Arutyunyanla Vardanyanı Moskvaya kim aparıb?
İlham İsmayıl: “Rusların nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil”

Qarabağdakı qondarma, separatçı rejimin başçısı Arayik Arutyunyan və “dövlət naziri”, milyarder Ruben Vardanyan ard-arda Moskvaya gedib. Ötən iki ayda bu, onların Rusiya paytaxtına ilk səfərləridir. Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda aksiya keçirdiyi günlərdə “liderlər” Qarabağın “blokadada olduğunu” bəhanə gətirərək, bölgəyə giriş-çıxışın qapalı olduğunu iddia edirdilər. O da doğrudur, A.Arutyunyan bu müddət ərzində iki dəfə İrəvanda olub, Ermənistan rəhbərliyi ilə görüşüb.

Separatçıların Xankəndindən çıxması ilə bağlı iki sual doğuran məsələ var. Birincisi, onlar Moskvaya hansı yolla gediblər, bu işdə Rusiya sülhməramlılarının məsuliyyəti nədən ibarətdir?

İkincisi, hazırki həssas dönəmdə Kreml rəhbərliyi onları niyə çağırıb? Vardanyanın səfəri dönüşü olmayan gediş ola bilərmi?

Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olmuş Azay Kərimov bir müddət əvvəl mətbuata demişdi ki, Xankəndindən Laçın istiqamətinə, əsas yoldan əlavə, daha 2 yol çıxır:

“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib, Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu… Digəri – asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yolayrıcı var. Biri sağa – Laçının Arduclu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə – asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.
A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür…”
Ola bilsin ki, A.Arutyunyan və R.Vardanyan bu yolla Xankəndindən İrəvana, oradan da Moskvaya gediblər. İkinci ehtimal onların Laçın yolundan maneəsiz hərəkət edən Rusiya sülhməramlılarının avtomobilləri vasitəsi ilə Qarabağdan çıxmasıdır.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “Pressklub.az”a şərhində bildirib ki, Arutunyanın, daha sonra Vardanyanın Moskvaya səfərində diqqət yetiriləsi iki məsələ var:

“Ruslar bunları niyə çağırıb, nə yenilik ola bilər? Əgər Ermənistan Rusiyadan siyasi-hərbi-iqtisadi cəhətdən asılıdırsa, separatçı rejimi, ümumiyyətlə, Moskva idarə edir və onun liderlərinin çağırılması və ya öz təşəbbüsləri ilə Rusiyaya üz tutmaları təbiidir. Çağırılma səbəbləri müxtəlif ola bilər, amma görünən odur ki, Arutyunyanla Vardanyan arasında ziddiyyət var və Xankəndidə faktiki ikihakimiyyətlilikdir. Araik Arutyunyan Moskvadan idarə olunsa da, rəsmi İrəvanla münasibətlərini kəsmir və Paşinyan hakimiyyəti ilə də məsləhətləşir. Vardanyan isə birbaşa Kremldən idarə olunur və Ermənistan hakimiyyətinin ünvanına tez-tez ittihamlar səsləndirir. Bu vəziyyət isə narahatlıq yaratmaya bilməz. Ehtimal olunan odur ki, hər ikisi arasında yaranan narazılığı həll etmək üçün Moskvaya çağırılıblar”.

Moskva kimə üstünlük verə bilər? Təhlilçi bildirir ki, Ukraynada müharibə getdiyi bir vaxt Rusiya Xankəndidə yeni seçkilər keçirilməsini, Vardanyanı qondarma rejimin başına gətirməsi onun üçün əlavə başağrısıdır. “Ona görə də, çox güman ki, Araik Arutyunyanın “prezident” olaraq qalmasına və Vardanyanın da ona tabe olmasına üstünlük verəcək. Erməni mediası da bu variantın mümkünlüyünü vurğulayır”, – o qeyd edib.

Yeni təlimatlar da ola bilərmi? İ.İsmayıl deyir ki, Kremlin marağı indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəticəsiz danışıqların yenidən dövrəyə girməsidir:

“Görüntü yaranır, Brüssel təşəbbüsləri arxa plana keçir, Avropa İttifaqının mülki missiyasının iki il müddətə Ermənistan sərhədinə yerləşməsinin heç bir əhəmiyyətinin olmadığı nümayiş etdirilir, Moskvanın mediatorluğu davam edir, real sülh isə yaranmır. Separatçı rejim radikal bəyanatlarla çıxışlarını davam etdirəcək, Azərbaycanın tərkibində olmaqdan qəti şəkildə imtina etdiklərini bir daha vurğulayacaqlar. Yəni, Ermənistan rəhbərliyi də separatçı rejimin siyasətini qəbul etməkdən başqa yolu qalmayacaq”.

Separatçıların Xankəndini necə, hansı yollarla tərk etməsinə, burada Rusiya sülhməramlılarının məsuliyyətinə, eləcə də Azərbaycanın bu məsələni qaldıra biləcəyinə gəlincə ekspert deyib ki, Rusiya hərbiçiləri istədikləri şəxsi Xankəndinə gətirə və çıxara bilərlər:

“Onlara aid maşınların necə, hansı səviyyədə yoxlanıldığını bilmirik, nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil. Ona görə də məsuliyyət daşıyan yoxdur. Azərbaycan da bunu bildiyi üçün heç bir formada məsələni qaldırmayacaq”.

Azərbaycan bundan sonra Vardanyanla nə etməlidir? İlham İsmayıl deyir ki, Azərbaycan Vardanyan faktorunu tam arxa plana keçirməli, onunla bağlı tələb irəli sürməməlidir:

“Azərbaycanın Qarabağın qalan bir hissəsində dövlət nəzarətinin yaradılması şəxslərə aid edilməməlidir. Azərbaycan qəti tələblərini bildirməlidir – sərhəddə nəzarət -buraxılış məntəqəsi yaratmalı, erməni silahlı qüvvələrinin çıxarılmasına konkret vaxt qoyub, o vaxta görə də siyasi-hərbi mövqeyini elan etməlidir. Vardanyan fiquruna köklənmək zəiflik əlaməti hesab olunur. Azərbaycan məqsədinə çatmaq üçün Rusiya dövləti qarşısında tələblərini qoymalı və bu tələbdə hansısa personaya fokuslanmamalıdır”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti