Ardını oxu...
23 yaşlı Orxan Quliyev hərbi xidməti bitirib evə qayıtmağına 6 ay qalmış başlayan İkinci Qarabağ müharibəsində yaralanıb. O deyir ki, müharibənin ortalarına doğru ayağından qəlpə yarası alaraq Bakıya hospitala əməıiyyata, 14 gündən sonra isə ayağı sağalmamış təkrar döyüşə göndərilib.

Artıq iki aydır ayağındakı şiş səbəbilə yatağa məhkum olmuş müharibə veteranı Orxan Quliyev deyir ki, ailəsi dövlət qurumlarına müraciət etsə də, ona yardım edən olmayıb.

Hazırda Orxan Quliyevə ailənin xahişi ilə yaşadıqları Azadkəndin tibb bacısı xidmət edir.

Onun ailə üzvləri bizə dedilər ki, təcili tibbi yardım və yerli xəstəxanalardakı tibb işçiləri Orxanın yarasına qulluq etməkdən imtina ediblər.

Ailənin sözlərinə görə, onun yarasının sarğısı hər gün dəyişdirilməlidir və buna gündə 30 manat vəsait xərclənir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir.

"Quliyev Orxan Cümşüd oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən F88 sənədi Əlillik altsisteminə daxil edilməyib".

Qurum bildirib ki, "tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək".

Sabirabad Rayon Təcili Tibbi Yardımdan BBC-yə bildiriblər ki, bu həftə qaziyə göndəriş verilərək, Bakıya göndərilib.

 

Ardını oxu...
Goranboy rayonun Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbinin informatika müəlliməsi Xuraman Quluyeva 4- cü sinif şagirdlərini döyərək xəstəxanalıq edib.
DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, hadisə 12 aprel 2023-cü il tarixdə baş verib.
Belə ki, informatika müəllimi Xuraman Quluyeva məktəbdə şagirdlərin gözü qarşısında 4-cü sinifdə oxuyan Rəhim Səmədov və Rza adlı şagirdlərin baş-beyin nahiyyısinə çoxsaylı zərbələr endirib.Nəticədə halı pisləşən Rza adlı şagird qusmağa başlayıb. Bu hadisədən dərhal məlumat tutan valideyinlər öz övladını Goranboy rayonun Mərkəzi Xəsətəxanasına aparıblar.
Rza adlı şagirdi həkimlər müayinə edərək onu 2 gün də xəstəxanada saxlayıblar.

Bu, məktəbdə sözün əsl mənasında “dərə xəlvət, tülkü bəydir” – deyimi hər kəsə bəllidir. Məktəbdə pulyığımı, oğurluq, dava-dalaş kimi çoxsaylı faktlar olmasına baxmayaraq direktor Güntəkin Cəfərovaya gözünü üstə qaşın var deyən olmayıb.Ancaq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təyin ediləndən sonra bu xanım direktora “şiddətli töhmət”lə cəzalandıra bilib.
Amma nə olsun ki, məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə almırlar.
Bəs görəsən, bu orta məktəbdə çalışan psixoloq öz vəzifə funksiyalarını necə yerinə yetirir? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirmi? Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin “Məktəbdə Uşaq Birliyi” rəhbərinin fəaliyyəti də ürək açan deyil.
Belə olmasaydı çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləsəydi azyaşlı uşaqların döyülüb şiddətə məruz qalması da baş verməzdi.

Məlumat ūçūn qeyd edək ki,informatika müəllimi Xuraman Quluyeva bir gündə iki şagirdi döyüb.

Ardını oxu...
Ardını oxu...

Redaksiya olaraq inanırıq ki, aidiyyatı dövlət qurumları baş verən insidentlə bağlı müvafiq araşdırmalar aparıb məsələyə hüquqi qiymət verəcəkdir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Döyülmüş şagirdin anasının səs yazısını təqdim edirik:



Döyūlən Rza adlı şagirdin Anasın səs yazısını təqdim edirik:

Ardını oxu...
Ağsu rayonu, Qırlar kənd sakini Əyubov Narıngül Nabir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Sanqalan kənd orta məktəbin direktoru Sihəd Abdulov onun oğlunu 4 ildir 1-ci sinifdə saxlayır.

“Mən, Əyubova Narıngül Nabir qızı, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Özüm şəhid ailəsiyəm. Müraciət etmədiyim yer qalmayıb, bəhanə gətirdilər ki, uşaq zəifdir, bal yığa bilmir. Lakin 252 bal yığıb, yenə 2-ci sinfə keçirmirlər. Diroktor qərəzli şəkildə uşağımın həyatı ilə oynayır. 4 il 1-ci sinfə gedən uşaq olar indiki zəmanədə?! 1il, 2 il kəsilsin, 4 il olmaz axı.

Uşaq imtahandan 252 bal yığıb, indi də deyirlər ki, biz sizə deyəndə imtahan verin. Vallah, çarəsiz qalmışam. Uşağın özünün psixoloji vəziyyətindən narahat oluram. Yaşıdları arasında olanda, narahat olur, əsəb keçirir.

Bir ana kimi xahiş edirəm, mənə köməklik göstərin. Mənə məsləhət görürlər ki, qoy bu il də 1-ci sinifə getsin. Bu il də 1-ci sinfə gets,ə bu uşaq yenə ümidsizləşəcək.

Xahiş edirəm, mənim bu problemimi araşdırın”.

Məsələ ilə bağlı Ağsu Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Məsələni araşdırıb, bizə cavab veriləcəyi bildirildi. 1 gün sonra yenidən zəng vurub cavab almaq istədikdə isə zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //Hurriyyet.az//
 
Ardını oxu...
Jalə Seyfullazadə: "İş üçün DOST Mərkəzinə müraciət etdikdə "Sədərək" firmasında 1HDYGDP002600 nömrəli əmək müqaviləsi ilə 345 manat əməkhaqqı almaq şərtiylə ofisiant kimi işə götürülmüşəm, halbuki, mən belə bir firmanı tanımıram və orada işləmirəm"

TEREF.AZ yazır ki, hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mədən-9, ev 59/2 ünvanında yaşayan Jalə Arif qızı Seyfullazadə hazırda işsiz olduğu halda, özünün xəbəri olmadan "Sədərək" firmasının onu işçi kimi qeydiyyata aldığını və bu səbəbdən də ciddi problem yaşadığını bildirib.

Belə ki, imkansız ailə olduğunu, maddi çətinlik çəkdiyini və bu səbəbdən də xadimə kimi iş axtardığını deyən şikayətçinin sözlərinə görə, bunun üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinə müraciət etdikdə eşitdiyi xəbərdən şoka düşüb: "Maddi vəziyyətimiz olduqca acınacaqlıdır, həyat yoldaşım bizi tərk edib və buna görə də ailəmi məni dolandırmaq məcburiyyətindəyəm. Bunun üçün də xadimə kimi işə düzəlmək məqsədiylə DOST Mərkəzinə yollandım. Orada isə dedilər ki, artıq rəsmi işçi kimi qeyddiyyatda olduğumdan mənə köməklik göstərə bilməyəcəklər. Mərkəzdən bildirdilər ki, "Sədərək" firmasında 1HDYGDP002600 nömrəli əmək müqaviləsi ilə 345 manat əməkhaqqı almaq şərtiylə ofisiant kimi işə götürülmüşəm. Halbuki, mən belə bir firmanı tanımıram və orada işləmirəm. Həmçinin, dedilər ki, həmin firma məni 2021 və 2022-ci illərdə qeydiyyata salıb, sonra çıxarıb. Bu il isə yenidən qeydiyyata salıblar".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Jalə Seyfullazadə əlavə edib ki, DOST Mərkəzindən ona problemi "Sədərək" firması ilə yoluna qoymaq məsləhət görülüb: "Mərkəzdən dedilər ki, "Sədərək" firmasına müraciət edin, sizi qeydiyyatdan çıxarsınlar, ondan sonra gəlin, sizin işlə təmin olunmağınız üçün qeydiyyata alaq. Baxın, vəziyyət bu cürdür. Həmin firmada işləmədiyim halda kimlərsə adıma müqavilə bağlayıb, məni işə götürüb və maaş yazıblar. Mənim isə indiyədək bundan xəbərim olmayıb".

Məlumat üçün bildirək ki, sözügedən "Sədərək" firmasının təsisçisi Yusif Qədimbəylidir. Odur ki, məsələyə aydınlıq gətirilməsi üçün adıçəkilən firma ilə əlaqə saxlamağa çalışsaq da, buna müvəffəq ola bilmədik. Bu səbəbdən də "Sədərək" yetkililəri qarşı tərəf kimi mövqelərini bildirə bilərlər.
 
Ardını oxu...
Bakıda Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) yüksək vəzifəli şəxsinin də adı hallanan cinayət işi ilə bağlı qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu olan Rəfael adlı şəxs 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alıb.
Ardını oxu...
Rəhman Hacıyev

Könül məhkəmədə bildirib ki, Lənkəran şəhəri, Nərmanabad qəsəbəsində yerləşən orta məktəbdə 13 il müəllim işləyib. 2020-ci ildə yenidən müəllimlik imtanına qatılıb və 51 bal toplayıb. Həmin vaxt ölkədə müharibə şaraiti olduğundan və internet olmadığından o, Bakıda işlə bağlı müvafiq sənədləşməni vaxtında apara və işə qəbul ola bilməyib

Rəfael onun işə düzəlməsi üçün yaşadığı mənzilə gedib. O, Könülə Rəhman müəllimin ondan 15000 manat pul alacağını və həmin vəsaiti Təhsil Nazirliyində Kadrlar şöbəsinin müdürü (hazırda - İnsan resursları şöbəsinin müdiri) Eşqi Bağırova verəcəyini deyib. Bildirib ki, Könülü 2021-ci ilin fevral ayının 2-nə qədər işlə təmin edəcəklər. Bu məqsədlə Könül həyat yoldaşı və təqsirləndirilən şəxs Rəfaella birlikdə direktor Rəhman Hacıyevlə məktəbdə görüşüblər.
Ardını oxu...
Eşqi Bağırov

15 il 34 №-li tam orta məktəbin direktoru işləmiş tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev məhkəmədən təqsirləndirilən şəxsin bibisi Ceyranın nəvəsi olduğunu və zərərçəkmiş şəxslə də görüşdüyünü təsdiqləyib.

Məhkəmənin qərarı ilə Rəfael Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanıb.

Qeyd edək ki, sözügedən hadisəyə görə elm və təhsil naziri Emin Əmrullayev ötən ilin noyabr ayında Rəhman Hacıyevi 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edib.
Ardını oxu...
"Pilgrim Education" Fərid Rüstəmzadə və Xanım Camalovanı məhkəmə ilə hədələyir

"Pilgrim Education" xaricə şirkəti hüquq müdafiəçisi Fərid Rüstəmzadə və zərərçəkmiş gənc Xanım Camalovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

TEREF.AZ bildirir ki, bu barədə "Arqument.az"a Fərid Rüstəmzadə məlumat verib.

Tələbə Xanım Camalova 2022-ci il 18 iyulda xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün "Pilgrim Education” (Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb.

Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi Camalovanın sənədlərini toplayıb, Macarıstan təqaüdünə müraciət etmək olub.

Xanım Camalova da müqaviləyə əsasən, şirkətə 650 manat ödəniş edib, amma şirkət onun xaricdə təhsilini təmin etməyib, yəni müsabiqə barədə heç bir məlumat verməyib.
Ardını oxu...
Xanım Camalova

Tələbənin hüquqlarının müdafiə edən Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun həmtəsisçisi Fərid Rüstəmzadə bildirib ki, sonradan işlər müqaviləyə uyğun getməyib, şirkət isə buna görə Elm və Təhsil Nazirliyini günahlandırıb.

Bildirilib ki, nazirliyin elektron sistemi işləmir. Nazirlik bunu təkzib edib və sonradan məlumat olub ki, əsas məsuliyyət şirkətdədir.

Bundan sonra şirkət Xanım Camalovaya ödənişi geri qaytaracağını desə də, buna əməl etməyib.

Rüstəmzadə deyir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aişə Aslanova və digər əməkdaşlar tələbəni təhdid edib, qorxudublar.

"Pilgrim Education” martın 11-də yaydığı ümumi açıqlamada isə iddiaları təkzib edib və məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirib.

Fərid Rüstəmzadə deyir ki, hazırda da iş Sabunçu Rayon Məhkəməsindədir.

"Mənə və Xanıma qarşı xüsusi ittiham qaydasında açıqlan cinayət işinin hazırlıq iclası üçün 20 aprel səhər 10:30-da Sabunçu Rayon Məhkəməsinə çağırıldıq. Bizim əməllərimizdə hər hansı cinayət tərkibinin olmadığını nəzərə alaraq, hakim Elnurə Rəcəbovanın ədalətli qərar qəbul edəcəyinə ümid edirik", - o deyib.

Hüquq müdafiəçisi şirkətin məhkəməyə müraciətini qərəzli və əsassız sayır: ""Pilgrim Education" və onun təmsilçisi Aisa Aslanovanın qanunsuz əməllərini ictimailəşdirdiyim və vətəndaşların təhsil hüququnu müdafiə etdiyim üçün guya mənə bu yolla təzyiq göstərməyə, məni cəzalandırmağa çalışırlar. Bildiyiniz kimi, şirkət tələbəyə vurduğu bərpa edilməz zərərə görə səhvini qəbul etmək, ən azından tələbənin ödənişini geri qaytarmaq əvəzinə, əvvəl təqsiri Elm və Təhsil Nazirliyinin üzərinə atdı. Həqiqət üzə çıxandan sonra isə tələbəyə gizlicə üzr məktubu yazdırmağa çalışdılar. Bu alınmayanda isə polisdən vətəndaşa qarşı bir təzyiq vasitəsi kimi istifadə etdilər və üzr videosu tələb etdilər".
Ardını oxu...
Fərid Rüstəmzadə

"Aisa Aslanova bu prosesdə gəncə "elə edərəm ki, ölkədən çıxa bilməzsən" deyərək onu məhkəmə ilə hədələyirdi. İndi də bizə təzyiq üçün həmin məhkəmə sistemindən bir alət kimi istifadə edir. Sosial şəbəkələrdə isə şirkətdən narazı olan tələbələrin sayı artmaqdadır. Həmçinin Aisa Aslanovanın mənə qarşı şikayət ərizəsində "müxalifətçi fikirləri ilə tanınan" tipli mənasız ifadələrdən də istifadə etməsi göstərir ki, bu prosesin başladılması həm də mənim ictimai fəaliyyətimə ləkə vurmaq, sosial-iqtisadi hüquqlar və təhsilin inkişafı sahəsində ardıcıl və peşəkar fəaliyyətimə maneə olmaq və fikir azadlığına qarşı təqib niyyəti daşıyır. Bu yolla məni və ya zərərçəkmiş gəncləri qorxuda biləcəklərini düşünürlərsə, onlara qəflət yuxusundan ayılmağı tövsiyə edirəm. Mən yenə həmişəki kimi əmək hüquqlarının müdafiəsi, sosial-iqtisadi rifahın artırılması və təhsil sisteminin inkişafı sahəsində peşəkar fəaliyyətimi həvəslə davam etdirəcəyəm", - Fərid Rüstəmzadə belə deyib.
Ardını oxu...
Xanımdan tələb olunan üzr mətni

"Bu müddətdə iki əlim gəncləri aldatmağa, sındırmağa, ölkədən küsdürməyə çalışan şirkətlər və şəxslərin yaxasında olacaq! Zərərçəkmiş vətəndaş Xanım isə bu məsələdə haqlı olduğunu bilir və qətiyyətli olub oxşar situasiyalarda şirkətlər və şəxslər tərəfindən təhsil hüququ əlindən alınmış, aldadılmış və ümidsizliyə düçar edilmiş bütün gəncliyin səsi olacaq.
Bu vaxta kimi səbrli davrandıq, amma səbrimizdən sui-istifadə etdilər. Biz hələ təzə başlayırıq", - deyə o qeyd edib.

Ardını oxu...
DİA.AZ: - Göyçay rayonu Kürdşaban kənd sakini Vətən müharibəsi veteranı İbrahimov Rəşad Elbrus oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Göyçay rayonu Kürdşaban kənd sakini İbrahimov Rəşad Elbrus oğlu Vətən müharibəsi veteranıyam. Ailəliyəm və üç qız övladım var. Müharibədən təxris olunduğum vaxtdan bir neçə ay sonra həyat yoldaşım, daha sonra isə anam vəfat etdi. Hazırda övladlarım mənim himayəmdədir. Özüm heç yerdə işləyə bilmirəm. Çünki, müharibə zamanı döyüş avtomobilindən yıxılaraq ağır zədə almışam. Belimdə disk yırtığı (qrija) var. Maddi imkanım olmadığına görə əməliyyat elətdirə bilmirəm. "Dərdimin dərmanı tapıldı", zənn edib Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. O, mənə köməklik göstərilməsi üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova göstəriş verdi. Halbuki, mənim səhətimdəki problemin həlli Göyçay RMX-da olsaydı, heç İcra başçısına ağız açmazdım. Əlbəttə əməliyyatım rayon səviyyəsində deyil, Bakı şəhərində həyata keçirə bilər və buna görə 3800 (üç min səkkiz yüz) manat pul tələb olunur. Mən icra başçısının mənə maddi dəstək olmayacağına əmin olduqdan sonra videomüraciət edərək ölkə rəhbəri cənab İlham Əliyevdən yardım istəmək qərarına gəldim. Ancaq yalnış münasibətlə qarşılanacağımı düşünmürdüm.

Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi Cavidan Yaqubov 17.04.2023 il tarixdə mənə zəng edib özündən razı şəkildə, kobud və aqressiv danışmağa başladı. Mənə "Sən "YouTube"-də video çəkib paylaşdığına görə cənab başçı Natiq Ağayev artıq sənə əsla köməklik göstərməyəcəkdir. Get kimə lazımdır şikayət elə, lap ürəyin istəyirsə Ulu Öndərin məzarından yardım dilə. Bir sözlə, cənab başçısının yardımından əlini üz", - dedi. Yatar yuxuma girməzdi ki, icra başçısı belə bir söz deyər. Özü də yeni təyin olunub.

Mən dia.az vasitəsilə Ali Baş Komandan cənab İlham Əliyevə üzümü tutaraq bildirmək istəyirəm ki, Sizin əsgərinizə Göyçayda qiymət verən yoxdur. Rayonda bütün qapılar üzərimə bağlıdır. O qədər sıxıntılar çəkirəm ki, dərdimi dağlar qaldıra bilməz. Üç yetim uşağa baxmaq, üstəlik də işsiz və eyni zamanda xəstə vəziyyətdə hər şey çox çətindir. Neft və qaz ölkəsində qış fəslini odun yandırmaqla isinmişik. Uşaqlarıma qarın dolusu yavan çörək tapıb yedizdirəndə həmin gün sevinirəm. Sizdən çox xahiş edirəm, xərci 3800 (üç min səkkiz yüz) manat təşkil edən əməliyyatımın qarşılanmasına köməklik göstərəsiniz. Ümid edirəm, Sizin göstərişinizlə dərhal şikayətim təmin ediləcəkdir. Öncədən təşəkkürlərimi bildirirəm".

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...

 
Ardını oxu...
Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində və bu şöbənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində baş alıb gedən biabırçılıqların, özbaşınalıqların, həddi-hüdudu bilinməyən anarxiyanın, süründürməçiliklərin varlığı Azərbaycan media qurumlarının, sosial şəbəkə istifadəçilərinin, geniş xalq kütləsinin, aktiv zümrənin və s. əsas müzakirə etdiyi mövzulardan biridir desək, heç də yanılmarıq. Sumqayıt səhiyyəsinin bu qədər “dilə-dişə düşməsi”nin əsas səbəbi, bəlkə də bu şəhərin paytaxt Bakıdan az da olsa aralı məsafədə yerləşməsidir. Amma, media üzərindən apardığımız araşdırmalardan, ümumi müşahidələrimizdən, bəzi şəhər sakinlərinin söz-söhbətlərindən aydın olur ki, Sumqayıt səhiyyəsinin daha çox “dərdə düşməsinə” səbəb, bu şöbəyə rəhbərlik edən Səkinə xanım Sadıqovanın ruhi xəstə olması, normal tibbi təhsilə malik olmaması, idarəçilik işlərini bacara bilməməsi, kadr təyinatlarında ciddi səhvlərə yol verməsi, qohumbazlıq, dosbazlıq amilini daha çox öndə tutması, şəxsi maraqlarının həlli naminə istənilən qanunsuzluqlara qol qoyması və s. kimi halların varlığıdır. Belə bir səbəblərdəndir ki, bu gün Sumqayıt Şəhər Səhiyyə Şöbəsində çoxsaylı problemlər yaşanır, hər cür özbaşınalığa, haqsızlığa, soyğunçuluğa qol qoyulur. Adicə bir faktı qeyd edək ki, şöbə müdiri Səkinə Sadıqovanın normal tibbi təhsilə malik olmayan bacısı Sədaqət həkim, bu gün Sumqayıt səhiyyəsində əməlli-başlıca “at oynadır”. Söylənilənlərə görə ona bu qədər “volya”nı bacısı Səkinə Sadıqova verib. Şöbə müdirinə isə “volya”nın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə sahibi olan Rəşad müəllim tərəfindən verildiyi bildirilir. Amma, onu da qeyd etmək yerinə düşər ki, əgər Rəşad müəllim Səkinə Sadıqovaya himayədarlıq edirsə, onu da bilmək lazımdır ki, narazı sakinlərə himayədarlığı isə, onların vətəndaşı olduqları dövlət edir. O halda sual oluna bilər ki, bu Rəşad müəllim nə dərəcədə təsir imkanına, hansı gücə malikdir ki, hal-hazırda Sumqayıt səhiyyəsini “tarmar edən” Səkinə Sadıqovanın qol qoyduğu qanunsuzluqlara göz yumulur?. Faktdır ki, bu dövlət səhiyyə müəssisəsində ədalətli yoxlamalar aparılarsa, o halda şöbə müdirinin həbsi yüz faiz qaçılmaz olacaq.

Düşündürücü hal odur ki, Sumqayıt səhiyyəsinə rəhbərlik edən xanım şöbə müdiri orda-burda danışır ki, mənə Allah-Təala tərəfindən vergi verilib. O halda ortaya belə bir sual çıxır ki, əgər ona vergi verilibsə, niyə və hansı səbəbə görə Səkinə Sadıqova təcili-tibbi yardım maşınlarının yanacağını, ehtiyat hissələrini və s. satıb “həzmi-rabedən” keçirir? Belə bir səbəbdən də, canüstə olan xəstələri vaxtında səhiyyə müəssisələrinə çatdırmaq olmur? Bəzi şəxslər arasında dolaşan söz-söhbətlərə görə xanım şöbə müdiri ruhi xəstədir və Səkinə Sadıqovanın şöbə müdiri vəzifəsinə təyinatı, məhz qol qoyulan cinayət əməllərindən biridir. Sual oluna bilər ki, bu gün ölkəmizin ən böyük şəhərlərindən birinin səhiyyə şöbəsinə rəhbərlik edən Səkinə Sadıqovanın əməlləri ilə bağlı, görəsən cənab səhiyyə naziri Teymur Musayev heç düşünürmü?

Digər tərəfdən, səbəb nədir ki, Hesablama Palatası bir dəfə də olsun belə, Səkinə Sadıqovanın külli miqdarda dövlət vəsaitlərini hara xərclənməsi haqda ondan hesabat tələb etmir? Faktdır ki, bu gün Şəhər Səhiyyə Şöbəsinin müdiri özünün düşüncə tərzinə uyğun olan şəxsləri ətrafına yığmış və o, həmin şəxslərin vasitəsilə dövlətin ayırdığı vəsaitləri talan etməklə məşğul olur. Məsələn, xanım şöbə müdiri Oqtay adlı şəxsi özünə hüquqi məsələlər üzrə müavin təyin edib. Oqtayın əmisi qızı isə, rəfiqəsi Qızılgülü şöbədə vəzifəyə təyin etdirib. Hal-hazırda Səkinə Sadıqovanın rəfiqələrindən biri, hansı ki, Sumqayıt şəhərində adı rüşvət qalmaqallarında hallanan Sevinc xanım, Səhiyyə Şöbəsinin kadrlar şöbəsində müavin vəzifəsini daşıyır. Faciə odur ki, Səkinə Sadıqova tibb bacısı ixtisasına sahib olan qızına ilk əvvəl Odlar Yurdu Universitetində təhsil verdirir və daha sonra onu M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında həkim vəzifəsinə təyin etdirir. Bundan başqa, Səkinə Sadıqovanın bacısı Sədaqət Əfəndi, demək olar ki, bu gün Sumqayıt şəhərindəki bütün xəstəxanaları idarə edir. Bəli, normal tibbi təhsili olmayan, əvvəllər isə Vərəm Dispanserində işləyən Sədaqət həkim, hal-hazırda Sumqayıtdakı 3 saylı Poliklinikada həkim vəzifəsində çalışır. Buna baxmayaraq o, şəhər səhiyyəsini əməlli-başlıca “barmağına dolayır”. Bu gün şöbə müdiri Səkinə Sadıqova həddini o qədər aşıb ki, onun “müntəzir əmrləri”ni yerinə yetirmək istəməyən baş həkimlər işdən çıxarılır, bəzən isə onların rəhbərlik etdikləri xəstəxanaları şöbələrə çevirir. Hansı ki, belə bir səlahiyyət yalnız Səhiyyə Nazirinə aid olsa da, Səkinə Sadıqova qanunun tələbinə əhəmiyyət vermir və istədiyi vaxt belə bir addımını atır. Bir kimsə də ona “qaşın üstə qara var” demir.

Bu xanım Səhiyyə Şöbəsinə müdir təyin olunduqdan sonra, dövlətin ayırdığı büdcə vəsaitləri hesabına özü üçün bahalı maşınlar, neçə-neçə mənzillər alır, həddi-hüdudu bilinməyən ölçüdə var-dövlətə sahib olur. Hətta, onun son vaxtlar yeni inşa olunmuş hündür mərtəbəli binalardan yeni mənzillər aldığı da söylənilir. Hələ bunlar harasıdır? Kimsə Səkinə Sadıqovanın qol qoyduğu çoxsaylı qanunsuzluqları tam dəqiqliyi ilə eşidərsə, yəqin ki, o halda həmin şəxs şoka deyil, birbaşa “şökə” düşməli olacaq. Sual oluna bilər ki, görəsən şöbə müdiri vəzifəsini daşıyan bu xanım daha hansı vəzifə sahiblərinə güvənir ki, o, arxayınlıqla belə bir əməlləri törədir?

Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində baş verənləri, çoxsaylı narazılıqları əsas tutaraq belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Sumqayıt səhiyyəsində rüşvətxorluğa, korrupsiyaya, hər cür əyintilərə və s. qarşı həyata keçirilən ciddi mübarizə tədbirləri sıfır həddindədir. Belə bir səbəbdən də, şəhərin bütün səhiyyə müəssisələrində “bezpredel” ab-hava hökm sürür. Deməli, şəhərin səhiyyə ocaqlarında əmələ gələn bu cür ab-havanı aradan qaldırmaq üçün “qara maskalılar”ın şəhərin Səhiyyə Şöbəsinə baş çəkmələrinə zərurət yaranıb. Yoxsa, … Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Problemlərin varlığını diqqətdə saxlayıb, yenidən mövzuya qayıdacağıq.

deryaz.az
 
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Xətai rayonu, məhəllə 1197, Həsən Salmani, ev 1b, mənzil 75 ünvanında qeydiyyatda olan Bəhram Əlövsət oğlu Yolçuyev 2013-cü ildə mülkiyyətində olan əkinə yararlı təsərrüfat təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini, tanımadığı şəxslər tərəfindən mənimsənilərək fərdi yaşayış evinin inşa edildiyini bildirib.

Belə ki, pozulmuş hüquqlarının bərpası məqsədiylə müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etdiyini vurğulayan Bəhram Yolçuyevin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi ona məxsus olan torpaq sahəsinə başqa şəxslərin adlarına saxta sənəd verib: "Mən Abşeron rayon 2 saylı dövlət notariat kontorunun 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli "Alıcı və Satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi" ilə dövlət aktına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişəm. Alqı-satqıdan sonra keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən dövlət aktında qeyd olunan torpaq sahəsi akta və Mehdiabad qəsəbəsinin islahat xəritəsinə uyğun şəkildə naturada mənə təhvil verilib. Təxminən, 2014-cü ilin əvvəllərində tanımadığım şəxslər mülkiyyətimdəki əkinə yararlı təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi inşa ediblər. Pozulmuş hüquqlarımın bərpası üçün müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etmişəm. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, torpaq sahəmdən 2269 metr aralıda, Binəqədi-Novxanı yolunun kənarında yerləşən, Yaşar Məmməd İsgəndərov oğlu xüsusi mülkiyyətində olan 0,38 ha torpaq sahəsinin 0,28 hissəsini 13.02.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında bacısı Sevil Məmməd qızı İsgəndərovaya bağışlayıb, həmin torpaq sahəsinə dair Sevilin adına çıxarış və plan ölçü sənədi verilib. Plan ölçü sənədi tərib edilərkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən saxtakarlığa yol verilərək, Sevilin adına tərtib olunmuş plan ölçü sənədində torpaq sahəsinin koordinatları, ölçüləri və konfiqurasiyası tamamilə fərqli şəkildə tərtib olunaraq mənim mülkiyyətimdə olan torpaq sahəsinə işlənib. Elə həmin dövrdə də mülkiyyətimdə olan və Sevilin adına işlənmiş 0,28 ha torpaq sahəsi 2-3 sot hissələrə bölünərək ayrı-ayrı şəxslərə satılıb və məhkəmə qərardadı ilə tikinti aparılmasının qadağan edilməsinə baxmayaraq, təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evləri və yarımçıq tikililər inşa edilməklə torpaq sahəm yararsız hala salınıb".

Şikayətçi iddia edir ki, onun torpaq sahəsinin plan ölçü sənədi də dövlət aktında göstərilən koordinatlardan kənara, yəni digər dövlət aktlarına əsasən qonşuların müliyyətində olan torpaq sahələrinin üzərinə işlənib: "Onu da bildirim ki, tərəfimdən cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, İsgəndərova Sevil Məmməd qızına, Babayev Nemət Asif oğluna, Piriyev Əbülfət Salah oğluna, Mustafayev Kamran Qasım oğluna, Səfərova Minəvər Şahvələd qızına, Orucov Əlövsət Həsən oğluna, Ağazadə Rəşad Fərhad oğluna, Fətullayev Xəzər Vaqif oğluna, Əkbərov Faiq Ramiz oğluna, Babayev Baba Ədalət oğluna, Məmmədov Sahib Şamil oğluna, Hüseynov Sənan Rafiq oğluna, maraqlı şəxslər Abşeron rayonu 1 və 2 saylı notariat kontorlarına qarşı "daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətimdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq mənə təhvil verilməsi tələbinə dair" iddiam Abşeron Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin edilib. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin qeyd etdiyim qətnaməsi ləğv edilib və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilib. Ali Məhkəmənin Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli qərarıyla isə cavabdeh Babayev Nemət Asif oğlunun kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi kassatorun mübahisələndirdiyi hissədə (İsgəndərova Sevil Məmməd qızının adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Babayev Nemət Asif oğluna satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində) ləğv edilib və işə həmin hissədə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.09.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilib".

Nəzərinizə çatdıraq ki, bundan sonra Bəhram Yolçuyev Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İsgəndərova Sevil Məmməd qızının adına verilmiş 18 fevral 2013-cü il tarixli 0144613 saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş 3080130046544 saylı reyestr nömrəli "torpaq sahəsinin plan və ölçü" sənədinin ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib: "Sumqayıt İnzibati Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərardadı ilə Babayev Baba Ədalət oğlu, Orucov Əlövsət Həsən oğlu, Babayev Nemət Asif oğlu, Fətullayev Xəzər Vaqif oğlu, Ağazadə Rəşad Fərhad oğlu, Əkbərov Faiq Ramiz oğlu, Abdullayeva Afaq Əziz qızı, Hüseynov Sənan Rafiq oğlu, Məmmədov Sahib Şamil oğlu və Zeynalov Samir Sürəddin oğlu iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilib. Onu da qeyd edim ki, həmin məhkəmənin 13.04.2022-ci il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İsgəndərova Sevil Məmməd qızının adına verilmiş çıxarış və "torpaq sahəsinin plan və ölçü" sənədi ləğv edilib. Lakin Ali Məhkəmənin 06.05.2022-ci tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilib və iddiam mümkün sayılmayıb. Həmin qərarda iddiamın mümkünsüzlüyü əsaslandırılmayıb, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-21/2019 saylı qərarı nəzərə alınmayıb. Halbuki, həmin qərarla mübahisəli yerin dövlət aktına əsasən ərazisinin yerquruluşu (bölgü) layihəsinə mənə məxsus olması öz təsdiqini tapıb, bu səbəbdən də mülkiyyətimdə olan torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilib. Həmin qərar qanuni qüvvəsini alsa da, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən bu günədək icra olunmur".

