Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Diqqətçəkən məqam isə bundan əvvəl bu vəzifəyə Elçin Əmirbəyovun da təyinat almasıdır.

Maraqlıdır, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsinin mahiyyəti nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Elman Nəsirov deyib ki, Prezident İlham Əliyevin son təyinatları cəmiyyətimizdə ciddi müzakirə mövzusuna çevrilib:

“Bu təyinatlar onu göstərir ki, Azərbaycan dövləti hər zaman islahatlara açıqdır. Bu gün bu islahatların dərinləşməsi prosesi gedir. Paralel olaraq kadr islahatları da keçirilir. Cənab prezidentin son təyinatlarını kadr islahatları sahəsində dəyişikliklərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır.

Cənab prezident ilk öncə Elçin Əmirbəyovu xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi. İyulun 24-də isə Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etdi.
Bu vəzifələr yeni vəzifələrdir. Lakin vəzifəyə təyin edilən şəxslərin hər ikisi də təcrübəli kadrlardır. Həm Elçin Əmirbəyov, həm də Xələf Xələfov kifayət qədər tanınan, cəmiyyətdə hörmət sahibi olan şəxslərdir. Onların diplomatiya sahəsində uzun illərə dayanan təcrübələri var.
O ki qaldı xüsusi tapşırıqlar üzrə nümayəndənin hansı işləri görməsinə, deyə bilərəm ki, əslində hər şey vəzifənin adından bəllidir. Yəni cənab Prezident hansı məsələyə ki, önəm verəcək, həmin məsələlər ilə bağlı aparılacaq danışıqlarda sözügedən kadrlar görəvləndiriləcək.
Hər iki şəxsin xüsusilə xarici siyasət ilə məşğul olduğunu nəzərə alsaq deyə bilərəm ki, cənab prezidentin xarici siyasət ilə bağlı xüsusi tapşırıqlarının həyata keçirilməsində fəaliyyət göstərəcəklər”.

Politoloq Turab Rzayev isə deyib ki, Azərbaycan prezident üsul-idarəsinə malik bir ölkə olduğu üçün prezidentin səlahiyyətləri çoxdur:

“Buna görə də prezident fərqli sahələrdə ixtisaslaşmış dərin bilik və bacarıqlara sahib olan şəxsləri özünə köməkçi, müşavir, nümayəndə kimi təyin edə bilər. Bu həmin şəxslərə etimaddan irəli gəlir. Yəni Prezident bu şəxsləri birbaşa tanıyır və onların etimadı doğruldacağına inanır.

Xələf Xələfov bundan öncə də Prezidentin xüsusi nümayəndəsi kimi çıxış edirdi. Xarici İşlər Nazirliyində Xəzər dənizinin hüquqi statusu və Qarabağ danışıqları üzrə əsas iki şəxs vardı. Xələf Xələfov həmin dövrdə bu iki istiqamətdən biri üzrə prezidentin nümayəndəsi idi. Lakin rəsmi vəzifəsi xarici işlər nazirinin müavini olub. Mümkündür ki, bu gün yenə o hansısa spesifik sahə üzrə xüsusi nümayəndə olaraq təyin edilib.

Hesab edirəm, bu addım dövlət içərisində bürokratik əngəllərin aradan qaldırılması istiqamətində mühümdür. Hər hansı sahə üzrə islahat keçirmək bu sahədə fəaliyyət göstərən qurumların etirazı ilə qarşılana bilər. Ancaq xüsusi sahələr üzrə bir nəfər təyin edilirsə, o, məsuliyyət daşıyır və işin gedişatı nəticəsi ilə birlikdə hesabat təqdim etməlidir. Mən bu təyinatları bir növ bu istiqamətdə görürəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub.

Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır.

“Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək.
Ardını oxu...
Beyləqan rayon sakini Aslan Məcidov 2018-ci il sentyabr ayının 5-də qardaşı İlyas Məcidovun itkin düşməsiylə bağlı rayon prokurorluğuna müraciət edir. Dediyinə görə, qardaşının arvadı onun Yesentukiyə getdiyini desə də, o buna inanmır.

Arvadının söylədiyi kimi Yesentukiyə istirahətə getmiş İlyas Məcidov Beyləqanda heyvandarlıqla məşğuldu. Əvvəllər Bakıda yaşasa da, birinci ailəsindən ayrılmış, molla kəbiniylə evləndiyi ikinci arvadı Əminə Sarıyeva ilə kəndə köçmüş, burada özünə təsərrüfat qurmuşdu. İkinci nikahdan iki oğlu vardı. Təsərrüfat işlərində ona əsasən böyük oğlu 16 yaşlı Səlim kömək edərdi. Kənddə hamı İlyasın qatı dindar olduğunu bilirdi. Onun qohumlarından bəzilərinin hətta Suriyaya döyüşməyə getdiyini deyənlər də vardı. İlyasın dini baxışlarına görə, arvadı Əminəni də ara-sıra incitdiyi olardı. Bu dava-qırğın səbəbindən bir-neçə dəfə Əminə uşaqlarını evdə qoyub anasının yanına Bakıya getsə də, İlyas hər dəfə onu geri qaytarmışdı. Yeri gəlmişkən, deməliyik ki, İlyasın yaxınları, əsasən də qardaşları onun Əminəylə bu izdivacından qətiyyən razı qalmadıqlarından heç biri gəlinlə danışmırdılar.

