Elmi ixtiralar heç də həmişə bəşəriyyətə fayda vermir. Silahların, nüvə enerjisinin və atom bombalarının yaratdığı dağıdıcı nəticələr bunun ən bariz nümunəsidir… Məsələn, amerikalı mühəndis və kimyaçı Tomas Micli kimi…
O, bəşəriyyətə və ətraf mühitə ən çox ziyan vuran alimlərdən biri kimi tarixdə öz yerini tutub. Onun 1924-cü ildə mətbuat önündəki təqdimatından 100 il keçməsinə baxmayaraq, dünya hələ də iki ixtirasının mənfi təsirlərindən qurtulmağa çalışır.
Tribunainfo.az “Dünyaya ən çox ziyan vuran alim” kimi tanınan Tomas Miclinin qeyri-adi hekayəsini təqdim edir:
1889-cu ildə ABŞ-ın Beaver Falls şəhərində anadan olan kiçik Tomas Micli gənc yaşlarında faydalı proqramlar hazırlamaqda maraqlı olub. Hələ orta məktəbdə oxuyarkən sürüşkən qarağacların çeynənmiş qabığından beysbol toplarına əyri trayektoriya vermək üçün istifadə edib. Bu təcrübə daha sonra peşəkar oyunçular tərəfindən mənimsənilib.
Micli ilk mühüm elmi işini 1916-cı ildə “General Motors”da (GM) mühərrikin döyülməsi problemini həll etmək vəzifəsi ilə həyata keçirib. O dövrdə avtomobil sənayesi böyük inkişafda idi: “Ford” “Model T”ni inkişaf etdirərkən, GM “Standard Oil” və “DuPont” ilə əməkdaşlıq edərək daha güclü mühərriklər istehsal etməyə çalışırdı.
GM-də tədqiqat rəhbəri Çarlz Ketterinqin rəhbərliyi altında işləyən kiçik Tomas Micli benzinə əlavə edildikdə döyülməni azaldan bir maddə tapmaq üçün minlərlə müxtəlif inqrediyentləri sınayıb. Uzun araşdırmalar nəticəsində o, Ethyl adı ilə satılan tetraetil qurğuşunu kəşf edib. Qurğuşunlu benzin ilk dəfə 1923-cü ildə satışa çıxarılıb və sonra bütün dünyaya yayılıb.
Qurğuşunun insan sağlamlığına zərərləri artıq məlum idi. Lakin bu, Ethylin kommersiya uğurunun qarşısını ala bilmədi. Həmin vaxt qəzetlərdə belə yazılmağa başladı ki, tetraetil qurğuşun istehsal edən laboratoriyalarda işləyən fəhlələr xəstələnir, xeyli insan qurğuşun zəhərlənməsindən əziyyət çəkir.
Bu hadisələrdən sonra Micli mətbuat konfransında insanları qurğuşun zəhərlənməsinə qarşı inandırmağa çalışdı. O, əlinə qurğuşun qatqısını tökərək, sonra tüstünü içinə çəkərək jurnalistlərin qarşısında cəsarətli şou göstərdi. “Mən bunu hər gün edə bilərəm” deyərək hər kəsi özünə inandırmağa çalışdı. Lakin bu hərəkətdən sonra onun qısa müddətdə tibbi yardıma ehtiyacı yarandı. Qurğuşun zəhərlənməsi Miclinin həyatı boyu daima onun üçün təhlükə olaraq qaldı. Bədənində çoxlu qurğuşun olması uzunmüddətli təsirlərə və ciddi sağlamlıq problemlərinə səbəb oldu.
Nyu York Şəhər Universitetinin tarix professoru Gerald Markoviç o illərdə baş verənləri belə xülasə edir:
“Qurşunun toksin olduğu bilindiyi üçün həyəcan siqnalı verildi. Lakin sənayenin mövqeyi ondan ibarət idi ki, avtomobillərin qazından çıxan qurğuşunun insanlara zərər verəcəyinə dair heç bir sübut yoxdur. Tetraetil qurğuşun istehsal edən laboratoriyalarda çalışan insanların xəstələnməyə başlaması hər kəsi narahat edirdi. Bu insanlar qurğuşuna məruz qaldıqları üçün sözün əsl mənasında dəli olurdular. Tomas Miclinin mətbuat konfransında qorxuları sakitləşdirmək üçün əlinə Ethyl tökməsi və içinə çəkməsi tarixin ən maraqlı anlarından biridir. Özünü sözün əsl mənasında zəhərlədi…”
Tetraetil qurğuşundan bir neçə il sonra Micli (yenə Çarlz Ketterinqin təşviqi ilə) diqqətini daha sonra məişət texnikası və kondisionerlərdə istifadə edilən, 1920-ci illərdə ölümcül qəzalara səbəb olan ammonyak kimi soyuducu maddələrə toksik olmayan alternativin yaradılmasına yönəldir.
O, ilk xloroflorokarbon (CFC) kimi metan törəməsi olan və karbon, xlor və flüor atomlarından ibarət Freonu kəşf edir. 1930-cu ildə başqa bir ictimai nümayişdə Micli qazı içinə çəkərək şamı söndürür: bu hərəkət onun təhlükəsizliyini nümayiş etdirmək üçün hazırlanmışdı.
Freon və sonrakı CFC-lər kommersiya uğuru əldə edərək, ABŞ-da kondisionerdən istifadənin sürətlə artmasına səbəb olur. II Dünya müharibəsindən sonra istehsalçılar insektisidlər və saç spreyi kimi bir çox məhsul üçün yanacaq kimi CFC-lərdən istifadə etməyə başlayırlar.
Miclinin ölümündən 30 il sonra, onun iki ixtirasının vurduğu zərər 1970-ci illərin ortalarında ictimaiyyətə məlum olmadan əvvəl, CFC-lər Antarktida üzərində ozon təbəqəsində bir deşik açdı: Artıq əgər nəzarət edilməzsə, bu dəlik Yerdəki bütün həyatı təhlükə altına alacaq dərəcədə genişlənib.
Davam edən sənaye təzyiqi nəticəsində qurğuşunlu benzin ABŞ-da 1996-cı ilə qədər dövriyyədən çıxarılmayıb, sonra tədricən bütün dünyada qadağan edilib. Bundan xilas olan son ölkə olan Əlcəzair 2021-ci ilə qədər qurğuşunlu benzin satmağa davam edib və təyyarə yanacağında qurğuşun qatqılarından istifadə edilməyə davam olunub.
2022-ci ildə aparılan bir araşdırma, ABŞ-ın hazırkı əhalisinin yarısının erkən uşaqlıq dövründə təhlükəli qurğuşun səviyyəsinə məruz qaldığını göstərib. Amma dünyanın kollektiv sağlamlığına dəyən zərəri ölçmək mümkün olmayıb.
1987-ci ildə Monreal Protokolu 1989-2010-cu illərdə CFC-ləri mərhələli şəkildə ləğv etmək üçün imzalanıb və sonradan qadağan edilib. (CFC emissiyaları son vaxtlar yenidən artmaqdadır, bu isə onların hələ də qeyri-qanuni istehsal oluna biləcəyini göstərir) Ozon təbəqəsindəki dəlik sağalır və çox güman ki, bu, növbəti yarım əsr ərzində nadir ekoloji qələbə kimi qeyd ediləcək.
“Ən kədərlisi odur ki, biz mənfi təsirə məruz qalan uşaqların sayını bilmirik. Bir uşağın bədənində qurğuşunun təhlükəsiz səviyyəsi yoxdur. Söhbət yarım əsr və ya daha çox müddətdə mənfi təsirlərə məruz qalan, işlənmiş qazların torpağa və ya küçələrə qarışması nəticəsində qurğuşun tozuna görə həyat şansları azalan on milyonlarla, hətta yüz milyonlarla uşaqdan gedir”, deyə Gerald Markoviç bildidirib.
UNICEF-ə görə, qurğuşun təhlükəsiz məruz qalma səviyyəsi olmayan son dərəcə zəhərli bir maddədir. Xüsusilə uşaqlarda inkişafı pozur, əqli geriliyə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 1 milyon insan qurğuşun zəhərlənməsindən ölür.
1947-ci ildə Çarlz Ketterinq tərəfindən yazılmış Milli Elmlər Akademiyasının bioqrafik memuar kitabı Miclini tərifləyərək yazır: “O, gərgin, rəngarəng və yüksək yaradıcılıq həyatından dünyaya böyük miras qoyub”.
Micli ona görə unikaldır ki, iki belə ixtira hazırlayıb. Ona ekoloji düşmən kimi baxmaq cazibədar olsa da, ekspertlər onun rolunun daha çox maşındakı dişli çarxa bənzədiyini deyirlər. Məsələn, Virciniyadakı Radford Universitetinin kommunikasiya professoru Bill Kovarik deyir: “Tomas Micli sadəcə bir işçi idi. Bu, şirkətin maliyyələşdirdiyi bir araşdırma olub. Əgər Micli olmasaydı, başqası bu həll yollarını tapa bilərdi”.
1940-cı ildə insult keçirərək ciddi şəkildə əlil olan Micli daha bir ixtira edib: Onu çarpayıdan qaldıran, kəndir və çarxlardan istifadə edərək avtonom şəkildə əlil arabasına daşıyan maşın.
Lakin 1944-cü il noyabrın 2-də maşına ilişib və o, boğularaq ölüb. Uzun müddət ki, onun öz ixtirasına görə öldüyü düşünülüb. Lakin Bill Kovarik Miclinin intihar etdiyini düşünür və bununla bağlı sübutların olduğunu iddia edir.