Şikayətçinin sözlərinə görə, Ali Məhkəmənin hakimləri barəsində ədalətsiz qərar çıxarmaqla dövlət orqanlarının bu iş üzrə cinayətlərini, saxtakarlıqlarını, onun təsərrüfat təyinatlı torpaq sahəsinin təyinatının qeyri-qanuni yolla dəyişdirilməklə qanunsuz yaşayış evləri inşa edilməsinə göz yummalarını ört-basdır etməyə çalışıb: "Bu səbəbdən də "Hürriyyət" qəzeti vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, xahiş edirəm ki, ədalətsizliyə yol vermiş, məni 10 ildən artıq müddət ərzində məhkəmələrdə süründürən hakimlər və reyestr xidmətinin qanunsuzluğa yol vermiş işçiləri barəsində ciddi tədbir görülməsində və mülkiyyət hüququmun bərpa olunmasında köməklik göstərsinlər. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-21/2019 saylı qərarı ilə yerquruluşu (bölgü) layihəsinə əsasən və 25.06.2007-ci il tarixli seriya MH 0011477 saylı çıxarışa uyğun olaraq mülkiyyətimdə olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə qərarının da bu günə kimi icra edilməməsini nəzərə alaraq, həmin qərarın da icra edilməsinə köməklik göstərsinlər".

"Hürriyyət"
Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda büdcədən maliyyələşən bir çox təşkilatların sifarişçi olduqları dövlət satınalmaları və xərclərinin şişirdilməsi barədə mətbuatda dəfələrlə yazılıb.

Dövlət vəsaitlərinin izafi xərclənməsi, görülən işlərin smetalarının şişirdilməsi və müxtəlif adlar altında mənimsənilməsi daha çox təhsil sahəsində fəaliyyət göstərən qurumlarda baş verir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə xərcləri şişirdilən, büdcədənkənar vəsaitləri təkrar işlər üzrə sənədlərdə xərcləyən təşkilatlardan biri də Astara Pedoqoji Kollecidir.

Saxta MMC-lərlə “əməkdaşlıq”

Qeyd edək ki, Astara Pedoqoji Kolleci 2019-cu ildən indiyədək xeyli sayda dövlət satınalmaları keçirib.

Kollecin “Abadlıq xidməti”, “cari təmir” lotları üzrə əməkdaşlıq etdiyi şirkətlər fəaliyyət profilləri bəlli olmayan, dövlət satınalmalarında qaranlıq məqsədlərlə istifadə olunan təşkilatlar olub.

Məsələn, Astara Pedoqoji Kollecinin 2019-cu ildə 43.950 manatlıq sifariş verdiyi “R AND X” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə heç bir məlumat yoxdur. Bu şirkətin “otkad” məqsədi ilə yaradıldığı, dövlət satınalmalarında sifarişçi olan təşkilatlarla “otkad” etdiyi vurğulanır.

“R AND X” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə olan vergi borcu 4 milyon manatdan artıqdır. Bu isə şirkət haqqında olan iddiaları daha da gücləndirir.

Astara Pedoqoji Kollecinin digər satınalmaalrında qalib elan etdiyi təşkilatlar da “R AND X” MMC kimi qaranlıq fəaliyyətlə məşğuldurlar.

Bu şirkətlərin – “Həsənzadə -2012” və “S,M,K” MMC-lərin fəaliyyət profilləri barədə məlumat yoxdur.

Həmçinin bu şirkətlərin də dövlətə külli miqdarda vergi borcu var.

Kollecdə büdcədənkənar vəsaitlər hansı adla silinir?

Astara Pedoqoji Kollecinin büdcədənkənar vəsaitləri müxtəlif adlar altında mənimsənildiyi bildirilir.

Abadlıq işləri, inventarların və təsərrüfat mallarının alınması istiqamətində xərclər şişirdilir, əksər hallarda isə ümumiyyətlə alınmır.

Kolleclə bağlı iddialardan biri isə xeyli sayda texniki və təsərrüfat sahəsində çalışan işçilərin işə gəlmədiyi, kollecdə bu yönümlü işləri bir neçə işçinin görməsidir.

Qeyd edək ki, Astara Pedoqoji Kollecinin direktoru Ağababa İbrahimovdur.

O, 2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecinə rəhbərlik edir.

Qarşı tərəf məsələyə mövqe bildirmədi. //Qlobal.az//

Dünyapress TV

Xəbər lenti