Ardını oxu...
Hazırda ölkədə vətəndaşların böyük əksəriyyətini maraqlandıran mövzulardan biri də quru sərhədlərinin hələ də açılmamasıdır.

Qeyd edək ki, quru sərhədlərinin bağlanması pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərdən biri idi. Baxmayaraq ki, karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər artıq aradan qaldırılıb, lakin hələ də sərhədlərin açılması, gediş-gəlişin tam şəkildə bərpa olunması əsas problemlərdən biri kimi qalır.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması mövzusu hələ də öz aktuallığını qoruyur və bununla bağlı yeniliklər yaxın zamanda gözlənilmir:

“Sərhədlərin açılması mövzusu, xüsusilə, növbəti sentyabr ayından başlayaraq təhsil almağa gedən tələbələri, müalicə almaq üçün xaricə üz tutan xəstələri ciddi şəkildə narahat edir. Turistik səfərləri müəyyən qədər başa düşmək olar. Amma bu kateqoriyadan olan insanlar üçün mütləq bir həll yolu düşünülməlidir. Quru sərhədlər açılmalıdır. Çünki bu məsələ ciddi şəkildə insan taleyinə təsir edən, onların problem yaşamasına gətirib çıxaran bir haldır və bunun qarşısını da biz hansısa formada almalıyıq. Mütləq şəkildə sərhədlərin açılması bu kateqoriyadan olan insanlar üçün təmin etməliyik”.
Ardını oxu...
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyul ayı üzrə 1 134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbilə yeddi, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə yeddi nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, biznesin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb.

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov intim görüntülərinin yayılması böyük səs-küyə səbəb oldu.
Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.
Məsələ ilə bağlı O. Rəhimovun bacısı Leyla Mərdanova Bakupost.az –a bildirib ki, qardaşının həyatı təhlükədədir:
“Qardaşım həmin məktəbə işə qəbul olan gündən sakinlər onu qəbul etməyib, ona qarşı şər, böhtan xarakterli müxtəlif hərəkətlər ediblər. İndi isə bu şantaj xarakterli hadisəni əllərində bayraq edib qardaşımın işdən çıxmasını tələb edirlər. Xahiş edirəm, hüquq-mühafizə orqanları bu məsələyə adekvat cavab versinlər. Qardaşıma hədə-qorxu gəlirlər. Həyatı təhlükədədir”.
Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Bakupost.az -a açıqlamasında vurğulayıb ki, daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb:
"Ucar rayon sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib.
Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub".

Ardını oxu...
Tanınmış tərcüməçi Sevil Gültən Azinforum.az-a müraciət edərək, öz doğma kəndində üzləşdiyi ekoloji fəlakətlə bağlı məlumat verib. Sevil xanım yerli icra qurumları və bələdiyyənin bu məsələyə biganə yanaşdıqlarını da qeyd edir: “Zərdabın Təzəkənd kəndi rayona bitişikdir. Təzəkənddə, “ Təzə Yurd “ deyilən yerdə 1995-ci ildə ev tikdirmişəm. O vaxt yaxınlıqda şirəkeş arxı vardı. Eni uzağı bir metr olardı. O yerlər vaxtilə pambıq sahəsi olmuşdu, arx da o vaxtdan qalmışdı. Tədricən o yurdda sakinlərin sayı çoxaldı. Qonşuluqda yaşayan insanlar çirkab sularını o arxa axıtdılar. O arxla mənim məhləmin arası dörd-beş metrdir. Hər dəfə bələdiyyə sədrinə problemlə bağlı şikayət edəndə o arxı yenidən qazdırır, içindəki murdar palçığı arxın qırağına tökürlər. Beləcə, arx enləndi. İndi arxın eni 3-4 metrdir. 10 ildir ki, arxa çirkab sularının axıdılmasının qarşısını ala bilmirəm. Bələdiyyə rəhbərinə, icra nümayəndəsinə, icra hakimiyyətinə, gigiyena mərkəzinə dəfələrlə həm yazılı, həm şifahi müraciət etmişəm. Nəticə yoxdur.

