Həyatımıza internet daxil oldu, olmadı, onsuz da oyuna düşdük. Uşaqlı-böyüklü hər kəs qaldı kompüter qarşısında, saatlarla qalxmaq barədə düşünmədi. Beyinləri yoruldu, qədləri əyildi, gözləri məhv oldu, lakin, yenə də qalxmaq nədir, bilmədilər. Uşaqlarımız bütün meylini kompüterə, daha sonralar isə smartfon telefonlara saldı. Saatlarla internet aləmində gəzdilər, dolaşdılar, bizlərin isə əksəriyyəti heç bunun fərqində də olmadıq ki, axı uşaq bu qədər nə ilə məşğuldur. Əksinə, 2-3 yaşlı uşaqlarımız da zamanla telefonlarımıza dadandılar. Əllərinə telefon vermədinmi, yemək yemədilər, sakit dayanmadılar. Belə olanda bizlər asan yolu tapdıq. Telefonu verdik onların əlinə ki, səsləri kəsilsin, saatlarla qoyduq televizorun qarşısına ki, səsləri çıxmasın. Övladlarımız isə televizorda bizim mentalitetə, həyat tərzinə uyğun olmayan cizgi filmləri ilə dolduruldular. Telefonlarda uşaqlar nələrin şahidi oldu, onu da Allah bilir. Sən uşağa nəzarət etmirsənsə, buna əmin ol.
Lakin heç təsəvvür etməzdik ki, qarşıda elə oyunlar olacaq ki, bu oyunlar onun kölgəsində qalacaq. Məsələn, hansısa bir videonu, mahnını yükləmək üçün əməliyyat apararkən qarşımıza çıxan və təklif olunan oyunlar kimi. O oyunlar ki, illərdir ki, bizləri oyuna salır. Lakin bizə bu oyunlar hələ də dərs olmur ki, olmur…
Başlanğıc…
Azərbaycanda 13 illik fasilədən sonra, 2011-ci ildə ilk və yeganə qanuni idman mərc oyunu və “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” fəaliyyətə başlayıb. Bu portal təhlükəsiz, dövlət təminatlı və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanunsuzdur.
İnternetdə daha çox “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları ilə qarşılaşmaq olur. Pandemiya dövründə əlacsızlıqdan kazino, bar, qumarxanalardan virtual aləmə köçürülən bu oyunların əksər istifadəçiləri gənclərdir. Bu yaşda olanlar belə elanlara daha tez aldanır və bu platformalara pul köçürərək, mərc etməyə başlayırlar.
Bəli, başlanğıcda hər şey çox sadədir. Qeyd etdiyim kimi, sosial şəbəkələrdə gəzişirsən, qarşına bir reklam çıxır. Səni bu oyundan yararlanmağa dəvət edir. Və yaxud da telefonuna linklər gəlir, açırsan… Elə hər şey də bunlardan sonra başlayır.
Təklif olunur ki, oyna, qazan! Milyonlara sahib ol! Həyatını dəyişdir! Sən, sən ol! Sən də nə edirsən, şirniklənirsən ki, axı qoy görüm, bu nə təklifdir, qoy bir baxım da. Beləliklə daxil olursan və ilkin olaraq sözsüz ki, qazanırsan. Çünki oyunların hamısı bu prinsipə xidmət edir ki, səni özünə cəlb etsin.
Qazandınmı, nə edirsən, qızışırsan. Daha böyük məbləğlər əldə etmək üçün mübarizəyə başlayırsan. 50 manat qoyub 70 manat götürürsən, həmin 70 manatı qoyub 100 manat əldə edirsən, beləliklə də şirnikləndirmə səni yeni bir yola yolçu edir.
Həyatın dəyişir?!
Bəli, oyunların reklamında deyildiyi kimi, həyatın dəyişir. Ancaq hansı istiqamətdə dəyişir, bunu görənlər və yaşayanlar ölkəmizdə yüzlərlədir. Həyatın dəyişir… Nə sən əvvəlki sən olursan, nə də cəmiyyətin, qohum-əqrəbanın, ailənin sənə qarşı münasibəti əvvəlki kimi olur.
İndi tez-tez belə ifadələr eşidirik: filankəsin oğlu qumara qurşanıb, xəbərin var? Filankəsin əri oyuna qurşanıb, eşitmisən? Filankəsin qızı filankəsin oğlundan qumara görə ayrılıb, bilirsən? Filankəsin əri evdən arvadının qızıl zinət əşyalarını da oğurlayıb oyunda uduzub, eşitmisən? Filankəsin oyunlarda uduzduğu pula görə banklara nə qədər kredit borcu var, xəbərin var?
Bəli, sadaladıqlarımın hər biri həyatında yaşanan onlarla insanın şahidiyik. Onların bu oyunlara aludə olması, daha sonra isə bu tilsimdən çıxa bilməmələri sadalamadığım nələrlə nəticələnib.
Adının çəkilməməsini xahiş edən ailəsi dağılan “A” adlı gənc deyir: bir neçə il əvvəl təsadüfən qarşıma çıxan reklam marağıma səbəb oldu. Bir neçə dəfə bu reklama baxmamağa cəhd etsəm də, sonda elə bil Allah ağlımı başımdan aldı, baxmalı oldum. Elə bir baxışla da həyatım dəyişdi. Əvvəlcə bir neçə dəfə uddum. Kiçik məbləğlər böyük məbləğlər üçün şirnikləndirdi məni. İşdən gəlirdim, keçirdim o biri otağa, başlayırdım oyuna. Yoldaşım bundan çox narahat olurdu. Hətta yemək üçün məni otaqdan zorla çıxarırdı. Məktəbli oğlum var, onun tərbiyəsi, dərsləri ilə məşğul olmağı birdəfəlik unutmuşdum. Evimizi ipoteka ilə almışdıq. Hər ay ödəniş etməli idik. Mən isə ailə başçısı olaraq oyuna qurşanmışdım. Əmək haqqı vaxtı baxırdım ki, ipotekanı ödəməyə, evə bazarlıq etməyə əlimdə pul qalmır. Beləliklə, həyat yoldaşımla aramızda münasibətlər pozulmağa başladı. O, əvvəllər elə bilirdi ki, mən onu hansısa bir qadınla aldadıram. Otaqda saatlarla qalmağım onda bu təəssüratı formalaşdırmışdı. Kim olsa, belə düşünərdi. Lakin sonra bildi ki, mən hansı yoldayam.
Yoldaşım həm mənim, həm də öz valideynlərinə xəbər verdi. Gəldilər, məni qarşılarına qoyub danladılar, məsləhət verdilər. Mən də onlara söz verdim ki, ta oynamayacam. Lakin aradan bir neçə gün keçməmiş baxdım ki, yenə oyundayam.
Dövlət işində işləyirəm. Yaxşı da əmək haqqı alıram. Amma nə olsun, maaşı haradan aldım, hara getdi, bilmirəm. Yoldaşım bezib məhkəməyə boşanmaq haqqında ərizə verdi. Boşandı məndən. Mən də evdən çıxmalı oldum. İndi oğlumun qayğısı da, evin ipotekası və dolanışığı-hamısı yoldaşımın üzərindədir.
Mənimsə qazancım küçələr oldu. İşdən sonra küçələrdə veyillənmək. Sonra da kirayə yaşadığım evdə oyun oynamaq. Bilirəm ki, səhv yoldayam, amma bu yoldan ayrıla bilmirəm. Heyif ailəmdən, oğlumdan. Mən onları itirdim. Bundan sonra nə etsəm də, onları geri döndərə bilmərəm. Mən ailəmi oyuna satdım. Çox təəssüf hissi içərisində yaşamaqdayam…
Adının çəkilməsini istəməyən “M” isə orta yaşlıdır. Əvvəlcə maşınını, evdən oğurladığı qızıl əşyaları, daha sonra isə evini oynadığı oyuna qurban verib. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Ailəsi dəfələrlə dağılmaq təhlükəsində olub. Lakin valideynlər buna mane olublar. Birtəhər ki, ailəni bir yerə yığıblar. Oğullarını da yolundan döndərə biliblər.
Hazırda həmin ailə çox çətinliklə yaşayır. “M” beş nəfərlik ailəsini günəmuzd fəhləlik etməklə dolandırır. Övladlarının böyüməsi, qayğılarının artması isə onun işini daha da çətinləşdirib. O, bu böyük səhvi etdiyi üçün peşman olduğunu və rayonda yaşadığı üçün el arasına çıxmaqda çətinlik çəkdiyini bildirir. Utandığından evə, işə elə gəlib-getməyə çalışır ki, onu görən olmasın.
Yenə də adının çəkilməsini qəti şəkildə istəməyən “Y” deyir ki, dövlət işində çalışıram. İllərdir ki, oyunlara aludə olmuşam. Əvvəl xeyli qazandım, daha oyundan çıxa bilmədim. Dedim elə yəqin belə də olacaq, həmişə udacağam. Lakin günlərin bir günü uduzdum. 500 manat ödəməli oldum. Əmək haqqımı aldım, ödədim, əlimdə bir o qədər pul qalmadı. Axı ailənin qayğıları, evin bazarlığı, digər xərclər-hamısı maaşıma bağlı idi. Belə olanda iş yoldaşlarımdan borc almağa başladım. Onların arasında hörmətim olduğu üçün heç kim mənə “yox” demədi. Beləliklə, 1000-1500 manata qədər borc aldım. Arada kiçik məbləğlər udub, böyük məbləğlər uduzdum. Fikirləşdim ki, əmək haqqımı buraya versəm, uşaqlar ac qalacaq. Ona görə də məcbur qalıb kredit görürdüm. Bundan heç kimin xəbəri olmadı. Kreditlə borclarımın bir qismini ödədim. Söz verdim ki, bir də oynamayacağam…
Lakin günlər sonra özümü yenə oyunda gördüm. Nə etdimsə, ayrıla bilmədim. İş yoldaşlarım bu arada verdikləri pulu istədilər, qaytara bilmədim. Artıq kollektivdə mənə qarşı inamsızlığın formalaşdığını açıqca hiss edirdim. Bir daha borc istədim, gördüm ki, artıq mənim haqqımda hamı eyni fikirdədir və mənə bir qəpik də verən olmadı. Məcbur qalıb başqa bankdan da pul götürməli oldum. Beləliklə elə bir oyuna düşdüm ki, çıxmağım mümkün olmadı.
Atamgil hadisədən xəbərdar oldular. Mənimlə söhbət etdilər. Bu yoldan dönməyimi tələb etdilər. Sözün düzü, işimi itirəcəyimdən də qorxdum. Söz verdim ki, çəkiləcəyəm. Çəkildim də. İndi atamgil ailəmin dolanışığına köməklik edirlər, özümsə aldığım əmək haqqını iş yoldaşlarımdan aldığım borclara və kreditlərə ödəyirəm. Hələ qarşıda neçə illər var ki, həmin borclar və kreditlər bitsin…
Eynilə narkomaniya…
Bütün bu söhbətləri dinləyəndən sonra bu qənaətə gəldim ki, bu oyunlar eynilə narkomaniya kimi bir şeydir. Hər ikisinin başında iradəsizlik, daha sonra asılılıq, sonda borclanmaq, oğruluq, qeyri-sağlam həyat tərzi, hətta ölüm dayanır. İnsan necə ki, ətrafında olan pis dostların tələsinə düşür, onların qurbanına çevrilir, narkomaniyaya başlayır, virtual dostlar da adamı başdan çıxarıb oyunlara sürükləməklə onu eynilə narkomaniyaya bənzər bir yola yolçu edir.
