Ardını oxu...
“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzərində apardığı işin növbəti mərhələsini başa vurub, eyni zamanda, bu təklifləri Bakıya təqdim etmişik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Nikol Paşinyan həmçinin qeyd edib ki, sənəd ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
“Biz layihə üzərində belə bir məntiqlə işləyirik: istənilən vaxt imzalamağa hazır olan sənəd hazırlayaq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin biz ümid edirik ki, danışıqların üç fazası ərzində əldə edilmiş proqresin bir hissəsini inkişaf etdirmək mümkün olacaq”, - deyə Nikol Paşinyan qeyd edib.

Nikol Paşinyan əlavə edib ki, imzalanacaq sənəd davamlı sülhə gətirib çıxarmalıdır və gələcəkdə bu müqavilə hansısa yeni müharibəyə çevrilməməlidir. Paşinyan etiraf edib ki, səsləndirdiyi sonuncu variant absurd səslənir, lakin onun başvermə ehtimalı mümkündür.

Paşinyan şəxsən özünün və Ermənistan hökumətinin sülh sazişini mümkün qədər tez imzalamağa hazır olduğunu da bəyan edib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi.

Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək.

TEREF.AZ-ın məlumatına görə, məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Ermənistanın sülh müqaviləsini gündəmə gətirməsi və məsələyə nə dərəcədə səmimi yanaşması xüsusi təhlil olunmalıdır:

"Biz çox bəyanatlar və sülh barəsində söhbətlər görmüşük. Ancaq reallıq onu əks etdirir ki, Ermənistan prosesi uzatmaq və əsas məsələlərdən danışmamaq niyyətindədir.

Bu səbəblə də hadisələri müşahidə etmək lazımdır. Nəzərə alsaq ki, beynəlxalq səviyyədə konfranslar olacaq, Cənab Prezident və Paşinyan da həmin görüşlərdə iştirak edəcəyini bəyan ediblər.

Yəqin ki, bu görüşlərdən və çıxışlardan sonra Ermənistanın mövqeyi haqqında daha dəqiq danışmaq olar. Bu gün isə onlar vaxtı uzatma və real sülhdən qaçmaqla məşğul olurlar.

Son hadisələr onların Ermənistanın gələcəyinin Azərbaycan və Türkiyə ilə bağlı olduğunu başa düşdüklərini göstərir. Lakin biz səbirlə gözləməliyik ki, görək rəsmi İrəvanın atdığı addımlarda nə qədər səmimidir".
 
Ardını oxu...
Ermənistan mətbuatının yaydığı xəbərə görə, yanvarın sonlarında Rusiyaya gedən milyarder, Qarabağdakı sepratçı rejimin “dövlət naziri” Ruben Vardanyan yenidən Xankəndiyə qayıdıb. Burada “qaytarılıb” ifadəsini yazmaq erməni milyarderin Moskvada düzülüb-qoşulan missiyasına daha uyğun ifadə olardı…

Vardanyandan əvvəl separatçıların başçısı Arayik Arutyunyan da Moskvaya gedib-qayıtmışdı. Bu günlərdə o bildirib ki, “konstitusiyaya” dəyişiklik etmək, idarəetmə ilə bağlı yeni addımlar atmaq niyyətindədir…

Beləliklə, Rusiyanın Qarabağda həyata keçirdiyi köhnə-yeni plan qüvvədədir, sadəcə, onun icraçılarının təlimatlandırılmasına ehtiyac duyulub. Ola bilsin, Moskvada Vardanyanla Arutyunyana getikcə kəskinləşən qarşıdurmasını dayandırmaq, separatçı başbilənlərə ümumi hədəflərdən yayınmamaq barədə xəbərdarlıq edilib.

Azərbaycanda artıq Rusiya vətəndaşı olmayan Vardanyanın Xankəndinə göndərilməyəcəyi barədə gözləntilər vardı. Bu günlərdə Moskvada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Rusiya rəsmiləri də müttəfiqlik münasibətləri çərçivəsində öhdəliklərin yerinə yetirlməsindən ağızdolusu danışmışdılar.

Hətta Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılmasının vacibliyindən dəm vurmuşdu. Çox güman, Kreml konsulluğu Bakıda deyil, Azərbaycanın başqa şəhərlərində, ola bilsin, Türkiyə konsulluğunun da olduğu Gəncə şəhərində açılmasını istəyir. Amma Rusiya rəhbərliyinin bu arzusu Vardanyanı yenidən təlimatlandırıb Xankəndiyə göndərmək qərarı ilə üst-üstə düşmür. Erməni milyarderin üzərində qurulan oyunların davam etdirilməsi birmənalı şəkildə Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir. Rusiya açıq şəkildə Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirir.

Kreml hazırda Ermənistan hakimiyyətinin Qərblə sıxlaşan əlaqələrindən, xüsusən Avropa İttifaqının yarımhərbi missiyasını Azərbaycanla sərhədə gətirməsində ciddi şəkildə narazıdır. Rəsmi Bakı da bu missiyadan məmnun deyil, ən yüksək səviyyədə bəyan edilib ki, Avropa İttifaqının niyyəti regionda sülhə xidmət etməyəcək. Moskva isə son ana qədər Paşinyan hakimiyyətinə sərt təzyiqlər edərək, bu niyyətindən daşındırmağa çalışsa da, İrəvan geri addım atmadı.

Beləliklə, paradoksal vəziyyət yaranır: Azərbaycan və Rusiyanın siyasəti Qərbin regionda aktiv rol almasına qarşıdır və üst-üstə düşür. Bu tarazlı siyasət Moskvada Sahibə Qafarova-Vyaçeslav Volodin görüşündə səslənən müttəfiqlik münasibətlərinə uyğun gəlir. Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri bu görüşdə açıq şəkildə Ermənistanı təhdid edib:

“Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Kreml bir tərəfdən Paşinyan hökumətinə hədə-qorxu gəlir, digər tərəfdən isə Xankənidə öz oyununu oynamaqla Bakını çıxılmaz vəziyyətdə qoyur və onu adekvat addımlar atmağa vadar edir.

Güman etmək olar ki, qarşıdakı günlərdə Vardanyan Xankənidə öz missiyasının ikinci mərhələsinə başlayacaq. Nəyin bahasına olursa-olsun, Azərbaycanla razılaşma əhval-ruhiyyəsini aradan qaldırmaq, Qərb ictimaiyyətini Bakıya qarşı səfərbər etmək, Ermənistan hakimiyyətinin beynəlxalq imkanlarından yaralanmaq, habelə Qarabağdakı erməni əhalini mitinqlərə cəlb etməklə barışmazlıq ab-havasını yetiərincə gücləndirmək lazmdır. Onların dilindən Rusiyanın böhranın həllinə aktiv şəkildə cəlb olunması barədə təkliflərini də eşidə bilərik. Yəni Xankəndidə Rusiya ilə danışmaq üçün yeni müzakirə masası qurulmalıdır, Azərbaycan hərbçilərin deyil, diplomatlar əyləşdiyi müzakirələrdə iştiraka razılıq verməlidir.

Rəsmi Bakının hazırkı mövqeyi Rusiyanın bu maraqlarının həyata keçirilməsini istisna edir. Azərbaycan üçün əsas prioritet Laçın dəhlizində nəzarət sistemini qurmaq, Qarabağdakı separatçı rejimin əl-qolunu bağlamaq, paralel olaraq Ermənistanla sülh danışıqlarını başa çatdırmaqdır. Kremlin “Vardanyan planı” Bakının bu niyyətlərinə ciddi maneə törədir. Ehtimal etmək olar ki, yaxın günlərdə Laçın yolunda keçirilən dinc aksiya başa çatacaq və aksiyaçıların şüarlarını Azərbaycan rəhbərliyinin Rusiyaya və separatçılara ünvanlanan ultimatumu əvəzləyəcək…
pressklub
 
Ardını oxu...
Səxavət Məmməd: “İranın təhriki, köməyi ilə də olsa, Azərbaycanın istədiyi Ermənistanın bu səhvi etməyidir”

“Hər bir müharibənin, döyüşün, əməliyyatın bir bəhanəsi olur. əslində regionumuzda vəziyyət o həddə çatıb ki, indi Azərbaycan bir növ bəhanə axtarır”

Ötən həftə Ermənistanın İranla birgə Azərbaycana qarşı yeni hərbi təxribat planı hazırladığına dair məlumatlar yayıldı. Diplomatik mənbələrin məlumatında vurğulanır ki, təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Qeyd edilir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var.

Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Yada salaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir. Hər iki ölkənin Azərbaycana münasibəti nəzərə alınsa, təbii ki, təxribat planı heç bir şübhə doğurmur.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd bildirib ki, əslində uzun müddətdir ki, İranla Azərbaycan arasında gərginlik davam edir:

- Bu gərginlik İkinci Qarabağ müharibəsindən sonra daha aktiv fazaya keçdi. Müharibəyə qədər İran Azərbaycana qarşı hansısa bəyanat verirdi, sözlü təhdid edirdi, amma gərginlik indiki həddə çatmamışdı. Müharibədən sonra İran Araz sahilində iki dəfə genişmiqyaslı təlimlər keçirdi. Təbii ki, öz ərazisidir, iddia edə bilər ki, buna heç bir dövlət qarışa bilməz. Amma İranı tanıyanlar da, Azərbaycan siyasiləri və cəmiyyət də bilirdi ki, bu təlimlər məhz Azərbaycana güc göstərisidir. Azərbaycan tərəfindən bu təlimlərə cavab verildi. Belə ki, İranın ikinci hərbi təlimindən sonra Azərbaycan Araz kənarında daha geniş miqyaslı təlim keçirdi. Xüsusi təyinatlıların, Türkiyədən gələn yüksək rütbəli mütəxəssislərin iştirakı ilə təlimlər baş tutdu. Bütün dairələr anladı ki, Bakı Tehrana bununla cavab verdi. Yəni gərginlik davam edirdi.

- Nəticədə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı terror həyata keçirildi...