Bir dəfə Göyçaydan ekologiya əməkdaşı gəldi, şikayətimi təsdiqlədi, bir nəfəri yüngülvari cərimələdi. Dedi ki, bundan başqa heç nə edə bilməz.

O arxdan həm də zibillik kimi istifadə edirlər. Keçən dəfə kəndə gedəndə arxın kənarında it və pişik leşi vardı. Bələdiyyə sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi. “ Sənin məhlənə qarovul çəkməliyəm?” dedi. Çətinliklə də olsa ordakı zir-zibili, leşləri daşıtdırdım. Nə qədər ki, o arxa kanalizasiya suları axıdılır, o arxın ətrafı da zibillik olacaq. Xahiş edirəm, o problemin həllində mənə kömək edəsiniz”.

Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni nəzarətə götürərək, problemin aradan qaldırılması istiqamətində zəruri addımları atacaq.
Azinforum.az
 

Ardını oxu...
Bakının Nizami rayonunda Keşlə qəsəbəsində “Şanxay” məhəlləsi adlanan bir məhəllə var. Qəsəbə 90-cı illərdə salınıb. Adının isə qəribə bir tarixçəsi var. Belə ki, həmin əraziyə köçən Hacı Salman adlı bir kişi Çinə alış-veriş üçün gedirmiş. Şanxayı gördükdən sonra qəsəbələrini Şanxaya bənzədir. Və elə o zamanlar qəsəbəyə el arasında “Şanxay” deyilir.
Şanxay qəsəbəsi ilə bağlı 2017-ci ildə dəmiryollarının mühafizəsi məqsədilə dəmiryoluna çox yaxın olan evlərin sökülməsinə qərar verildi. Bəzi evlər söküldü. Bəzi sakinlərə də kompensasiya verilərək, ərazidən köçürüldü. Amma dediyimiz kimi bəzi evlər... Bəzi evlər isə, gözdən-könüldən uzaq buraxıldı.

Hazırda Şanxay sakinləri deyir ki, onlarla daha heç kim maraqlanmır. İddia edirlər ki, yaşadıqları evlərin qanunla sənədləri var. Onların mülkiyyət hüquqları var. Yaşayışları acıanacaqlı olsa da, kimsə gəlib demir ki, “sizi də köçürəcəyik”...

Məsələn, Narxanım xala qəsəbənin ən qədim sakinlərindəndir. Ömrünü demək olar ki, Şanxayda keçirib. Bu gün uçuq-sökük evinin qarşısında oturub gün sayır.

Şanxayın qədim sakinlərindən olan, danışan, amma adını demək istəməyən yaşlı kişi deyir ki, o əvvəllər məxfi vəzifələrdə çalışıb.

Üzünün göstərilməsinə izin verən adını deməyən sakin bizə “həyat dərsi” keçməyə də çalışdı.

Bəli, Şanxay sakinləri yaşayışlarından razı deyil və ayrı-seçkiliyə məruz qalmalarının səbəblərini də bilmirlər...

Şanxay uzaqda deyil. Bakıda kiçik bir məhəllə... Sakinləri yorğanlarını söküb, küçədə yun qurudur, döşəklərini küçəyə sərib günə verir. Yuduqları paltarlarını da küçələrə asıb qurudurlar. Yaxınlıqdan isə, dəmiryol xətti keçir. Düzdür, daha o dəmiryolunun səsindən başqa Şanxaylılara zərəri yoxdur, amma faydası da yoxdur...

Evlər dib-dibə tikilib. Qaz sayğacları birbaşa evlərin divarlarına vurulub. Bir sözlə, sivilizasiyadan uzaq bir məhəllə var... Şanxay...



Bizimyol.info
 
Ardını oxu...
Bugünlərdə sosial şəbəkələrdə yayılan məlumata görə, Xətai rayonu ərazisindəki Hacı Zeynalabdin Tağıyev adına tikiş fabrikində qanunsuz aparılan söküntü işlərinə bir qrup fəhlə cəlb edilib.

Bildirək ki, ölkədə fəaliyyət göstərən zavod və fabriklərin sökülməsi yeni hadisə deyil. Sovetlər birliyi dağıldıqdan sonra ölkədə bir çox sahələrdə belə söküntülərin şahidi olduq.

Bölgələrdə çəkilmiş qaz boru xətlərinin sökülməsinin, üzümlüklərin dağıdılmasının, yerlərdəki fabrik və zavodların fəaliyyətini dayandıraraq yararsız hala düşməsinin müşahidə etdik. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir qədər irəliləyiş müşahidə edildi. Belə ki, yerlərdə yenidən qaz xətləri çəkilməyə, kənd təsərrüfatı dirçəlməyə başladı. Son illər yerlərdə bəzi zavod və fabrik yenidən fəaliyyətə başlasa da, onların sayında əvvəlki rəqəmi müşahidə etmirik.

Məsələn, bir sıra rayonlarda fəaliyyət göstərən konserv sənayesində yüzlərlə işçi çalışırdı ki, bu da həmin sakinlərin işlə təminatında mühüm rol oynayırdı. Onu da vurğulayaq ki, bölgələrdən vətəndaşların Bakıya üz tutmasının əsas səbəbi də məhz işsizlikdən başlayıb.

Hazırda bəzi bölgələrdə vaxtilə fəaliyyət göstərən zavod və fabriklərin bir çoxu istehsalını bərpa edə bilməyib. Bu fakt Bakıya da şamil olunur. Çünki vaxtilə paytaxtdakı zavod və fabriklərin də bir çoxu fəaliyyətini elə həmin dövrdən davam etdirmir.

Ümumiyyətlə, niyə ölkədə işsizliyin olduğu bir vaxtda, yüzlərlə işçinin çalışa biləcəyi zavodlar, fabriklər yenidən fəaliyyəti bərpa olunmaq əvəzinə sökülür? Bu sahəni yenidən inkişaf etdirmək istəmirlər, yoxsa hökumətin marağında deyil?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-eskpert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Azərbaycanda sovet dövründə tikilmiş fabrik və zavodların özəlləşdirilməsi prosesi məntiqsiz aparıldı, bunun isə acı nəticələri hər kəs üçün dərs olmalıdır:

“Çünki ölkədə, xüsusilə də Bakı şəhərində böyük zavod və fabriklər öz torpağına görə qiymətlidirlər. Biz paytaxtda keçmiş zavod və fabriklərin ünvanlarına baxsaq, hamısında xalq arasında "novostroyka" adlanan yeni binaların tikildiyini görürük. Çünki onun torpağı daha qiymətlidir, nəinki onun istehsal sahəsini yenidən bərpa etmək.

İndiki durumda istehsal sahəsini bərpa edib, yenidən istehsal fəaliyyəti ilə məşğul olmaq başağrısıdır. Bu həm hökumət üçün belədir, həm də bizdə azad biznes də yoxdur ki, oraya investisiya qoysun. Ona görə də bir çox hallarda məmurlara bağlı iri şirkətlər tərəfindən özəlləşdilən belə zavod və fabriklər sonradan sökülür və yerində binalar tikilir.

Təəssüf ki, Bakı şəhərində həmişə belə olub. Sovet dövründən qalma infrastruktur bu yolla özəlləşdirilərək tikinti meydançalarına çevrildi. Yəqin “Bakı Tikiş Evi”ni də belə bir aqibət gözləyir".
 
Ardını oxu...
Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər.

Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib.

Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.

İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
 
Ardını oxu...
Ölüm saçan qasırğa saatda 173 km sürətlə ölkədən-ölkəyə keçir
TRT Haber kanalı xəbər verir ki, Filippində “Doksuri” qasırğası səbəbindən ölənlərin sayı 25 nəfərə çatıb. Artıq bir həftədir ki, ölkə qasırğanın cəngindədir. Bir çox şəhərlərdə yaşamaq çətinləşib. Ölümlərin səbəbi tufan nəticəsində yaranan torpaq sürüşmələri və sellər olub. 20 nəfərin itkin düşdüyü bildirilir. Qasırğa indiyə kimi, 2,4 milyon nəfərin yaşadığı ərazilərdən keçib, 50 mindən artıq sakin köçürülüb.

Doksuri qasırğası Tayvanın şərq sahillərində şiddətli küləklərə və leysanlara səbəb olduqdan sonra Çin istiqamətində irəliləyib. Çin televiziyası onun saatda 173 km sürətlə irəlilədiyini bildirib. Əhaliyə çaylardan uzaq durmaq çağırışı edilib. Fusian vilayətində 354 400 nəfərin təhliyə edildiyi xəbər verilir. Başqa yerlərdə də minlərlə insanların köçülürülməsi davam edir. Ümumilikdə Çin ərazisində 130 milyon nəfərin qasırğa ilə üzləşəcəyi bildirilir.
 
 
 
Ardını oxu...
“Rauf Əliyevin “krışası” təkcə keçmiş Baş prokuror Zakır Qaralov deyil, bir sıra deputatlar, bir dövlət komitəsinin rəhbərliyi və bank rəhbərləridir, ona görə, ona dəyib-toxunan yoxdur. Onlarla vətəndaşı dələduzluq yolu ilə aldadıb milyonlar qazansa da, səsi həbsxana divarları arasından deyil, yeni layihələrdən gəlir”.

Gününsesi.onfo saytının məlumatına görə, bunu yerli mediaya açıqlamasında “İnşaat konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdən şikayətçi olan zərərçəkmişlərdən biri deyib.

Onun sözlərinə görə ilin əvvəlində Rauf Əliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanlıb daha sonra azadlığa buraxılmışdı.

“Amma MMC rəhbəri ötən müddətdə vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirməyib. Dəyişən yalnız odur ki, R.Əliyev əlçatmaz, ünyetməz oliqarxa çevrilib. Bir də Qərbi Azərbaycan İcmasına yol tapıb, bu layihədə ciddi fəallıq göstərir, ki, bəlkə qaranlıq biznes keçmişi “udunula”, – mənbə vurğulayıb.

Mənbə bildirib ki, Rauf Əliyevin bir neçə bankdan külli miqdarda kredit götürüb, onların əksəriyyəti vaxtında qaytarılmayıb. Bu səbəbdən kommersiya banklarının rəhbərləri öz əlaqələrindən istifadə edərək, tikinti maqnatının həbsinə mane olurlar. Çünki bu zaman böyük məbləğli kreditlərin batacağından ehtiyatlanırlar.

Maraqlı məqamlardan biri də odur ki, R.Əliyevin 3.12 milyon manat vergi borcu var, amma bu fakt da onun yeni layihələrdə iştirak etməsinə, hətta dövlət tenderləri qazanmasına mane olmur.

Ardını oxu...
Məlumdur ki, son illər Dövlət Vergi Xidmətində aparılan islahatlar nəticəsində vergi intizamı gücləndirilib, yayınmaların qarşısı böyük ölçüdə alınıb, habelə vergi borclarının ödənilməsi istiqamətində ciddi tədbirlər görülür. Amma nə hikmətdirsə, MMC rəhbəri dövlətə külli miqdarda borcunun ödənilməsi təmin edilmir.

Zərərçəmiş deyir ki, Rauf Əliyevin rəhbərlik etdiyi MTK paytaxtın bir sıra bahalı yerlərində çoxmərtəbəli binalar tikib yüksək gəlir götürsə də onun layihələrinin heç biri qalmaqalsız, mübahisiz yekunlaşmayıb:

“Bəziləri ümumiyyətlə öhdəliklərə zidd olaraq istifadəyə verilməyib, çünki mənzillər sahibdən əlavə bir neçə nəfərə satılıb. Məsələn, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25\38 ünvanında yerləşən komplekslə bağlı qalmaqal mediada dəfələrlə işıqlandırılıb. Belə ki, tikintisi 2017-ci ilin avqustundan başlayan bina layihədə 15 mərtəbli nəzərdə tutulsa da, Rauf Əliyev tikinti normalarını kobud şəkildə pozaraq onu bir qədər “ucaldaraq” 18 mərtəbəyə çatdırıb. “İnşaat Konstruksiyaları” MMC müqavilədə binanı 2019-cu ilin avqustun 8-də təhvil verilməsini öhdəsinə götürüb. Amma bu tarixdən uzun müddət sonra mənzil sahibləri R.Əliyevin qanunsuzluqlarına etiraz edərək MMC-nin qarşısında etiraz aksiyaları keçirirdi. Sakinlər bildiriblər ki, tikinti maqnatı vədlər versə də, heç biri özünü doğrultmayıb, üstəlik bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib”.

Şikayətçi təəssüflə bildirir ki, vətəndaşların hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyətinə çoxsaylı müraciətləri də nəticəsiz qalıb.

“Rauf Əliyevin Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33 ünvanında tikintiyi 17 mərtəbəli binada da eyni problemlər yaşanıb. Bu tikinti ona məxsus olduğu bildirilən “Dərəçiçək” MMC tərəfindən həyata keçirilib. Ötən ilin noyabrında yerli mətbuata müraciət edən sakinlər bildiriblər ki, sözgedən binanın tikintisi 2009-cu ildən başlasa da yekunlaşmayıb. Nəticədə yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdə qalıb, onların hüquq mühafizə orqanlarına, Prezident Administrasiyasına çoxsaylı müraciətləri də cavabsız qalıb”, – o qeyd edib.

Xatırladaq ki, bu barədə ötən il payçılardan biri mətbuata açıqlamasında demişdi ki, 2009-cu ildə “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min manat pul köçürüb və bu ödənişləri Rauf Əliyev öz imzası və möhürü ilə təsdiq edib.

13 ildən sonra məlum olub ki, MTK rəhbəri həmin vətəndaşa məxsus mənzilləri başqasına satıb. Bu əməllərə baxmayaraq Rauf Əliyev dövlət tərəfindən dəstəklənən pilot layihələr də yol tapa bilib. Medianın yazdığına görə, ona məxsus şirkət tərəfindən pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 saylı arxitekturalı bina sökülüb.

Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları” MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

Medianın yazdığına görə hələ 2018-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Amma 5 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, məhkəmə sözgedən şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Beləliklə, maraqlı sual yaranır, bu qədər qanunsuzluğun, şikayətlərin müqabilində R.Əliyev niyə məsuliyyətə cəlb edilmir?

Mənbə vurğulayıb ki, MTK rəhbərinin “krışası” keçmiş Baş prokuror Zakir Qaralov “sudan quru çıxmaqda” ona hər cür dəstək olub. Bunun müqabilində R.Əliyev də Qaralova borclu qalmayıb, tikidiyi binlardan ona onlarla mənzil verib.

Eyni zamanda Baş prokurorun “tapşırdığı” bir prokurorluq əmədaşına da bahalı mənzil bağışlayıb. Görünür, Z.Qaralov vəzifədən getsə də hakimiyyətin müəyyən dairələrində təsir imkanlarını saxlayır, əks təqdirdə barəsində bu qədər ittihamlar olan MTK rəhbəri niyə azadlıqda olsun ki?!

R.Əliyevlə əlaqə saxlamaq isə mümkün olmadı.

İttihamlarla bağlı onun mövqeyini və hüquq mühafizə orqanlarının açıqlamasını dərc etməyə çalışacağıq.

Gununsesi.info
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti