Anar Bağırovun mediaya qiymət meyyarı-
Dünən həmkarlarımız tərəfindən kütləvi paylaşılan, lakin eyni məzmunu daşıyan postlar diqqətimi çəkdi. Mahiyyət bundan ibarətdir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir qrup həmkarımıza mükafatlar təqdim edib.
Təşəkkürnamələrin verilməsi bununla izah edilir ki, sözügedən media subyektləri Vəkillər Kollegiyasının fəaliyyətinin işıqlandırılmasına dəstək veriblər. Düzü, bu əməkdaşlığın hansı meyyarlar əsasında müəyyən olunduğu barədə ətraflı məlumat verilmir.
Əgər Anar Bağırovun rəhbəri olduğu qurum sözügedən media subyektlərinə öz fəaliyyətləri barədə yalnız müsbət məzmunlu məlumatların işıqlandırılmasından məmnun qalırsa, burada obyektivlik pozulmuş olur.
Əslində media nümayəndələrini qınamıram, hansı şərtlər daxilində olsa belə, onlara press-relizlər göndərilib və media nümunələri də həmin məlumatlar dərc edib.
İndi də onları dəvət ediblər ki, gəlin biz də öz borcumuzdan çıxmaq üçün, sizə təşəkkürnamələrimizi təqdim edək. Burada qazanan kim olur, itirən kim? Təbii ki, qazanan Anar Bağırovdur! İtirən isə cəmiyyətimiz!
Bu adam adi bir balaca müəsissəyə rəhbərlik etmir ki, onun fəaliyyətinin ictimai nəzarətdən kənarda qalması və ya barəsində yalnız müsbət press-relizlərin işıq üzü görməsindən cəmiyyət o qədər də böyük zərər çəkməsin. Vəkillik institutu çox böyük və həssas olan bir sahəni özündə cəmləyir. Etiraf edək ki, ölkəmizdəki vəkillik institutu ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Əslində Anar Bağırov bu sahədə yalnzı tərifin deyil, həm də tənqidi materialların olmasından məmnun qalmalıdır ki, işlərində dönüş yarada bilsin. Xatırladım ki, bizim ünvanımıza gələn şikayətlərin siyahısında vəkillərdən olan narazılıqlar çoxluq təşkil edir. Təbiidir ki, hamısının doğru olduğunu da iddia etmirik.
Ancaq etiraf edək ki, vəkillər, onların fəaliyyəti, göstərdikləri hüquqi yardımın keyfiyyəti və qiymətlərinin baha olması, bəzən hüquqi yardımdan daha çox maklerlik fəaliyyətinə üstünlük vermələri ilə bağlı cəmiyyətdə heç də birmənalı mövqe yoxdur. Lazım olarsa, bunun detalları barədə, konkret faktlara əsaslanaraq daha geniş məzmunlu yazı ilə çıxış edə bilərəm.
Çox maraqlıdır, niyə Anar Bağırov təltiv olunan jurnalistlər sirasında onların fəaliyyətinə obyektiv tənqidi notlarla yanaşan jurnalistlərti görmək istəməyib? Yaxşı olardı ki, Anar Bağırov bu təltif nominasiyasını vəkillərlə jurnalistlərin birgə fəaliyyəti nəticəsində üstü açılan hansısa cinayətlər və ya media ilə Kollegiyanın sıx əməkdaşlığı sayəsində məhkəmələrdə haqqı tapdalanan kiminsə bəraətinə və ya daha yüngül cəza alınmasına nail olması üzrə nümunələr üzrə müəyyən edərdi.
Və ya bir müddət əvəl özünü Vəkillər Kollegiyasının önündə yandıraraq intihar edən vəkilin ölümündə kimlərin günahkar olduğunu üzə çıxarmaq istiqamətində araşdırmalar aparan media nümunələrinə (əgər varsa-M.Q), başqa sözlə, hüquq sisteminə aid buna bənzər cəsarətli araşdırmalara minnətdarlıq ifadə edərdi.
Əslində belə ənənəvi üsullarla qurumlar özlərini həm də tənqiddən sığortalamaq yolunu tuturlar. Unutmaq lazım deyil ki, bu ölkədə heç bir qurum və ya məmur medianın tənqid yazmasını qadağan edə bilməz. Çünki həm qanunlarımız , həm də ölkə başçısı İlham Əliyevin mövqeyi buna qarşıdır.
Prezident çıxışlarında dəfələrlə deyib ki, biz ictimai nəzarətin güclü olmasını istəyirik.
Ancaq araşdırmalar göstərir ki, müəyyən siyahılar üzrə yaradılan media ilə qurumlar arasındakı əməkdaşlıq nümunələri sonrakı dönəmdə həmin qurumların tam olaraq tənqiddən sırortalanması ilə nəticələnir.
Bu həm ölkənin siyasi kursuna, həm də cəmiyyətdəki sağlam münasibətlər sisteminin yaranmasına, inkişafın əldə olunmasına mane olur. Mən demirəm ki, media yaxşı işləri işıqlandırmamalıdır. Ancaq yalnız tərifləri qabardıb, tənqidləri kənara atmaq da olmaz.
Qayıdaq yenidən media ilə Vəkillər Kolegiyası arasındakı münasibətlər sisteminə. Kollegiyanın fəaliyyəti üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır. Onlar şəhərin mərkəzində gözəl bina ilə təmin olunublar. Ola bilməz ki, qanunvericilik onlara kimlərəsə təmənnasız hüquqi yardımlar göstərməsinə imkan verməsin. Ancaq biz belə nümunələri görə bilmirik.
Bəlkə də bu, hansısa rəqəmlərdə və ya hesabtlarda ifadə olunur və mənə də təqdim edə bilərlər. Bu, kifayət deyil. Çünki mən media ilə bağlı bir neçə mənfi nümunəni çəkə bilərəm. Ötən il 4 dəfə məhkəməyə verilmişəm və hamısında haqlı olduğum üçün, proseslərdən qalib çıxmışam.
Bütün məhkəmə proseslərini də ictimailəşdirmişəm. Pulum olmadığı üçün, hüquqi müstəvidə "divlərlə" tək vuruşmalı olmuşam. Bir dəfə görmədim ki, Vəkillər Kollegiyası mənə təmənnasız hüquqi yardım təklif etsin.
Əksinə, həmin Kollegiyanın üzvü olan vəkillər sözügedən "divlərin" pulu müqabilində qarşı tərəfin hüququnu cüt-cüt qoruyaraq, media subyektini, jurnalisti bacardıqları qədər məhv etmək yolunu tuturdular. Acığını deyim ki, mənə bəzi beynəlxalq qurumlardan dəstək təklifi də gəldi, ancaq geri çevirdim.
Bir sözlə, belə faktları çox sadalamaq olar. Yaxşı olardı ki, dövlət qurumları və ya büdcədən maliyyələşən təşkilatlar media ilə əməkdaşlığı özlərini tənqiddən mühafizə deyil, obyektivlik üzərində qursunlar. Anar Bağırov isə bu səhv yolu tutanlar arasında tək deyil…
Məhəmmədəli Qəribli
Azinforum.az
 

Dünyapress TV

Xəbər lenti