Narkoman da eyni həyatı yaşayır, oyunçu da. Narkoman da borc istəyir, oğurluq edir, öz evindən əşya götürüb satışa çıxarır, yeri gələndə kredit də götürür, oyunçu da eynilə… Bütün bunları o da təkrarlayır. Onların ortaq oxşarlığı isə iradəsizlik, bunun yaratdığı aludəlikdir.
Narkomaniyanın da sonunda ailə itkisi, yaxınların, qohumların, dostların üz çevirməsi var, oyunların da. Narkoman da zamanla hörmətdən düşür, cəmiyyətdən təcrid olunur, oyunçu da. Hər ikisi pul əldə etmək üçün üz tutmadıqları qapı, axtarmadıqları yol qalmır. Ən bağışlanmaz hal isə onların öz evlərindən oğurluq etməsidir ki, bu, hər iki səhv yolda dəfələrlə müşahidə olunan vəziyyətdir. Öz evindən oğurluq isə mənəviyyatın ölməsi, insanlığın sıradan çıxması deməkdir. Onlar üçün həyat yoldaşının, övladın heç bir qiyməti yoxdur. Çünki elə bir yola düşürlər ki, onları bu yoldakı istəklərdən başqa heç nə düşündürmür.
Odur ki, narkomaniya tək bəla deyilmiş, oyunların insanları saldığı oyunlar narkomaniyadan da pis bəla imiş…
Ha poz ki…
Elə söhbətin bu yerində hər addımda qarşılaşdığımız “Poz, qazan!” oyunu barədə də bir neçə kəlmə danışmaq, yerinə düşər. Çünki bu oyun da kimlərinsə xeyrinə, kimlərinsə ziyanınadır. Biz nəyi pozuruq, nəyi qazanırıq, heç bilirikmi? Kim bu oyundan sanballı nə isə qazanıb, xatırlayırmı?
“Poz, qazan!” yarandığı vaxtdan onun satışı ilə məşğul olan şəxs bir dəfə etiraf etmişdir ki, neçə illərdir, bu işlə məşğul oluram, bircə dəfə bir nəfər 100 manat udub. Deməli, digər insanların isə yalnız başı aldadılır.
“Poz, qazan!”ı çox vaxt vadar olub oynayırıq, yəqin bunun fərqinə varan olub. Məsələn, metroya giririk, marşrut avtobusdan istifadə etmək istəyirik, karta pul yükləmək lazım gəlir. Baxırsan ki, cibində xırda pul, yəni manatlıq yoxdur. Deməli, nə etməlisən, pul xırdalamalısan. Başlayırsan metronun, dayanacaqların ətrafında ha firlanırsan ki, pul xirdalayasan, bir yer tapa bilmirsən. Bu haldan səmərəli şəkildə istifadə edib metroya, dayanacaqlara yaxın yerlərdə məskunlaşan “Poz, qazan!”çılara yaxınlaşıb, bir dəfə pozmaqla qazanmasan da, pulunu xırdalaya bilirsən. Beləliklə “Poz, qazan!”çılar qazanır, sənsə itirirsən. Hər gün yüzlərlə adam “Poz qazan!”çıların tələsinə düşür. Ya pul xırdalamaq üçün, ya da bir manat nədir ki, bir bəxtimi sınayam dedikləri üçün…
Görəsən, olmazdı ki, metroda və dayanacaqlarda pul xırdalamaq üçün bir yer nəzərdə tutulardı? Axı əvvəllər belə idi. Manat verib qəpik alırdın ki, metrodan istifadə edə biləsən. Yaxın məsafələrdə belə bir xidmətin nəzərdə tutulması çox vacibdir. Əks təqdirdə həm insanlar əziyyət çəkir, həm də “Poz qaçan!”çılar qazanır.
Sən də ha poz ki, nə isə qazanacaqsan… Bu da oyuna salan oyunlardan biri deyilmi?..