- Bəli, bu, pik nöqtə idi. Bütün kadrlardan da görünür ki, terror məqsədli idi. İran dövləti terrorçuya heç bir müdaxilə etmədi. Dolayısı ilə bu, proseslərin kuliminasiya nöqtəsi idi, tehranın Bakıya qarşı mövqeyinin açıq bəyanı idi. Sözüm ondadır ki, İrana etibar yoxdur. Bu dövlət hər an hər şeyi edə bilər. Açığını deyim ki, İranın Azərbaycana birbaşa müdaxiləsi gözlənilən deyil. Tehran Azərbaycanı təhdid etsə də, həzm edə bilməsə də, hücum etmək ürəyindən keçsə də bunu etməz. Çünki İran fürsət gözlədiyi kimi, dünyada da İrana qarşı əməliyyat keçirməyə fürsət axtaran dövlətlər var. Tehranda bunu çox yaxşı başa düşürlər. Amma İran Ermənistanın vasitəsilə təxribat törədə bilər.

- Bunu hansı formada həyata keçirə bilər?

- Ermənistanın istəyi odur ki, ötən ilin sentyabr ayındakı döyüşlərdə itirdikləri mövqeləri geri qaytarsın. Yaxud da ki, digər yerləri də qaytarmaq istəyir. Amma bu arzusunu yerinə yetirəcək gücü yoxdur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hava hücumundan müdafiə sistemləri demək olar ki, sıradan çıxarıldı. Raket kompleksləri sıradan çıxarıldı, şəxsi heyətinin böyük hissəsini Ermənistan itirdi. Ermənistanın ordusu döyüş əzmində deyil. Yəni ki, Ermənistanın Azərbaycana hücum etmək gücü faktiki olaraq yoxdur.

Azərbaycanın isə vəziyyəti tamam başqadır. Müharibə həm də Azərbaycana ordunu daha da gücləndirmək üstünlüyünü verdi. Məsələn, əvvəl Azərbaycan Ordusunun 4 korpusu və Naxçıvan Əlahiddə Qoşunları vardı. İndi isə qoşunların sayı artıb, yeni birliklər formalaşdırılıb. Ermənistan-Azərbaycan sərhədi də, Qarabağ da Azərbaycanın tam nəzarətindədir. Ona görə də Ermənistan yalnız İranın dəstəyi ilə nəsə edə bilər.

- İranın Ermənistana belə bir dəstəyi verməsi nə qədər realdır?

- İran bu potensialda olan bir dövlətdir. Üzdə olmasa da, arxada Ermənistanı cəsarətləndirə, Azərbaycana hücuma təşviq edə bilər.

Əsas sual odur ki, belə halda Azərbaycan nə edə bilər?! Hər bir müharibənin, döyüşün, əməliyyatın bir bəhanəsi olur. əslində regionumuzda vəziyyət o həddə çatıb ki, indi Azərbaycan bir növ bəhanə axtarır. 44 günlük müharibədən əvvəl torpaqlar işğal altındaydı, ortada vasitəçilər vardı, nəticə yox idi. O dönəmlə indikini müqayisə etsək, o dövrdə Azərbaycanın müharibəyə başlaması daha asan idi. Amma indi müharibəyə başlamaq çox çətindir.

- Çətinlik dedikdə nəyi nəzərdə tutursunuz?

- Bölgə çox qarışıqdır. Sülhməramlılar var, Avropa İttifaqının, dolayısı ilə Fransanın Müdafiə Nazirliyinə tabe olan jandarma var. Regionda xüsusi maraqlı ölkələr var. Bu baxımdan, əməliyyata başlamaq çətinliyi mövcuddur. Hesab edirəm ki, Ermənistanın Azərbaycana ən böyük yaxşılığı o olardı ki, hansısa hücuma cəhd edərdi. Bununla da Azərbaycanın nəinki işğalda qalan hansısa bir kiçik ərazini, bütövlükdə qalan ərazilərin hamısını götürmək gücü var. Mən əminəm ki, Ermənistanın ilk təxribatındaca Azərbaycan Ordusunun təxribatın qarşısını sərt şəkildə almaq və Ermənistanı ciddi cəzalandırmaq imkanı var.

Azərbaycanın ilk hücuma keçməsi də mümkündür. Amma bunun üçün Bakı Moskva ilə hansısa danışıqlara getməlidir. Unutmaq olmaz ki, ərazidə sülhməramlılar var. Amma Ermənistan hücum edərsə, Azərbaycanın hansısa ölkə ilə danışıqlara getmək kimi problemi olmayacaq. Məsələ qəliz olduğu qədər də bəsitdir. İranın təhriki, köməyi ilə də olsa, Azərbaycanın istədiyi Ermənistanın bu səhvi etməyidir. Təbii ki, Azərbaycana Ermənistanın hücumu onlar üçün səhv olacaq. Azərbaycanın prosesi tam hazır vəziyyətdədir. Bununla Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etmək gücü var. Həm də bu istək mövcuddur.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Qərbi azərbacanlıların öz tarixi torpaqlarına, o cümlədən Zəngəzur mahalına qayıtmaq istəyi erməniləri təşvişə salıb.