Aslan Məcidov prokurorluğa müraciətlə eyni vaxtda Əminəylə yaxın olan Kamil adlı bir dostundan Əminəyə zəng vurub ondan İlyasın harada olmasını soruşmağını xahiş edir. Dostu qadına zəng vurur və deyir ki, Aslan qardaşı İlyasın Yesentukiyə getmədiyindən şübhələnir. Əminə onunla görüşür və deyir ki, belə getsə, Aslan ona hələ çox şər atacaq, yaxşısı budur, savadlı bir vəkil tutmaqda ona köməklik etsin.
Beləliklə, onlar Əminənin təklifiylə yaxşı vəkil axtarışıyla Bakıya yola düşürlər. Hər iki sərnişini Bakıya aparan taksi sürücüsü söhbətlərini eşidir və tanış bir vəkilin telefon nömrəsini onlara verir.

Vəkillə görüşən Əminə vəkilə tamam başqa mətləblərdən danışır. O, ərinin “din qardaşları” adlandırdığı dostlarıyla birgə Suriyaya döyüşməyə getdiyini deyir. Vəkil söylənilən faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verir. Xidmət əməkdaşları Əminənin izahatını aldıqdan sonra İlyasın Beyləqandakı evində axtarış aparırlar. Evdən dini ədəbiyyat və bir ədəd soyuq silah hesab edilən xəncər tapılır. Baş verənlərdən 2 gün sonra – sentyabrın 8-də Əminə Kamili anasının Bakıdakı evinə çağırır və ondan məsləhət istəyir. Deyir ki, əri İlyası böyük oğlu ilə birlikdə öldürüb, pul qarşılığında bu işi ört-basdır eləməkdə ona kömək etsin. Kamil onun dediklərini İlyasın qardaşı Aslana çatdırır. Əslində, İlyasın qardaşı Aslan Məcidov Əminənin hamıya yalan söyləməsindən bir ay əvvəldən – avqust ayından şübhələnmişdi. O, bu şübhələri haqda prokurorluğa yazdığı ərizədə də bildirmişdi. Beləliklə, İlyasın qardaşı Aslanın yazdığı ərizə, Əminənin əri haqda verdiyi ziddiyyətli ifadələr, həmçinin Kamilin şahidliyi əsasında qadın şübhəli şəxs qismində prokurorluqda dindirilir.

Əminə istintaqa ifadə verməkdə olsun, onun nələri etiraf etdiyinə keçməzdən əvvəl, gəlin İlyasın yaxın ətrafına, onun yoxa çıxmasına qədər ailəsi və ailəsiylə bağlı baş verənlərə yenə diqqət edək. Çünki istintaqımızın düzgün istiqamətdə davam etməsi üçün bunlar çox vacibdir. Yeri gəlmişkən, qeyd edək ki, danışacaqlarımızın hamısı şahidlərin istintaq və məhkəmə materiallarında yer almış ifadələri əsasındadır.
İlyasın xasiyyətcə tünd, inanc baxımından radikal dindar olduğunu demişdik. Deyilənlərə görə, arvadı Əminə də başını İslam qaydasında məhz onun tələbiylə bağlayıbmış. İlyas oğlu Səlimi də incidirmiş. Oğlu dəfələrlə onun qəzəbindən qurtulmaq üçün evdən qaçıb çöldə gecələyibmiş. Dindar ata evdə onlara musiqiyə qulaq asmağı, seriallara baxmağı qəti qadağan edibmiş. Əminə bir neçə dəfə onunla rəsmi nikaha girmək istədiyini bildirsə də, İlyasdan hər dəfə “İslam dinində rəsmi nikahın önəmi yoxdu” cavabını eşdirimiş.

İlyas Məcidov fermer təsərrüfatının işləriylə bağlı çox adamlarla ünsiyyətdəydi. Bu sıradan onun evinə, ailəsinə yaxın adamlardan biri uzaq qohumu Şahlar Məmmədovdu. Şahlar Məmmədov qonşu kənddə yaşayır. Dediyimiz kimi, İlyasla ailəvi yaxın olublar. Hətta gələcəkdə quda olmaq fikrindəymişlər. Şahların qızı İlyasın gəlini olmalıymış. Bu yaxınlığa baxmayaraq, istintaq materiallarında yer alan ayrı-ayrı şahidlərin ifadələrindən məlum olur ki, İlyas Şahlardan o qədər xoşlanmazmış. Buna səbəb Şahların mal oğrusu olmasıymış. Törətdiyi onlarla belə əməllərdən birini o, bir dəfə İlyasın da başına gətiribmiş. Şahlar onun 10-a yaxın qoyununu oğurladığına, həmçinin pul borcu olduğuna görə gələcək qudası tərəfindən möhkəm döyülübmüş də. İlyasın arvadı Əminə Sarıyevanın ifadəsindən məlum olur ki, əri Şahları döydükdən sonra evdə süfrə açıb, onlar birlikdə yemək yeyib barışıblarmış.