Bəs nə etməli?..
Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklanıb və girişi məhdudlaşdırılıb. Ölkəmizdə həm də oyunların təhlükəsizliyini təmin etmək üçün tutarlı qanunlar var ki, onlar tətbiq olunmaqdadır. Amma “MostBet” və “1xBet” kimi böyük istifadəçi kütləsi olan saytların həm reklamına, həm də girişinə heç bir məhdudiyyət qoyulmayıb.
Mərc oyunları həvəskarlarının 60 faizi indi onlayn qumar ilə məşğuldur. ABŞ, Almaniya və İsveçrə dünyanın ən çox mərc oynanılan ölkələri hesab olunurlar. Elə bu səbəbdən də artıq ABŞ internetə nəzarət mexanizmini hazırlayıb tətbiq etməyə başlamaq üzrədir. Bəli, dünyanı yaratdıqları oyunlarla zəhərləyən dövlətlər indi özlərini bu bəladan xilas etmək üçün yollar axtarır. Bəs digər insanlar?..
Qonşu Türkiyədə səlahiyyətli şirkətlər istisna olmaqla, mərc oyunları qadağandır. Lakin burada da son illər mərc oyunlarına böyük həcmlərdə vəsait qoyulur. Bu səbəbdən də 18-50 yaş qrupunda olan 5 milyon insan ildə 50 milyard pul itirib.
Bu statistikaya əsasən belə bir sual çıxır meydana: tək pulmu? Xeyr, insanlar oyunlara meyil salmaqla, aldanmaqla, aldadılmaqla mənəvi dəyərlərini, ailə dəyərlərini, həyat yoldaşlarını, övladlarını da itirirlər. Pul ər çirkidir, deyirik. Onu nə vaxtsa, çətinliklə də olsa, ödəmək olur. Bəs itirilən mənəvi dəyərlərin necə, yerini doldurmaq olurmu?..
Bəs nə etməli?.. Bunun bir yolu var. Bizləri oyuna salan oyunlardan kənar olmalı. İnanmamalı, o linklərə daxil olmamalı, o reklamlara aldanmamalı. Dəhşətli hal odur ki, əsasən “Youtube”də, digər sosial şəbəkələrdə də aldanmış və aldadılmış yüzlərlə insanın etiraflarını oxusaq da, mətbuatdan bu qəbildən olan insanlar haqqında oxuyub məlumat alsaq da, yenə də aldanırıq. Deməli, biz şüurumuzda dönüş etməliyik. Ətrafımızdakı insanlara baxıb dərs almalıyıq. Dağılan ailələrə, atasız qalan uşaqlara, evsiz qalan ailələrə, kollektiv arasında hörmətdən düşən, cəmiyyət arasında pis mənada barmaqla göstərilən insanlara baxıb öz yolumuzu müəyyənləşdirməliyik.
Oynayaq, yoxsa, oynamayaq? Oynayarıqsa, sözsüz özümüzü oyuna salacağıq. Bunun başqa yolu yoxdur…
Mətanət Məmmədova
Mənbə – Səs qəzeti https://www.tvpress.az/qumar-oyunlari-xalqi-nec%c9%99-talayir-poz-qazanma-oyna-udma-arasdirma/
Bakıda şirkət təsisçisinin adından saxta imza çəkilərək yeni direktor təyin edilib.
Saxta dövriyyədən və təyinatdan şikayət edən təsisçi oxu.az-ın redaksiyasına müraciət edib.
Şikayətçi, "İdea-Soft.Az” MMC-nin təsisçisi və direktoru Hatəm İsmayılov həmin şirkəti xalası oğlu ilə birlikdə işlətdiyini bildirib:
"Şirkət mənim adıma olub. Onu xalam oğlu Samir Vəliyev ilə birlikdə işlədirdim. Sonra gəlib ərizə yazmışam ki, "mən həmin şirkəti bağlamaq istəyirəm”. Şirkətin direktoru da, təsisçisi də özüm olmuşam. Mənə aiddir. Heç kəs olmayıb.
