“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ
“Deluxe Residence” MTK-dan Moderator.az-a şikayət daxil olub. Belə ki, tanınmış musiqiçi, mərhum Məhərrəm Nəcəfzadənin oğlu Nəriman Nəcəfzadə Moderator.az-a açıqlamasında iddia edərək bildirib ki, sözügedən şirkət gecəyarı evlərini uçurmaq istəyib.

“Mən B. Şahtaxtinski küçəsindəki 43 saylı ünvanda dörd nəfərlik ailə üzvlərimlə birgə qalıram. Yaşadığım evi əmimin evindən arakəsmə ayırır. Tikinti şirkəti əmimlə razılığa gəlsə də, mənimlə razılığa gəlməyib. Şirkətlə əvvəl anlaşmışdıq, demişdilər ki, səninlə razılığa gələndən sonra evi sökəcəyik. İki gün öncə gecə gördük ki, evi eskalatorun ağzına veriblər. Evdəki elektrik cərəyanını şəbəkədən ayırmadan. Evimi qəzalı vəziyyətə saldılar. “102”, “112” xidmətlərinə zəng etdim. Polisdən gəldilər, qanunsuz tikinti olduğu üçün işlər dayandırıldı. Amma evimizi yararsız vəziyyətə salıblar” deyə şikayətçi bildirib.

Nəriman Nəcəfzadə bildirib ki, yeganə istəkləri atasının sağlığında tikinti şirkəti ilə bağlanan müqavilələrin ləğv olunmasıdır.

“Atamın ömrünün son günlərində ağlı başında deyildi. Tikinti şirkətinin hüquqşünası Tərlan bəy bu vəziyyətdən istifadə edib atamı aparıb bibimə, bacıma və mənə müqavilə yazıb verdi. Mənə verdiyi müqavilə qaydasındadır. Mənim istəyim odur ki, hamımızın müqaviləsi ləğv olunub, bir nəfər kimi anamın adında rəsmiləşsin” deyə şikayətçi bildirib.

“Deluxe Residence” MTK-nın hüquqşünası Tərlan Əliyev Moderator.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Biz Nərimana, onun ailəsinə məxsus evdə söküntü işləri aparmamışıq. Onun qonşuluğunda yerləşən əmisinə məxsus, əməkdar artist İlham Nəcəfzadənin evində razılığa əsasən söküntü işləri aparmışıq. Bu zaman da Nərimana və onun ailəsinə məxsus evə heç bir zərər toxunulmayıb. Sadəcə Nəriman iddia edir ki, belə bir şey ola bilər. Biz də bildirmişik ki, hər hansısa bir ziyan dəyibsə, biz həmin ziyanı ödəməyə hazırıq. O ki, qaldı aramızdakı razılaşmanın yubanmasına... Bunu mənim deməyim düzgün olmaz. Onların vərəsəliklə bağlı ailədaxili problemləri var. Yaxşı olar ki, bunu özlərindən soruşasınız. Biz saytlar üçün daha ətraflı məlumat yayacağıq” deyə şirkətin hüquqşünası bildirib.
 

Dünyapress TV

Xəbər lenti