Gah Yesentukiyə istirahətə, gah Suriyaya döyüşməyə getdiyi deyilən İlyasın özü, ailəsi, ətrafı, ətrafdakılarla münasibətləri haqda istintaqa lazım olan məsələlərdən xəbər tutduq. İndi qayıdaq onun arvadı Əminə Sarıyevanın istintaqa verdiyi ifadəsinə. Daha doğrusu, etiraflarına!
Ondan başlayaq ki, Əminə Kamilə “İlyası oğlumla birlikdə öldürmüşəm” dediyini qətiyyətlə inkar edir. Deyir ki, həmin gün ümumiyyətlə, oğlu evdə olmayıb. Bununla belə, hadisə barədə istintaqa ilkin etirafedici ifadə verir. Etiraf edir ki, əri İlyasla yaşamaq artıq mümkün deyilmiş. Buna görə də, anasından ona qalmış puldan 8 min manat ayırıb və bu məbləğ müqabilində Şahlara ərini öldürmək təklif edib. 2018-ci il iyul ayının 26-da Şahlar onların həyətlərində İlyasa təsərrüfat işlərində köməyə gəlibmiş. Gecə saat 11 radələrində Əminə İlyasın damda olan qoşalülə tüfənginin və patronların yerini Şahlara deyir. İlyas həmin vaxt evin pilləkənində oturub dincəlirmiş. Şahlar elə bu vəziyyətdə ona kürək nahiyyəsindən iki dəfə atəş açır və onu qətlə yetirir.

Şahlar Məmmədovun 10 sentyabr 2018-ci ildə Beyləqan rayon prokurorluğunda rayon prokurorunun böyük köməkçisi 2-ci dərəcəli hüquqşünas Rövşən Kazımova verdiyi 17.55-də başlayıb 18.42-də yekunlaşan ifadəsindən oxuyuruq:
Sual:

Tüfəngin kimə məxsus olması haqda nə deyə bilərsiniz?
Cavab:

Həmin tüfəngi dəfələrlə İlyasın əlində görmüşdüm. İlyas o tüfənglə mənim yanımda bir neçə dəfə ov quşlarına atəş açmışdı.
Sual:

Konkret olaraq İlyasa neçə güllə vurmağınız barədə nə deyə bilərsiniz?
Cavab:

Bildiririəm ki, İlyas əvvəllər mənə tüfəngin bir lüləsinin işləmədiyini bildirmişdi. Ona görə də, iki patron götürüb tüfəngə qoydum ki, biri açılmayanda o biri açılsın. Ancaq mən atəş açanda hər iki lülədən güllə açıldı.
Sual:

Həmin güllələrdən neçəsinin İlyasa dəydiyini deyə bilərsinizmi?
Cavab:

Həmin güllələrdən biri İlyasın kürəyindən, həmin an əlim əsdiyi üçün digər güllə talvarın altındakı hörgüyə dəydi.

İstintaq materiallarından görünür ki, İlyası qətlə yetirdikdən sonra Əminəylə Şahlar meyiti əvvəlcə mələfəyə, sonra nimdaş xalçaya bükərək həyətin bir tərəfində dərinliyi metr yarım olan çala qazaraq basdırırlar. Səhərisi gün Əminə İlyasa 100 manat pul verir, o da meyitin basdırıldığı yerin üstünə çınqıl daşı tökdürür. Bir neçə gün sonra isə Əminə həmin yeri betonlatdırır və ərinin basdırıldığı çalanın üstündə çörək bişirmək üçün kürə tikdirir. İlyasın bütün sənədlərini isə Əminə yandırmağa məcbur idi. Çünki, əgər ərinin Suriyaya getdiyini deyirsə, deməli, sənədləri də elə onun özündədir.
Artıq vaxtdır. Şahlar Məmmədov istintaqa İlyasın basdırıldığı yeri göstərməlidi. İlyas çörək bişirmək üçün kürənin alt hissəsində basdırıldığından təndir sökülməlidir. Meyitin basdırıldığı yerin qazıntısı zamanı tərtib olunmuş protokoldan oxuyuruq: “Meyit sonradan tikilmiş çörək bişirmək üçün kürənin alt hissəsində olduğundan həmin yerin söküntü işlərinə başlanıldı. Söküntü zamanı əvvəlcə kürənin üzərində olan dəmir talvar götürüldü. Sonra yanmayan kərpicdən hazırlanmış kürə tam olaraq söküldü. Bundan sonra qalınlığı 12 sm olan beton təbəqə xüsusi inşaat alətləri ilə dağıdıldı. Beton dağıdıldıqdan sonra altındakı çınqıl daşlar və torpaq təbəqə 1 m 30 sm dərinlikdə qazılaraq kənara töküldü. Çaladan çürümüş və torpağa bulaşmış xalça, xalçanın altında eyni torpağa bulaşmış vəziyyətdə ağ rəngdə üzəri qarışıq şəkilləri olan mələfəyə bükülmüş, bəzi hissələri kəskin çürüməyə məruz qalmış meyit aşkarlandı. Meyitin ayaqları uzunluğu 6.5 metr olan hörülmüş sintetik materialdan hazırlanmış kəndirlə bağlanmışdır”. Ekspertizayla müəyyən olunur ki, bu, Şahlar Məmmədovun meyitidir.