Oradan çıxandan sonra şirkətin bağlanıb-bağlanmaması ilə bağlı hər hansı bir məlumatım olmayıb. 2016-cı ildə oradan çıxdım. O şirkətlərin mühasibatlığını xalam oğlunun şirkəti aparırdı”.
H.İsmayılov məsələdən 2021-ci ildə xəbərdar olduğunu qeyd edib:
"2021-ci ildə Qazax rayonuna vergi idarəsindən məktub gəlib. Məktubda bildirilib ki, "sizin dövlət büdcəsinə vergiyə görə 1 milyon 100 min manat borcunuz var və sizin ölkədən çıxışınıza məhdudiyyət qoyulub”. Bundan sonra məsələdən xəbər tutdum, araşdırmağa başladım.
Mənim saxtalaşdırılmış imzamla direktor təyin edilib. Həmin şirkətdə külli miqdarda pul dövriyyəsi olub. Mənə də məlumat verilməyib. Bank əməliyyatları olub. Sonra da dövlətə olan borcum ödənilib. Çünki ölkəyə giriş-çıxış məhdudiyyətim aradan qalxıb. Şirkəti bağlamayıb, imzamı saxtalaşdırıblar. Mənim əvəzimə qol çəkib, Asif Alməmmədovu direktor təyin ediblər. Heç birindən məlumatım olmayıb”.
Şikayətçi haqqını tələb etdiyini söyləyib:
"Mən öz dividendimi (səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi – red.) istəyirəm. Qurumlara şikayət etmişəm. Lakin müsbət cavab almamışam. Absurd cavablar gəlir. Həmin şəxslərə cəza tətbiq olunmayıb. Heç kəs maraqlanmayıb.
Asif Alməmmədovla iki dəfə telefonla danışmışam. Demişəm ki, mən səni nə vaxt direktor təyin etmişəm? Səs yazıları da var. Deyib ki, "sən özün bilirsən ki, bu işin başında kim dayanır. Get o adamlarla problemini həll et”. Yəni xalam oğlu Samir Vəliyevi nəzərdə tutur. Bu işin başında o dayanır. Mənim imzamı saxtalaşdıran da Fidan Rzayevadır. Bu əməlləri törədənlərə heç bir cəza tətbiq olunmur. Haqqımın bərpa olunmasını istəyirəm”. Təsisçinin Oxu.Az-ın redaksiyasına ünvanladığı şikayətlə bağlı adıçəkilən qurumlara sorğu göndərsək də, cavabsız qalıb.
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadənin sözlərinə görə, şəxsin adından istifadə edərək saxtalaşdırılmış imzası ilə şirkətə yeni direktor təyin edilməsinə dair dəlillər varsa, həmin şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edə bilər:
"Qanunvericiliyə əsasən, kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, publik hüquqi şəxs, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli hesab olunurlar. Vəzifəli şəxslər tərəfindən imzanın saxtalaşdırılması qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, hüquq verən, yaxud vəzifədən azad edən vəsiqəni, digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama, satma - üç min manatdan altı min manatadək cərimə, yaxud iki ilədək müddətə islah işləri, ya da iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək cərimə, yaxud iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlərlə və ya bir ilədək islah işləri, ya da eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
T.Abdullazadə qeyd edib ki, vətəndaş Dövlət Vergi Xidmətinə müraciət etməklə öz adından sui-istifadə hallarının olub-olmadığını öyrənə bilər:
"Təsisçilərin qərarları, nizamnamə kapitalı, şirkətin əsasnamələri, bütün hüquq müəyyənedici sənədləri, şirkətlərin fəaliyyətləri barədə həmin orqanda məlumat bazası olur”.
Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib...
Bu barədə APA-ya Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.
"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir:
"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Qırmızı diplom bilik və bacarığı təsdiq edirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".
Bakıda məşhur alimin oğlu bacısından 9 min dollar alıb qaytarmadığı üçün məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, 1970-ci il təvəllüdlü Baba Babazadə 22 sentyabr 2021-ci ildə vəfat edən atası Oktay Babazadənin yas mərasimində iştirak etmək üçün bir günlük Bakıya gəlib. O, 1966-cı il təvəllüdlü, "BP” şirkətinin əməkdaşı olan bacısı Nigar Babazadədən 9 min dollar borc pul alaraq, Türkiyəyə geri qayıdıb. Üzərindən iki il keçməsinə baxmayaraq, borcu qaytarmayıb və Nigar Babazadə bu səbədən qardaşı barədə məhkəmə iddiası qaldırıb.
Nigar izahatında göstərib ki, qardaşı Türkiyədə yaşayır, 2 ilə yaxındır ki, Azərbaycana gəlmir. Hətta atası vəfat etdiyi zaman mərhumun yas mərasiminin və başdaşının xərcini özü ödəyib. 9.000 ABŞ dolları borc verdikdən sonra eşidib ki, qardaşı Baba Babazadə Bakıdakı avtomobil qarajını satıb, lakin ona olan borcunu ödəməyib. Üstəlik paylı mülkiyyətdə olan atalarından miras qalan evin 1/2 hissəsi üçün ondan 160.000 manat pul istəyir.
O, qardaşının Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 90,58 kv.metr sahəsi olan mənzili satmaq istədiyini eşidib. Belə ki, qardaşı müştəri taparaq evin 1/2 hissəsini ona satmaq istəyib. Bu səbəbdən Nigar Babazadə eyni zamanda evlə bağlı da məhkəməyə müraciət edəcək.
Nigar Babazadə məhkəmədən borcun tutulması barədə qətnamə çıxarılmasını istəyib ki, ev satılarkən cavabdeh düşən paydan həmin məbləği ala bilsin.
Baba Babazadənin yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmayıb.
Məhkəmə Baba Babazadən 9000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, bacısı Nigar Babazadəyə ödənilməsi barədə qərar çıxarıb. O, ölkəyə qayıdacağı təqdirdə gəmin vəsaiti ödəməsə, Bakını tərk edə bilməyəcək.
Qeyd edək ki, 22 sentyabrda 2021-ci ildə fizika-riyaziyyat elmləri doktoru, geoloq alim Oktay Babazadə 82 yaşında vəfat edib.
Babazadə Oktay Baba oğlu 1939-cu ildə Bakı şəhərində doğulub. 1963-cü ildə "Dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub. "Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, "Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib.
Alim tərəfindən ocaq zonalarının dərinlik yarıqlarını ayırmaq və istiqamətlərini təyin etmək üçün difraksiya dalğalarının interpretasiyası, dərinlik yarıqlarının seysmik-geofiziki göstəricələri və seysmik sərhəd relyefinə görə seysmik təhlükənin orta və uzun müddətli proqnozlaşdırılmasının korrelyasiya üsulu işlənib hazırlanıb. Zəlzələlərin proqnozu problemi ilə məşğul olub. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq edib. O, Azərbaycan üçün yeni ümümi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zələlələrin uzunmüddətli proqnozu modelini qurub. Alim seysmik üsulların, o cümlədən əks olunan dalğaların şaquli seysmik zondlanmasının köməyi ilə kəsilişdəki kollektorları proqnozlaşdırıb və yumuşalmış süxurların inversiya sürət zonalarının müəyyən edilməsinə və əks olunan dalğa siqnallarının energetik təsəvvürlərinə əsasən flüidlə doyma dərəcəsini qiymətləndirib. Həmçinin yeni istiqamət olan struktur-ocaq seysmologiyası əsasında zəlzələlərin ocaq zonalarının seymik geodinamikası problemini tədqiq edib.
Alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi olub. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib.
Artıq paytaxtda qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycana Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Xatırladaq ki, bu günlərdə Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub. Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın, partlayış hadisələri tez-tez qeydə alınır. Bundan əvvəl də Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş vermişdi. Sözügedən binaların yaşayış üçün yararsız halda olması, belə qəza hadisələrini qaçılmaz edir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra yataqxanaların bir qismində yaşayan məcburi köçkünlər öz torpaqlarına köçürülsə də, belə qəzalı yataqxanalarda hələ də yaşayış davam edir. Baxmayaraq ki, yataqxanaların çoxu qəzalı binalar siyahısındadır. Bəs görəsən istismar müddətini başa vurmuş, şəhərin görkəminə xələl gətirən yataqxanaların sökülməsi niyə ləngiyir? Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata görə, artıq qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsinə başlanılıb. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək. Bu yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb. Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Qəbul edilən qərara uyğun olaraq bu binalardan sakinlərin köçürülməsi qərara alınıb. Binaların çoxu istismar müddətini başa vurub Əmlak məsələləri üzrə eskpert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, yataqxanalar sovet dövründə inşa olunduğundan, çoxu istimar müddətini başa vurub. Bəziləri isə qəzalı vəziyyətdədir: "Bakı və digər rayonlarda sovet dövründən qalmış yataqxanalar var. Bunların bəziləri tələbə yataqxanaları, bəziləri isə zavod və müəssisələrin nəzdində olan yataqxanalardır. Tələbə yataqxanalarının böyük əksəriyyətində məcburi köçkünlər yaşayırdılar. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Yaxın gələcəkdə tələbə yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlər öz doğma yurd-yuvalarına köçürüləcək. Artıq bu proses başlayıb. Bir çox ərazilərdə artıq tələbə yataqxanaları boşaldılıb. Yataqxanaların hər biri müxtəlif qurumların balansındadır. Hər hansı dövlət balansında olan inzibati binanın sökülməsi üçün həmin qurumun rəyi olmalıdır. Bu gün məcburi köçkünlərin tərk etdiyi yataqxanaların çoxu qəzalı şəraitdədir". E.Fərzəliyev bildirib ki, yataqxnaların sökülərək yerində yenilərinin inşa olunması tələbələrin kirayə problemini də aradan qaldırmış olar. "Yaxşı olardı ki, həmin yataqxanalar sökülərək yerində çoxmərtəbəli müasir yataqxanalar inşa olunsun. Bununla tələbələrin kirayə problemini də aradan qaldırmaq olar. Amma təəssüflər ki, o yataqxanalar sökülmür. Bakıda yerləşən yataqxnaaların əksəriyyəti o qədər qəzalı vəziyyətdədir ki, hər hansı partlayış və zəlzələ nəticəsində o binalar uça, dağıla bilər. Ona görə də ilk növbədə qəzalı yataqxanalar sökülməlidir" deyə ekspert əlavə edib. Kirayə mənzillərə tələbat azala, qiymətlər ucuzlaşa bilər Ekspertin sözlərinə görə, belə yataqxanaların sökülərək yerində yenilərinin inşa edilməsi paytaxtda kirayə mənzillərə təlabatı azaldacaq, qiymətləri isə ucuzlaşdıracaq. Qeyd edək ki, hazırda paytaxtda yerləşən universitetlərin çoxunun yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Əlaqə saxladığımız ali təhsil müəssisələrindən bildirdilər ki, maliyyə vəsaiti ayrıldıqca yataqxanalar sökülərək yerində yeniləri inşa ediləcək. Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova mətbuata açıqlamasında tələbə yataqxanasını bərpa etməyə vəsaitin olmadığını bildirmişdi. Rektorun sözlərinə görə, yataqxana məsələsi problemdir: "Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb. İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur". G.Məmmədova əlavə edib ki, hazırda yataqxanaların əsaslı təmir olunması və tələbələrin istifadəsinə verilməsi üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə çıxış yolları axtarılır.
C. Soros "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəri olub. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvü, Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biri olub.