28 il əvvəl dünyasını dəyişən şəxsin “avtomobili radara düşüb”.
Sözügedən hadisə Şamaxıda qeydə alınıb.
Belə ki, Şamaxı rayon sakini Rauf Şükürova gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Əliabbas Şükürov Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib.
R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb: “Bu maşın mənim, babamın olmadığı halda niyə cərimə ödəməliyəm?”
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücü tərəfindən yolverilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.