Ardını oxu...
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı son günlər bəzi şəxslərin sosial şəbəkə hesablarında Azərbaycan polisinə qarşı apardıqları qarayaxma kampaniyasını pisləyib.

Təşkilat bu kimi xoşagəlməz hallarla bağlı Bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Polisi ölkəmizdə ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşlarımızı hər zaman hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Biz bunun yanvarın 18-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından 80 509 manat pulun oğurlanması zamanı növbəti dəfə şahidi olduq. Dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə isə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanıldı, onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verildi və Milli Qəhrəmanımızın atasına dəymiş ziyan geri qaytarıldı. Bu, bir daha sübut edir ki, Azərbaycan Polisi hər zaman öz vətəndaşının yanındadır və onların təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün gecə-gündüz xidmətdədirlər.

Ancaq təəssüflər olsun ki, son günlər Azərbaycan Polisinə qarşı bəzi şəxslər, daha dəqiq desək - ölkəmizdəki sabitliyi, ictimai asayişi istəməyən şəxs və ya şəxslər tərəfindən qarayaxma kampaniyaları aparılır.

Ötən gün – yanvarın 18-də İmişli rayonunda baş vermiş qəzadan bəziləri öz məkrli planları üçün istifadəyə cəhd etdilər. Həmişə olduğu kimi, bu dəfə də onların "planları" ürəklərində qaldı. Təəssüflər olsun ki, hadisə nəticəsində iki azyaşlı uşaq həyatını itirdi. Belə bir hadisənin baş verməsini heç kim istəməz və ya qəsdən etməz. Daxili İşlər Nazirliyi hadisədən dərhal sonra qəzanın görüntülərini yaydı. Görüntülərdən də aydın şəkildə görsənir ki, digər mülki avtomobil yol hərəkəti qaydalarını pozaraq Dövlət Yol Polisi Xidmətinin avtomobilinin qarşısına çıxır və hər birimiz üçün nəticəsi ağır olan hadisə baş verdi.

Xatirinizdədirsə, 2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından öz şəxsi mənafeləri üçün istifadəyə cəhd edənlər, faciəni siyasiləşdirərək qəzada həlak olanların yaxınlarının hisslərindən sui-istifadəyə çalışanlar bu dəfə də eyni əməlləri törətdilər.

Əminik ki, bu hadisəyə səbəb olan şəxs və ya şəxslər qanun qarşısında ədalətli cəzalarını alacaqlar.
Eyni zamanda, sosial şəbəkələrdə yayılan videolarda polis avtomobilinə hücum edən şəxslərin hər biri də qısa müddətdə müəyyən ediləcək və onlar qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Bundan əlavə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edən və ya belə çağırışları yayanlar barəsində də hüquq-mühafizə orqanlarımız müvafiq addımları atacaqlar.

Əlbəttə ki, Azərbaycan xalqı bunların haradan qaynaqlandığını yaxşı bilir. Hər birimiz dövlətimizin və xalqımızın təhlükəsizliyini öz canları bahasına qoruyan Azərbaycan Polisinin xidmətlərini unutmamalı və onlara sahib çıxmalıdır. İmkan verməməliyik ki, hansısa xarici ölkələrin xüsusi xidmət orqanlarına qulluq edən, onların sifarişlərini yerinə yetirən milli şura adlanan dərnək üzvləri Azərbaycan dövlətinə və onun Polisinə ləkə vurmağa nail olsun!"
 
Ardını oxu...
“Bir neçə ildir ki, “Kapital Bank”ın bu və ya digər əməkdaşı mənə təkidlə zəng vuraraq (hətta bezdirərək) müştəriləri olmağı təklif edir. Hər dəfə də imtina edirəm (yalnız həyat yoldaşımın istifadəsində olan xırda məbləğli kart var, onu da gedib bağlatdıracağam). Niyə? Çünki elə həftə yoxdur ki, bu bankın hansısa bədbəxt müştərisi mənə müraciət etməsin ki, hesabından (kartından) pul çəkiblər. Belə müraciətlərdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri də ikinci yerdədir (orada nəinki kartdan pul çəkirlər, hətta necəsə müştəridən xəbərsiz adına kredit də götürürlər). 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də bu problemi qaldırmışam və demişəm ki, bu problem əsasən iri (sistem əhəmiyyətli) banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur.

Tribunainfo.az -ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur: “İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Niyə? Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun (mükafatları mənfəətə bağlıdır axı). Nəticədə bu bankarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağıdır. Bu da onları narahat etmir. Çünki inzibati resursdan istifadə edərək onsuz da geniş müştəri və maliyyə mənbələrinə malikdirlər (digər tərəfdən, onların bağlanma ehtimalı olmadığı üçün sahibkarlar da hesablarını orada saxlayır, çünki bilirlər ki, bank bağlandısa, Əmanətlərin Sığortlanması Fondu oradan onlara heç nə verməyəcək, olan-qalan pulun da başına daş salacaq!). İşləri məhkəməyə düşəndə də eyni qayda ilə bütün problemlərini həll edirlər”.
 
Ardını oxu...
Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və hərbi avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.

20 Yanvar faciəsində müsəlman azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 4 nəfər elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Bakı şəhərində 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış sovet kəşfiyyat orqanları tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Azərbaycan xalqı hər il 20 Yanvarda öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycanın müasir tarixində ölkənin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
 
Ardını oxu...
Türkiyədə uzun illərdir qırmızı bülletenlə axtarışda olan şəxslər Ermənistanda tutularaq ölkəyə gətirilib.

Bu haqda Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Türkiyə DİN-in yaydığı açıqlamada, mütəşəkkil cinayət qruplarına qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində qırmızı bülletenlə axtarışda olan qruplaşmanın rəhbəri Ercan Yılmaz və təşkilat üzvü İbrahim Kaymakın qruplar tərəfindən Ermənistanla edilən görüşlərin ardından Türkiyəyə gətirildiyi bildirilib.

Nazirliyin açıqlamasında Ercan Yılmazın 15 ildir, İbrahim Kaymak isə 6 ildir ki, axtarışda olduğu qeyd olunub.
 
Ardını oxu...
Bu gün Pireneydəki Astun dağ-xizək kurortunda kanatda qəza baş verib.

TNS xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya səbəb trosun qırılması olub, nəticədə 30-dan çox insan xəsarət alıb.

Məlumatda qeyd olunub ki, zərərçəkənlərin 17-sinin vəziyyəti ağır və ya orta-ağır qiymətləndirilir.

Yardım göstərmək üçün hadisə yerində səhra xəstəxanası yaradılıb və orada xəsarət alanların ilkin müayinəsi aparılır. Yaxınlıqdakı bütün tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib.

Xilasetmə əməliyyatında tibbi helikopterlər, yanğınsöndürənlər, 10 təcili tibbi yardım maşını və psixoloqlar qrupu iştirak edir.

Astun stansiyası müvəqqəti olaraq bağlanıb. Araqonun rəhbəri Xorxe Askon və maliyyə müşaviri Roberto Bermudez de Kastro faciənin miqyasını qiymətləndirmək üçün hadisə yerinə gediblər.

Yaralıların yaxınları üçün qaynar xətt yaradılıb. İstintaq qəzanın səbəblərini müəyyənləşdirir, lakin əsas versiya kanatın trosunun qırılmasıdır.
Ardını oxu...
“Azərbaycanda rayonlardan birinin İcra Hakimiyyətinin başçısı rayonda fabrik tikmək istəyən iş adamından 50 min manat rüşvət istəyib”.

Bunu TNS TV-nin “Doğru məkan” proqramında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.

F. Yusifov bildirib ki, həmin sahibkar bu səbəbdən rayona investisiya qoymaqdan imtina edib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Tribunainfo.az xəbər verir ki, bu fakt dünən baş tutan məhkəmə prosesində öz təsdiqini tapıb. Belə ki, “VMR Medical Center”lə bağlı Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Mərkəzin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Mərkəzə qarşı protokol lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə tətbiq edilib. Bu qayda pozuntusuna əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, yaxın günlərdə “VMR” Şirkətlər Qrupuna aid mərkəzdə estetik uzman Gülsüm Əliyevanın da qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdu.

Xatırladaq ki, “VMR” Şirkətlər Qrupuna Bakı və Gəncə filialları olan klinikalar daxildir. Qanunsuz işçi çalışdıran “VMR Medical Center”in rəhbəri Vüsal Hüseynovdur.
 

Ardını oxu...
 

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Ardını oxu...
Türkiyənin İstanbul şəhərində saxta spirtli içki səbəbindən ölənlərin sayı artıb.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, xəstəxanalara müraciət edən 92 nəfərdən 38-i dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə polis bölmələri İstanbul daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Dünyapress TV

Xəbər lenti