![]() |
![]() ![]() ![]() |
|
Səxavət Məmməd: ""JF-17 Thunder"lərin ən önəmli özəlliyi..."
“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq".
Bunu Pakistanın informasiya naziri Atta Tarar bildirib.
“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı mümkündür", - A.Tarar qeyd edib.
“JF-17 Thunder”lərin özəllikləri nədir? “F-16”dan fərqi? Hərbi arsenalımızda başqa hansı qırıcılar var?
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, hərbi təyyarələr, hərbi gəmilər və hava hücumundan müdafiə sistemlərinin alışı və satışı həm də siyasi qərardır: “Strateji müttəfiqlik olmadan bu silahları heç bir ölkə digərinə satmır, sata da bilməz. Azərbaycanın hazırda aviaparkında iki döyüş təyyarəsi mövcud idi. Bunlar SSRİ istehsalı olan “SU-25” və SSRİ istehsalı olan “MİQ-29”lar idi. Maraqlıdır ki, bu döyüş təyyarələrindən “MİQ-29”lar Ukraynadan, “SU-25”ləri isə Gürcüstan və Belarusdan alınıb. Azərbaycanın döyüş təyyarələri birinci müharibədə də iştirak edib, ancaq 44 günlük müharibədə Azərbaycanın döyüş təyyarələrinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın döyüş təyyarələri böyük işlər görsə də, etiraf etmək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə idi, yenilənməyə ciddi ehtiyacı vardı. Uzun zaman idi ki, Azərbaycanın Pakistandan hərbi təyyarələr alacağı iddia olunurdu. Hətta Rusiyadan da döyüş təyyarələrinin alınacağı yöndə informasiylar vardı. Rəsmi Bakının qərarı Pakistandan "JF-17 Thunder"lər oldu. “JF-17 Thunder”lərin ən önəmli özəlliyi qiymətinin ucuz olmasındadır. Azərbaycan Pakistandan 24 ədəd “JF-17” sifariş verib. Çoxməqsədli döyüş təyyarəsi olan “JF-17”lər döyüş meydanında Hindistana qarşı əməliyyatlarda iştirak edib. Həmin döyüşlərdə uğur qazanıb. Ancaq “JF-17”lərin böyük müharibə təcrübəsi yoxdur. “JF-17”lərin hazırda Azərbaycan aviaparkında olan “MİQ-29”lardan və “SU-25”lərdən üstün cəhətləri çoxdur.
"MiQ-29"lar hava üstünlüyü qazanmaq üçün nəzərdə tutulub, qısamənzilli hava döyüşlərində üstünlüyə malikdir. “JF-17”lər isə çoxməqsədli döyüş təyyarəsi kimi nəzərdə tutulub, həm hava döyüşləri, həm də yer hücumları üçün istifadə edilə bilir. Bundan əlavə, "MİQ-29"un "JF-17"nin ən son versiyaları ilə müqayisədə daha az inkişaf etmiş avionika və sensorlara malikdir. Misal üçün, "JF-17" müasir avionika və sensorlara malikdir, xüsusilə Blok III versiyası AESA radar kimi yeni texnologiyalarla təchiz olunub. "MİQ-29"a Rusiya istehsalı olan silahlarla inteqrasiya olunur. “JF-17”yə isə Çin və Pakistan istehsalı olan silahlar, həmçinin bəzi Qərb silahları ilə inteqrasiya olunur. “JF-17”nin ən üstün cəhəti isə universal "MIL-STD-1670" silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir.
“JF-17"ni “F-16” ilə müqayisə etmək o qədər də doğru olmaz. Əvvəla, “F-16”lar çox bahalıdır. Bundan əlavə, “F-16”lar müasir avionika və sensorlara, o cümlədən inkişaf etmiş radar və elektron döyüş sistemlərinə malikdir. İki döyüş təyyarəsini müqayisə etdikdə “JF-17" “F-16”nın daha sərfəli alternatividir, ancaq daha az imkanlara malikdir.
“JF-17” təyyarələri "MİQ-29", "SU-25" və müqayisəsini apardığımız "F-16"dan fərqli olaraq təkmühərriklidir.
Azərbaycanın ərazisi, büdcəsi üçün ən sərfəli və ən müasir döyüş təyyarəsinin "JF-17" olduğunu görə bilirik. İddialar var ki, Azərbaycan Çindən Chengdu "J-10" (NATO kod adı: Firebird) çoxməqsədli döyüş təyyarələri də ala bilər".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Azərbaycanın hərbi hava qüvvələri postsovet məkanının ən güclü hava qüvvələrindən biri hesab olunur: “HHQ arsenalında Rusiyanın istehsalı olan “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı “MiQ-21”, “MiQ-29”, “Su-24, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, “Tu-134A”, “Tu-16”, “Mi-2”, “Mi-8”, “Mi-24”, "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin ("Aerostar", "Orbiter") istehsalı olan pilotsuz uçan aparatlar var. Hava məkanının etibarlı qorunması üçün çox böyük miqyaslı işlər görülüb. Belə ki, HHQ NATO standartlarına uyğun təkmilləşdirilmiş yeni təlim mərkəzləri, aerodromların moderinizasiyası, uçuşların təhlükəsizliyi ən müasir avadanlıqlarla təmin edilməsi həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılıb. Azərbaycanla Pakistan arasında əldə olunan razılaşmaya əsasən Pakistan istehsalı olan "JF-17 Thunder" qırıcıları almaqla aviaparkı daha da gücləndirəcək. Bu qırıcıların birgə istehsalı da nəzərdə tutulur. Azərbaycan ilkin olaraq Pakistandan bu qırıcıdan 24 ədəd alacaq. Bildirmək istərdim ki, çoxfunksiyalı və Çinlə birgə moderinləşdirilən “JH-17” qırıcıları bir çox dövlətlərin hərbi hava qüvvələrinin arsenalında da uğurla istifadə olunur. Bu qırıcıların geniş manevr imkanları, texniki xarakteristikası və Qərbin analoji döyüş təyyarələri ilə müqayisədə baha olmaması ona üstünlük qazandırır. Bəzi mütəxəssislər həmin təyyarələri "F-16" kimi öndə gedən təyyarələrdən heç də geri qalmadığı qənaətindədir. Hesab edirəm ki, Pakistan-Azərbaycan əməkdaşlığı, xüsusən də hərbi əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın gücünə güc qatacaq və mövqeyini daha da gücləndirəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”