![]() |
![]() ![]() ![]() |
|
Ötən həftə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas Bakıya gəldi. Siyasi ekspert Məhəmməd Əsədullazadənin “Yeni Müsavat”a dediyinə görə, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafında maraqlı görünür.
Onun fikrincə, Aİ Azərbaycanla təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək əzmindədir: “Son illərdə ikitərəfli əlaqələrdə yaranmış müəyyən problemlərin arxada qalması gözlənilir. Hazırda ABŞ-la siyasi böhran yaşayan Avropa İttifaqı yeni güc mərkəzi olmaq istiqamətində siyasət həyata keçirir. Ötən ay Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə birgə sammit keçirdi. Avropa ittifaqı Mərkəzi Asiyadan neft- qazın və uranın daşınmasını Azərbaycan üzərindən həyata keçirməkdə maraqlıdır. Məhz Cənubi Qafqaza və Mərkəzi Asiyaya siyasətinin Azərbaycan üzərindən həyata keçirilməsini nəzərdən keçirir”.
Azərbaycan üzərindən keçən Orta dəhlizin qısa və təhlükəsiz olması digər marşrutlardan rentabellidir: “Demək olar ki, Brüssel Azərbaycanla müəyyən fikir ayrılıqlarını kənara qoyaraq ölkəmizlə münasibətlərdə yeni səhifə açır. Qeyd edim ki, Avropa İttifaqının Mülki Missiyası Ermənistan-Azərbaycan sərhədində müşahidə aparır. Bu, ikitərəfli əlaqələrə kölgə salır. Azərbaycanın regionda artan siyasi və nəqliyyat imkanları Brüsselin siyasətində korrektlər edəcək. Avropa İttifaqının Zəngəzur dəhlizinin açılmasına dəstək verməsi gözlənilir. Beynəlxalq və regional şərtlər dəyişdikcə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Azərbaycan Orta dəhlizin regional habını Ermənistansız qurmaq niyyətindədir: “Gürcüstanın tranzit rolu saxlanılır, hətta daha da artırıla bilər, hərçənd beynəlxalq daşımalarda risklərin azaldılması alternativlərin olması zərurətini də qaçılmaz edir. Bakı alternativ marşrut kimi Zəngəzur dəhlizini görür. Dəhliz vermək istəməyən Ermənistanın alternativ tranzitə çevrilmək planı Azərbaycan qarşısında gücsüz görünsə də, kənar müdaxilələr və dəstək, xüsusilə Mərkəzi Asiyada güclənməyə çalışan Avropa İttifaqının yanaşması - Azərbaycan-Ermənistan-Türkiyə sərhədinin açılması istəkləri Bakının planına risklər vəd edir”.
Onun fikrincə, Çin anlayır ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, hərçənd Orta dəhlizin Cənubi Qafqaz habında davam edən bu mübarizənin nəticəsi - Zəngəzur dəhlizi, yoxsa Ermənistan tranziti - yekunda Pekinin mövqeyini müəyyənləşdirəcək: “Əliyevin Pekin səfərini bu kontekstdə dəyərləndirmək olar. Cənubi Qafqaz habının perspektivlərinə yanaşmada Çinlə "saatları yoxlamaq, Çinlə hərtərəfli əməkdaşlığı genişləndirməklə alternativ planların perspektivlərini zəiflətmək, Aİ-nin “Ermənistan planı”na qarşı Çinin dəstəyi ilə mövqeləri gücləndirmək. Belə görünür ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi layihəsi ətrafında siyasi ehtiraslar yenidən kəskinləşəcək. Əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz habındakı mübarizənin nəticəsini müəyyən etməkdir. Regiona kənar müdaxilə cəhdləri intensivləşsə də, Bakı hələ də güclü tərəf olaraq qalır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”