Maraqlıdır ki, hər şeyin gün işıqı kimi aydın olduğu bu hadisədən sonra, təqsirləndirilən şəxslər istintaqa verdikləri ilkin ifadələri təkzib edərək bir-birlərini ittiham etməyə başlayırlar. Əminə İlyası öldürmək üçün Şahlara qətiyyən pul vermədiyini deyir. Bildirir ki, Şahlar İlyası onun qızının nişanını qaytaracağı ilə hədələyidiyinə görə öldürüb. Cinayəti bilə-bilə gizlətməyinin səbəbi isə Şahların onu və övladlarını öldürəcəyi ilə hədələməsi olub. Əminə and-aman edir ki, Şahlar İlyası tüfənglə vuranda o, mətbəxtə olub. Tüfəng səsi eşidib çölə çıxıb, ərini həyətdə uzanılı vəziyyətdə görüb. Polisə zəng etmək istəyəndə isə Şahlar onu hədələyib. Şahlar da apellyasiyaya verdiyi şikayətdə öz növbəsində bu cinayətdən xəbəri olmadığını israrla təkid edir. Deyir ki, Əminə gecə vaxtı zəng ona vurub evlərinə çağırıb. O, həyətə girəndə İlyasın ayaqları bağlı halda meyitini orada görüb. Əminə ona deyib ki, İlyas onun birinci ərindən olan qızı Asyanın da ölümündə günahkardır, həm də onunla yaşamaq cəhənnəm əzabı idi. Qadın hətta ona bu qətli öz boynuna götürəcəyi halda iki yüz min manat pul da vəd edib. Şahlar məcbur olub onunla birlikdə İlyasın meyitini həyətin baş tərəfində basdırıb, səhərisi gün də üstünə çınqıl töküb. Sonra isə Əminənin təklifi ilə izin tamamilə itirməsi üçün meyitin basdırıldığı yerdə çörək bişirilməsi üçün kürə tikdiriblər.

Hər iki şəxsin üzləşdirilməsi zamanı həm Əminə həm Şahlar yenə ilkin ifadələrinin əksinə olaraq, günahı bir-birinin üstünə atırlar. Əminə deyir, Şahlar öldürüb, Şahlar deyir, Əminə öldürüb. Ancaq istintaqı bu cür bəhanələrlə azdırmaq mümkün deyildi. Şahidlər, faktlar, maddi sübutlar hadisənin necə baş verdiyini göstərir.

HÖKM

Əminə Sarıyeva Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 il 6 ay azadlıqdan məhrum edilir.

Məmmədov Şahlara cəza təyin edilərkən onun ayrı-ayrı vətəndaşların şəxsi mal-qarasını oğurlaması faktları da nəzərə alındığından o, müıkiyyət əleyhinə olan cinayətləri ehtiva edən maddələr üzrə də təqsirli bilinir.

Beləliklə, Məmmədov Şahlar Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.5,177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 18 il 9 ay azadlıqdan məhrum edilir./demedia.az
 
Ardını oxu...
“Ermənistanın, ermənipərəst dairələrin bu sayaq spekulyativ addımları heç bir nəticə verməyəcək. Mətbuat Şurası əmindir ki, Şuşa Qlobal Media Forumu davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir. Yaxşı olardı ki, Ermənistan jurnalistləri avantürist meyillərin əsirinə çevrilməsinlər, gələcəkdə bu platformada təmsil olunsunlar və jurnalistika dəyərlərinin qorunmasına töhfə versinlər”.

"DogruXeber.az" xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı bəyanatında əksini tapıb.

Qeyd olunub ki, iyulun 21-23-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə ediblər:

“Təəssüf ki, öz ənənəsinə sadiq qalan Ermənistanın Azərbaycana qarşı apardığı qaralama kampaniyası hələ tədbirin gedişində özünü göstərməyə başladı. Ölkənin 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq və yersiz həmkar sentimentallığı nümayiş etdirərək, əcnəbi media mənsublarını qınadılar, onları Şuşanı tərk etməyə çağırdılar. Müraciətdə, həmçinin Qarabağın erməni əhalisinin, guya “blokadada” olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi.

Daha bir məqam erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasıdır. Həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər irəli sürüldü. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar.

Şuşa forumuna qatılanların adından yalançı açıqlamaların yayılması, guya onların həmin açıqlamalarında Qarabağın “blokadasının” aradan qaldırılmasına yönələn fikirlər səsləndirdikləri iddiası isə heç bir əndazəyə sığmır.

Ermənistanda media fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslərin, faktiki olaraq, Cənubi Qafqaz regionunda sülh gündəliyinə qarşı çıxması, təxribatçı əməlləri jurnalistikadan sui-istifadədir, peşə prinsiplərinə etinasız yanaşmadır. Azərbaycan Mətbuat Şurası bundan narahatdır.

Şura hesab edir ki, beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş, xarici media mənsublarını təhdid edən bu kimi hallar tam yolverilməzdir və məsələyə sərt reaksiyanın göstərilməsi mütləqdir. Qurum beynəlxalq ictimaiyyəti, habelə dünyanın aparıcı jurnalist təşkilatlarını mövcud istiqamətdə həmrəylik nümayişinə, müvafiq tədbirlər görməyə çağırır.

Mətbuat Şurası, eyni zamanda, Ermənistan mediasının çirkin siyasi texnologiyalardan istifadə etməsindən dərin təəssüf hissi keçirir. Şura hesab edir ki, həm Azərbaycanın, həm də Ermənistanın media orqanları ölkələr arasındakı münasibətlərin pozulmasına deyil, əksinə, normallaşmasına xidmət etməlidirlər”.
Ardını oxu...
Qobal Media Forumu ilə bağlı materiallara göz gəzdirirəm.
Prezidentin sual-cavab formatını seçməsi, istənilən mövzuda sərbəst və rahat cavabları, verdiyi açıqlamalar və mesajlar xeyli diqqət cəlb edəndir.
Maraqlı mövzular da panel müzakirələrinə çıxarılmışdı.
Ümumiyyətlə, Şuşa Global Media Forumu faydalı platformadır, inkişaf etdirilməsi doğru olardı.
Amma diqqətimi iki məqam ayrıca cəlb etdi.
Mövzu yeni media olsa da nədənsə təşkilatçılar Foruma yerli mediadan ənənəvi media nümayəndələrini cəlb etməyə üstünlük veriblər.
Düzü anlamadım ki, nə üçün belə addım atılıb.
Düşünürəm ki, müzakirə mövzuları üzrə ölkənin yeni media sektorunda uzun illər çalışanlar, onun bünövrəsini qoyanlar daha çox töhfə verə bilərdilər.
Digər diqqətimi cəlb edən məqam isə Prezidentin bəlkə də ilk dəfə olaraq, Mətbuat Günü olmasına baxmayaraq yerli media qurumların rəhbərlərinə ayrıca vaxt ayırmaması, fikir mübadiləsi etməməsi oldu.
Yerli media rəhbərləri ilə Prezidentin kollektiv fotosu da gözə dəymədi.
Son 20 ildə bəlkə də ilk dəfəydi ki, önəmli bir gündə Prezident tərəfindən belə bir addım atıldığınının şahidi oldum.
Yəqin təşkilatçılar daha yaxşı bilərlər bunun səbəbini.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Xətai rayonunda qamışlıq ərazi yanır.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

 
Ardını oxu...
Avropa Şurası Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) “Media haqqında” Azərbaycan Respublikası qanunu ilə bağlı yekun rəyini açıqlayıb.

DİA.AZ xəbər verir ki, sənəd Media Hüququ Qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Qeyd olunur ki, sözügedən rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyidir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.

Komissiyanın gəldiyi yekun nəticələr

Venesiya Komissiyası, Media haqqında Qanunu Azərbaycanın səlahiyyətli qurumları ilə müzakirə apara bilmədən və səlahiyyətlilər tərəfindən müvafiq bilgi və izahatlar (rəy layihəsinə təqdim edilmiş yazılı şərhlər istisna olmaqla) təqdim edilmədən incələyib, Azərbaycanda müstəqil jurnalistika və media üçün mühitin zatən, son dərəcə məhdudlaşdırıcı olması kontekstində Qanunun daha da “çəkindirici effekt” doğuracağı qənaətinə gəldi. Qanunun bir çox müddəaları ifadə və media azadlığına dair Avropa standartları ilə uyuşmur və medianın “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə yerinə ytirməsinə imkan vermir. Bu səbəbdən Qanun, hazırkı mətni ilə tətbiq edilməməlidir. Qanunun bütövlükdə ləğv edilməyəcəyi durumunda, Venesiya Komissiyası Azərbaycanın səlahiyyətli qurumlarına təcili olaraq, aşağıdakı addımların atılması çağırışını edir:

Mediada çoxsəsliliyi təşviq etmək məqsədilə, xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı sərt məhdudiyyətlər daxil olmaq üzrə media subyektlərinin təsisçiliyi ilə bağlı qanunun 26-cı maddəsindəki nəzərdə tutulan sərt məhdudiyyətlər ləğv edilsin;

Media reyestri ya ləğv edilməli, ya da ya da jurnalistlərin və media subyektlərinin reyestrə daxil edilməsi üçün həddən artıq məhdudlaşdırıcı şərtlər, xüsusilə, detallı şəxsi məlumatların verilməsinə dair şərtlər, təhsillə, əmək müqaviləsi, jurnalistin cinayət törətmiş olub-olmaması, iş təcrübəsi, media subyektlərinin fəaliyyətinin davamlılığı ilə bağlı tələblər Qanundan çıxarılmalı, toplumun bilgiləndirilməsi üçün geniş spektrdə çalışan subyektlərin öz fəaliyyətlərini həyata keçirə bilmələri təmin edilməlidir;

“Media haqqında” qanunla bağlı yekun rəy

Jurnalistlər üçün akreditasiya sistemi ləğv edilsin;

Məzmunla bağlı məhdudiyyətlərin AİHM-in Konvensiyanın 10-cu maddəsi ilə bağlı presedent hüququna uyğun olmasını təmin etmək üçün Qanunun 14-cü maddəsi dəyişdirilsin;

Qanunun 15.3-cü maddəsinə – jurnalistlərin 15.2-ci maddəsi çərçivəsindəki öz qaynaqlarını açıqlamamaq hüququni aydın ifadə edən, jurnalistin öz mənbəyini yalnız məhkəmə qərarı əsasında açıqlaya biləcəyi, məhkəmənin jurnalistin qaynağını açıqlamasına yalnız qaynağın açıqlamasını istisna edən bütün ağlabatan alternativ vasitələr tükəndirildikdən sonra və qaynağın açıqlanması ilə bağlı legitim mənfəətin yetərincə həyati və ciddi xarakter daşıması, qaynağın açıqlanmaması ilə bağlı ictimai mənfəətdən daha ağır gələn “qarşısıalınmaz sosial zərurət”dən doğması durumunda qərar verə biləcəyi məzmunda dəyişikliklər edilməlidir;

Platforma yayımçılarının, sifarişli yayım xidməti provayderlərinin və platforma operatorlarının lisenziya ilə fəaliyyət göstərməsi tələbi ləğv edilsin,, onların yalnız qeydiyyatdan keçmələri yetərli hesab edilsin;
Çap və onlayn media məhsullarının nəşri və yayılması üçün ərizə ilə müraciət etmək şərtinin, səlahiyyətli qurumların bilgiləndirilməsi tələbindən fərqli olmadığı qanunda aydın ifadə edilsin;

Audiovizual media üçün lisenziyaların qüvvəsinin dayandırılması və lisenziyaya xitam verilməsi ilə çap və onlayn media subyektlərinin fəaliyyətinin dayandırılması və fəaliyyətinə xitam verilməsi haqda müddəalara tətbiq edilən sanksiyaların proporsional olmasını, müstəqil tənzimləyici orqan tərəfindən mərhələli tətbiq edilməsini və şəffaf olmasını, lisenziya sahibinə söz haqqı verilməsini nəzərdə tutan, lisenziyanın qüvvəsinin dayandırılması və ya xitam verilməsi ilə bağlı qərara yenidən baxılması ilə bağlı ədalətli prosedurları təmin edən dəyişikliklər edilsin;

Venesiya Komissiyası, qeyd edilənlərə əlavə olaraq aşağıdakıları da müəyyən etdi:

Qanunun 1-ci maddəsindəki “jurnalist” anlayışı daha da genişləndirilməli, jurnalistlərin “ictimai nəzarətçi” roluna uyğun tərif verilməlidir;

Qanunun 3-cü maddəsindəki Qanunun ölkə hüdudlarından kənara tətbiq edilməsinə xitabları nəzərdə tutan müddəalar silinməlidir;

Fövqəladə vəziyyət, hərbi vəziyyət, xüsusi antiterror əməliyyatları və ya dini ekstremizmə qarşı xüsusi əməliyyat durumlarında ifadə azadlığını məhdudlaşdırmanın aydın və əlçatan hüquqi əsaslarını müəyyən etmək üçün Qanunun 7-ci, 8-ci və 9-cu maddələrinə yetərli prosessual təminatları əks etdirən düzəliş edilməlidir;

Qanunun 11.4-cü maddəsində yer alan məhdudiyyətlərin qarşılıqlılığı ilə bağlı hissə silinməlidir;

Jurnalistlərin və media subyektlərinin ibtidai araşdırmalar və ya cinayət təqibləri haqqında məlumat yaymaları üçün Qanunun 15.1.3 və 15.1.4-cü maddələrində nəzərdə tutulan qabaqcadan icazə almaq tələbi ləğv olunmalı və ya ən azı konkret hansı sənədlərin nəzərdə tutulduğu Qanunda aydın ifadə edilməlidir (bu yolla dərc, yayım üçün əvvəlcədən icazə alınmasını gərəkli edən haqlı və ağır gələn mənfəətin müəyyən edilməsi mümkün olar);

Gizli səs və video yazılarının, fotoşəkillərin aidiyyəti şəxsin razılığı və ya məhkəmə qərarı olmadanistifadəsi ilə bağlı qəti qadağanın, üçüncü şəxslərin haqlarının qorunması şərtilə ictimai faydanın aşkar ortada olduğu durumlarda razılıq olmadan istifadəyə icazə verən müddəa ilə dəyişdirilməlidir;

Audiovisual Şuranın mövcud institusional modelinin, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyət göstərməsini təmin etmək üçün Avropa standartlarına uyğunlaşdırılması gərəklidir;
 
Ardını oxu...
Putin və Lukaşenko Kronştadt Dəniz Kafedralini ziyarət ediblər.

Rusiya və Belarus prezidentləri Kronştadtdakı rus donanmasının məbədi-abidəsini ziyarət etdikdən sonra kafedralın yaxınlığındakı meydana toplaşan insanlarla söhbət ediblər.

Cebhe.info xəbər verir ki, uşaqlar dərhal Putini mühasirəyə alıb və fotoşəkillər çəkməyə başlayıblar.

"Biz sizi sevirik!",-deyə bəziləri qışqırıb.

"Bu qarşılıqlıdır",-deyə Prezident cavab verib.

Məbəddə toy edən gəlin prezidentlərə yaxınlaşaraq onlarla şəkil çəkdirməyi xahiş edəndə sevgi mövzusu daha da davam edib.

"Bəyin yerinə mən?",-deyə Lukaşenko zarafat edib.

Bu arada jurnalistlər Putindən karantinlə bağlı suallar soruşublar.

"İnsanlar karantindən daha vacibdir",- deyə Putin cavab verib.

Xatırladaq ki, Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib. Sankt-Peterburqdakı Konstantinovski sarayında prezidentlər iqtisadiyyat və cəbhədəki vəziyyəti müzakirə ediblər.
 
 


 
Ardını oxu...
Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin şəxsiyyət vəsiqəsi yoxlanılır.

Gununsesi.info bildirir ki, artıq bir neçə gündür metro stansiyalarının girişində xidmət keçən polislərə xüsusi planşetlər paylanılıb.
Yoxlama zamanı şəxsin fin məlumatları aşkarlanır.

Sərnişinlər deyib ki, sənədi olmayanları metroya buraxmırlar. Bu isə mübahisə və əlavə gərginliyə səbəb olur.

Məsələ ilə bağlı DİN-nin mövqeyini öyrənməyə çalışacağıq.
 
Ardını oxu...
Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Həmin vaxt hökumət bu tədbirin Covid-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Karantin rejiminin uzadılması isə quru sərhədlərin bağlı qalmasını şərtləndirmiş oldu.

Sonuncu dəfə Prezident İlham Əliyev 15 iyul 2022-ci ildə quru sərhədlərin bağlı qalmasını Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədini daşıdığını açıqlamışdı:

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.

Azərbaycanda Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, hazırda gün ərzində barmaqla sayılacaq qədər insan Covid-19-a yoluxur. Əksər mütəxəssislər bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın başa çatdığı qənaətindədirlər. Belə olan halda hökumətin xəstəliyi əsas gətirərək quru sərhədləri təkidlə bağlı saxlamasına səbəb nədir?

Pandemiya iddiası ağlabatan olmadığından cəmiyyətdə məsələ ilə əlaqədar çoxsaylı ehtimallar və spekulyasilar ortaya çıxıb. Bəziləri hesab edir ki, quru sərhədlərinin bağlı olmasına səbəb hava yolları şirkətlərinin əlavə qazanc əldə etməsinə şərait yaratmaqdır, bəziləri də hökumətin bu addımı atmaqla daxili turizmi təşviq etmək və maliyyənin ölkə daxilində dövr etməsini təmin etmək niyyətini irəli sürürlər.

Quru sərhədlər daxili turizmi təşviq etmək üçün bağlıdır?

İyulun 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin quru sərhədlərin bağlı olmasının daxili turizmin artımına heç bir təsir göstərmədiyini bildirdi

"Quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə bağlı deyil", - deyə o qeyd edib.

Agentlik rəhbəri həmçinin vurğulayıb ki, sərhədlər bağlı olduğunudan Azərbaycan quru yollarla gələn turistləri də itirib:

"Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik”.

İqtisadçı Natiq Cəfərli də sərhədlərin bağlı qalmasının səbəbinin daxili turizmi təşviq etmək ehtimalı ilə razılaşmır. Onun sözlərinə görə, məsələnin nə iqtisadi, nə də hüquqi əsasları var:

“Daxili turizmi inkişaf etdirmək üçün quru sərhədləri bağlı saxlamaq absurddur. Quru sərhədləri bağlı saxlayaraq daxili turizmi inkişaf etdirmək konsepsiyası varsa, kökündən yanlışdır. Qiymətlərin baha olmasının səbəbi infrastrukturun zəif olması, hostel və 2-3 ulduzlu hotel şəbəkəsinin olmamasıdır”.

İqtisadçı qeyd edir ki, əgər hökumət doğrudan da daxili turizmi təşviq etmək istəyirsə, quru sərhədləri açıb daha çox gəlir edə bilər.

“Təkcə pandemiyadan öncəki statistikalara baxsaq, bunu aydın görərik”, - deyə o vurğulayıb

Quru sərhədlər avişirkətlər daha çox qazansın deyə bağlıdır?

Quru sərhədlərin bağlı olmasına dair irəli sürülən iddialardan biri avişirkətlərin daha çox vəsait əldə etməsi ilə bağlıdır.

Statistika göstərir ki, quru sərhədlər bağlanandan sonra aviabiletlər dəfələrlə bahalaşıb.

Bununla belə, digər iqtisadçı ekspert Toğrul Maşallı hesab edir ki, bu “gülünc” iddiadır.

Onun sözlərinə görə, AZAL və "Buta" aviadaşıyıcılarında biletlərin bahalılığı quru sərhədlərin bağlı olmasının ortaya çıxardığı fəsaddır, onun səbəbi deyil.

"Quru sərhədlər yaxın vaxtlarda açılsa, AZAL və "Buta" əvvəlki kimi qazana bilməyəcək, amma quru sərhədlər bu aviadaşıyıcılar daha çox qazansın deyə bağlanmayıb. Bu mənasız iddiadır", - deyə o qeyd edib.

Müharibə və təhlükəsizlik ehtimalı

Hazırda Azərbaycan dünya miqyasında quru sərhədləri tam bağlı olan tək-tük ölkələrdən biridir. Əvvəldə qeyd edildiyi kimi, Prezidentlə yanaşı, digər yüksəkçinli hökumət təmsilçiləri bu barədə konkret açıqlama vermirlər. Nəticədə isə yalnız ehtimallar və spekulyasiyalar ortaya çıxır. Bunlardan biri də quru sərhədlərin milli təhlükəsizlik səbəbindən bağlı olmasıdır.

Toplum TV-yə açıqlama verən deputat Fazil Mustafa quru sərhədlərin məhz təhlükəsizlik amilinə görə bağlı qalmasını istisna etməyib:

“Quru sərhədlərin açılması vacibdir, çünki bu vətəndaşların tələbidir. Görünür, dövlət təhlükəsizliyi səbəbindən bu istiqamətdə qərar qəbul olunmur. Ümid edirəm ki, sərhədlərin açılması təmin olunacaq. Əks halda insanlar sıxıntı içində qalması qaçılmazdır. Ən azından sağlamlıq problemi olan, xaricdə təhsil alan və digər vətəndaşlara quru sərhədlərdən gediş-gəliş imkanı verilməlidir.”

Müstəqil siyasi şərhçi Azər Qasımlı da qeyd edir ki, quru sərhədlərin qapalı qalması qərarı milli təhlükəsizlik səbəbindən ola bilər. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin daha da kəskin hal alacağı ehtimalı hökuməti buna vadar edə bilər. Siyasi şərhçi bildirir ki, bunun nəticəsində Rusiyada yaşayan azərbaycanlılar ölkəyə kütləvi köç edə bilərlər, görünür, hökumət də buna görə ehtiyat edir:

“Hökumət heç bir əsas gətirmədən insanların hərəkət azadlığını pozur. Digər tərəfdən də sərhədləri bağlamaq sanki bizi bir daha SSRİ dövrünə qaytarır. Nə qədər ki, ictimaiyyət buna ciddi etirazını göstərmir, bunu gündəmə gətirmir, onlar heç bir açıqlama verməyəcəklər. Mənə görə, quru sərhədlərin bağlı qalması nə siyasidir, nə də iqtisadi. Əsas səbəb Ukraynada gedən müharibədir. Rusiyada yaşayan soydaşlarımız, hətta digər millətlər kütləvi şəkildə Azərbaycana axın etməyə başlaya bilərlər. Bu da hansısa formada anarxiyaya gətirib çıxara bilər".

Təkcə Gürcüstanla quru sərhədlərin açılması ehtimalına qaldıqda isə, Azər Qasımlı bildirir ki, Gürcüstanla sərhədin açılması əlbəttə ki, yaxşı olardı.

"Lakin bu vəziyyətdə də hökumət nəyə görə digər qonşu ölkələrlə yox, məhz Gürcüstanla sərhədin açılmasına aydınlıq gətirməyə məcbur olacaq. Hökumət isə buna getmək istəməz, çünki bizim təkcə Gürcüstanla deyil, Rusiya və İranla da quru sərhədimiz var. Belə olan halda hökumət onlara da hesabat verməli olar. Üstəlik də ki, Gürcüstan vasitəsilə də köç ola bilər. Bütün bunlara görə, hökumət ümumiyyətlə, quru sərhədləri bağlı saxlamağı daha münasib hesab edir”, - deyə o, açıqlamasında qeyd edib.
Toplum TV
 
Ardını oxu...
“Xaricdə velosiped zolağı çəkilir, bizdə heç normal PİYADA səkisi düzəltmirlər”

Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli və Babək küçələrinin kəsişməsində insanlar avtomobil yolu ilə hərəkət etməyə məcbur qalıblar. Çünki həmin ərazidə piyadaların rahat hərəkəti üçün səki yoxdur. Bu isə Sumqayıtda piyada və sürücülərin həyatını təhlükə altına alır. Sakinlərin sözlərinə görə əvvəllər sözügüdən yol geniş olub, lakin ticarət obyektləri tikiləndən sonra piyadaların rahat hərəkəti nəzərə alınmayıb. Sumqayıtda Üzeyir Hacıbəyli və Babək küçələrinin kəsişməsini ölüm yolu adlandıranlar da var. Şəhər sakinləri buna belə əsas gətirirlər ki, ərazidə piyada və sürücülərin çoxluğu avtoqəzalarla yanaşı piyada vurulmalarının da sayını artırır. Yaranan problemlə bağlı Sumqayıt Şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi EYVAZ QOCAYEV APA TV-yə bildirib ki, “son illər Sumqayıt şəhərində avtomobil yolları ilə yanaşı piyada səkilərinin də təmir olunması istiqamətində genişmiqyaslı işlər görülüb. Mərhələli şəkildə şəhər ərazisindəki bütün səkilərin təmir olunması, səki olmayan ərazilərdə də yeni səkilərin salınması nəzərdə tutulub. Qeyd olunan ərazidə də tədbirlər görüləcək”. Deməli səkisiz yollardan istifadə edənlərə inanmaq və gözləmək qalır ki, problemə nə vaxtsa əncam çəkiləcək. Biz isə mövzunu diqqətdə saxlayacağıq ki, yaranmış çətinlik həllini tapsın.

 

Dünyapress TV

Xəbər lenti