Ardını oxu...
Samvel Babayan Xankəndində başından böyük danışdı və Azərbaycana meydan oxudu...
Ermənistanın “Vahid Vətən” partiyasının "lideri" Samvel Babayan Xankəndində bir qrup vətəndaşla görüşüb.

Seperatçı reimin resursları xəbər verir ki, Samvel Babayan ilk növbədə qeyd edib ki, görüşün məqsədi Qarabağın qarşısında duran çağırışları və problemləri müzakirə etmək və "ölkəni" çətin vəziyyətdən çıxarmaq və Vətənin müdafiəsinə qalxmaq üçün onların həlli yollarını tapmaqdır.

“Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq. Hər şeydən əvvəl biz buna hüquqi yolla nail olmalıyıq, çünki Qarabağ qanunlara və tarixi faktlara uyğun olaraq öz "müstəqilliyini" elan etmək hüququna malik idi. Biz Sovet İttifaqından çıxdıq, referendum yolu ilə "müstəqil dövlət" elan etdik, lakin ondan sonra onun hüquqi müstəvidə həyata keçirilməsi üçün heç bir addım atmadıq. Qarabağ heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və ola da bilməz. Biz beynəlxalq məhkəməyə müraciət etməli və müstəqillik haqqımızı müdafiə edə bilməliyik”, - Babayan bildirib.

O, həmçinin Qarabağın iqtisadi inkişafına, eləcə də ordunun güclənməsinə toxunaraq, BMT Nizamnaməsinə əsasən, hər bir xalqın özünümüdafiə hüququ olduğunu vurğulayıb.

Babayanın fikrincə, Qarabağada "konstitusiya" dəyişikliklərinə və dövlətçilik yolunun davam etdirilməsinə ehtiyac var.

Görüş zamanı o, iştirakçıların suallarını da cavablandırıb. //moderaator.az//
 
Ardını oxu...
Əliyev elan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”.
Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil.
Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır: Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir;
Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir.
Sabah Praqda dördtərəfli görüş – İlham Əliyev, Şarl Mişel, Makron və Paşinyan – keçiriləcək. Bu görüşdə Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil. Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə də hesablanıb və görüş öncəsi belə bir mövzunun müzakirəsinə belə razılıq verilməyəcəyini elan edir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Ermənistan ordusunun hərbi cinayətlər törətməsinə dair təkzibolunmaz sübutlar əldə olunub.

Müvafiq görüntülər “Cailber”in “Telegram” kanalında yayımlanıb.

Videoda Ermənistan hərbçilərinin yaralı Azərbaycan əsgərlərini nizamsız atəşə tutması əks olunub. Hərbi geyimli erməni cinayətkarlar bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olaraq, Azərbaycan hərbçilərini sözün əsl mənasında, gülləbaran edirlər.

Görüntülərin dəqiq tarixi bilinməsə də, hərbi cinayətlər köhnəlmir və unudulmur.

Maraqlıdır, görəsən Azərbaycanı birtərəfli və tamamilə əsassız olaraq “müharibə cinayətləri törətməkdə” ittiham edən xarici diplomat və siyasətçilərin bu görüntülərə cavabı necə olacaq?

 
 
 
Ardını oxu...
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb: 12 hərbçiyə aid olduğu ehtimal edilən skeletlərin əl və ayaqlarının məftillə bağlandığı məlum olub;
Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur. Dünyanın bunları görməməsinə vərdiş etmişik, son sərhəd toqquşmasından sonra Azərbaycanı ittiham edən ölkələrin bu məzarlıq faktının da üzərindən keçəcəyi bəllidir.
İndi yeni trend özümüzdən olanların da məsələ biz olanda səssiz qalanlara qoşulub Azərbaycanı “təcavüzdə”, “erməni əsgərinə qarşı hərbi cinayətlər”də ittiham etməsidir. Ki, onlar da bu məsələdə heç nə olmamış kimi davranacaq.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bu separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onun imkanı olsa Qarabağı da tərk edər. Böyük ehtimalla Araik Arutunyanın yerini Ruben Vardanyan tutacaq. Bu Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına, hər şey plan üzrə gedərsə Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi.
Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi? Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik. Misal üçün Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb
1)Qarabağ separatçılarını tərksilah etməliyik;
2)Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyik;
3)Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

“Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib.

Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

 
 
 

4 oktyabr 2022-ci il tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqust tarixli görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə 2 oktyabr tarixində iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb. Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.

Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
 
Ardını oxu...
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
Ətraflı

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Bu ilin mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
 
Ardını oxu...
Ermənistan artıq 2 ildir üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla tək vaxt qazanmaqla kifayətlənib kimi görünmür, eyni zamanda düşmən tərəf Azərbaycana qarşı silahlanmaq və bununla paralel olaraq ölkə xaricində havadarlarının və lobbisinin dəstəyi ilə fəaliyyət göstərən mənbələrlə birgə rəsmi Bakıya qarşı mübarizənin yeni mərhələsi üzərində fəaliyyətini daha da ciddi şəkildə artırdığını görürük. Bunu xüsusilə son proseslər rahatlıqla deməyimizə əsas verir.
Belə ki, 44 günlük müharibənin ardından rəsmi İrəvanın Hindistanla sıx diplomatik əlaqələrinin, qarşılıqlı səfərlərinin bu gün hansı işə yaradığını görmək mümkündür. Son dövrlərdə dərinləşən Hindistan-Ermənistan (Bura Fransa-Ermənistan, ABŞ-Ermənistan münasibətlərindəki əlaqələri də nəzərədə tutmaq olar - red.) hərbi əməkdaşlığı sözsüz ki, təkcə İrəvanın maraqlarından irəli gələn məsələlərlə bağlı deyil. Bu proseslərə sözsüz ki, daha geniş müstəvidə nəzər salsaq bir çox məqamları özümüz üçün daha aydınlaşdırmış ola bilərik:

⚫️ İnkar edilməz bir məsələdir ki, ilk növbədə Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələnin aktuallaşması, beynəlmilləşməsi regiona marağı olan böyük dövlətlər üçün bir fürsətdir. Hindistan (Eləcə də ABŞ, Fransa) da bu fürsətdən maksimum istifadə etməkdə maraqlı görünür.

⚫️ Vətən müharibəsindən sonra Azərbaycan-Pakistan strateji müttəfiqliyi daha yüksək səviyyəyə çatdırıldı, iki ölkə arasında bir çox sahələrdə, xüsusən də hərbi sahədə əməkdaşlıq özünün qızıl mərhələsinə qədəm qoydu. Təbii ki, belə olan təqdirdə hərbi təhlükəsizlik siyasəti Pakistana qarşı olan Hindistanın reaksiyasız qalacağı inandırıcı da deyildi.

Heç kəsə sir deyil ki, İran-İsrail, Türkiyə-Yunanıstan, Hindistan-Pakistan kimi münaqişəli tərəflər açıq şəkildə Ermənistan-Azərbaycan çəkişməsində tərəf seçməyə başlayıb. Diqqət yetirsək görərik ki, əgər əvvəllər regionda nisbətən arxa planda qalan ABŞ-Rusiya, Türkiyə-İran, Fransa-Britaniya kimi geosiyasi maraq toqquşmaları artıq regionda çox aşkar şəkildə hiss edilməyə başlayıb. Amma bu qütbləşmələr və gedən geosiyasi oyunlar deməyə əsas yaradır ki, bu cür gedişat regionda tezliklə sülh əldə edilməsi istiqamətində böyük maneə olaraq qalacaq.

Lakin son aylarda, xüsusən Ukrayna-Rusiya müharibəsindən bir gün əvvəl - 22 fevralda Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra Qərb və Rusiya ilə münasibətlərdə təmin olunan uzun illik balansın da sanki pozulması üçün Ermənistana və onun lobbisinə böyük bir fürsət yaratdı. Azərbaycanın "işğalçı" bir dövlətlə müttəfiqlik sənədlərinə imza atmasını Qərbdə xeyrinə işlətməyə çalışan Ermənistan Bakının Avropa İttifaqı ilə münasibətlərini pozmağa nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi. Bu sınaqdan üzü ağ çıxan Azərbaycana qarşı diplomatik və informasiya hücumları səngimək bilmir. Kifayət qədər mürəkkəb geosiyasi situasiya yaranıb. Həm Qərbi, həm Hindistanı əleyhimizə çevirməyə çalışan Ermənistan Azərbaycanı fəlakətlə qarşı-qarşıya qoymaq niyyətində olsa da, rəsmi Bakının da öz planları var.

Prezident İlham Əliyevin Avropada çox önəmli qaz layihələrinin (Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimin - red.) açılışında iştirakı məqamında və Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Cenevrədə sülh danışıqları istiqamətində gözlənilən vacib görüşün keçirildiyi bir vaxtda ortaya çıxan məlum video materaildan da belə anlaşıldı ki, Azərbaycanın daxilində və xaricində bir qrup düşmən və satqın qruplar proseslərə mane olmaq üçün ciddi səylə çalışırlar. Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi danışıqlara mane olmaq, sülh danışıqları üçün münbit şəraitin mövcud olmadığını göstərməyə çalışdı.

Amma güya Azərbaycan hərbçilərinin "erməni əsirləri" güllələməsi ilə bağlı videosunda kifayət qədər şübhəli məqamlara rast gəlindiyi kimi, açıq suallar da az deyil. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırmalara başlanılsa belə, videonun feyk olması ilə bağlı ciddi arqumentlər mövcuddur:

Belə bir önəmli hadisələrin baş verdiyi zamanda sözügedən kadrların yayılması deməyə əsas yaradır ki, həmin görüntülər təxribatdan başqa bir şey deyil. Demək ki, Azərbaycana qarşı təkcə silah-sursat yolu ilə silahlanaraq ciddi təxribatlara hazırlıq görülmür, eyni zamanda bu cür saxta dezo-məlumatlarla da düşmən əli rəsmi Bakının danışıqlar masasında əlini zəiflətmək barədə müəyyən plan tərtib edilib.

Azərbaycan və region üçün çox önəmli hadisələrin baş tutmasına bir neçə saat qalmış o videonun ortaya çıxması və video ətrafında daxilidə və xaricdə aparılan kampaniyalar, eləcə də digər nüanslar yenidən Bakıya qarşı daxildəki "satqın dəstə"nin erməni tezisləri əsasında fəaliyyətlərini var gücləri ilə davam etdirdiklərini nümayiş etdirdi. Əslində bu kadrlardan sonra "ictimai qınaq" lobbiçiliyini aparanlar Ermənistanın bu məqsədinə xidmət etməkdən başqa bir iş görmədilər. Çünki ondan qat-qat dəhşətli görüntüləri olan, Azərbaycan əsgərinə qarşı müharibə cinayətləri olan kadrlar qala-qala, düşmən tərəfin dəyirmanına su tökmək üçün saxta görüntüləri paylaşmağa başqa ad vermək mümkün deyil.

Belə nəticə çıxara bilərik ki, Ermənistan, eyni zamanda Qərb ölkələrindəki erməni lobbisi bütün vasitələrlə Azərbaycanın "təcavüzkar" obrazını formalaşdırmaq istiqamətində səylərini gücləndirib. Ermənistan tərəfi ilk növbədə belə bir məkrli plan tərtib etməklə Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə yaratdığı yeni geosiyasi reallığı dəyişmək, postkonflikt mərhələsində rəsmi Bakının əlini daha da gücləndirdiyi üçtərəfli razılaşmaları arxa plana keçirməyi qarşısına məqsəd qoyub.

Nəticədə isə Avropa və okeanın o tayındakı rəsmi strukturlarda Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi, sanksiyalar məsələsinin gündəmə gətirilməsi yolu ilə rəsmi Bakını təklif etdiyi 5 maddəlik sülh paketini mümkün qədər xeyirlərinə olmaqla xeyli dərəcədə yumşaltmaq haqda düşünürlər.

Ona görə ki, bütün bu hədəflərə nail olmaq üçün ermənilərə, eləcə də onların işğalçı siyasətini istər geridə qalan 30 il ərzində, istərsə də indi dəstəkləyən havadarlarına Ermənistanın mövqeyindən çıxış etmələri üçün əsaslar hazırlamaq lazımdır. Videonun yayılmasında çox qısa zamanda erməni mediasının, siyasətçilərinin, fəallarının canfəşanlıq etməyə başlaması, Azərbaycandakı əlaltılarının Gəncə, Bərdə, Tərtər kaset bombalardan atəşə tutulanda, günahsız körpələr həlak olanda, valideyinlərini itirəndə varlıqları ilə yoxluqları bilinməyən bəzi sosial şəbəkə aktivistlərinin də eyni anda ermənilərin səsinə səs vermələri Azərbaycanı dünya qarşısında çətin vəziyyətə salmaq, deyilən əsası yaratmaq üçün bir tərtib idi.

Bu məsələdə xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını sübut edən növbəti vacib detaldır. Əslində ermənilərin bu cür səhnəcikərini biz İkinci Qarabağ müharibəsinin gedişi zamanı da bir neçə dəfə şahid olduq. Belə başa düşmək olar ki, Ermənistan ən təhlükəli silahı olan iftira, yalan, dezinformasiya, qarayaxma siyasətini bu dəfə Qərbdəki bütün həmdaşları ilə həmrəy şəkildə işə salaraq Bakını vurmaqda çox israrlıdır. Amma sən saydığını say, gör Azərbaycan səndən hansı hesab(lar)ı soracaq...//milli.az
 
Ardını oxu...
Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin ikinci ildönümüdür. 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktaybrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.
Ardını oxu...
Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da – azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.
Ardını oxu...
 

Ukrayna tərəfdaşları ilə razılaşmalıdır ki, NATO-ya daxil olmamışdan əvvəl ölkənin İsveç və Finlandiya kimi müvəqqəti təhlükəsizlik zəmanətləri olsun.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri və NATO-dakı missiyasının keçmiş rəhbəri Vladimir Xandoqiy deyib.

"NATO-ya qoşulmazdan əvvəl təhlükəsizlik zəmanətləri modeli Ukraynaya tətbiq oluna bilər və tətbiq edilməlidir. Biz başa düşürük ki, sabah rəsmi olaraq 5-ci maddə bizə şamil edilməyəcək. İstənilən halda biz bunu təklif etməliyik. Üzvlükdən əvvəlki dövr üçün biz İsveç və Finlandiya kimi müvəqqəti zəmanətlər almalıyıq. Üstəlik, bu gün biz zəmanətlər haqqında danışıqlar aparırıq. Onlar Ukraynanın NATO-ya tam üzv olması üçün müvəqqəti struktur olmalıdır”, - Xandoqiy bildirib.
 
Ardını oxu...
Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

“Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyev ötən ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Elə həmin günü Prezidentin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Artıq bu ilin yanvar ayından etibarən Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatı bərpa edilib.

Bu ilin martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar. Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Elə həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Daha sonra Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti