti artıb, həm də avtomobilləşmə çevik həddə keçib. Ancaq bununla belə, minik avtomobillərinin qiymətində ucuzlaşmanın olacağını demək çətindir.

Yanvar ayının 1-dən yaşı 10-dan yuxarı olan avtomobillərin ölkəyə idxal olunması, onlarının rüsumlarının və dövlət qeydiyyatına alınması prosedurlarının dəyişməsi avtomobil bazarına öz təsirini göstərir. Elə bu məsələ səbəbindən də ölkədə avtomobillərin kütləvi ucuzlaşmasını demək tezdir.

Xüsusilə bu sahədə müəyyən problemlər var ki, öncə onlar həll olunmalıdır. Aradan qaldırılması üçün layihələr hazırlanmalıdır. Yalnız bu halda ucuzlaşma ola bilər. Amma hazırda avtombillər qismən ucuzlaşa bilər. Cüzi rəqəmlər dəyişə bilər. Bu da kütləvilik daşımaz".
 
Ardını oxu...
Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. Sənəddən sitat: "Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”.
Baş nazir deyir ki, ölkədə qiymət artımın günahı onlarda deyil, hamı günahkardır, bircə hökumətdən başqa. Yaxşı, qlobal təsirlər var, dünyada da inflyasiya güclənib, amma ölkədəki inhisarçılığı, yanlış rüsum-vergi siyasətini, bazara çıxış imkanlarının məhdudluğunu Putin edir, ya Bayden?! Bəlkə ÜST bizə, məsələn, ərzaq və dərmanlarda ƏDV-i 18%-dən aşağı salmağa qoymur?! Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun, eləmi?! Və ya, Yeni Zellandiyada inəklər qaz buraxır, iqlim korlanır, Azərbaycanda da qiymətlər qalxır?!
Əli Əsədov 12 nəfər qalstuklu müəllimlərdən ibarət işçi qrupu yaradıb ki, qiymət artımının qarşısını alacaq – müəllim, niyə camaata əziyyət verirsiz?! Yol-iz bəllidir, qrupa ayrıca vəsait, enerji xərcləməyin, bazarı liberallaşdırın, rəqabəti artırın, pərakəndə satışda ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salın, gedin ÜTT-yə üzv olun, AB ilə yeni sazişi tez imzalayın – vəssalam, görəcəksiz ki, qiymətlər təbii, orqanik halda enməyə başladı.
Həm inhisarçı, rəqabətsiz iqtisadiyyat qur, həm də qiymətlərin qalxmasından şikayət elə, işçi qrupu yarat – olmur e belə, dolamayın camaatı, o işçi qrupa daxil olanların əksəriyyətinin qiymət artımında öz işlərini pis gördükləri üçün payı, və ya şəxsi marağı var...
 
Ardını oxu...
Rusiya Federasiyası taxıl sazişindən çıxdıqdan sonra Qara dəniz dəhlizindən istifadəni davam etdirmək zəruridir. Rusiya Federasiyası ilə Ukrayna arasında heç bir saziş imzalanmayıb, ona görə də Rusiya Federasiyası belə bir hərəkətlə BMT-nin baş katibi və Türkiyə prezidenti ilə razılaşmalarını pozur.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin afrikalı jurnalistlərə bugünkü müsahibəsi zamanı bildirib. Müsahibədən sitatları Ukrayna liderinin mətbuat katibi Sergey Nikoforov öz Facebook səhifəsindən paylaşıb.

"Bizim iki razılaşmamız olub: Ukrayna, Türkiyə, BMT; Digər bir razılaşma isə Rusiya, Türkiyə, BMT. Ona görə də Rusiya sazişdən çıxdığını deyəndə BMT-nin baş katibi Quterreş və prezident Ərdoğanla razılaşmalarını pozur. Bizimlə deyil. Bizim onlarla heç bir razılaşmamız olmayıb”, - Ukrayna prezidenti bildirib.

"Rusiya Federasiyasının rəsmi siqnalından sonra Xarici İşlər Nazirliyimizə göstəriş verdim ki, BMT və Türkiyəyə rəsmi siqnallarımızı hazırlasınlar və Ukrayna prezidenti kimi mənə cavab versinlər ki, onlar bizim təşəbbüsümüzü davam etdirməyə hazırdırlarmı” - Volodimir Zelenski afrikalı jurnalistlərə müsahibəsində bildirib.

"Rusiya Federasiyası olmadan belə, hər şey edilməlidir ki, biz bu Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət ediblər. Onlar deyirlər ki, hazırıq, əgər Ukrayna və Türkiyə buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - Zelenski vurğulayıb. \\Qaynarinfo
 
Ardını oxu...
Naxçıvan MR-da çörəyin qiyməti azaldılıb. Bu gündən muxtar respublikanın pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır. Çörəyin ucuzlaşması dünya bazarında taxılın ucuzlaşması ilə izah olunur.

TEREF.AZ bildirir ki, məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı Pərviz Heydərov çörəyin ucuzlaşmasından söhbət getmədiyini dedi:

- Burada hansı ucuzlıaşmadan danışmaq olar? 300 qramlıq çörəyin qiyməti 45 qəpikdən 40 qəpiyə düşüb, paytaxtda da 600 qramlıq çörəyin qiyməti 65 qəpikdən 60 qəpiyə düşüb. Yəni, çəkiyə baxdıqda əsaslı, ciddi bir ucuzlaşma yoxdur. 300 qramlıq çörəyin qiyməti neçə olmalıdır ki?!. Çörəyin çəkisi azaldılıb, qiyməti aşağı salınıb. 300 qramlıq çörək 40 qəpikdir, 600 qramlıq da 60 qəpik. Fərq nədədi?

İqtisadçı qeyd etdi ki, dünya bazarında vəziyyət nəzərə alınarsa, çörəyin qiymətində əsaslı ucuzlaşma olmalı idi:

- Hazırda dünya bazarındakı vəziyyət çörəyin qiymətində əsaslı ucuzlaşmanı təmin edə bilərdi. Dünya bazarında hazırda taxılın qiyməti ucuzlaşıb, unun da qiyməti ucuzlaşıb. Bilirsiniz ki, biz un məhsulunu idxal edirik. Unun qiymətində isə əməlli-başlı enmə var. Digər tərəfdən, hazırda biçin vaxtıdır. Yerli istehsal da var. Hətta deyərdim ki, unun maya dəyərində daha çox enmə var. Yəni, hazırkı bütün amillər çörəyin qiymətinin ciddi şəkildə ucuzlaçması üçün əsas verir. Amma biz bunu görmürük. Paytaxtda bu, niyə hiss olunmur? Çünki un məmulatlarına tələb böyükdür. Və əlbəttə, subyektiv səbəblər də var. Əslinə qalsa, şərtlərə baxıldıqda biz çörəyin, unun qiymətində ucuzlaşmanı görməliyik. Amma görmürük. Çörəyin qiyməti birbaşa dövlət tərəfindən təyin edilməsə də, yenə də müəyyən qədər tənzimlənir. Hesab edirəm ki, gələcəkdə un bazarında ajiotajın yaranmaması üçün daxildə qiymətləri sərbəst buraxmalıyıq. Çünki payızda taxılın, unun qiymətlərinin qalxmayacağına təminat yoxdur. Dünya bazarında qiymətlər qalxanda bizdə də bu, qaçılmaz olacaq. Çörəyin qiyməıtinin qalxması isə avtomatik olaraq bütün digər məhsulların qiymətinə təsir edəcək. Ona görə də indidən qiymətləri sərbəst buraxmaq daha məqsədəuyğundur.
 
Ardını oxu...
Azərbaycan hökuməti bu il ölkədə gözlənilən inflyasiya səviyyəsini 13,5 faiz həddində proqnozlaşdırır. Əvvəlki illərlə müqayisədə bu sahədə optimist rəylər səsləndirilsə də, mövcud şəraitdə həm aidiyyəti qurumlar, həm də ekspertlər ehtiyatlı davranırlar.

“Kaspi” qəzeti mövzu ilə məqalə dərc edib.

İqtisadçı Rəşad Həsənov bildirib ki, inflyasiyanın aşağı düşməməsinin səbəbləri çoxdur:

“Prezident tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycanda anti-inflyasiya tədbirləri ilə əlaqədar fərman imzalanıb. Lakin bu fərmanın icrası ilə bağlı gecikmələr baş verdi. 2022-ci il ərzində sadəcə manatın məzənnəsini sabit saxlamaqdan başqa çox ciddi addımlar atılmadı. Hansı ki, həm təşviq mexanizmləri, həm vergi, gömrük rüsumu alətləri, həm yerli istehsalın dəstəklənməsi, həm daxili bazarda təklif bolluğunun yaradılması inflyasiyaya müəyyən mənada təsir göstərən amillərdir. Yalnız 2023-cü ilin əvvəlində vergi və gömrük rüsumları ilə bağlı müəyyən dəyişikliklər oldu”.

R.Həsənovun sözlərinə görə, inflyasiya dünya ölkələrində də var, lakin onlar vəziyyətdən çıxış yolunu tapa bilirlər:

“İnflyasiya qlobal bazarlarda da müşahidə olunur. Azərbaycan bir sıra sahələrdə idxaldan asılıdır. Bu problem bazarda qiymətlərdə də əks olunur. Bir sıra ölkələr, xüsusən də bazara təsiretmə gücü olan mərkəzi banklar inflyasiya yüksək olanda uçot dərəcəsini artırmaqla tələbin həcmini aşağı salırlar. Yəni, bazara daxil olan pul kütləsini azaldırlar, bazar da tələbi azaldır və bununla da qiymət artımları istiqamətində müəyyən optimallaşmaya nail olunur. Amma bizdə inflyasiyanın strukturunda tələbdən qaynaqlanan təsir səviyyəsi çox aşağıdır. Buna görə də atılan addımlar real təsir göstərə bilmir. Bank sektorunda inflyasiya dövründə kredit portfelinin genişlənməsi və ölkədə pul kütləsinin artımı baş verir”.

İqtisadçı vurğulayıb ki, inflyasiya nisbətən zəifləyib:

“Hətta, may ayında deflyasiya da baş verib. Proses gedir, amma ciddi nəticənin əldə edilməsini gözləmirəm. Qiymətin optimal səviyyəsinin müəyyənləşməsi daha çox rəqabətli bazarda formalaşır. Bizim bazarın strukturu, statistikası bu ehtimalı zəiflədir. Həmçinin, uçot dərəcəsinin bazara təsiri də çox azdır. Eyni zamanda, hökumət də tədbirlər planında gecikir. Xüsusilə, yerli istehsalın dəstəklənməsi, rəqabətli istehsal mühitinin yaradılması, idxaldan asılılığın azaldılması lazımdır. Bu məsələlərə görə inflyasiyanın azalmasını nisbətən zəif templə müşahidə edirik. Birrəqəmli inflyasiya faizini isə ən yaxşı halda 2024-cü ildə görə bilərik”.

Millət vəkili Vüqar Bayramovun fikrincə, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq:

“Aparılan təhlillər və monitorinqlər göstərir ki, istehlak bazarında idxal inflyasiyası xüsusi təsirə malikdir. Yəni idxal edilən məhsulların qiymətindəki artım istehlak bazarına da təsir göstərir. İstehlak bazarında 2023-cü ildə də qiymət artımları davam edir. 2022-ci illə müqayisədə qiymət artımının 2023-cü ilin ikinci yarısında müəyyən qədər səngiyəcəyi gözlənilir. Hökumət, Mərkəzi Bank tərəfindən birrəqəmli inflyasiya arzulansa da, ilkin gözlənti ikirəqəmli inflyasiyanın olacağı istiqamətindədir. Çünki bazarda idxal inflyasiyası aktivdir”.

V.Bayramov düşünür ki, dünya bazarlarında baş verən ucuzlaşma bizə də öz təsirini göstərə bilər:

“Qlobal bazarda qiymətlərin müəyyən qədər azalmasını müşahidə edirik. Hətta Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarında qiymətlərin əvvəlki illərlə müqayisədə daha az artması da gözlə görünəcək səviyyədədir. Ötən il qlobal bazarda aktiv olan inflyasiya faktorları bu gün o qədər də aktiv deyil. Ona görə də bizim məhsul idxal etdiyimiz ölkələrdən bəzilərində qiymətlərin azalması müşahidə olunur. Lakin əsas məhsul idxal etdiyimiz ölkələr olan Rusiya və Türkiyədə yenə də inflyasiya səviyyəsi yüksəkdir. Dünya və regional bazarlarda qiymətlərin optimallaşması idxal inflyasiyasının tənzimlənməsinə gətirib çıxara bilər. 2023-cü ilin ikinci yarısında inflyasiya səviyyəsi birinci yarım illə müqayisədə müəyyən qədər azalacaq. Bu da daha çox idxal olunan məhsulların qiymətlərinin optimallaşması ilə bağlıdır”.

Sonda millət vəkili bildirib ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır.
 

Dünyapress TV

Xəbər lenti