Ona görə də ermənilər Zəngəzurun əsl sahiblərinə qayıdacağından qorxuya düşüb. Çünki Zəngəzurun qanunsuz olaraq Ermənistana verildiyini onlar özləri də yaxşı bilir. Ona görə regionda gedən geosiyasi proseslər Azərbaycandan məcburi alınmış ərazilərin, həmçinin Zəngəzurun geri qaytarılması ilə nəticələnə bilər.

Ermənistan Milli Məclisinin üzvü Naira Zöhrabyanın bununla bağlı verdiyi açıqlamanı əsində, etiraf kimi də qiymətləndirmək olar.

“Bu yaxında Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Bu barədə üçtərəfli Bəyanatda qeyd edilib. İndi hamı bilir ki, Azərbaycan-Zəngəzur parlamenti yaradılıb”.

Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan belə deyib.

“Onlar hər dəfə deyirlər ki, Zəngəzur gec-tez Azərbaycana birləşəcək. Təəccüblənməyin, belə də olacaq. Çünki Azərbaycan qarşısında qoyduğu bütün məsələləri həll edir. Azərbaycanın strateji planlarına nəzər salsaq, görərik ki, bu ölkənin silahlı qüvvələri Türkiyə kimi qüdrətli ordu səviyyəsinə çatacaq.

Bütün bunlar deməyə əsas verir ki, biz çox ağır vəziyyətdəyik”, - deyə erməni deputat bildirib.

Naira Zöhrabyan bildirib ki, kapitulyasiyadan sonra Ermənistanın durumu bugünkü qədər çətin olmayıb:

“Gedin Avropa ölkələrinin, eləcə də ABŞ-ın İrəvandakı səfirliklərinin qarşısına baxın. Sanki armagedondur, yəni dünyanın axırıdır. “Yaşıl kart” alıb tərk etmək istəyənlərin sayı hər gün artır. Görün siz Ermənistanı hansı vəziyyətə gətirib çıxardınız”, - deyə Naira Zöhrabyan əlavə edib.

DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında Ermənistanın Zəngəzur məsələsi ilə bağlı təlaş keçirdiyini deyib.

Ekspert bildirib ki, Ermənistan bu məsələdə İranla və Fransa ilə koordinasiyalı fəaliyyət göstərir:

"Hesab edirəm ki, Naira Zöhrabyan bu açıqlaması ilə bu istiqamətdə Ermənistan hakimiyyətinin zəif addım atdığını demək istəyir və onu tənqid edir. Bu proses tamamilə Ermənistanın əleyhinə olacaq.

Belə ki, Ermənistan ilk növbədə 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməlidir. Əgər bu öhdəlik icra olunmasa, Azərbaycan konkret addımlar atacaq. Xüsusilə də, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb. Zəngəzur dəhlizi də Azərbaycanın layihəsi deyil.

Bu, Şərqlə Qərbi birləşdirəcək beynəlxalq layihədir. Rusiya-Ukrayna müharibəsi fonunda nəqliyyat və kommunikasiya marşrutları "Orta Dəhliz"dən keçəcək. Bu baxımdan, Zəngəzur dəlizi də "Orta Dəhliz"in əsas seqmentlərindən biridir. Hazırda İran və Fransa bu yola Türkiyənin və Azərbaycanın nəzarət etməsini istəmir. Ona görə də bu məsələdə təzyiq vasitələrinə əl atırlar.

Deputat Zöhrabyanın açıqlamasına gəlincə, Ermənistan öz üzərinə düşən öhdəliyə əməl etməsə, Azərbaycan Zəngəzur dəhlizini açacaq. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzadır. Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair Praqa razılaşmasından yayınır. Halbuki bunun sülh yolu ilə həlli var. Ermənistan tərəfi razılaşmaya əməl etmək əvəzinə İranın və Fransanın vasitəsilə prosesə mane olmağa çalışır.

Ancaq Azərbaycanın və Türkiyənin koordinasiyalı fəaliyyəti, Böyük Britaniyanın da bu prosesə dəstəyi perspektivdə məsələnin həllinə kömək edəcək".
Ardını oxu...
Sabah - fevralın 12-də Laçın-Xankəndi yolunda etiraz aksiyasının 2 ayı tamam olur. Ermənilərin ötən müddətdə qaldırdıqları vay-şivənə, əks-təbliğat kampaniyasına rəğmən, aksiya bir gün belə dayanmayıb, zəifləməyib. Çünki tələblərimiz haqlıdır və beynəlxalq hüquqla tam səsləşir. Ermənilərin “blokada”, “soyqırımı” yalanlarına inananlar isə getdikcə azalmaqdadır. Axı bu necə blokadadır ki, 2 ayda acından, soyuqdan və ya dərmansızlıqdan bir erməni də ölməyib?

Bu arada Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, guya Laçın dəhlizinin “blokadası” ilə bağlı dünyada konsensus formalaşıb. “Qiymətləndirməmə görə, dünyada 1-2 mənfi rəy istisna olmaqla, belə bir ortaq fikir var ki, Laçın dəhlizi dərhal açılmalıdır. Açılışa da Azərbaycan və Rusiya cavabdehdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə o yerli jurnalistlərə müsahibəsində bildirib.

Verilən bəyanatların hələ ki, sadəcə, bəyanat olaraq qalması iradı ilə bağlı isə Simonyan deyib ki, vaxtilə, birinci Qarabağ müharibəsindən sonra azərbaycanyönlü bəyanatlara da eyni münasibət olub. “Xeyr, bunlar çox vacib sənədlərdir və onların konkret təsiri var. Əmin olun ki, diplomatik nöqteyi-nəzərdən bu ”qarşıdurma"nı biz kifayət qədər yaxşı aparırıq", - spiker özündən razı şəkildə əlavə edib.

Simonyanın arxayınçılığına əsas varmı? Doğrudanmı Azərbaycan vaxtilə bizim xeyrimizə olmuş beynəlxalq reaksiyaları ciddiyə almayan Ermənistanın səhvlərini təkrarlayır? Amma Ermənistan işğalçı tərəf idi. Azərbaycan isə öz suveren haqqını tələb edir. Biz öz ərazimizdəyik, aksiya da Azərbaycan torpağında keçirilir.

Yeri gəlmişkən, Bakının haqlı tələbləri və şərtlərindən biri Kremlin layihəsi olan oliqarx-fırıldaqçı Ruben Vardanyanın Qarabağdan çıxarılmasıdır. Bəzi məlumatlara görə, o artıq qaçıb və Moskvadadır. Vardanyandan hələ də xəbər yoxdur. Məlumatlara görə, Xankəndidə ermənilər artıq onun geri qayıtmayacağını açıq dilə gətirirlər. Ancaq Vardanyan Qarabağdan rədd olub birdəfəlik getsə belə, bu o demək deyil ki, Laçın yolunda aksiya dayandırılacaq. Çünki azərbaycanlı ekofəalların aksiyasının tələbləri hələ də yerinə yetirilməyib.

Onu da qeyd edək ki, təqribən iki həftə öncə Rusiya XİN başçısı Sergey Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı “problemin” həll ediləcəyini açıqlamışdı. Ancaq məsələ hələ də açıq qalır - aksiyaçıların tələbləri yerinə yetirlməyib.

Hikmət Babaoğlu: “Alen Simonyanın açıqlaması daha çox özünə təsəlliyə hesablanmış bəyanatdır”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Alen Simonyanın açıqlaması yerli auditoriyada iki aydır Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi diplomatik terrorun guya konkret nəticə verdiyi rəyini yaratmaq, özlərinə bəraət qazandırmaq üçün verilmiş açıqlamadır: “Bu, daha çox özlərini təsəlli etməyə hesablanmış bəyanatdır. Çünki Ermənistan Laçın yolu ətrafında humanitar problem şousu yaratmaqla dünyanı bu iki ayda inandırmağa çalışdı ki, azərbaycanlılar guya dəhlizi bağlayıb və humanitar fəlakət yaşanır. Hətta bunun üçün BMT başda olmaqla beynəlxalq təşkilatlara və dünyanın 60-dan çox ölkəsinə müraciətlər etdilər, amma heç bir halda bu məsələsini humanitar problem kimi və yaxud ermənilərin dediyi kimi, Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə siyasəti kimi sırıya bilmədilər. Azərbaycan diplomatiyası daha çevik üsullarla və daha inandırıcı vasitələr və faktlarla bunun əksini sübut etməyi bacardı.

Dəhliz bu gün də humanitar məqsədlər üçün açıqdır, erməni icması bu gün də Azərbaycanda yaşayır. Azərbaycanın başqa məqsədi yoxdur. Biz Azərbaycan diplomatiyasının uğurunu orada gördük ki, ABŞ və BMT başda olmaqla Azərbaycana edilən müraciətlərin hamısında bütün komunikasiyaların açılması xüsusi olaraq vurğulandı. Bütün komunikasiyaların açılması isə o deməkdir ki, Zəngəzur dəhlizi də açılmalıdır. Ona görə də Simonyanın müqayisəsi doğru deyil. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq tələbi qoyulurdu. Ermənistan isə bu tələblərə məhəl qoymadı. Azərbaycan isə heç kimin ərazisini zəbt etməyib və öz ərazisində dinc etiraz aksiyası keçirilir. Simonyan məsələləri qəsdən bir-birinə bənzədərək manipulyasiya etməklə Paşinyan və onun komandasının guya uğur əldə etdiyini daxili ictimai rəyə yeritmək istəyir. Ona görə də yaxşı olar ki, Alen Simonyan bir gün öncə öz baş nazirinin səsləndirdiyi fikirləri təkrar etsin və desin ki, Zəngəzur dəhlizi üzrə dəmiryolu və nəqliyyat komunikasiyaları açılmalıdır və Ermənistan buna hazırdır. Bu fikir daha real olar, nəinki olmayan hadisəni Ermənistan diplomatiyasının uğuru kimi erməni cəmiyyətini təqdim etmək".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, İkinci Qarabağ müharibəsinə qədərki Ermənistanla indiki Azərbaycanın mövqeləri arasında paralel gətirmək düzgün deyil: “O vaxt Ermənistan beynəlxalq qurumların qəbul etdiyi sənədlərə məhəl qoymur, işğalçı mövqeyini davam etdirirdi. Müəyyən dövrdən sonra dünya birliyi onların ədalətsiz mövqedə olduğunu anladı və ona uyğun mövqe tutdu. İndi isə Azərbaycan haqlı mövqedən çıxış edir, haqlı mövqeyimiz də müəyyən vaxtdan sonra hamı tərəfindən anlaşılacaq. İstərdim ki, hər kəs bu iki dinamikanın mahiyyətini düzgün başa düşsün.

Digər tərəfdən, ermənilərin parlament sədri öz əhalisini aldatmaqla məşğuldur. Laçın yolundakı aksiya ilə bağlı bəzi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Laçın yolunun açılmasının vacibliyini qeyd edir. Onlar ermənilərin yalanına uyğun qərar verirlər. Azərbaycan tərəfi isə yolun açıq olduğunu başa salmağa çalışır. Az sonra onlar Azərbaycanın həqiqəti dediyinin şahidi olacaqlar. Artıq tendensiya ona doğru gedir, ermənilərin istəklərinə uyğun müəyyən qətnamələr qəbul olundu , amma əvvəldən gözlənildiyi kimi təsirsiz qaldı. Beynəlxalq praktikada bu cür qərarlar forma xatirinə verilir, icrasının mümkün olmayacağı da nəzərə alınır. İndi ermənilər o qəbildən yeni qərarların qəbuluna nail ola bilmir, hansısa konqresmen, deputat, hətta şoumenin fikirlərini ictimailəşdirməklə məsələni gündəmdə saxlamağa çalışırlar. Dünya birliyi Azərbaycanın haqlı mövqeyini əsas götürməyin vacibliyini anlayır".
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kənlərində törətdiyi qətliamın ildönümüdür.

APA xəbər verir ki, 31 il əvvəl - 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini işğal edib, qətliam törədib.

Qarabağ müharibə başlayandan erməni silahlılarının daim hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli müqavimət göstərib.

Hər tərəfdən ermənilərin sıx məskunlaşdığı yaşayış məntəqələri ilə əhatə olunmuş bu kəndlərin yeganə əlaqə vasitəsi vertolyot idi. 1991-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotun erməni silahlıları tərəfindən vurulmasından sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf ərazilərlə əlaqəsi tamam kəsilib.

Bir neçə gün davam edən blokada və hücumlardan sonra erməni silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin iştirakı ilə fevralın 9-dan Malıbəyli və Quşçular kəndləri üzərinə geniş miqyaslı hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, evlər, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində 50-dək dinc sakin qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açılıb. Erməni silahlı birləşmələri Malıbəyli və Quşçulardan sonra fevralın 17-də Qaradağlıda qətliam, fevralın 26-da isə Xocalıda soyqırımı törədib.

Qeyd edək ki, Malıbəyli və Quşçular kəndləri 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındadır.
Ardını oxu...
Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Bununla bağlı xəbər bəzi yerli xəbər portallarında dərc olunub. Məlumata əsasən, vurğulanıb ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan Ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan Ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın "Şahid" kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq.

DİA.AZ-ın məlumatına görə, yayılan təxribat xəbərlərini "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, İran tərəfi mütəmadi olaraq Ermənistana kömək edib, təlimatlar göndərib, silahlı qüvvələrə hərbi təlimlər keçib. Hətta terrorçu PKK da İranla paralel uzun müddət işğalda saxlanılmış torpaqlarımızda separatçılara təlim keçiblər:

"44 günlük müharibədə 9 tonluq silah-sursat da, yanacaq ehtiyatları da İran ərazisi ilə Ermənistana ötürülmüşdü. Sonrakı dönəmdə Ermənistana raket verilib və onlarla bağlı təlim qrupları göndərilmişdi. Ancaq İran və Ermənistan unudub ki, Rusiyanın verdiyi "İsgəndər" raketləri ilə belə Azərbaycana heç nə edə bilmədilər. Düşmənin ordan-burdan əldə etdiyi bütün silahları Azadlıq meydanında sərgiyə qoyduq. İran tərəfi Ermənistana açıq yardımlarla bağlı təzyiq vasitələrinə də əl atmışdı. Cənub sərhədimizdə hərbi təlimlərə başlamışdı. Azərbaycan adekvat addımla İrana layiqli cavab verdi. Təlimlərdə Ordumuzun ən yüksək səviyyədə olduğu bir daha nümayiş olundu. Əlbəttə, İran çalışacaq ki, bundan sonra da Ermənistana dəstək versin. Ancaq reallıq odur ki, Ermənistanın özü də savaş əhval-ruhiyyəsində və marağında deyil. İrəvan Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq üçün müəyyən addımlar atır. İranın bu cür oyunlarından isə Ermənistan tərəfi sadəcə faydalanır. Azərbaycanla sərhədlər müəyyənləşmədiyi üçün özləri qəsdən informasiyalar yayırlar ki, guya, "SEPAH Ermənistan sərhədindədir". Bunu da qorxudan edirlər. Özləri də fərqindədirlər ki, İran Azərbaycanla savaşa girməz. Əgər bizimlə müharibə edərlərsə, Azərbaycan təkbaşına İranı çökdürər. Çünki Azərbaycan tərəfdən 10 milyon deyil, 50 milyonluq xalq döyüşəcək. Fars rejimi yaxşı bilir ki, Güneydəki 40 milyon Azərbaycan türkü bizimlə bərabərdir. İran rejimi türklərdən qorxur. Elə ona görə də Xoyda baş vermiş zəlzələdə Türkiyənin yardım təklifini rədd etmişdi. Səfirliyimizə də hücumun məqsədi Quzey Azərbaycanla Güneyin əlaqəsini qırmaq idi. Rəsmi Bakı Təbrizdə konsulluğu saxlamaqla mesaj verdi ki, Tehranla əlaqəmizi kəssək də, soydaşlarımızla daim birlikdəyik".
Bununla yanaşı F.Quliyev vurğulayıb ki, hər təhlükəyə, təxribata da hazır olmaq lazımdır: "Ordumuz da daim ayıq-sayıq olmalıdır. İstənilən təxribat cəhdində millət olaraq bütün imkanlarımızla səfərbər olmağa hazırıq. Lakin inanmıram ki, indiki vəziyyətdə İran Azərbaycana qarşı ciddi təxribata əl atsın. İranın başı çoxdan cəllad kötüyünün üstündədir. Böyük Britaniya, ABŞ, İsrail və başqa ölkələr ciddi şəkildə İrana qarşı xəbərdarlıq ediblər, hətta hərbi əməliyyatların başlayacağını istisna etməyiblər. Eyni zamanda ərəb dövlətləri də İrana qarşı hazırlıq içindədir. İranın tərpənməsi əks effekt verəcək. Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar. Görünür, belə məlumatlarla Tehranda səfirliyimizə qarşı terroru arxa plana keçirməyə çalışırlar".
Ardını oxu...
İlham İsmayıl: “Rusların nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil”

Qarabağdakı qondarma, separatçı rejimin başçısı Arayik Arutyunyan və “dövlət naziri”, milyarder Ruben Vardanyan ard-arda Moskvaya gedib. Ötən iki ayda bu, onların Rusiya paytaxtına ilk səfərləridir. Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda aksiya keçirdiyi günlərdə “liderlər” Qarabağın “blokadada olduğunu” bəhanə gətirərək, bölgəyə giriş-çıxışın qapalı olduğunu iddia edirdilər. O da doğrudur, A.Arutyunyan bu müddət ərzində iki dəfə İrəvanda olub, Ermənistan rəhbərliyi ilə görüşüb.

Separatçıların Xankəndindən çıxması ilə bağlı iki sual doğuran məsələ var. Birincisi, onlar Moskvaya hansı yolla gediblər, bu işdə Rusiya sülhməramlılarının məsuliyyəti nədən ibarətdir?

İkincisi, hazırki həssas dönəmdə Kreml rəhbərliyi onları niyə çağırıb? Vardanyanın səfəri dönüşü olmayan gediş ola bilərmi?

Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olmuş Azay Kərimov bir müddət əvvəl mətbuata demişdi ki, Xankəndindən Laçın istiqamətinə, əsas yoldan əlavə, daha 2 yol çıxır:

“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib, Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu… Digəri – asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yolayrıcı var. Biri sağa – Laçının Arduclu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə – asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.
A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür…”
Ola bilsin ki, A.Arutyunyan və R.Vardanyan bu yolla Xankəndindən İrəvana, oradan da Moskvaya gediblər. İkinci ehtimal onların Laçın yolundan maneəsiz hərəkət edən Rusiya sülhməramlılarının avtomobilləri vasitəsi ilə Qarabağdan çıxmasıdır.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “Pressklub.az”a şərhində bildirib ki, Arutunyanın, daha sonra Vardanyanın Moskvaya səfərində diqqət yetiriləsi iki məsələ var:

“Ruslar bunları niyə çağırıb, nə yenilik ola bilər? Əgər Ermənistan Rusiyadan siyasi-hərbi-iqtisadi cəhətdən asılıdırsa, separatçı rejimi, ümumiyyətlə, Moskva idarə edir və onun liderlərinin çağırılması və ya öz təşəbbüsləri ilə Rusiyaya üz tutmaları təbiidir. Çağırılma səbəbləri müxtəlif ola bilər, amma görünən odur ki, Arutyunyanla Vardanyan arasında ziddiyyət var və Xankəndidə faktiki ikihakimiyyətlilikdir. Araik Arutyunyan Moskvadan idarə olunsa da, rəsmi İrəvanla münasibətlərini kəsmir və Paşinyan hakimiyyəti ilə də məsləhətləşir. Vardanyan isə birbaşa Kremldən idarə olunur və Ermənistan hakimiyyətinin ünvanına tez-tez ittihamlar səsləndirir. Bu vəziyyət isə narahatlıq yaratmaya bilməz. Ehtimal olunan odur ki, hər ikisi arasında yaranan narazılığı həll etmək üçün Moskvaya çağırılıblar”.

Moskva kimə üstünlük verə bilər? Təhlilçi bildirir ki, Ukraynada müharibə getdiyi bir vaxt Rusiya Xankəndidə yeni seçkilər keçirilməsini, Vardanyanı qondarma rejimin başına gətirməsi onun üçün əlavə başağrısıdır. “Ona görə də, çox güman ki, Araik Arutyunyanın “prezident” olaraq qalmasına və Vardanyanın da ona tabe olmasına üstünlük verəcək. Erməni mediası da bu variantın mümkünlüyünü vurğulayır”, – o qeyd edib.

Yeni təlimatlar da ola bilərmi? İ.İsmayıl deyir ki, Kremlin marağı indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəticəsiz danışıqların yenidən dövrəyə girməsidir:

“Görüntü yaranır, Brüssel təşəbbüsləri arxa plana keçir, Avropa İttifaqının mülki missiyasının iki il müddətə Ermənistan sərhədinə yerləşməsinin heç bir əhəmiyyətinin olmadığı nümayiş etdirilir, Moskvanın mediatorluğu davam edir, real sülh isə yaranmır. Separatçı rejim radikal bəyanatlarla çıxışlarını davam etdirəcək, Azərbaycanın tərkibində olmaqdan qəti şəkildə imtina etdiklərini bir daha vurğulayacaqlar. Yəni, Ermənistan rəhbərliyi də separatçı rejimin siyasətini qəbul etməkdən başqa yolu qalmayacaq”.

Separatçıların Xankəndini necə, hansı yollarla tərk etməsinə, burada Rusiya sülhməramlılarının məsuliyyətinə, eləcə də Azərbaycanın bu məsələni qaldıra biləcəyinə gəlincə ekspert deyib ki, Rusiya hərbiçiləri istədikləri şəxsi Xankəndinə gətirə və çıxara bilərlər:

“Onlara aid maşınların necə, hansı səviyyədə yoxlanıldığını bilmirik, nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil. Ona görə də məsuliyyət daşıyan yoxdur. Azərbaycan da bunu bildiyi üçün heç bir formada məsələni qaldırmayacaq”.

Azərbaycan bundan sonra Vardanyanla nə etməlidir? İlham İsmayıl deyir ki, Azərbaycan Vardanyan faktorunu tam arxa plana keçirməli, onunla bağlı tələb irəli sürməməlidir:

“Azərbaycanın Qarabağın qalan bir hissəsində dövlət nəzarətinin yaradılması şəxslərə aid edilməməlidir. Azərbaycan qəti tələblərini bildirməlidir – sərhəddə nəzarət -buraxılış məntəqəsi yaratmalı, erməni silahlı qüvvələrinin çıxarılmasına konkret vaxt qoyub, o vaxta görə də siyasi-hərbi mövqeyini elan etməlidir. Vardanyan fiquruna köklənmək zəiflik əlaməti hesab olunur. Azərbaycan məqsədinə çatmaq üçün Rusiya dövləti qarşısında tələblərini qoymalı və bu tələbdə hansısa personaya fokuslanmamalıdır”.
 
Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin "dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.
Teref.az xəbər verir ki, məlumatı "Caliber” yayıb.
Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.
 
Ardını oxu...
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fevralın 3-də parlamentdə “Laçın yolunun bağlanmasıyla” bağlı keçirilən dinləmələrdə bir neçə təklif irəli sürüb: “Birincisi, Ermənistan Dağlıq Qarabağın müstəilliyini tanımalıdır. Onsuz da Azərbaycanla münasibətlərimiz düzəlməyəcək. İkincisi, xarici siyasət prioritetlərizimizi müəyyənləşdirməliyik, Rusiya və Qərb arasında vurnuxmamalıyıq. Üçüncüsü, Ermənistan 9 noyabr 2020-ci il bəyanatından çıxmalıdır. Onsuz da iki ildən sonra bəyanat qüvvədən düşəcək və Bakı bildiyini edəcək”.

2025-ci il yaxınlaşdıqca Qarabağda separatizmin sonunun gələcəyini anlamağa başlayıblar. Əslində baş nazir Nikol Paşinyan Qrant Baqratyanın “təklfilərini” reallaşdırmaq istəsə bizim işimizi asanlaşdıracaq. Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı” və ya 2020-ci il 9 noyabr bəyanatından çıxacağı halda Azərbaycan ordusuna 2025-ci ili gözlməyə ehtiyac qalmayacaq və Xankəndinə daxil olmaq tezləşəcək. Bunlar özlərini güclü hiss etdikləri illərdə – işğal dövründə qorxularından “Dağlıq Qarabağın müstəqilliyini” tanımadılar. Hər il bu mövzunu parlamentin müzakirəsinə çıxaracaqlarını elan edər, sonradan müzakirələrdən vaz keçərdilər. Çünki keçmiş illərdə “Dağlıq Qarabağın müstəqliiyini” tanımaq həm Minsk Qrupunun timsalında vasitəçilərdən imtina etmək, həm də Azərbaycana rəsmən müharibə elan etmək demək idi. Bu risqə getmədilər. İkinci Qarabağ müharibəsindən sonra zəif düşüblər, “Qarabağ klanı” Paşinyanın mövqeyini zəiflətmək üçün mövzular tapmağa çalışır. Həmin Qrant Baqratyan sabah Nikol Paşinyanı devirib özü baş nazir kürsüsündə otursa, bu gün dediklərini təkzib edəcək.
Elxan Şahinoğlu

Dünyapress TV

Xəbər lenti