Ardını oxu...
Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra market və ticarət mərkəzlərində vətəndaşlara təqdim edilən polietilen torbalar ayrıca məhsul kimi ödənişli təqdim edilməyə başlanıldı.

Teref.az ARB-yə istinadən xəbər verir ki, bu paketlərin əvəzinə parça və kağız formasında torbaların təqdim edilməsi nəzərdə tutulsa da bu nədənsə baş tutmayıb.

Məlum qərarın icrasından 6 ay müddət keçməsinə baxmayaraq hələ də marketlərdən çıxan şəxslərin əlində yalnız polietilen torbalara rast gəlinir.

 
 
 
Ardını oxu...
İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin (nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən avtomaşınlar istisna olmaqla) Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında qiymətlərə təsir göstərib.

“Report”un yerli bürosu hazırda avtomobillərin qiymətlərini öyrənmək üçün Sumqayıtın maşın bazarında müşahidələr aparıb. Həm alıcılar, həm də satıcılar bildiriblər ki, qiymətlər qalxıb. Özü də, nə az, nə çox - 1 000-2 000 manat.

Satıcı Zakir İbrahimov bildirib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə müşahidə edilir: “Qiymət artımı xüsusən də buraxılış ili köhnə olan avtomobillərdə müşahidə edilir”.

Digər satıcı Ramin Heydərov isə bunun səbəblərini başqa faktorla əlaqələndirib. O, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.

Satıcı Şükür Şükürov alış-verişin olmamasından gileylənib: “Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün bazarda durğunluq yaşanır”.

Satıcı Əmrah Abdullazadənin sözlərinə görə, sürücülər xarici ölkələrdən maşın gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat var: “Alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük verir”.

Alıcı Elvin Paşabəyli qiymət artımını subyektiv səbəblərlə əlaqələndirib: “Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur. Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes-Benz” markalı maşınların”.

Alıcı Şəmsəddin Şabanov da qiymətlərin qalxdığını qeyd edib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra bu nəqliyyat vasitələrinin qiymətlərində marka və modelindən asılı olaraq 1 500 manatdan başlayan artım hiss edilir: “Bu, bir sıra maşın alverçisi adlandırdığımız şəxslər tərəfindən təyin olunan süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə avtomobillərin qiymətləri yerli bazarda süni olaraq iki-üç dəfə artırılıb. Təəssüfedici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox avtomobillər “bəh-bəh”lə satılır. Misal üçün, 1994-cü ilin “Mercedes-Benz”ini hələ də bazarda 10 min manat ətrafında satılması pisdir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görülər”.
 
Ardını oxu...
Mərkəzi Bankın iqtisadi müstəqilliyi artırılıb. İndi ölkənin bank, maliyyə, pul siyasətinin həyata keçirilməsində əsas söz sahibidir. Yeni səlahiyyətlər qurumun manatın məzənnəsi ilə bağlı siyasətinə də təsir edə bilər.

Bu günlərdə parlamentdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın müstəqilliyini bir qədər də artırıb. Qanunvericiliyə görə, artıq hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz. Bəs Mərkəzi Bank səlahiyyətlərinin artırılmasından istifadə edərək gələcəkdə zərurət görərsə, müstəqil şəkildə manatı üzən məzənnəyə keçirə bilərmi?

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli dedi ki, Mərkəzi Bankın müstəqilliyinin artırılması yaxşı haldır, amma məsuliyyətlidir: “Mərkəzi Bankın müstəqilliyinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik olunması dünya praktikasında da müsbət hal kimi qiymətləndirilir.

Əksər inkişaf etmiş ölkələrdə Mərkəzi Bank tam müstəqildir. Bu dəyişiklikdən sonra artıq o, qərar verməyə, cəlb edilmiş və yerləşdirilmiş vəsaitlərə, maliyyə bazarlarındakı iştirakına görə özü məsuliyyət daşıyacaq. Eyni zamanda, pul və məzənnə siyasətini müstəqil şəkildə müəyyən edəcək və həyata keçirəcək. Bu dəyişiklik Mərkəzi Bankın qərarlarının müstəqil şəkildə verilməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, məsuliyyəti də artacaq. Çünki verilən qərarların nəticələri ilə bağlı Mərkəzi Bank məsuliyyət daşıyır”.

Üzən məzənnəyə keçid qiymətləri artırar

Ekspertin sözlərinə görə, manatla bağlı üzən məzənnəyə keçidin ağır nəticələri ola bilər. Üzən məzənnəyə keçidlə bağlı əvvəllər də imkan olub. İndi qanunvericiliyə edilən dəyişikliklə Mərkəzi Bankın müstəqilliyi artırılıb: “Yəni üzən məzənnəni həyata keçirmək mümkündür. Amma hazırda dünyada baş verən proseslər, qiymət artımı, inflyasiya və s. fonunda üzən məzənnənin idarə olunmasının dövlət üçün iqtisadi nəticələri ağır ola bilər. Bu səbəbdən, məzənnənin hazırda dövlət tərəfindən tənzimlənməsi daha məqsədəuyğundur. Üzən məzənnənin olması və yaxud sabit məzənnənin saxlanılması dövlət siyasəti idi. İndiki halda isə Mərkəzi Bankın siyasətidir.

Bu baxımdan düşünürəm ki, Mərkəzi Bank dərhal üzən məzənnəyə keçməyəcək. Bunun üçün uyğun iqtisadi şəraiti gözləməli, müəyyənləşdirməlidir ki, hazırda ölkədə, dünyada makroiqtisadi vəziyyət necədir. Ona uyğun şəkildə qərar verməlidir. Üzən məzənnəyə keçid üçün daha ciddi zəminin olması lazımdır”.
Yeni sistemə keçid işləri çətinləşdirər

X.Məmmədli bildirdi ki, üzən məzənnə firmalara, müəssisələrə, biznes qurumlarına da ziyandır: “İqtisadiyyatda bir sıra məhsullar idxalla təmin olunur. İdxal edən firmalar sabit məzənnə olduqda, gələcək planlarını daha uzunmüddətli həyata keçirə bilirlər. Bu, dövlətin müəyyən idxal məhsulları ilə təmin olunmasında da işi asanlaşdırır. Amma məzənnə tez-tez dəyişdikdə müəssisələrin işi həddindən artıq çətinləşir. Hansı məhsul hansı qiymətə alınacaq? Hansı tarixdə məzənnə necə olacaq? Bu amillər qeyri-dəqiq olduğu üçün qərarların verilməsi mümkünsüzləşir. Bütün biznes bundan əziyyət çəkir. Dövlətlə çalışan həm fiziki şəxslər, həm biznes qurumları bilir ki, bu gün məzənnə 1,70 səviyyəsindədir, sabitdir və ona uyğun, rahat şəkildə işlərini görə bilirlər. 3-5 ildən sonra hansısa yeni məzənnə təyin olunanda da itki bir dəfə baş verir. Sabit məzənnə olduqda dövlət itkiləri əldə etdiyi gəlirlərlə özü kompensasiya edir”.

“Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər”

İqtisadçı Xalid Kərimlinin fikrincə, Mərkəzi bankın müstəqilliyi çox vacibdir: “Dünyanın hər yerində Mərkəzi Bank maksimal müstəqilliyə sahibdir. Hətta prezidentlər Mərkəzi Bankın idarə heyətini formalaşdırandan sonra onlara tapşırıqlar verə bilmir. Prezident idarə heyəti üzvünü təklif edir, parlament təsdiqləyir. Amma Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər”.

X.Kərimli qeyd etdi ki, Mərkəzi Bank müstəqil olsa da, dövlətin siyasətinə uyğun hərəkət etməlidir: “Bu qanunun qəbulu ilə Mərkəzi Bankın manatın məzənnəsi üzərində hər hansı mövqe dəyişikliyi edəcəyini güman etmirəm. Müstəqillik olmayanda da Mərkəzi Bank manatın məzənnəsi üzərində tək hüquqa malik idi. Mərkəzi Bank faktiki olaraq müstəqil kimi görünsə də, yenə də dövlətin bir qurumudur. Buna görə də dövlətin siyasətinə və baxışlara uyğun siyasət formalaşdırmalıdır.

2015-ci ildə Mərkəzi Bankın müstəqilliyini təsdiq edən qanun yox idi, amma məcbur vəziyyətdə məzənnəni dəyişdi. Hətta bir il ərzində üzən məzənnə siyasətinə keçildi. Fors-major hallar olanda bu siyasət həyata keçirilə bilər. Amma qanuna dəyişikliklər edildikdən sonra “Mərkəzi Bank üzən məzənnəyə keçəcək” kimi proqnozlar vermək doğru deyil”.

Üzən məzənnəyə keçid planı var, amma...

İqtisadçı ekspert düşünür ki, hazırda iqtisadiyyatımız da bu siyasəti həyata keçirmək üçün hazır deyil: “Mərkəzi Bankın uzunmüddətli perspektivdə manatı üzən məzənnəyə keçirmək planı var. Amma bunun üçün iqtisadiyyatın, ixracatın yeni rejimə hazır olması lazımdır. Hazırda əlverişli mühit yoxdur. Bu, iqtisadiyyatımızın strukturu, ixracatımızın vəziyyəti ilə əlaqədardır. Bunlar qaydaya düşəndə tədricən üzən məzənnəyə keçilə bilər”.
 
 
 
Ardını oxu...
Mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur.

Teref.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, satıcılar bildirdi ki, bir həftə ərzində qiymətdə 50 qəpik, 1 manat bahalaşma var.

“Bahalaşma alıcılara da təsirsiz ötüşmür”.

Satıcılar bildirdilər ki, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar.

Bahalaşma mal içalatında da özünü göstərir.

O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib.

Daha ətraflı videoda

 
 
 
Ardını oxu...
Türkiyə, Qətər və Rusiya “Taxıl sazişi”ni əvəz edəcək yeni müqavilə müzakirə edirlər. Bu barədə “Report” “Bild”ə istinadən xəbər verir.

Rusiya və Türkiyə arasında diplomatik kanallar vasitəsilə iyulun 21-dən avqustun 8-dək olan rəsmi yazışmalara əsasən, Moskva “Taxıl sazişi”ndən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib.

Eyni zamanda, Rusiya, Türkiyə və Qətər hazırda müddəti bitmiş müqaviləni əvəz etməli olan yeni üçtərəfli saziş üzərində işləyirlər. Rusiya taxılının əsasən Afrikadakı yoxsul ölkələrə tədarük edilməsi təklif edilir.

Eyni zamanda, çatdırılmalarda təşkilatçı qismində Türkiyə, sponsor kimi isə Qətər çıxış edəcək.

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Kapital Bank" barədədir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aynur Kərimova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır:
"10 gün bundan əvvəl "Yango" taksi xidməti ilə taksi şifariş etmişəm. 10 manat məbləğində. Amma maşında yolda nasazlıq olduğu üçün taksidən düşməli oldum, sonra yeni taksi sifariş etmişəm.

"Yango"ya yazdım, məbləğin həmin an geri qaytarıldığını bildirdilər, amma "Kapital bank" da bildirir ki təsdiqedici sənəd olmadan geri qaytara bilmirik.

Bu necə xidmətdir, başa düşmədim? Mən hardan tapım avtomatik baş vermiş əməliyyatın sənədini?

"Yango" ilə bir neçə dəfə əlaqə saxladım, eyni cavab verilir, məbləğ bizim tərəfimizdən geri qaytarılıb. İndi mən nə edim? "Kapital Bank" niyə pulumu geri vermir?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Rusiya Mərkəzi Bankı avqustun 15-dən real maliyyə əməliyyatlarında rəqəmsal rublu sınaqdan keçirir. Bu texnologiya Rusiyaya beynəlxalq sanksiyaların effektini azaltmağa və vətəndaşlara nəzarəti gücləndirməyə yardım edəcək”.

Novator.az-ın məlumatına görə, “Frans Press” agentliyinin şərhində belə deyilir.

Agentlik xatırladır ki, rəqəmsal rublun sınaq mərhələsi Rusiya-Ukrayna müharibəsinin qızğın çağına və rublun dollara nisbətdə əridiyi bir vaxta təsadüf edir: “Moskva rəqəmsal valyuta ideyası üzərində çoxdan düşünürdü. Ancaq Qərbin sanksiyaları Rusiyanın qlobal bank sisteminin bir hissəsinə çıxışını qapatdığından rəqəmsal rublun dövriyyəyə buraxılması prosesi sürətləndi”.

Bununla Rusiyanın real maliyyə əməliyyatlarında rəqəmsal valyutanı sınaqdan keçirən 21-ci ölkəyə çevrildiyini xəbər verən “Frans Press” qeyd edir ki, Moskvanın əsas məqsədi maliyyə sistemini möhkəmləndirmək, beynəlxalq aləmin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin təsirini azaltmaqdır.

“ARK36” kriptovalyuta investisiya fondunun təsisçisi Mikkel Morç “Frans Press”ə deyib ki, rəqəmsal rubl həqiqətən Rusiyanın sanksiyalardan yayınmaq imkanlarını genişləndirəcək: “Bu siyasət Rusiyaya məhdudiyyət tətbiq edən xarici banklardan yan ötməyə şərait yaradacaq. Çünki rəqəmsal reyestrə sanksiya qoymaq, onu təzyiq altında saxlamaq daha mürəkkəb məsələdir. Beynəlxalq maliyyə əməliyyatlarının aparıldığı əsas sistemə giriş Rusiya banklarının əksərinin üzünə bağlandığından Moskva fərqli üsullar axtarmağa məcburdur”.

Mikkel Morç onu da qeyd edib ki, ümumiyyətlə rəqəmsal valyutanın yaradılması ticarət prosesində ABŞ pulundan – dollardan qurtulmağa çalışanlarla dollar tərəfdarları arasında geosiyasi savaşın bir hissəsidir. Analitikin fikrincə, rublun rəqəmləşdirilməsi Moskvaya rusiyalılar üzərində nəzarəti gücləndirməyə də imkan verəcək: “Hökumət bir düyməni basmaqla cərimələr tətbiq edə, aktivləri dondura biləcək. Bu baxımdan rəqəmsal rubldan ictimai nəzarəti sərtləşdirməyin başlıca vasitələrindən biri kimi istifadə oluna bilər”.

Rusiya Mərkəzi Bankı rəqəmsal rubla ehtiyac olduğunu ilk dəfə rəsmən 2020-ci ilin oktyabrında açıqlamışdı. O zaman bank bunu ölkənin istənilən yerində ödənişi təhlükəsiz, sürətlə, rahat həyata keçirmək niyyəti ilə əsaslandırmışdı.

Rəqəmsal rublun maliyyə arxitekturasının təhlükəsizliyinə Federal Təhlükəsizlik Xidməti nəzarət edir.

Avqustun 16-da Rusiya Mərkəzi Bankı 1 ABŞ dollarını 97,4 dollara satır.

Azərbaycan Mərkəzi Bankı 100 Rusiya rubluna 1 manat 75 qəpik qiymət qoyub.

Rubl Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən ucuzlaşıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
 
Ardını oxu...
"Türkiyədə təhsil alan tələbələrə məsləhət görərdim ki, Xəzər dənizi ilə Qazaxıstana getsinlər, oradan da isə Türkiyəyə. Bu yol daha ucuz başa gəlir. Məsafə çox uzaq olsa da, qiymətlər iki dəfə ucuzdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert hesab edir ki, iqtisadiyyatda inhisarçı mövqedə olan sahibkarlıq subyekti fəaliyyət göstərirsə o həmin sahibkar inhisarçı olduğuna görə qiymətin bahalaşdırılmasında maraqlı olur:

"Dövriyyə nə vaxt artmağa başlayırsa, qiymətlər artır. Dövriyyə azalanda isə qiymətlər azalmır, sabitləşir. Azərbaycanda AZAL və ona bağlı olan digər şirkətlər bazarda inhisarçıdır. Onlar dövriyyənin, yəni biletlərə təlabatın artığını görüb qiymətləri artırırlar. Onsuz da onların rəqibi yoxdur, qiymətləri bahalaşdıranda heç bir rəqibə uduzmurlar”.

Ekspertin fikrincə, rəqabətli bazarda vəziyyət fərqlidir. "Bu bazarda dövriyyə artdıqca sahibkarın gəliri də artır. Ona görə qiyməti aşağı salmaqla rəqiblə mübarizədə üstünlüyə malik olmaq imkanları yaranır. Ona görə də rəqabətli bazarda dövriyyə artanda sahibkar qiymətləri azaldır”, deyə Akif Nəsirli vurğulayıb.

O, hesab edir ki, AZAL bazarda qiyməti diqtə edir: "Ona görə də qiyməti bahalaşdırır. Düzdür, bunun bir humanizm tərəfləri var, tələbədirlər, onlar bizim gələcəyimizdir. Tələbələrə güzəşt etmək lazımdır. AZAL-ın biznes maraqları humanist hisslərə üstün gəlir. Bunun yeganə yolu bu bazarı inhisardan xilas eləməkdir. AZAL-ı özəlləşdirmək lazımdır. Azərbaycana dünyanın digər beynəlxalq aviakompaniyalarını dəvət eləmək və onun inhisarçılığını aradan qaldırmaq lazımdır”.

Ekspertin fikirincə, yalnız bundan sonra vəziyyət düzələ bilər: "Ermənistan-Türkiyə-Ermənistan biletinin qiyməti 311 manat, Bakı-İstanbul-Bakı qiyməti 822 manatdır. Gürcüstandan isə bu qiymətlər bir az da aşağıdır - 240 manatdır. Nə qədər böyük fərq edir. Bu fərqi yaradan isə yalnız rəqabətli mühitidir. Rəqabət mühitini yaratmasaq bu belə də davam edəcək”.
Ardını oxu...
“Bütövlükdə rublun kəskin dəyər itirməsi Rusiyada əmək bazarına uzunmüddətli təsir edəcək”.

TEREF.AZ bildirir ki, bu sözləri rublun kəskin dəyər itirməsi fonunda əmək bazarına olan təsirlər və orada çalışan soydaşlarımızın Azərbayana geri dönmə ehtimallarını dəyərləndirən iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiyada çalışan azərbaycanlıların bir hissəsi oradakı əməkhaqqından narazı qalaraq Azərbaycana üz tutmaları gözləniləndir:

“Ümumiyyətlə, bir ölkəyə məxsus valyuta digər valyutalara nisbətdə kəskin şəkildə dəyər itirdikdə şirkətlər öz işçilərinin əməkhaqqısını bir müddət artırırlar. Burada ətalətlik amili olduğu üçün bir müddət işçilərin aldığı əməkhaqqında digər valyutalara nisbətdə itkilər yaşanır. Ona görə də onlar itirilmiş dəyərdə olan əməkhaqqıyla əvvəlki dövrlərdə olduğu qədər məhsullar əldə edə bilmirlər. Bu da nəticə olaraq onların rifahına mənfi təsir göstərir. Bu səbəbdən də orada fəaliyyət göstərən işçilər ölkənin əmək bazarını tərk etmək məcburiyyətində qalırlar.

Rusiyada rublun kəskin dəyər itirməsi fonunda prosesin bu cür formalaşacağını gözləmək doğru olardı. Belə olduğu təqdirdə adətən həmin ölkədə inflyasiya prosesi də baş verir. Buna paralel olaraq da nəzərə almaq lazımdır ki, ölkəyə məxsus məhsulların qiymət baxımından rəqabət qabiliyyəti yüksəlir. Nəticə etibarilə Rusiyanın ixrac potensialı arta bilir. Lakin unutmaq olmaz ki, Qərb tərəfindən qoyulan sanksiyalar nəticəsində Rusiyanın ixrac potensialının artması tam şəkildə reallaşa bilməyəcək.

Bütövlükdə rublun kəskin dəyər itirməsi Rusiyada əmək bazarına uzunmüddətli təsir edəcək. Bunun bir hissəsi bərpa olunmaz təsirlərə aid edilir. Eyni zamanda Rusiyada çalışan azərbaycanlıların bir hissəsi oradakı əməkhaqqından narazı qalaraq Azərbaycana üz tutmaları gözləniləndir”.
Ardını oxu...
Rusiyada iki milyondan çox azərbaycanlı yaşayır və onların çox hissəsi bizneslə məşğuldur.

Ümumiyyətlə, Rusiyada yaşayan azərbaycanlılar, yəni soydaşlarımız orada qazandıqları pulların böyük əksəriyyətini burada, xüsusən də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində daşınmaz əmlaka yatırırdılar. Pandemiyadan sonra yatırımlarda müəyyən azalmalar başladı və beləliklə, Rusiyada olan soydaşlarımız gəlirləri azaldıqları üçün daşınmaz əmlaka yatırım etməməyə başladılar.

Rusiya-Ukrayna müharibəsi zamanı da tətbiq edilən sanksiyalar həmvətənlərimizin də biznesinə, gəlirlərinə müəyyən qədər təsir göstərdi. Lakin buna baxmayaraq, bu gün də Azərbaycanda daşınmaz əmlak alanların böyük bir hissəsi xaricdə xüsusən, Rusiyada yaşayan azərbaycanlılar hesab edilir. 2022-ci ilin birinci rübünə görə, Azərbaycanda alınan daşınmaz əmlakın təxminən, 5-7 %-ə kimi Rusiyada yaşayan azərbaycanlıların payına düşür.

Hazırda pandemiya arxada qalsa da, Rusiya-Ukrayna müharibəsi davam edir. Eyni zamanda, son günlər rubl dollar qarşısında ucuzlaşmaqda davam edir. Cari ildə rubl 35 faiz ucuzlaşıb. Rublın kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına, əsasən də daşınmaz əmlak bazarına daha çox təsir edəcəyi gözlənilir.

Bu gün rublın ucuzlaşması Rusiyada yaşayan soydaşlarımızın Azərbaycan daşınmaz əmlak bazarındakı üstün mövqeyinə necə təsir edəcək?

Teref.az-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe-info-ya bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar orada işləyir, pul qazanır və qazandıqlarını Azərbaycandakı daşınmaz əmlak sahəsinə yatırırlar:

“Təxminən 2014-2015-ci illərdə də şahidi olduq ki, dolların məzənnəsinin artması nəticəsində devalvasiya oldu. Rusiyada da rubl kəskin ucuzlaşdı, dollar bahalaşdı. Həmin ərəfədə Rusiyada yaşayan azərbaycanlılar kütləvi olaraq ölkəyə gəldilər və Azərbaycandakı əmlaklarını satdılar. Həmin pulları dollara çevirib Rusiyaya apardılar. Çünki Rusiyada dolların qiyməti artsa da, mənzillərin qiyməti yenə də rublla, köhnə qiymətdə qaldı.

Buradakı mənzilləri satıb pulu oraya dollar şəklində aparanda, həmin pula Rusiyadan bir neçə daşınmaz əmlak ala bildilər. Bu gün rublun məzənnəsinin aşağı düşməsi artıq bir müddət rubl/dollar ekvivalenti tənzimlənənə qədər bizim daşınmaz əmlak bazarına mənfi təsir göstərəcək. Yəni oradan gəlib əmlak alan alıcıları artıq itirəcəyik. Nəticədə onlar gəlib Azərbaycandakı əmlaklarını satıb pullarını dollara çevirib Rusiyaya aparacaqlar və bu da ölkədən böyük kütlədə pulun çıxmasına səbəb olacaq. Bu, ölkənin daşınmaz əmlak bazarı ilə yanaşı iqtiadiyyata da mənfi təsir göstərir”.

Ekspert deyir ki, indi satılan əmlakların böyük hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb:

“Ancaq təxminən 7-8 il bundan əvvəl Azərbaycanın əmlak alıcılarının 15-20 faizə qədərini Rusiyada yaşayan azərbaycanlılar təşkil ediblər. Hazırda Rusiyadan gəlib əmlak alanların sayı azdır. Çünki dolların məzənnəsinin artması uzun müddətdir ki, davam edir. Bu statsistika, qiymətlər tənzimlənməyənə qədər Rusiyadan gəlib burada kiminsə daşınmaz əmlak alması çətin olacaq.

Çünki orada yaşayan azərbaycanlıların böyük əksəriyyəti iş adamlarıdır və Rusiyanın dövlət pulu rubl olduğuna görə onlar qazandıqları pulu belə dollara çevirsələr nəzərdə tutduqları məbləğ alınmır. Ümumilikdə bunun Azərbaycana mənfi təsiri olacaq və kütləvi şəkildə evlərin satışa çıxarılmasına gətirib çıxaracaq. Ölkədə 100 milyonlarla dolların Rusiyaya axınına səbəb olacaq”.

Dünyapress TV

Xəbər lenti