Ardını oxu...
Upstream dediyiniz budurmu cənab iqtisadçılar? Daunstrimə də oxşayır( aşağı axın)
ARDNŞ yavaş yavaş əriyir!? Bir müddət əvvəl Tağıyev adına NQÇİ Upstream(yuxarı axınla) GL şirktənə axdı.
İndi Siyəzənneft həmin axına doğru gedir sizcə? Düzünü 11 vitse (hüquqşünas, iqtisadçı və s) bilər.
Deyirlər ki:
Siyəzənnfet rəhbərliyi quyularda heç bir əməliyyat aparmadan kütləvi şəkildə quyuları ləğv etməklə məşquldur.Hazırda Siyəzənnfetin 53 saylı sahəsini və Zarat adlı sahəni ləğv etməyə hazırlaşırlar.İşçilərin də müşahidəsinə görə quyular necə gəldi doğranılmaqla metalloma aprılır.Beləliklə də Siyəzənnfeti məhv etməyə hazırlaşırlar.
Mirvari Gahramanli
Teref.az
 
Ardını oxu...
Koronavirus, daha sonra yeni müharibələrin baş verməsi dünya bazarlarında bahalaşmanı artırır.

Xüsusilə, Rusiya-Ukrayna arasında ötən ilin fevralında başlayan və hələ də davam edən müharibə bu bahalaşmanın əsas səbəblərindən birinə çevirilib. Təbii ki, bahalaşmadan idxaldan asılılığı olan ölkələr daha çox əziyyət çəkir. Məlum məsələdir ki, Azərbaycan bazarı da idxaldan asılıdır və idxalının əsas pay sahibi Rusiyadır.

Məsələn, ötən il Azərbaycana ən çox mal Rusiyadan idxal olub. 2022-ci ildə Rusiya Azərbaycana 2 milyard 725 milyon dollarlıq məhsul satıb. Bu, 2021-ci illə müqayisədə təxminən 700 milyon dollar çoxdur. İl ərzində Azərbaycanın idxalının 18.81%-i sadəcə Rusiyanın payına düşüb. Rusiyanın ixracında ən çox paya sahib məhsullar buğda, benzin və ağac məhsullarıdır. Son günlər isə Rusiyanın milli valyutalarında kəskin ucuzlaşma müşahidə edilir.

Aprelin 9-da Moskva birjasında dolların məzənnəsi 2022-ci ilin yazından bəri ilk dəfə 98 rubldan yuxarı qalxıb. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib. Bu da ölkədən ixrac olunan və Azərbaycan bazarlarına çıxarılan məhsulların qiymətinə təsirsiz ötüşmür. Xüsusilə, sentyabrdan etibarən Rusiyadan gətirilən ərzaq məhsullarının qiymətinin daha da artacağı ehtimalları var.

TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bütün ərzaq məhsullarında bahalaşma gözləniləndir:

"Dünya bazarında ərzaq məhsullarının qiymətinin artacağını nəzərə alaraq, Azərbaycanda da bahalaşmanı pronozlaşdırmaq olar. Hazırda dünya bazarlarında ərzaq buğdasının, qarabaşaq, bitki yağları, kərə yağı, düyü, un məmulatları kimi məhsulların qiyməti qalxıb. Bilirsiniz ki, Azərbaycan bazarı da dünya bazarından asılıdır.

Üstəlik, Azərbaycan bazarı inhisarçı bazardır, bu bazarda da sahibkar üçün qiymət artırmaq çox asandır. Təkcə bir informasiya da Azərbaycan bazarında qiymətin artımı üçün səbəb ola bilər.

Məsələn, "Dünya bazarlarında filan ərzağın qiyməti qalxdı",- deyə verilən informasiya ilə Azərbaycanda da qiymət artımı müşahidə edilə bilər. Bunu da yaradan inhisarçılıqdır. Tələbat olan ərzaq məhsullarının qiyməti isə yenidən qalxacaq. Qarabaşaq, düyü, un məmulatları, bitki və kərə yağları, makaron, ət və ət məhsulları kimi məhsulların qiymətində artım olacaq. Ümumiyyətlə, bütün ərzaq məhsullarında bahalaşma gözləniləndir".
 
 
 
Ardını oxu...
Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunub. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgəsinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi.

Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi, mədəni inkişafı daha da sürətləndi, Bakı ilə əlaqələri möhkəmləndi.

Bu əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına imkan verdi - məsələn, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşdü. Bütün bunlar məhz Ümummilli Liderin səyləri nəticəsində əldə olunmuşdu.

Teref.az Bizim.media-ya istinadla Ağdamdan keçərək Xankəndiyə gedən kommunikasiya xətlərinin əhəmiyyəti, region üçün perspektivləri barədə bəzi statistik məlumtaları təqdim edir.

Ötən əsrin 80-ci illərində Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam dəmir yolu xətti hissəsi üzrə yük daşınmalarının illik dövriyyəsi 1,5 milyon ton, Ağdam-Xankəndi (27 kilometr) dəmir yolu xətti hissəsi üzrə isə 1 milyon ton olub.

Həmin dövrdə qatarların hərəkət sürəti Bərdə-Ağdam dəmir yolu xətti üzrə 60 kilometr/saat, Ağdam-Xankəndi dəmir yolu üzrə 40 kilometr/saat idi.

Bərdə-Ağdam-Xankəndi dəmir yolu xətti istiqaməti üzrə statistik və proqnoz məlumatlara aşağıdakı cədvəldə nəzər salaq.

Ardını oxu...

1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub.

Texnika ilə birlikdə Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qalıb, Yevlax–Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edilib, dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.

Otuz ildən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır - həmin regionlarda yeni dəmir yolu xətlərinin inşası rallaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə başlanılıb.

Hazırda layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 70 faiz təşkil edir.

O cümlədən 56,951 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, həmçinin birinci mərhələ üzrə torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişən qurğuların quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Layihə üzrə texniki göstəricilər və iş həcmləri barədə aşağıdakı məlumatları təqdim edirik:

 Xəttin yan yollarla birlikdə uzunluğu 57.857 kilometr, o cümlədən ox üzrə uzunluğu 47.1 kilometrdir;

 Torpaq işlərinin həcmi 1 368 816 kubmetrdir;

 Stansiyalar (4 ədəd): Bərdə, Köçərli, Təzəkənd və Ağdam;

 Mühəndis qurğuların sayı 130 ədəddir;

• O cümlədən, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 7 ədəd heyvan keçidi, 85 ədəd suötürücü boru, 1 ədəd piyada üst keçidi və 33 ədəd ehtiyat keçidi;

 Layihədə 9 ədəd qorunan və 7 ədəd qorunmayan olmaqla, ümumilikdə 16 ədəd avtomobil yolu ilə eyni səviyyəli kəsişmə mövcuddur;

 Yoldəyişən qurğuların sayı 34 ədəddir;

 Rabitə-işarəvermə sistemlərinin uzunluğu 47,1 kilometrdir;

Qatarların proqnozlaşdırılan hərəkət sürəti - 80 kilometr/saat, yük daşınmalarının illik dövriyyəsi - 1.5 milyon tondur.

Qarabağa yüklər daha sürətli və səmərəli şəkildə hansı yolla çatdırıla bilər?

Vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil yolu və dəmir yolu Xankəndi, Şuşa, Laçın sakinlərinin bütün ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndiyə, Şuşaya, Laçına gedən ən qısa yol məhz Ağdamdan keçirdi.

Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət daha əlverişli idi. Bu yol humanitar yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yarada bilər.

Qeyd edək ki, 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli R-28 Yevlax-Xocalı-Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu.

Həmin illərdə Ağdam-Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmiş və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.

Məlumat üçün xatırladaq ki, Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir.

Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq Bərdə-Ağdam, uzunluğu 44,5 kilometr və Ağdam-Füzuli, uzunluğu 65,7 kilometr olan birinci texniki dərəcəli, 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam edir. Hər iki avtomobil yolu sutka ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malikdir.

Münaqişədən əvvəl Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. İşğal dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Bu səbəbdən, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur.

Bu gün Azərbaycanın iqtisadi potensialı da Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.

Hazırda Qarabağ iqtisadi rayonu və ona yaxın ərazilərdə üç hava limanı – Gəncə, Yevlax, Füzuli hava limanları fəaliyyət göstərir. Bu da regionun nəqliyyat-logistika layihələrinin xabına çevrilməsinə əsas yaradır.

Belə ki, hava limanlarından Bərdə şəhərinə məsafə yaxın olduğundan yüklərin oradan Bərdə-Ağdam avtomobil, Bərdə-Ağdam dəmir yolu vasitəsilə daşınması vaxt itkisinin qarşısını almış olar. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Dövlətimiz Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır.

Ona görə də, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
 
Ardını oxu...
Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısnda 8 milyard 198 milyon dollarlıq idxal deməkdir.

Qeyd edək ki, 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa da belə, xaricdən daha çox məhsul gətirməyimiz valyuta axını baxımdan arzuolunan deyil: “İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3 faiz bəndi daxili tələbdən formalaşdırır. Digər hissəsi daha çox idxaldan asıllıq ilə bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir”.

İqtisadçı onu da qeyd edir ki, idxalın artım stukturuna diqqət yetirəndə bir sıra dəyişikliklər diqqəti cəlb edir: “Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artıb. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır”.

V.Bayramov hesab edir ki, bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən olaraq qalmalıdır.

“Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asıllığın minimumlaşdırılması həmçinin ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir” – deyə, o, vurğulayıb.
azpolitika
 
 
 

 

Ardını oxu...
Beş il öncə Azərbaycanda dövlət borcunun yönəldilməsinə dair orta və uzunmüddətli Strategiya təsdiqlənib. Həmin strategiya dövlət borcunun 2022–2025-ci illərdə idarə edilməsini nəzərdə tutur. Strategiyaya görə, Azərbaycanda 2025-ci ilin sonunadək dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 20 faizi aşmamalı idi, ancaq, görünür, hökumət bu hədəfini gerçəkləşdirə bilməyəcək.

Avqustun 4-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi"ndə dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliyə görə, sözügedən illərdə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 2025-ci ilin sonunadək 30 faizi üstələməməlidir. Dəyişikliyədək bu hədd 20 faiz idi. Deməli, bu dəyişiklik hökumətə dövlət borcu məbləğinin ÜDM-ə nisbətini 20 faizdən 30 faizədək artırmağa, başqa sözlə, ÜDM barədə proqnozlara uyğun olaraq, 50 faizədək daha çox borclanmağa imkan verəcək.

Strategiyadakı digər dəyişikliyə əsasən, 2026-cı ilədək Azərbaycanın xarici dövlət borcu 10 milyard ABŞ dollarını keçməməlidir. Öncəki versiyada xarici borcun məbləği konkret məbləğlə ifadə edilməmiş, əvəzində hökumət xarici borcun ÜDM-ə nisbətinin 15 faizi üstələməməsini hədəf götürmüşdü.

Dövlət borcu ilə bağlı durum necədir?
Maliyyə Nazirliyinin məlumatına görə, 30 iyun 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 161 milyon manat və ya cari ilə proqnozlaşdırılan ÜDM-in 14.5 faizi səviyyəsində qiymətləndirilib. Xarici borc 6 milyard 577 milyon dollar və ya ÜDM-in 10 faizi olacaq. Daxili dövlət borcu isə 4 milyard 970 milyon manat və ya ÜDM-in 4.5 faizini aşmayacaq.

Maliyyə Nazirliyinin proqnozlarına görə, 2023-cü ilin yekunları üzrə ölkənin dövlət borcu 17 milyard 536 milyon manatadək (indiki məzənnə ilə 10 milyard 315 milyon dollaradək) artacaq. 2024-cü il yanvarın 1-nə isə xarici borc 6 milyard 381 milyon dollar və ya 10 milyard 847 milyon manat, daxili borcsa 6 milyard 689 milyon manat olacaq.

Son illər Azərbaycanda xarici dövlət borcunun azalması, ölkəiçi borclarınsa artması gözə çarpır. Bu trend 2023-cü ildə də davam etməkdədir. Bu ilin ilk yarısında Azərbaycanın xarici borcu 116 milyon dollar azalıb. Əvəzində, eyni müddətdə ölkənin daxili borcları 782 milyon manat (460 milyon dollar) artıb. Daxili borcun artımı xarici borcdakı azalmanı üstələdiyindən toplam dövlət borcunun məbləği 344 milyon dollar çoxalıb.


Limitlər niyə artırıldı?
Rəqəmlərdən göründüyü kimi, dövlət borcunun indiki durumu hökumətin proqnozlarına uyğun səviyyədədir. Görünür, bu durumda hökumətin dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı hədəflərini dəyişməsi qarşıdakı iki ildə öncədən planlanandan daha çox borclanma olacağı ilə bağlıdır.

Bu ilin martında Prezident İlham Əliyev Almaniyada həmin ölkənin iş adamları ilə görüşündə yeni borclanmanın anonsunu vermişdi. O qeyd etmişdi ki, Azərbaycan borclanma strategiyasına yenidən başlamaq üzrədir: "Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutu ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən, ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq".

AzadlıqRadiosu
Ardını oxu...
Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilmiş, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilmiş, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

“Siyasi partiyalar haqqında” qanunla bağlı olan hissəsidir. Belə ki, həmin qaydaların 4.2-1 maddəsində göstərilir ki, “Qrant haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rezidentlərin xarici valyutada, qeyri-rezidentlərin milli və xarici valyutada bank hesabları üzrə qrant müqavilələri, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələr ilə bağlı bank əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır.

Qrant müqavilələri (qərarları) ilə bağlı bank əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

“Siyasi partiyalar xarici ölkələrdən, hətta bu ölkələrdə yaşayan azərbaycanlılardan ianələr və ya qrantlar ala bilməzlər”

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, mövcud qanunvericiliyə əsasən, siyasi partiyaların xarici ölkələrdən ianə və ya qrant alması, hətta xarici ölkə vətəndaşlarının bu partiyalara üzv olması da qadağandır:

“Ana Vətən Partiyası 30 ildir fəaliyyət göstərsə də, nə xaricə pul göndərmək ehtiyacı olub, nə də xaricdən hansısa formada pul daxil olub. Bu baxımdan da düşünürəm ki, partiyalar xarici ölkələrdən, onların vətəndaşlarında, hətta bu ölkələrdə yaşayan azərbaycanlılardan ianələr və ya qrantlar ala bilməzlər.

Ona görə ki, əgər Azərbaycanda siyasi partiya üzvü olan vətəndaş hər hansı bir səbəbdən xarici ölkələrin birində yaşayırsa, deməli, onun həmin ölkənin müvafiq qurumları qarşısında öhdəliklər götürməsi ilə bağlı kifayət qədər əsaslar və şübhələr var. Belə olan halda həmin şəxslərin hər hansı bir pul göndərməsi doğru olmaz. Çünki, bunun arxasında başqa məqsədər dayana bilər”.

Onun sözlərinə görə göstərilən müddəaların siyasi partiyalara da şamil edilməsi başa düşülən deyil:

“Çünki, onlar Azərbaycan qanunvericiliyi çərçivəsində ancaq ölkə vətəndaşlarından təşkil olunan bir siyasi qurumdur və ancaq ölkə daxilində yaşayan insanlardan ianə və maliyyə yardımı ala bilər. Bu baxımdan da Mərkəzi Bankın bu qərarı siyasi partiyalara şamil edilə bilməz”.

Məlum olduğu kimi, hər bir Azərbaycan vətəndaşının həm ölkə daxilində, həm də istənilən xarici ölkədə sərmayə yatırmaq və biznes sahəsi yaratmaq icazəsi vardır. Bu baxımdan da ola bilsin ki, hansısa partiya rəhbəri xarici ölkələrin birində biznes sahəs yaradıb və ordan əldə etdiyi gəlirlərin bir hissəsini öz partiyasına ianələr şəklində yatırsın. Yeni qərar isə bunu müəyyən qədər məhdudlaşdıra bilərmi?

AVP sədrinin fikrincə, bu məsələ qanunda müəyyən boşluqların olduğunu göstərir:

“Əslində, siyasi partiya rəhbərinin bizneslə məşğul olub-olmaması ilə bağlı hansısa məhdudiyyət yoxdur. Əgər həmin şəxs xaricdə biznes qurubsa və bir azərbaycanlı kimi yaşadığı ölkənin və ölkələrin xüsusi xidmət orqanları qarşısında öhdəliyi yoxdursa, qazandığı vəsaitdən öz partiyası üçün ayıra bilər.

Əgər ölkəmizdəki partiyaların istənilən funksioneri, və ya sədri öz biznesini xaricdə qurursa və pul qazanırsa, niyə öz partiyasına ianə göndərməlidir? Ondansa, burada da biznes quraraq qazanc əldə edə və təşkilatına ianələr ayıra bilər”.

“Siyasi partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər”

Milli Məclisin digər deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də, siyasi partiyaların xaricdən maliyyələşməsinin mümkün olmadığını diqqətə çatdırıb.

O, fikrini belə əsaslandırıb ki, “Siyasi partiyalar haqqında” qanun demək olar ki, siyasi partiyaların maliyyə axınlarına tam nəzarət edə bilir və xarici yardımı isə qadağan edir:

“Əvvəlki qanunda bu sahədə boşluqlar vardı və xarici fondlar siyasi partiyaların bilik və bacarıqlarının artıırlması üçün vəsait ayıra bilərdi. Demək olar ki, ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Polşa, Məcarıstan, Almaniya və digər ölkələrin siyasi partiyaları öz nəzdində faəliyyət göstərən siyasi fondlar vasitəsilə Azərbaycan siyasi partiyalarına təlim keçir və müəyyən tədris proqramları da həyata keçirirdilər. Hazırkı qanun bütün bunları birmənalı olaraq qadağan edir.

“Siyasi partiyalar haqqında” qanunun 24.1 bəndində deyilir ki, “Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər”. Qanunun 23.2.4 bəndi “beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər”in, 23.2.5 bəndi isə “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər”in vəsait ayırmasını və yardmını qadağan edir. Qanunda digər müddəalar da var və Milli Bankın qəbul etdiyi dəyişikliklər bu məsələləri tənzimləmək üçündür və əsasən uyğunlaşdırma xarakterlidir”.
Ardını oxu...
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın taxıl sazişinə yalnız Rusiya tərəfinin sistemli şərtləri yerinə yetirildiyi və sazişin ilk növbədə elan edilmiş humanitar məqsədlərə uyğun olduğu halda qayıdacağını söyləyib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın taxıl sazişindən çıxmasının səbəblərindən birinin Kiyevin humanitar dəniz dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsi və bu kontekstdə Sevastopol və Krım körpüsünə hücumlar olduğunu bildirib.

Bu cür hərəkətlərin müqavilənin ruhuna zidd olduğunu deyən Qaluzin, razılaşmanın həm də Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə edildiyinə diqqət çəkib.

O, Amerika tərəfinin taxil sazişi ilə bağlı həqiqəti gizlətdiyini bildirib.
 
Ardını oxu...
2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.
“2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil etmişdir.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,8 faiz təşkil etmişdir. 2023-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,6 faiz təşkil etmişdir. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir”, - Komitənin yaydığı məlumatda bildirilir.
 
Ardını oxu...
ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artıb
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artaraq avqustun 4-nə 445,6 milyon barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən bir qədər aşağıdır.
 
Ardını oxu...
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 faiz artıraraq 95,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Gürcüstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,6 faiz azaldaraq 7,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
 

Dünyapress TV

Xəbər lenti