Ardını oxu...
Azərbaycan tələb edir ki, ermənilər yaxın zamanda Laçın xaricində tikilən yeni dəhlizlə hərəkət etsinlər.

Bunu avqustun 2-də günün ikinci yarısı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi bəyan verib.

Elə dünən özünü separatçıların prezidenti adlandıran Arayik Arutyunyan siyasi qüvvələrin və yerli “deputatların” iştirakı ilə “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasını çağırıb.

“Mövcud vəziyyət, eləcə də Azərbaycan qoşunları ilə təmas xəttindəki gərginlik müzakirə edilib. Separatçıların hərbi birləşmələrin komandiri Kamo Vardanyanın hesabatına görə, bir sıra rayonlarda gərginlik qalmaqdadır”, – deyə “Turan”nın yaydığı məlumatda vurğulanır.

Bildirilir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları vasitəsilə yaxın vaxtlarda Qarabağdan Ermənistana yeni marşrutla nəqliyyatın hərəkətinin təşkilini tələb edib:

“Qarabağda son iki gündə yaşanan gərginliyin nədən qaynaqlandığı bəlli olub. Azərbaycan ermənilərin istifadə edəcəyi alternativ yolun tikintisini başa çatdırır. Ona görə də ermənilər, nəhayət ki, Laçın şəhərini və Zabux kəndini azad etməli, Laçın dəhlizi ilə hərəkəti dayandırmalı və yeni marşrutdan istifadə etməlidirlər”.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Onlar 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların icrasına toxunublar.

Telefon danışığı zamanı 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu kontekstdə erməni hərbi əsirlərin və digər məhbusların azad edilərək geri qaytarılmasının vacibliyi qarşılıqlı qeyd olunub.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidməti xəbər yayıb ki, tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər:

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib”.

Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə nazirlik qeyd edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Meydan TV-yə deyib ki, separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar:

“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”.

Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər:

“Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.

Hələ iyunun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yeni nəqliyyat marşrutunun tikintisi başa çatandan sonra Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.
 
Ardını oxu...
Ekspert: “Azərbaycanın gücündən istifadə edərək son nöqtəni qoymaq istəyinə “müharibə” deyiriksə, bunu belə də adlandıraq”

Qarabağda vəziyyətin gərginləşdiyi göz önündədir. Erməni mənbələri avqustun 1-də axşam saatlarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şimal və şimal-qərbində, eləcə də Ermənistanla sərhəddə bir neçə istiqamətdə hücuma keçməsi barədə məlumat yayıblar.

Separatçılar bildiriblər ki, Azərbaycan hərbçiləri Qarabağın şimalında və şimal-qərbində “təmas xəttini keçməyə cəhd edib”, lakin guya ki, hücumun qarşısı alınıb.

Azərbaycanlıların bir sıra istiqamətlərdə irəlilədiyi və döyüşlərin Gəncəsər monastırının 10 km-də və Murovdağ bölgəsində getdiyi iddia edilirdi.

“Turan” agentliyi onu da xəbər verir ki, ermənilər Geqarkunik rayonu yaxınlığında (Kəlbəcərlə sərhəd) mövqelərinin atəşə tutulduğunu iddia ediblər.

Qarabağ separatçıları “yaranmış gərgin vəziyyətlə” bağlı hətta “Təhlükəsizlik Şurası”nın da iclasını da keçiriblər.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ separatçılarının nəzarətində olan qanunsuz silahlı birləşmələrin atəşə tutulması ilə bağlı məlumatı təkzib edib.

“Erməni mətbuatında Azərbaycan ordusunun bölmələrinin guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri istiqamətində atəş açması ilə bağlı yayılan məlumatlar yalandır, təxribat xarakterlidir və aldadıcı məqsəd güdür” – Azərbaycan Müdafiə Nazirliyinin “Facebook”dakı rəsmi səhifəsində bildirilib.

Maraqlıdır ki, Rusiya sülhməramlıları da avqustun 1-də atəşkəs rejiminin pozulması barədə məlumat verməyiblər. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Rusiya sülhməramlıları iyirmi yeddi müşahidə məntəqəsində gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb”, – Rusiya Müdafiə Nazirliyinin saytında xəbər verilir.

Bəs onda bu nədir? Çoxlarının yadındadır ki, Azərbaycan Prezidenti bu yaxınlarda Rusiya Federasiyasının Müdafiə Nazirliyini ittiham edərək Ermənistan qoşunlarının Qarabağ ərazisindən çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirib. Tərəflərin bir-birini təkzib edən bu izahatlarını necə izah etmək olar? Vəziyyət həqiqətən təhlükəlidirmi və yeni müharibə mümkündürmü?

Rusiyanın tanınmış beynəlxalq eksperti Qriqori Trofimçuk bu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

– Bildiyiniz kimi, Bakı Qarabağ məsələsinin “bağlandığını” elan etdi və bu barədə bütün dünyaya məlumat verdi. Ancaq sualın faktiki tərəfi hüquqi tərəfdən bir qədər geridə qalır. Ona görə də Bakı bu uyğunsuzluğu tez bir zamanda aradan qaldırmaq niyyətindədir. Bakının qətiyyətli olması ən azı üç amillə bağlıdır.

Birincisi, bu, Ukrayna ilə bağlı olan ümumi gərginlikdir. Nə qədər təkzib etsək belə, Ukraynadakı hadisələr Rusiyanın potensialında, o cümlədən Qarabağ istiqamətindəki potensialında əksini tapır. İkincisi, bu, 2020-ci ilin noyabr razılaşmalarının icrasının çox aşağı sürətlə həyata keçirilməsidir. Bakının bu arqumentinə qarşı çıxmaq çətindir, praktiki olaraq mümkün deyil. Üçüncüsü, bu, Qarabağ zonasında müntəzəm silahlı insidentlər və müvafiq itkilərlə bağlıdır və buna daima göz yummaq çətindir.

Azərbaycan bir sıra amillərin bir məqamda birləşdiyi anı – “planetlər paradını” gözləyir. Çünki tarix nadir hallarda belə imkanlar yaradır. Bakını buna görə günahlandırmaq olmaz. Günah hərbi və digər risklərin dərəcəsini azaltmağa vaxtı olan, lakin bunu etməyənlərin üzərindədir. Azərbaycanın növbəti dəfə öz gücündən istifadə edərək son nöqtəni qoymaq istəyinə “müharibə” deyiriksə, bunu belə də adlandıraq.

Maraqlı tərəflərin – Rusiya, Azərbaycan və Ermənistanın baş verənləri fərqli formada qiymətləndirməsində qeyri-adi heç nə yoxdur. Çünki bəyan edilən deyil, real fikir ayrılığı artır. İndi bu uyğunsuzluqları heç kim araşdırmayacaq – vəziyyət belədir və bunun zaman deyil. 2020-ci ilin noyabr razılaşması qaçılmaz olanı bir qədər təxirə saldı, lakin onu dayandıra bilmədi. Azərbaycan artıq heç nəyi təxirə salmaq fikrində deyil. O bunu elə həmin noyabrda səsləndirdi. Qəribədir ki, bunu çox az adam eşitdi və başa düşdü. Bakıda əsas şeyi anlayıblar: onu heç bir halda, o cümlədən beynəlxalq səviyyədə “təcavüzkar” adlandırmaq mümkün deyil. Çünki bu termin əvvəllər də səslənməyib. Bakı sadəcə olaraq bütün mümkün vəziyyətlərdən bacarıqla istifadə edir: başqalarının qeyri-peşəkarlığından, axmaqlığından və s.

Əgər suala qısa olaraq cavab versək, bir şeyi demək lazımdır: Azərbaycan Qarabağı öz əlinə qaytarmayana qədər, müharibə hər şey tam və son qədər aydın olana kimi davam edəcək. O zaman nəzarət edən orqanlardan heç biri problemdən xilas olmaq üçün növbətçi, formal, şablon, bürokratik, kargüzarlıq ifadələri ilə canlarını qurtara bilməyəcəklər. Bu dəfə idiomların arxasında daha çox qurbanlar olacaq. Kiminsə xoşuna gəlsə də, gəlməsə də Azərbaycan-Türkiyə birliyi təkcə hərbi deyil, həm də diplomatik arenada artmaqda olan real gücdür – bunu heç kim şübhə altına ala bilməz. Amma düşünürəm ki, bunu şübhə altına almaq istəyən qüvvələr tapılacaq. Və mən 2020-ci ilin hərbi payızından xeyli nəticə çıxaran Ermənistanı da nəzərdə tutmuram.

Rauf Orucov

P.S. Yazı Azərbaycan ordusunun əsgərinin Laçında atəş açılması nəticəsində həlak olması ilə nəticələnən yaranan gərginlikdən əvvəl yazılıb.
 
Ardını oxu...
"Son vaxtlar həm sərhədyanı bölgələrdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki ermənilər tərəfindən təxribat xarakterli addımlar artıq intensivləşib".

Teref.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, bu gün baş verən insident, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması onu göstərdi ki, sülhməramlılar oradakı vəziyyətə stabil idarə edə bilmirlər:

"Biz artıq bu hərbi avantüraların geniş miqyas almağa doğru getdiyini görməkdəyik. Hesab edirəm ki, bunun əsas səbəbi son vaxtlar müşahidə olunan siyasi proseslərlə bağlıdır. Bilirsiniz ki, Prezident İlham Əliyev son çıxışlarında Qarabağda erməni silahlı birləşmələrinin mövcudluğunun yolverilməz olduğunu bəyan edib və təbii ki, Azərbaycan dövləti əgər bir bəyanatla çıxış edirsə, onu sonrakı mərhələdə adekvat tədbirlərlə müşaiyət edir.

Yəni əgər biz bəyanat veririksə ki, bu yolverilməzdir, demək, oradakı qanunsuz erməni hərbi birləşmələri tərkisilah olunmalıdır. Bu vəziyyət artıq erməniləri vadar edir ki, təxribat xarakterli addımlar atsınlar ki, dünya ictimaiyyətinin diqqətini buraya yönəltməklə Qarabağdakı qanunsuz hərbi birləşmələrin burada daha uzunmüddətli qalması üçün bir legitimlik yaratsınlar.

Mexanizm təxminən belə qurulub: ermənilər Qarabağda hərbi təxribatlar həyata keçirir. Təbii ki, Azərbaycan dövləti oradakı hərbi birləşmələr vasitəsilə bu təxribatlara cavab verməlidir. Və cavab verəndən sonra da ermənilər bütün dünyaya bəyan etməyə çalışacaqlar ki, "baxın, azərbaycanlılar bizi burada sıxışdırır, bizə qarşı etnik təmizləmə var, bizə burada rahat yaşamağa imkan vermirlər. Ona görə də bizim "müdafiə ordumuz" olmalıdır". Yəni bunların əsas məqsədi, hesabladıqları hədəf bundan ibarətdir. Son vaxtlar Qarabağda baş verən bu hərbi təxribatların, silahlı insidentlərin arxasında dayanan səbəb budur.

O ki, qaldı Rusiya sülhməramlıları ilə bağlı məsələyə, Rusiya sülhməramlı qüvvələri öz mandatlarına uyğun şəkildə davranmalıdırlar, onlar öz mandatlarına uyğun çərçivədə hərəkət etməlidirlər. Onların mandatları da təxminən bəllidir: 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 4-cü maddəsində qeyd edilir ki, sülhməramlıların Azərbaycan ərazisinə girməsi ilə paralel olaraq buaradakı qanunsuz erməni silahlı birləşmələri çıxarılmalıdır. Artıq 2 ilə yaxın bir müddət keçib, hələ də erməni silahlı birləşmələri oradan çıxarılmayıb və nəyinki çıxarılmayıb, eyni zamanda sülhməramlılar orada asayişi, sabitliyi tam ölçüdə təmin edə bilmirlər.

Bu gün baş verən insident, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması onu göstərdi ki, sülhməramlılar oradakı vəziyyətə stabil idarə edə bilmirlər, proseslərə nəzarət edə bilmirlər və vəziyyət də qeyri-stabil olaraq qalır. Yəni bu gün baş verən hadisələr onu göstərdi ki, çox həssas bir dönəmdəyik, vəziyyət olduqca kövrəkdir".
 

Dünyapress TV

Xəbər lenti